Öz uğurları ilə bütün dünyaya səs alan Azərbaycan idmanı qarşıdakı illərdə bir sıra mötəbər yarışlara ev sahibliyi edəcək. Bu yarışlar arasında şahmat üzrə FİDE-nin Bakı Qran-prisi, dünya çempionatı və nəhayət, Ümumdünya Şahmat Olimpiadası məhz paytaxtımızda təşkil olunacaq. Dünyanı ən nüfuzlu idman tədbirlərindən sayılan həmin yarışlara hazırlıq sürətlə həyata keçirilir. Elə bu məsələlərlə bağlı daha ətraflı məlumat almaq üçün Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla görüşdük. Müsahibimizlə söhbət zamanı Azərbayan şahmatı ilə bağlı ən son hadisələri də müzakirə etdik.
- Mahir müəllim, son dövrlərdə şahmat aləmində baş verən mühüm hadisələr bir-birini əvəzləyir. Azərbaycan həmin bu hadisələrdən kənarda qalmır. FİDE-nin Qran-pri yarışlarının Bakı mərhələsi, Tromsödə keçirilən olimpiada, həmin olimpiadanın estafetinin ölkəmizə verilməsi və s. bunun bariz nümunəsidir. Bu məsələ ilə bağlı sizin fikirlərinizi, mövqeyinizi bilmək maraqlı olardı.
- Biz çox məsuliyyətli bir dövrə qədəm qoyduq. Artıq görüləcək işlərin icrasına start vermişik. Bildiyiniz kimi, Norveçin Tromsö şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının son günündə 2016-cı ildə Bakıda keçiriləcək şahmat olimpiadasının estafeti bizə verildi. Biz bağlanış mərasimində Azərbaycanla bağlı videoçarx təqdim etdik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov tədbir iştirakçılarını salamladı və qonaqları Bakıda keçiriləcək olimpiadaya dəvət etdi. Mərasimin sonunda olimpiadanın bayrağı Yaqub müəllimə təqdim edildi. Elə həmin ərəfədə Tromsödə bir sıra görüşlər keçirildi. Qarşıdan gələn olimpiadanın keçirilməsi ilə bağlı bəzi məsələlər müzakirə olunaraq öz həllini tapdı. Həmin tədbirdə gənclər və idman naziri Azad Rəhimov da iştirak edirdi. Mərasimdə bizdən sonrakı olimpiadanın keçirilməsinə ev sahibliyi edən ölkənin adı da müəyyən oldu. Bu işdə biz də öz dəstəyimizi əsirgəmədik. Namizəd şəhərlər arasında Cənubi Afrika Respublikasının (CAR) Durban şəhəri ilə yanaşı, Gürcüstanın Batumi şəhəri var idi. Biz bu mübarizədə Batuminin tərəfində idik. Səsvermə çox çətin oldu. Bütün Afrika ölkələri Cənubi Afrikanın qalibiyyəti üçün çalışırdılar. Batumi 2018-ci ildə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyini ələ keçirdi. Qeyd edim ki, konqres iştirakçılarından 93-ü Batuminin lehinə, 58-i isə əleyhinə səs verdi.
Batumi ilə əlaqədar Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin birgə qəbul mərasimi oldu. Mərasimdə Gürcüstanın idman naziri Levan Kipiani çıxış etdi. Həmin tədbirdə Azərbaycanın milli mətbəxinin təamları da nümayiş olundu. Tromsödə həmçinin FİDE rəhbərliyinin seçkisi keçirildi. Bu mübarizədə əsas rəqiblər Kirsan İlyumjinov ilə Qarri Kasparov idi. Bu seçkilərdə Azərbaycanın nümayəndə heyətinə rəhbərlik mənə həvalə olunmuşdu. Mən seçkilərdə hazırkı prezidentə olan rəğbətimi gizlətmirdim. Yeni prezident seçkisinin səsverməsində 172 ölkənin nümayəndələri iştirak edirdilər. Səsvermədən əvvəl prezidentliyə namizədlərə nitq üçün 15 dəqiqə vaxt verilsə də, onlar daha az vaxtla kifayətləndilər. Yekun nəticələrə əsasən Qarri Kasparov 61 səs topladı. Rəqibindən fərqli olaraq 110 səs toplayan Kirsan İlyumjinov növbəti dörd il müddətinə FİDE-nin prezidenti seçildi.
Bundan başqa, kişilərdən ibarət yığma komandamızını keçmiş kapitanı Zurab Azmayparaşvili Avropa Şahmat İttifaqının (AŞİ) prezidenti seçkilərində qalib gəldi. O, növbəti dörd ildə bu vəzifəni tutmaq imkanı əldə etdi. Avropa Şahmat İttifaqı Prezident Şurasının Norveçin Trömse şəhərində keçirilən iclasında Kirsan İlyumjinov növbəti dəfə FİDE-nin prezidenti seçildi. Bu iclas daha sadə və sakit şəraitdə keçdi. Namizədlərin hər ikisi - Zurab Azmayparaşvili və Silvio Danailov da nümayəndələr qarşısında çıxış edərək, komandalarını və proqramlarını təqdim etdilər.
Nümayəndələrdən 33-ü gürcüstanlı qrossmeyster Zurab Azmayparaşviliyə, 18-i Silvio Danailova səs verdi. Zurab Azmayparaşvili səs çoxluğu ilə Avropa Şahmat İttifaqının yeni prezidenti seçildi.
Bütün bunlar bizim işimizin xeyrinədir. Çünki cənab İlyumjinov hər zaman Azərbaycana olan rəğbətini açıq-aşkar bildirib. O, hər zaman hər bir məsələdə bizim tərəfimizdədir.
Biz artıq növbəti Ümumdünya Şahmat Olimpiadasına hazırlaşırıq. Çalışacağıq ki, Bakıda, yaddaşlarda qalacaq bir olimpiada təşkil edək.
- Tromsö Olimpiadasında yığma komandalarımızın çıxışları sizi qane etdimi?
- Kişilərdən ibarət yığma komandalarımızın çıxışını qənaətbəxş hesab etmək olar. Onu da qeyd edim ki, bizim dünya şahmat olimpiadaları tarixində buna qədər ən uğurlu çıxışımız 6-cı yer olmuşdu. Bu yarışda isə mükafatçılar sırasına düşə bilərdik. Lakin 2-5-ci yerləri bölüşdürdük. Medalın bir addımlığında təşəbbüsü əldən verdik. Demək olar ki, bəxtimiz gətirmədi. Baxmayaraq ki, komandamız Fransa və ABŞ kimi güclü rəqiblərinə qalib gəlmişdi, heç kəs düşünmürdü ki, komandamız Rumıniya millisi ilə xal bölgüsü aparar. Yarış ərzində 7 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətimiz oldu. Əgər qalib gəldiyimiz oyunları böyük üstünlüklə (+2, +3) başa vursa idik, o zaman biz ikinci pillədə qərarlaşardıq. Lakin buna baxmayaraq, şahmatçılarımız çox gözəl oyun nümayiş etdirdilər. Şəhriyar Məmmədyarovun oyununu xüsusilə qeyd etmək olar. Düzdür, o, bir partiyanı uduzdu. Lakin yarış ərzində çox güclü rəqiblərinə qalib gəldi. Fikrimcə, kişilər bu yarışda çox uğurla çıxış etdilər. Bu da onu deməyə əsas verir ki, biz artıq komanda oyununda püxtələşmişik.
- Qadınlardan ibarət komandamızın zəif çıxışı dəyişikliklərin labüd olmasını özündə əks etdirmir ki?
- Qadın komandamız öz səviyyələrində çıxış etdi. Turnirin əvvəllərində mübarizəyə yaxşı başlasa da, son turlarda bir qədər zəif çıxış etdi. Son turda püşkatmada da onların bəxti gətirmədi. Qadın komandamız heç vaxt öz səviyyəsindən aşağı oynamır. Bu da təqdirəlayiqdir. Heyətdə çıxış edən hər bir xanmı şahmatçının güclü perspektivi var. Mən onlara çox güvənirəm.
- Gələn il dünya şahmatçıları Bakıya toplaşacaqlar. Bununla bağlı hazırlıqlara başlanılıbmı?
- Əvvəlcə onu qeyd edim ki, oktyabrın 1-15-də Bakı Biznes Mərkəzində şahmat üzrə Qran-pri seriyasının ilk mərhələsi keçiriləcək. Yarışda iştirak edən 12 şahmatçıdan 2-si Azərbaycandan olacaq. Bu yarışda həm Şəhriyar, həm də Teymur iştirak edəcəklər. Şəhriyar yarışlara birbaşa seçilib. Teymur isə ev sahibinin nominantı kimi bu turnirdə çıxış etmək hüququ qazanacaq.
Məlumat üçün bildirim ki, FİDE Qran-prisinin mərhələ yarışları 4 ölkədə olacaq. 4 mərhələdən ibarət yarış bu ilin oktyabr ayında başlayıb, növbəti ilin mayın ayında yekunlaşacaq.
Bakıdana sonra növbəti yarış Özbəkistan paytaxtı Daşkənddə təşkil olunacaq. Oktyabrın 20-dən noyabrın 3-dək keçiriləcək matçlardan sonra Qran-pridə fasilə yaranacaq. 3-cü mərhələnin görüşləri 2015-ci il fevralın 14-28-də İranın paytaxtı Tehranda təşkil olunacaq. Son mərhələyə isə Rusiya paytaxtı Moskva ev sahibliyi edəcək. Bu oyunlar həmin il mayın 13-27-də keçiriləcək.
Qaydalara əsasən, turnirə 16 şahmatçı qatılacaq. Onların hər biri 3 mərhələdə qüvvəsini sınayacaq. Artıq FİDE 11 idmançının adını açıqlayıb. Belə ki, Maqnus Karlsen (dünya çempionu, Norveç), Vişvanatan Anand (dünya çempionluğu uğrunda oyunun iştirakçısı, Hindistan), Vladimir Kramnik (Dünya kubokunun qalibi, Rusiya), Dmitri Andreykin (Dünya kubokunun finalçısı, Rusiya), Yevgeni Tomaşevski (Dünya kubokunun yarımfinalçısı, Rusiya), Maksim Vaşye-Laqrav (Dünya kubokunun yarımfinalçısı, Fransa), Levon Aronyan (Ermənistan), Fabiano Karuana (İtaliya), Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakamura (ABŞ) və Veselin Topalov (hamısı 05.2013-04.2014 reytinqinə əsasən, Bolqarıstan) Qran-pridə iştirak üçün dəvət olunublar.
Əgər bu şahmatçılardan hansısa tunirdən imtina edərsə, ehtiyat "üçlük” də məlumdur. Burada Sergey Karyakin (Rusiya) və Boris Gelfandla (İsrail) yanaşı, Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov da var. Bundan başqa, bildirmək istərdim ki, "11-liy”ə hər təşkilatçı ölkənin 1 şahmatçısı, həmçinin FİDE prezidentinin nominantı da qoşulacaq. Reqlamentə əsasən, 4 mərhələdən ibarət yarışlarda ilk iki yeri tutan şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq. Həmçinin gələn il Bakıda keçiriləcək Dünya kubokuna da iki yer veriləcək. Bu yarış da Bakı Biznes Mərkəzində keçiriləcək. Dünya kubokunda ən güclü 128 zəka sahibi öz bacarığını nümayiş etdirəcək. Biz şahmat olimpiadasına ev sahibliyi etmək hüququnu qazananda Dünya kuboku öhdəlik kimi boynumuza düşdü.
- FİDE qran-prilərinin məhz Bakıdan başlanması təsadüfidir?
- Bəli. Burada müəyyən təsadüfilik var. Biz FİDE ilə müzakirələr apardıq. 4 mərhələ çərçivəsində Bakının ev sahibliyi etməsi danılmazdır. Bu yarışlara ev sahibliyi etmək üçün Tehran və Moskva şəhərləri də var idi. Amma FİDE rəhbərliyi bizə çox güvənir. Onlar da inanırlar ki, Azərbaycan ən etibarlı ev sahibidir. Bizim bu cür yarışlara yüksək səviyyədə ev sahibliyi etmək imkanımız və təcrübəmiz var.
- Bakıda keçiriləcək yarışlarda erməni şahmatçıların çıxışına münasibətinizi bilmək istərdik.
- Qran-pri yarışında ermənistanlı qrossmeyster Levon Aronyanın çıxışı barəsində heç bir məlumatımız yoxdur. Bildiyimizə görə, Aronyan Bakı Qran-prisində çıxış etməyəcək. Əgər o, bu yarışda çıxış etmək istəsə, biz onu paytaxtımızda qəbul edəcəyik. Biz bu işdə heç bir qəbahət görmürük. Bundan əvvələ, Türkiyənin İstanbul şəhərində keçirilən konqresdə də söyləmişdik ki, erməni şahmatçılarının Azərbaycana gəlməyində və buradakı yarışda iştirakında heç bir problem görmürük. Yarış ərzində idmançılar üçün psixoloji təzyiqin olmamasına zəmanət veririk. Bizim üçün təəccüblü o idi ki, ermənilər Bakının şahmat olimpiadasına ev sahibliyi etməsinə etiraz edirdilər. Son 15 ildə ermənilərin bu və ya digər mötəbər yarışlara ev sahibliyi etmək fikrinə Azərbaycan tərəfi heç bir etiraz etməyib. Bu, bizim üçün gözlənilməz deyildi. Onların necə bir millət olduğunu hamımız yaxşı bilirik. Lakin biz idmanı siyasətlə qarışdırmırıq. Biz əminik ki, Bakıda keçiriləcək yarışlara uğurla ev sahibliyi edəcəyik. Dediyim kimi, bizim bu baxımdan təcrübəmiz var. Biz öz bacarığımızı bütün dünyaya layiqincə sübut edəcəyik.
Anar Əhmədov