Dekabrın 14-də Milli Olimpiya Komi¬təsinin inzibati binasında Azərbaycan Ədalətli Oyunlar Komissiyasının ilin yekunlarına həsr olunmuş tədbiri keçirildi. Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Ağacan Abıyev, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, həmçinin idman ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Mərasimi giriş sözü ilə açan Çingiz Hüseynzadə 2012-ci ilin ölkəmizin idman həyatında uğurlu illərdən birinin olduğunu qeyd etdi. MOK-un vitse-prezidenti bu il Azərbaycan idmançılarının yüksək nəticələr əldə etdiyini vurğuladı.
MOK-un baş katibi Ağacan Abiyev 2012-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini bildirərək bizim idmançılarımızın qazandıqları bütün medalların Ədalətli Oyun prinsiplərinə uyğun şəkildə əldə olunduğunu vurğuladı.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev qeyd etdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da Ədalətli Oyunlar Hərəkatı böyük inkişaf yolu keçib və Azərbaycan Ədalətli Oyunlar Komissiyası (AzƏOK) ədaləti prinsiplərinə sadiq qalan idmançıları, məşqçiləri, hakimləri, idman xadimlərini mükafatlandırır.
Çıxışlar başa çatdıqdan sonra AzƏOK-un müxtəlif nominasiyalar üzrə mükafatları təqdim olundu. "Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi” nominasiyası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova verildi. "Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı” nominasiyası ilə "Olimpiya dünyası” qəzeti təltif edildi. Ölkəmizi London Olimpiadasında hakim kimi təmsil edən Rövşən Hüseynov "Ədalətli oyun prinsiplərinə sadiq hakim” nominasiyasının qalibi seçildi. "Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” nominasiyası Rəşad Rəşidova verildi. Tanınmış gimnast Aliyə Qarayeva isə "Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyasının qalibi oldu. Tədbirin sonunda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə nominasiya qaliblərini təbrik etdi, təltif olunanlara, o cümlədən xalqımıza uğurlar arzuladı.