Olimpiya hərarəti şimal soyuğunu unutdurdu Azərbaycanın rəqs cütlüyü Soçidə rekorda imza atdı

Olimpiya hərarəti şimal soyuğunu unutdurdu Azərbaycanın rəqs cütlüyü Soçidə rekorda imza atdı


Fevralın 7-dən 23-dək Soçidə XXII Qış Olimpiya Oyunları keçirilib. Soçi Olimpiya Oyunlarında yarışlar ümumi tamaşaçı tutumu 120 min nəfər olan 11 idman obyektində təşkil edilib. Olimpiadada 88 ölkədən 2800-ə yaxın idmançı iştirak edib.
Ümumilikdə 15 idman növündə 98 dəst medal oynanılıb. ABŞ olimpiadada ən çox idmançı (230) ilə təmsil olunub. Ev sahibi Rusiya komandasının heyətində isə 225 idmançı yer almışdı. Fevralın 7-də Soçidəki "Fişt” stadionunda XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da mərasimdə iştirak ediblər. BMT-nin baş katibi Pan Gi Mun 
2014-cü il Olimpiya Oyunlarının rəsmi açılışına on dəqiqə qalmış Soçi Olimpiadasının iştirakçılarını və tamaşaçılarını salamlayıb. XXII Qış Olimpiya Oyunlarının açılış mərasimi videoçarxın nümayişi ilə başlayıb. Videoçarxda tamaşaçıları olimpiadaya ev sahibliyi edən ölkə, onun nailiyyətləri və tanınmış nümayəndələri ilə əlifba üzrə tanış ediblər. Sonra Rusiya Federasiyasının bayrağı qaldırılıb, bu ölkənin himni səsləndirilib. Daha sonra iştirakçı ölkələrin ənənəvi paradı başlayıb. Azərbaycan komandası paradı dördüncü keçib. Azərbaycan bayrağını fiqurlu konkisürmə üzrə yarışlarda ölkəmizi təmsil edən Patrik Braxner aparıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva fəxri qonaqlar üçün tribunadan idmançılarımızı salamlayıblar. İdmançıların paradı başa çatdıqdan sonra "Rusiya haqqında yuxular” adlı səhnələşdirilmiş tamaşa nümayiş etdirilib.

Açılış mərasimində "Soçi-2014”-ün Təşkilat Komitəsinin sədri Dmitri 
Çernışenko çıxış edərək qonaqları və idmançıları salamlayıb, bu oyunların Rusiyada keçirilməsindən fəxr etdiklərini bildirib. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, 1976-cı il Olimpiya Oyunlarının qalibi Tomas Bax da Soçidə baş tutan bu idman bayramının Olimpiya tarixində yeni səhifə açdığını vurğulayaraq idmançılara qələbə əzmi arzulayıb. Sonra Rusiya Prezidenti Vladimir Putin XXII Soçi Qış Olimpiya Oyunlarını açıq elan edib. Daha sonra Olimpiya bayrağı stadiona gətirilib və Olimpiya himni səsləndirilib. İdmançıların, hakimlərin və məşqçilərin adından Olimpiya andı içilib. Mərasimin sonunda stadionda Olimpiya Məşəli alovlandırılıb. Məşəli fiqurlu konkisürmə üzrə üçqat Olimpiya, onqat dünya çempionu İrina Rodnina və məşhur hokkey qapıçısı, üçqat Olimpiya çempionu Vladeslav Tretyak yandırıblar.

Qeyd edək ki, Azərbaycan Soçi Olimpiadasında 4 idmançı ilə təmsil olunub. Fiqurlu konkisürmə üzrə yarışlarda təmsilçilərimiz Yuliya Zlobina-Aleksey Sitnikov cütlüyü yekun nəticəyə əsasən 148, 63 bal toplayaraq olimpiadanı 12-ci yerdə başa vurublar. Bununla da yığmamız qış Olimpiya oyunlarında yeni rekorda imza atıb. Qeyd edək ki, indiyədək «Ağ Olimpiadada» idmançılarımızn ən yüksək göstəricisi 16-cı yer olmuşdu. XXII Soçi Qış Olimpiya Oyunlarında Rusiya yığması 33 medalla 1-ci, Norveç komandası 26 medalla ikinci, Kanada millisi isə 25 medalla üçüncü yeri tutub.