“Oyunların açılış mərasimində məşəlin alovlanması ən cəlbedici məqamlardandır”

“Oyunların açılış mərasimində məşəlin alovlanması ən cəlbedici məqamlardandır”

Ölkəmiz 2015-ci ildə tarixdə ilk dəfə Avropa Oyunlarına ev sahibliyi edəcək. Mötəbər idman tədbirinin keçirilməsinin Odlar yurduna həvalə olunması ölkəmizə inamın, etibarın daha bir nümunəsidir. Oyunların açılış mərasimində məşəlin alovlanması ən cəlbedici məqamlardandır. Olimpiya oyunlarının simvollarından biri olan məşəl, məşəl estafeti və onun tarixi haqda məlumatlar almaq üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, professor Dilqəm Quliyevlə söhbət etdik.


- Dilqəm müəllim, məşəlin yaranma tarixi ilə bağlı nə deyə bilərsiniz?

-Olimpiya oyunlarının məşəl mərasimi ilk dəfə qədim Yunanıstanda keçirilib. Ənənəyə görə, bu alov Yunanıstanın Afina şəhəri yaxınlığında yerləşən Olimpiya məbədindən götürülür. Bundan sonra xüsusi seçilən oğlan və qızlar bu məşəli Olimpiya oyunları keçirilən şəhərə doğru qaça-qaça bir-birlərinə ötürərək irəliləyirlər. Son anda məşəl adlı-sanlı bir idmançıya verilir, o, stadiona daxil olub Olimpiya oyunlarının məşəlini yandırır. Bu məşəl yarışların açılışından bağlanışına qədər yanır. Olimpiadanın açılış və bağlanış mərasimlərində məşəl ritualının əhəmiyyəti böyükdür.
İlk dəfə məşəl Amsterdam-1928 Yay Olimpiya Oyunlarında təqdim olunub və o vaxtdan bəri müasir Olimpiya oyunlarının bir hissəsinə çevrilib. Məşəlin Yunanıstandan oyunların keçirildiyi yerə müxtəlif ölkələrdən keçməklə ötürülməsi ideyası isə ilk dəfə 1936-cı ildə Berlin Yay Olimpiya Oyunlarında irəli sürülüb.


- Berlin-1936 Olimpiadasının məşəl estafeti haqda məlumat verməyinizi istərdik...

-Berlində keçirilən XI Olimpiada Jozef Göbbelsin rəhbərlik etdiyi Alman Nasional Sosialist Fəhlə Partiyasının təşkilatçılığı ilə baş tutub. Məşəlin başqa ölkələrdən keçərək olimpiada paytaxtına çatdırılması ideyası da məhz Berlində, Karl Diyem tərəfindən irəli sürülüb. Təşkilatçılar məşəlin hazırlanmasını "Krupp” şirkətinə həvalə ediblər. Olimpiya məşəli Yunanıstanda çökük linza ilə yandırıldıqdan sonra Yunanıstandan Berlinə 12 günə 3,331 marafonçu tərəfindən 3,187 km-dən çox məsafə qət edilərək ötürülüb. Sonradan 1938-ci ildə Leni Rifenştal tərəfindən Berlin-1936 Olimpiya məşəli ilə bağlı rejissor işi də səhnələşdirilib.

- Dilqəm müəllim, olimpadanın məşəlləri biri-birindən nə ilə fəqlənir?

-Olimpiya oyunlarında istifadə olunan məşəlin dizaynı və bəzi xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Məşəl estafeti olimpiadaların əsas tərkib hissələrindən biridir və mühüm əhəmiyyətə malikdir. 1992-ci ildə Alverbil və 2006-cı ildə Turin Olimpiya Oyunlarının məşəllərinin məşhur dizaynerlər tərəfindən hazırlanmasına baxmayaraq, həmin məşəl klassik dizaynlı məşəllərdən az populyarlıq qazanıb. Turin-2006-nın məşəli isə həddən artıq ağır olduğuna görə mütəxəssislər tərəfindən kəskin tənqid olunub. Dizaynı tanınmış memar Ralf Lavers tərəfindən verilən və 1948-ci ildə Londonda keçirilən Olimpiya oyunlarının məşəli hazırlanmasına 47 sm uzunluğunda və 960 qram ağırlığında alüminium külçə sərf edilib.


-Dilqəm müəllim, bəc məşəlin alovlandırılması prosesi necə baş verir və hansı yanacaqdan istifadə olunur?
-Müasir dövrümüzdə Olimpiya məşəli Olimpiya oyunlarının açılış mərasimindən bir neçə ay öncə yandırılır. Adətən, məşəl Hera məbədində günəşin şüalarını parabolik güzgü ilə istiqamətləndirməklə alovlandırılır. Berlin-1936 Olimpiadasının məşəli Yunanıstanda çökük linza ilə alovlandırılıb. 1972-ci ildə keçirilən Münhen Olimpiya Oyunlarından başlayaraq məşəllərin yandırılmasında maye qaz əvəzinə propilen və ya propan-butan qarışığından istifadə olunub. 2012-ci Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarının məşəli isə Yunanıstanın qədim Olimpiya şəhərində keçirilən mərasimdə günəş şüalarından alovlandırılıb.

- Bəs onun ötürülməsi prosesi necə baş verir?

-Olimpiya məşəli ev sahibi olan ölkədə marafonçular tərəfindən marşrutla aparılır. Amma buna qədər məşəl müxtəlif mərhələdən keçir. Məsələn, London-1948 və London-2012 Yay Olimpiya Oyunlarında La-Manş kanalını keçmək üçün məşəli adi qayıqla, Kanberrada isə avarçəkən qayıqla daşımalı olublar. Pekin-2008 Olimpiadasında da Honkonqda qayıqdan istifadə olunub. Tarixdə ilk dəfə olaraq Soçi-2014 Qış Olimpiya Oyunlarında məşəl kosmosla aparılıb. 1956-cı ildə keçirilən Olimpiya oyunlarında Avstraliyada karantinlə əlaqədar atçılıq yarışları Melburn şəhərinin əvəzinə, Stokholmda təşkil olunub. Bunun üçün məşəli aparanlar at belində səyahət etməli olublar. Olimpiya alovunun qeyri-adi ötürülməsi hadisəsinə 1976-cı ildə də rast gəlinib. Belə ki, məşəlin alovlanmasında radio siqnaldan istifadə olunub. Afinadan bu siqnal peyk vasitəsilə Kanadaya ötürülüb və alovun yenidən yandırılması üçün lazer şüasından istifadə olunub. Monreal-1976 Olimpiadasının məşəli xüsusi olaraq ölkənin Maşınqayırma Məhsulları MMC şirkəti tərəfindən istehsal edilib. 2000-ci ildə Sidney-Olimpiadasının məşəlini Böyük Sədd Rifi yaxınlığında dalğıclar suyun altından keçiriblər.

-Ən uzunmüddətli estafet hansıdır?

- 78 gün davam edən uzummüddətli məşəl estafeti Afina-2004 Olimpiadasında həyata keçirilib. Belə ki, Olimpiya məşəli 78000 km-dən daha çox məsafə qət etməklə, 11300 dəfə əldən-ələ keçərək lk dəfə Afrika və Cənubi Amerikaya səyahət edib. Sonra məşəl bundan əvvəl olimpiadaların keçirildiyi bütün şəhərləri dolanaraq XXVIII Yay Olimpiya Oyunlarının paytaxtı - Afinaya geri dönüb.



-Maraqlıdır, Olimpiya oyunlarının təşkilatçıları estafet zamanı hansı təhlükəsizlik tədbirləri görürlər?

-Olimpiya oyunlarının məşəl estafeti tarixində müəyyən etiraz aksiyaları qeydə alınıb. 1956-cı ildə Avstraliyada keçirilən Melbrun Olimpiya Oyunlarında tələbə Barri Larkin saxta məşəl yandırmaqla tamaşaçıları aldadıb və estafetə öz etirazını bildirib.
2008-ci ildə Çinin müxtəlif yerlərində Olimpiya məşəlinin estafetini dayandırmaq cəhdləri olub. Bundan başqa 2008-ci ildə Pekin Olimpiya Oyunlarına aparılan məşələ Tibet tərəfdarlarının həmlələri olub. Buna görə də Beynəlxalq Olimpiya Komitəsi Olimpiada məşəlinin dünya üzrə estafeti ənənəsinə son qoymaq qərarına gəlib. Londonda məşəli qorumaq üçün "polad halqa” hazırlanıb. Ancaq burada da televiziya aparıcısı Konnie Hak məşəli aparanda bir etirazçı məşəli tutmağa çalışıb.
2004 Yay Olimpiya Oyunlarında məşəl Panatinaikos stadionuna gətirilib. Estafetə start veriləndə gecə çox küləkli olduğundan məşəl sönüb, amma ehtiyat tədbirləri nəticəsində yenidən alovlandırılıb. 2008-ci ildə estafet Fransadan keçərkən etirazlar zamanı məşəl avtobusla aparıldığı üçün ən azı iki dəfə Çin rəsmiləri tərəfindən söndürülüb. Bu da son nəticədə şəhərdə estafetin ləğv olunmasına gətirib çıxarıb. İndi olimpiadanın məşəlləri hazırlanarkən təhlükəsizlik tədbirləri və gözlənilməz hallar nəzərə alınır. Estafet zamanı alovun sönməsi də nəzərə alınaraq bir neçə ehtiyat məşəl götürülür.
Xatırladım ki, 2013-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən XXII Qış Olimpiya oyunlarının məşəli Qızıl Meydanda alolandırılarkən sönmüşdü. Məşəli yenidən yandırmaq mümkün olmadığı üçün, məşəl təbii odla-yanan lampa ilə əvəzlənmişdi. Olimpiadanın məşəli və postamenti həmişə dramatik dizaynı və qəribəliyi ilə seçilir. Bu da, həmçinin açılış mərasimdə Olimpiadanın məşəlinin necə yandırılması ilə bağlıdır.

- Olimpiadanın məşəlini yandırmaq idmançılar üçün böyük şərəf sayılır...

Adətən, Olimpiyadanın əsas məşəlini tanınmış və müxtəlif Olimpiya Oyunlarında uğur qazanmış idmançılar yandırır, amma Olimpiya oyunlarının tarixində elə hallar olub ki, əsas məşəli yandıran nəinki idmançı, hətta tanınmış şəxs belə olmayıb. Olimpiadanın məşəlini yandırmaq üçün məşəl stadiona təntənəli açılış mərasimi təşkil olunduğu gün gətirilir. Məşəli gətirən şəxs ya Olimpiadanın məşəlini yandırır, ya da çox vaxt məşəl stadionda əl dəyişdirməkl,ə Olimpiadanın məşəlini yandıracaq adı gizli saxlanılan şəxsə təqdim edilir.
Bu illər ərzində əhəmiyyətli nailiyyətlər qazanmış idmançıların Olimpiya məşəlinin son estafetində Olimpiadanın əsas məşəlini yandırması artıq ənənəyə çevrilib. Olimpiadanın məşəlini yandıran ilk məşhur idmançı 1952-ci il Helsinki Olimpiadasında olmuşdur. Belə ki, doqquz qat Olimpiya çempionu Pavo Nurmi bu şərəfə layiq görülmüşdür. Məşəlin daşıyanlar arasında ağır çəkili boks üzrə çempion Məhəmməd Əli (1996), Avstraliyalı aborigen atlet Keti Friman və Buzüstü xokkey oyunçusu Ueyn Qretski (2010) kimi məşhur idmançılar da daxildir. Soçi Qış Olimpiya oyunlarının məşəlini isə fiqurlu konki üzrə 3 qat Olimpiya çempionu İrina Rodnina və hokkey üzrə 3 qat Olimpiya çempionu Vladislav Tretyak yandırıb.
Əvəllər Olimpiya oyunlarında məşəli yandırmaq ancaq kişi idmançılara həvalə olunmuşdu. Qadın idmançılar arasında ilk dəfə bu şərəfə 1968-ci ildə Mexikoda keçirilən olimpiadada meksikalı Enriketta Basilio Sotelo layiq görülüb. Beynəlxalq Olimpiya Komitəsi və təşkilatçılar adətən, məşəli yandıran idmançının ad-sanına, qazandığı uğurlara və yaraşıqlı olmasına xüsusi önəm verir. Ancaq 1958-ci ildə Melburn Olimpiadasında bu ənənə pozulub. Belə ki, məşəli yandırmaq 18 yaşlı, heç kimin tanımadığı avstraliyalı Ronald Klarka həvalə olunub. Səkkiz il sonra isə Tokioda məşəli yandırmaq hüququ Yaponiyanın Xirosima şəhərinə atom bombası düşən gün anadan olan İosinori Sakaiyə verilib.

- Gələn il ölkəmizdə ilk Avropa Oyunları keçiriləcək. Bu Oyunlar qədim Azərbaycanın tanıdılması baxımından hansı əhəmiyyətə malikdir?

- Azərbaycan qədim tarixə, füsunkar təbiətə malik bir ölkədir və hələ qədim dövrlərdən Odlar Yurdu adlanır. Bu heç də təsadüfi deyil. Qədimdə ölkəmizin ərazisində yaşayan əhalinin əksəriyyəti atəşpərəst olub, yəni onlar keçmişdə oda sitayiş ediblər. Azərbaycanın adı da bununla bağlıdır. Abşeronda qədim zamanlardan əbədi yanan ocaqlar mövcud olub və bu gün də qalmaqdadır. Məsələn, "Yanar dağ”da torpağın öz-özünə "yanması” indi də insanları heyrətə gətirir. Bakıda isə atəşpərəstlərin qədim məbədi- Atəşgah indi də paytaxtımızın qonaqlarının və turistlərin ən çox üz tutduğu yerlərdəndir.
Bəzi mənbələrdə Azərbaycanın Odlar Yurdu kimi tanınması atəşpərəstliklə əlaqələndirilir. İçərişəhərdəki Cümə məscidinin atəşpərəst zərdüştilərin məbədgahının yerində tikilməsi barədə rəvayət Bakı əhalisi arasında indiyədək yaşayır. Bəziləri bunu Atropatın adı ilə, bəziləri "Adərbaycan”, "Odər” və başqa sözlərlə açırlar. Mirəli Seyidovun qənaətinə görə, "od” sözü bu türklərin mifik qəhrəmanı Dədə Qorqudun adından götürülüb. "Qorqut” sözü «Qor» (od), «qut» (xoşbəxtlik) sözlərinin birləşməsindən əmələ gəlib.
Ancaq Azərbaycanın odla simvollaşdırılmasının başqa səbəbləri də var. Qədimdən ərazimizdə neft və qazın olması və bunun nəticəsində təbii məşəllərin meydana gəlməsi də bu fikrin yaranmasına səbəb olub. Eyni zamanda islam dini mənbələrində də Azərbaycan haqda az saylı hədis və rəvayətlərdə od ifadəsinə rast gəlinir. Maraqlıdır ki, hadisədə od ifadəsinin məhz Azərbaycanla yanaşı çəkilməsi diqqətçəkəndir.

- Dilqəm müəllim, necə düşünürsünüz, Olimpiya oyunlarını və odu birləşdirən nədir?

- Bəşər övladı təbiətdə və cəmiyyətdə baş verən proseslərə uyğun olaraq təbii təkamül prosesi keçərək inkişaf edir. Nəticədə onun fiziki gücü, sağlamlığı, həyata baxışı dəyişir ki, bu da böyük əhəmiyyət kəsb edir. İnsan yaşamaq naminə təbiətin yaratdıqları ilə mübarizə apararaq, özünə lazım olanı əldə edir. Dəyərlilərini isə nəsildən-nəsilə ötürür. İnsan bu proseslərin içərisində bir neçə amilin: günəşin suyun, havanın və digər yaşam üçün əhəmiyyətli olanların tanrı tərəfindən hər kəsə, bərabər və təmənnasız verdiyini zaman-zaman dərk etsə də, ələ keçirmək, mənimsəmək fəlsəfəsindən yaxa qurtara bilmir. Hələ qədim zamanlardan bəşər övladı başqa bir qəbilənin əldə etdiyi odu mənimsəmək üçün mübarizələr aparmış, döyüş meydançalarında vuruşaraq ələ keçirmişlər. Belə rəvayətlər sırasında Prometeyin Yunan tanrısı Zevsdən oğurlayaraq gətirdiyi od, sonralar insanların oda olan sayğısı, sevgisi və onun qoruyucu olduğu qənaiti xüsusi əhəmiyyət daşıyır. Müəyyən mərhələlərdən sonra fiziki güclərini nümayiş etdirməklə yarışlar təşkil etmiş, əldə etdikləri qənimətləri odun-alovun müşahiəyyəti ilə yaşadıqları yerə gətirmiş, qəbilə başçısına təqdim ediblər. Görünür bu səbəbdən də Olimpiya oyunlarının simvolu olaraq oddan istifadə olunub.
Yuxarıda qeyd etdiyimiz kimi, zamanı, məkanı bəlli olmayan lakin, insanın fiziki gücü, cəldliyi, baş verən təbii hadisələrə ani reaksiya vermə qadiliyyəti, sağlamlığı xüsusi əhəmiyyətə daşıyıb. Bu səbəbdən də xüsusi, təbii seçilmiş insanlar ov-ovlamaq üçün ön sırada, əsas aparıcı insanlar sırasında dayanmışlar. Ona görə də belə insanlar özlərinin fiziki kamilliyinin inkişafına xüsusi diqqət ayırıblar. Cəmiyyət inkişaf etdikcə qeyd edilən metodla öz formasını dəyişərək sınaq, yarışmaq mərhələsinə qədəm qoyub. Nəticədə, ümumbəşəri mədəniyyətin tərkib hissəsinə çevrilmiş Olimpiya oyunları bir çox proseslərdən keçərək sistem halına düşüb.
Antik və müasir Olimpiya oyunlarının vətəni Yunanıstan olduğu kimi, ilk Avropa Oyunlarının da vətəni Azərbaycan olacaq. Olimpiadaların məşəli öz alovunu Olimp dağından, Hera məbədindən götürür. Düşünürəm ki, Avropa Oyunlarının da məşəli Odlar Yurdunun qədim və müqəddəs ziyarətgahı olan «Yanar dağ”dan alovlanacaq.

Səadət Hakıyeva