Fazil Hadıbəyov: “Hər zaman haqqın, ədalətin tərəfində olmuşam”

Fazil Hadıbəyov: “Hər zaman haqqın, ədalətin tərəfində olmuşam”

"Zenit” idman cəmiyyəti Respublika Şurasının sədri, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin üzvü Fazil Hadıbəyov 60 yaşını qeyd etdi. Həyatını idmana həsr edən tanınmış mütəxəssis bu ömrü necə yaşayıb, hansı əziyyətlərə qatlaşıb, hansı ugurlar qazanıb? Bu suallara cavab almaq üçün yubilyarla görüşdük və səmimi söhbət etdik.

- Fazil müəllim, buyaxınlarda yubileyinizi qeyd etdiniz. Bəlkə, geridə qalan bu 60 illik ömür səhifəsini vərəqləyək?

- 1954-cü il noyabrın 1-də Qazaxıstanın Cambul vilayətində anadan olmuşam. 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bitirdikdən sonra idman sahəsinə üz tutmuşam. Həyatımı idmansız təsəvvür etmirəm. Əvvəlcə Bakı Şəhər Xalq Maarif Şöbəsinin uşaq-gənclər idman məktəbində təlimatçı kimi işə başlamışam. 1979-cu ildən "Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin Respublika Şurasında baş mütəxəssis vəzifəsində çalışmışam. 1987-1992-ci illərdə Ümumittifaq İttifaqları KBTC-nin Azərbaycan Respublikası Şurasında baş mütəxəssis, 1992-1993-cü illər ərzində "Neftçi” idman cəmiyyəti Respublika Şurasında idman müdiri kimi fəaliyyət göstərmişəm. 1993-cü il avqustun 10-da yenidən bərpa olunan "Zenit” İdman Cəmiyyəti Respublika Şurasının sədri vəzifəsinə seçilmişəm. İndiyədək bu vəzifədə çalışıram. Respublikada bədən tərbiyəsi və idmanın inkişafında, yüksək dərəcəli idmançıların hazırlanmasında nəsə edə bilmişiksə, özümü xöşbəxt sayıram. Sevinirəm ki, rəhbərlik etdiyim "Zenit” İC ölkədə bədən tərbiyəsi və idman hərəkatında özünəməxsus mövqe tuta bilib. Sevinirəm ki, cəmiyyətin idmançıları Olimpiya oyunlarında, dünya, Avropa çempionatlarında və digər beynəlxalq miqyaslı yarışlarda yüksək nailiyyətlər qazanırlar. Uğurlarımız bacarıqlı, istedadlı, təcrübəli və öz işini dərindən bilən məşqçilərimizin sayəsində əldə olunub. "Zenit” İdman Cəmiyyəti idmanımızın inkişafına öz töhfələrini verib. Olimpiya çempionu Namiq Abdullayev, tanınmış güləşçilərimiz Arif Abdullayev, Cəbrayıl Həsənov bizim yetirmələrimizdir.

- Söhbət əsnasında dediniz ki, bir vaxtlar mütəxəssis kimi idman məktəblərinin yoxlanılmasında işritak etmisiniz. Şübhəsiz ki, yoxlamalar zamanı müəyyən nöqsanlarla qarşılaşmısınız. Buna görə kimi isə cəzalandırmısınızmı?

- Vaxtilə SSRİ-nin Əməkdar məşqciləri Ağakişi İskəndərov, Vaqif Əliyev və Şövkət Orduxanov, Arif Niftullayev, Əhəd Əliyev, Viktor Avduşov, Firudin Qurbanov kimi böyük hörmət və nüfuza malik məşqçilərdən dərs almışam, onların məsləhətlərindən bəhrələnmişəm. Bu təcrübəli və peşəkar insanlardan öyrəndiklərimi bugünkü nəslə öyrətməyə çalışıram. "Məsul” Uşaq Gənclər İdman şöbəsində mütəxxəsis və baş mütəxəssis kimi işləyən dövrdə 144 kolxoz və sovxoz tipli məktəblər fəaliyyət göstərirdi. Yoxlama məqsədilə həmin məktəblərə gedəndə çalışırdım ki, nöqsanların aradan qaldırılmasına köməklik göstərim. Nöqsana görə cəza vermək asandır. Çalışırdım ki, iş prosesində baş verən nöqsanlara görə dərhal töhmət vermək əvəzinə həmin nöqsana yol verən insana düzgün yolu gostəriim. Hər bir insanın səhvi olur. Gərək güzəştə getməyi bacarasan. Yuxarıda adlarını çəkdiyim insanlardan öyrəndiklərimi indi də tətbiq edirəm
.
- Hadıbəyovlar nəsli çox keşməkeşli həyat sürüb. Bu nəslin nümayəndələri vətəndən uzaqda uzun illik sürgün həyatı yaşayıblar...

- Əslimiz Masallı rayonundandır. Hadıbəyovlar nəslindən olduğumuza görə 1937-ci ildə babamgil Qazaxıstana sürgün edilib. Babam danışırdı ki, onları əvvəlcə Masallıdan Bakıya gətiriblər. Buradan da gəmilərlə Krasnovodskiyə, sonra isə Qazaxıstana aparıblar. Sürgün olunan insanların bəziləri yolda dünyasını dəyişib. Cəsədləri dənizə atıblar. Babamgil elə biliblər ki, onları öldürməyə aparırlar. Azərbaycandan sürgün olunanları Qazaxstanın Cambul vilayətinin Çu şəhərinə gətiriblər. Burada onlar Yeni kənd adlanan bir yerdə məskunlaşıblar. Vəziyyət o qədər ağır olub ki, insanlar ilk günlərdə içməyə su belə tapa bilməyiblər. Babamgil, ümumuyyətlə, sürgün həyatı yaşayan bütün insanlar çox zülmlər çəkiblər. Vətəndən ayrı, qərib ölkədə yaşamaq, özü də nəzarət altında olmaq heç də asan deyil. Babamgil sürgünün ilk illərində heç bir şəraiti olmayan baraklarda yaşayıblar. Sonra tədricən "dişləri-dırnaqları” ilə özlərinə güzəran qurublar. Babamgilin ağır sürgün həyatı barədə xatirələri babamın özündən, nənəmdın, atamdan eşitmişəm. Mən də öz növbəmdə bu acı xatirələri övladlarıma, nəvələrimə danışıram. Sürgün həyatı yaşayanların ömür yolunu danışmaqla istəyirəm ki, övladlarım nəslimizin, ümumiyyətlə, xalqımızın başına gətirilən bu faciələri bilsinlər. Eyni zamanda, övladlarım ulularını tanısınlar. Bilirsiniz, hər bir insan özündən əvvəlki 7 nəslin şəcərəsini tanımalıdır. Bu, müqəddəs kitabımız "Qurani Kərim”də buyurulub. Onu deyim ki, Hadıbəyovlar nəslinin 8-ci şəcərəsi atamla başlayır. Şəcərimizlə bağlı kitab cap etmək fikrim var.

- Qazaxıstanda sürgün həyatı yaşayan ailəniz 25 ildən sonra Azərbaycana qayıtdı.

- 1962-ci ildə ailəmiz bəraət aldı. Mən babam və nənəmlə Masallıya qayıtdıq. Onda 7 yaşım var idi. Atam və anam Qazaxıstandan Özbəkistana köçdülər. Çünki atam Daşkənddə məsul vəzifədə çalışırdı. O, Sırdərya vilayəti Yangiger səhər sovetinin deputatı olub. Atam Böyük Vətən Müharibəsi veteranı, 2-ci qrup əlil idi. 7 il kombinatın direktoru işləyib. Valideynlərim 1990-cı ildə Özbəkistanda baş verən Fərqanə hadisələrindən sonra Azərbaycana qayıtdılar.

- Siz özünüz də 7 il qərib diyarda yaşamısınız. Böyüklərin sürgün həyatından danışdıqları xatirələr yaddaşınızda necə həkk olunub?

- Babam danışırdı ki, Qazaxıstana Naxçıvan, Qarabağ, Şirvan və digər bölgələrdən sürgün edilənlər var idi. Öz doğma yurdlarını unutmamaq üçün bu insanlar yaşadıqları məhəllələrə "Masallı”, "Qarabağ”, "Naxçıvan” adı vermişdilər. Kəndin yaxınlığından axan çayı isə "Araz” adlandırmışdılar. Qürbətdə yaşamaq ağır dərddir. Öz torpağından, elindən ayrı düşməyi allah heç kimə göstərməsin. Amma bir şey var ki, özgə diyarda insanlar biri-birinə daha yaxın və mehriban olurlar. Cambulda qış aylarında 30-40 dərəcə şaxta, yayda isə 50 dərəcəyə kimi isti olurdu. Ağır iqlim şəraitinə baxmayaraq, insanlar buğda, şəkər çuğunduru becərir, meyvə bağlarında çalışırdılar. Əmək haqqı əvəzinə məhsulun bir hissəsi satmaq üçün onlara verilirdi. Çətin dövrlər idi. Amma insanlar bu cür ağır vəziyyətdə yaşamalarına baxmayaraq, bir-birilərinin xeyirinə və şərinə yarayırdılar. Adət-ənənələrimiz qorunurdu. "Yenikənd”dən çıxanlar arasında tanınmış insanlar az deyildi. Bunlardan Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan Diasporasının sədri Əzizağa Əliyev, həkim Akif Allahverdiyev, Çu şəhərinin meri Nizami Məmmədov, Orenburq şəhərində bank sistemində çalışan Əmir İmanov və başqalarının adlarını çəkə bilərəm. Burada yaşayan 8 həmyerlimiz Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü.

- Deyirlər, insanın doğulduğu yer onun vətənidir.

- Mən Qazaxıstanda doğulmuşam. Amma vətənim Azərbaycandır. Doğma yurdumu çox sevirəm. Bununla belə, etiraf edim ki, bəzən Cambul vilayətini də doğma yurd kimi görürəm. Bəlkə də məni Qazaxıstana, Cambul vilayətinə çəkib aparan bu hissdir.

- Qazaxıstana səfər edirsiniz?

- Sürgündə yaşayanların əksəriyyəti oranı özlərinə ömürlük vətən seçdilər. Mənim doğmalarımdan və qohumlarımdan bəziləri Qazaxıstanda qaldı. Tez-tez olmasa da, hərdən qohum-əqrəbanın toy və yas məclislərində iştirak etmək üçün Cambula gedirəm. Orada tanıdıqlarımdan bəziləri dünyasını dəyişib, bəziləri başqa yerlərə köçüb. Yaşadığımız kənd də öz simasını çoxdan dəyişib. Təəssüf ki, gənc nəslin nümayəndələri təhsil və iş arxasınca Alma-Ataya, Bişkekə üz tuturlar. Məni sevindirən odur ki, sürgündə yaşayanların qoyduqları "Masallı”, "Qarabağ”, "Naxçıvan”, "Araz” adları hələ də qalmaqdadır.

- Fazil müəllim, çox təmkinli insan təsiri bağışlayırsınız. Əsəbləşdiyiniz vaxt olurmu?

- Elə bir dövrdə yaşayırıq ki, əsəbləşməmək mümkün deyil. Amma özümü ələ almağa, təmkinli olmağa çalışıram. Haqsızlıq, ədalətsizlik görəndə isə, əsəblərimi cilovlaya bilmirəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, hər zaman haqqın, ədalətin tərəfində olmuşam.

- Haqsızlıqla tez-tez rastlaşırsınız?

- Hərdən olur. Bəzən yaxın bildiyin, etibar etditin adamdan haqsızlıq görürsən. Bu, adamı çox incidir. İnsan öz ətrafındakılara və ya heç tanımadığı adama xoş münasibət göstərir, yardım edir və bunun əksini görürsə, qəlbi sınır.

- Bayaqdan söhbət edirik. Amma övladlarınızdan heç danışmadıq.

- 1975-ci ildə ailə həyatı qurmuşam. Üç oğlum, doqquz nəvəm var. Oğlanlarımdan ikisi - İlqar və Vüqar idman ustasıdır. İlqar sərbəst güləş, Vüqar isə cüdo ilə məşğul olub. Böyük oğlum Füzuli ehtiyatda olan baş leytenandır. Hər üçü ali təhsillidir və evlidir. Övladlarımın tərbiyəsi ilə ciddi məşğul olmuşuq. Ev-eşik, ailə sahibi olsalar da, onları nəzarətsiz qoymuram. Ömrüm boyu çalışmışam ki, övladlarım tərbiyəli, əxlaqlı böyüsünlər. Vətənimizi, xalqımızı sevsinlər.

- Fazil müəllim, rəhbərlik etdiyiniz "Zenit” idman cəmiyyətinin idmançıları bu il hansı yarışlarda iştrak ediblər?

- Cəmiyyətin yetirmələri hər il bir sıra ölkədaxili və beynəlxalq turnirlərdə iştrak edirlər. Nəticələrimiz isə ürəkacan olur. Mən əvvəlcə yetirmələrimizin ötən il cıxış etdikləri beynəlxalq yarışlar və qazanılan nailiyyətlər barədə danışmaq istərdim. 2013-cü ildə idmançılarımız 22 beynəlxalq yarışda qüvvələrini sınayıblar. Sərbəst güləşcilərimiz beynəlxalq turnirlərdə 5 qızıl medal qazanıblar. O cümlədən, respublika yarışlarında və beynəlxalq turnirlərdə pəhləvanlarımız 9 gümüş medala sahib çıxıblar. Analoji turnurlərdə əldə olunan 23 bürünc medal da sərbəst güləşcilərimizin payına düşüb. Keçən il Kazan şəhərində təşkil olunan XXVII Dünya Universiaadasında mübarizə aparan sərbəst güləşçimiz Cəbrayıl Həsənov vətənə gümüş medalla dönüb. İstedadlı güləşçimiz Polşanın Spala şəhərində Vaçlov Ziakanovskinin xatirəsinə həsr olunmuş 22-ci beynəlxalq turnirdə isə bürünc medal qazanıb. Yunan-Roma güləşçilərimiz də 2013-cü ildə müxtəlif turnirlərdə mükafatçılar sırasında yer alıblar. Onlar respublika çempionat və birinciliklərində, beynəlxalq yarışlarda 5 qızıl, 5 gümüş və 7 bürünc medal eldə ediblər. Sambo, cüdo, boks və taekvondo növləri üzrə mübarizə aparan idmancılarımız da ötən il yüksək nailiyyətlər qazanıblar. Ötən il "Zenit” İdman Cəmiyyəti 8 kütləvi sağlamlıq tədbirləri kecirib. Ümumilikdə, bu tədbirlərdə 2765 nəfərin iştrakı təmin olunub. Yeri gəlmişkən, idman yarışlarının və kütləvi tədbirlərin keçirilməsində hər zaman bizə dəstək göstərən Azərbaycan Həmkarlar İttifaqları Təşkilatları Assosiasiyasına (AHİTA) öz minnətdarlığımı bildirirəm.

- Bəs, bu ili hansı nailiyyətlərlə yola salırsınız?

- 2014-cü ildə yetirmələrimizin əldə etdikləri nəticələr barədə geniş danışmaq olar. İdmancılarımız ilin əvvəlindən bu günə qədər müxtəlif səviyyəli yarışlarda güclərini sınayıblar. Şəhid Müşfiq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə sərbəst güləşçilərimiz 1 qızıl, 2 bürünc medal qazanıblar. Bolqarıstanda təşkil olunan bəynəlxalq turnirdə sərbəst güləşçimiz Cəbrayıl Həsənov üçüncü pillədə yer alıb. Cəbrayıl aprel ayında Finlandiyada keçirilən Avropa çempionatında fəxri kürsünün II pilləsinə sahib çıxıb. Bolqarıstanın Somokov şəhərində keçirilən yeniyetmə sərbəst güləşçilərin Avropa birinciliyində mübarizə aparan idmançımız Əfqan Xaşalov qızıl medala layiq görülüb. O, Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnirdə ikinçi olub. Qadın güləşi üzrə Polşada keçirilən Avropa biriniciliyində "Zenit”in yetirməsi Elmira Qəmbərova gümüş medal qazanıb. Boksçumuz Araz Gülməmmədov may ayında Ryazan (Rusiya) şəhərində təşkil olunan beynəlxalq turnirdə I yerə sahib çıxıb. İdmançılarımız respublika turnirlərində də etimadımızı doğruldublar. Düzdür, 2014-cü ilin yekunları barədə danışmaq hələ tezdir. Bununla belə, hesab edirəm ki, başa çatmaqda olan ili "Zenit” İdman Cəmiyyəti üçün uğurlu saymaq olar.

- Uzun illərdir ki, idman sahəsində sizin və bu sahənin hazırkı vəziyyətini neçə dəyərləndirərdiniz?

- Belə bir söz var:” Görünən dağa bələdçi gərək deyil”. Azərbaycanda idmanın inkişafı göz qabağındadır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti Respublika Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Hazırda ölkəmizdə 50-ə yaxın Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Hər il respublikamızda yeni stadionlar, idman obyektəri istifadəyə verilir. Yeni yaradılan idman infrastrukturu müasir tələblərə cavab verir. İdman sahəsində göstərilən diqqət gənclərimizin sağlam həyat tərzinə, onların asudə vaxtlarının mənalı keçməsinə müsbət təsir göstərir. İdman sahəsində yaradılan yüksək şərait, eyni zamanda, atletlərimizin beynəlxalq turnirlərdə, Olimpiya oyunlarında uğurlu çıxışına zəmin yaradır. Dünyanın ən mötəbər arenalarında Azərbaycanın üçrəngli bayrağı dalğalandırılır, himnimiz səsləndirilir. 2012-ci ildə Londonda keçirilən Olimpiya oyunları bir daha göstərdi ki, Azərbaycan, sözün əsl mənasında, idman ölkəsidir. Ölkəmiz gələn il birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. İlk dəfə təşkil olunan mötəbər turnirin Azərbaycana həvalə edilməsi heç də təsadüfi deyil. Bu, ölkəmizin dünyadakı nüfuzunu, respublikamızda idmana göstərilən diqqət və qayğının göstəricisidir. Mən əminəm ki, Avropa Oyunlarında Azərbaycan idmançıları ölkəmizi layiqincə təmsil edəcəklər.

Səadət Hakıyeva
Hürrü Abdullayev