“İndi mənim çizburger almağa belə, pulum yoxdur”

“İndi mənim çizburger almağa belə, pulum yoxdur”



Amerika Milli Basketbol Assosiasiyasının (MBA) ulduzu Allen Ayverson dilənçilik edir. Onun bu yola düşməsinə çoxsaylı məhkəmə qərarlarına görə bütün əmlakını və pulunu itirməsi səbəb olub.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərə görə, ulduz idmançı dilənçiliyi Atlantadakı ticarət mərkəzlərinin birinin girişində edib. Mərkəzin mühafizəçiləri alıcılara yaxınlaşaraq pul istəyən bir nəfəri görüb və onu öz otaqlarına aparıblar. Daha sonra polislər dilənçinin dünyanın ən məşhur basketbolçularından biri - Allen Ayverson olduğunu görüb və təəccüblərini gizlədə bilməyiblər. Mühafizəçilər ona hörmətlə yanaşıblar. Onlar Allen Ayversona heç bir təzyiq göstərməyib və mərkəzi tərk etməsini xahiş ediblər.
Ticarət mərkəzinin mühafizəçilərdən biri Ceyson Sivort hadisə ilə bağlı deyib: "Uşaqlıqdan kumirim olmuş birinə ticarət mərkəzini tərk etməyi tələb etmək mənim üçün çox ağır idi. Bu səhnəni öz gözlərinlə görmək çox çətin idi. Ümid edirəm ki, Ayverson əvvəlki həyatına qayıdar”.
Qeyd edək ki, Allen Ayversonun çətin günləri karyerasını bitirdikdən sonra başlayıb. Əfsanəvi basketbolçu hazırda müflis olsa da, bankda 30 milyon dolları var. Bu pullar ona "Reebok”la sponsor müqaviləsindən çatır. Lakin sözləşməyə əsasən, 39 yaşlı əfsanə həmin pula 55 yaşı tamam olandan sonra toxuna bilər.
Xatırladaq ki, MBA-da çıxış edərkən Ayverson 154,5 milyon dollar qazanıb. Sponsor və reklam gəlirlərini də əlavə etsək, bu məbləğ 200 milyonu keçir. Basketbolçunun bu vəziyyətə düşməsinin səbəbi isə onun bədxərcliyi olub. Belə ki, külli miqdarda pul xərcləməsi onun müflisləşməsinə gətirib çıxarıb. 2012-ci ildə məhkəmə onu zərgərlik şirkətinə olan 896 min dollar borcunu ödəməyə məcbur edib.
Allen Ayverson uzun müddətdir ki, pulsuzdur. O, hələ 2 il əvvəl məhkəmədə belə demişdi: "İndi mənim çizburger almağa belə, pulum yoxdur”.