“Cüdoçularımızın sayəsində idmanımızda yeni tarix yazıldı”

“Cüdoçularımızın sayəsində idmanımızda yeni tarix yazıldı”

“Cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) Olimpiya çempionu olmaları sayəsində idmanımızda yeni tarix yazıldı”.

Bunu Gənclər və İdman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı qeydində yazıb.

Nazir bildirib ki, Azərbaycan idmançıları ilk dəfə ərazi bütövlüyü tam bərpa olunan suveren ölkənin təmsilçiləri kimi Olimpiya Oyunlarına yola düşüblər:

“Olimpiya komandamız üçün xüsusi dizaynla hazırlanmış geyim formasında da məhz suverenliyimizin bərpasının simvoluna çevrilmiş xarıbülbül əks olunub. Qeyd edim ki, komandamızın yeni geyim dəstləri Olimpiya Oyunlarında ən yaxşı formalardan biridir. Ümumiyyətlə, həm öncədən, həm də Oyunlar müddətində Olimpiya komandamız üçün biz tərəfdən hər bir şərait yaradılıb. İdmançılarımızın yoladüşmə, yerləşmə, məşq və yarış rahatlıqları öncədən yaratdığımız işçi qrupu tərəfindən tam həll edilib. Əsas məqsədi iştirak olan Olimpiya Oyunlarında hər bir ölkənin idmançıları bayrağını yüksəltmək, himnini səsləndirmək üçün mübarizə aparır. Cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyevin Olimpiya çempionu olmaları sayəsində idmanımızda yeni tarix yazıldı. Hər iki cüdoçumuzun - Hidayətin və Zelimin son 2 ay ərzində dünya və Olimpiya çempionu titulu qazanmaları böyük nailiyyətdir. Bu münasibətlə Olimpiya çempionlarımızı, Azərbaycan Cüdo Federasiyasını, ümumiyyətlə idman ictimaiyyətimizi təbrik edirəm. Daha bir uğur Olimpiya Oyunlarının cüdo proqramında Azərbaycanın Yaponiyadan sonra ikinci yeri tutmasıdır. Digər növlərdə idmançılarımız Olimpiadada çıxışlarını davam etdirir, növbəti qələbələr üçün əzmlə mübarizə aparırlar”.