Futbol dünyasının ən möhtəşəm qarşılaşmalarından biri olan "El Klasiko" öncəsi "Barselona" və "Real Madrid" arasında indiyədək keçirilən rəsmi oyunların statistikası açıqlanıb.
İki nəhəng klub bu günə qədər 259 rəsmi matçda üz-üzə gəlib. Bu qarşılaşmalarda "Barselona" 102 qələbə qazanıb, 52 oyun heç-heçə başa çatıb. 105 dəfə isə Madrid təmsilçisi üstün olub. Qol fərqində də "Kral klubu" cüzi üstünlüyə malikdir - 435 qol, "Barselona" isə 428 dəfə rəqib qapısına yol tapıb. "Blauqrana" bu oyunlarda 55 dəfə qapısını toxunulmaz saxlaya bilib.
La Liqa çərçivəsində isə tərəflər 189 dəfə qarşılaşıb. "Barselona" 74, "Real Madrid" 79 dəfə qələbə əldə edib, 35 görüş isə heç-heçə ilə yekunlaşıb. "Barselona" evdə keçirdiyi 95 oyunun 52-də qalib gəlib, 20 dəfə bərabərə qalıb və 23 dəfə məğlub olub. Səfər oyunlarında isə kataloniyalılar 23 qələbə, 15 heç-heçə və 56 məğlubiyyətlə yadda qalıblar.
Qeyd edək ki, indiyədək 39 futbolçu hər iki klubun formasını geyinib. "El Kasiko" tarixində ilk duel 13 may 1902-ci ildə "Kopa de la Koronacion" turniri çərçivəsində baş tutub və "Barselona"nın 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Bu günə qədər keçirilən "El Klasiko"larda bombardirlər sırasında Lionel Messi zirvədə qərarlaşıb. Argentinalı ulduz rəqib qapısına 26 dəfə yol taparaq "El Klasiko" tarixinin ən məhsuldar futbolçusu olub. Onun ardınca "Real Madrid"in əfsanəsi Alfredo Di Stefano və portuqaliyalı superulduz Kriştianu Ronaldo 18 qolla bərabər nəticə göstəriblər. Siyahıda daha sonra Kərim Benzema (16 qol), Raul Qonzales (15 qol), Sezar Rodrigez Alvarez, Pako Gento və Ferenk Puşkaş (14 qolla) yer alır.
"El Klasiko" arenasında ən çox meydana çıxan oyunçular sırasında Serxio Bustkes liderlik edir. "Barselona"nın keçmiş kapitanı 48 dəfə bu nəhəng dueldə forma geyinərək rekord müəyyənləşdirib. Onu Lionel Messi və Serxio Ramos (45 oyun), Karim Benzema (43 oyun), Pako Gento, Xavi və Manuel Sançes (42 oyun) izləyirlər.