Azərbaycanda idman və Olimpiya Hərəkatı yüksək səviyyədə inkişaf etdirilir. Respublikamızda bu sahəyə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi nüfuz qazanıb. Mötəbər idman tədbirlərinin mərkəzinə çevrilən ölkəmizdə indiyədək Avropa və dünya çempionatları kimi mötəbər yarışlar və idman tədbirləri təşkil edilib. Sevindirici haldır ki, təmsilçilərimiz ayrı-ayrı idman növləri üzrə yarışlarda uğurla çıxış edərək, beynəlxalq arenalarda dövlət himnimizin səsləndirilməsinə nail olur, bayrağımızı yüksəklərə qaldırırlar.
Ölkəmizdə idman və Olimpiya Hərəkatının inkişafı istiqamətində görülən işlər beynəlxalq idman təşkilatları tərəfindən yüksək qiymətləndirilir. 2015-ci ildə tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarının ev sahibliyinin Azərbaycana həvalə edilməsi görülən işlərə verilən ən yüksək qiymətin bariz nümunəsidir. Bugünlərdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşərək Bakı-2015 Avropa Oyunlarının Azərbaycanda təkşili ilə bağlı fikirlərini öyrəndik.
- Çingiz müəllim, ölkəmizdə Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Avropa Oyunlarının təşkili Azərbaycan üçün böyük əhəmiyyətə malik hadisədir. Ölkəmiz tarixdə ilk dəfə bu cür irimiqyaslı yarışa ev sahibliyi edəcək. Qitə Oyunlarına Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən ciddi hazırlıq işləri aparılır. Paytaxtın müxtəlif yerlərində yeni infrastruktur layihələri həyata keçirilir. Artıq bir neçə idman obyekti yarışları qəbul etməyə hazırdır. 68 min tamaşaçı tutumuna malik yeni Olimpiya Stadionu və Bibiheybət qəsəbəsində inşa edilən Su İdman Sarayında artıq son tamamlama işləri aparılır. Mövcud idman obyektlərindən Bakı İdman Sarayı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi isə əsaslı təmir edilir. Müəyyən idman növləri üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulan müvəqqəti idman obyektləri də quraşdırılır. Düşünürəm ki, idman qurğularının tam hazır vəziyyətə gətirilməsi üçün işlər planlı şəkildə həyata keçirilir. Avropa Oyunlarında iştirak edəcək könüllülərin hazırlığı ilə bağlı müxtəlif tədbirlər görülür. Proqrama daxil olan ayrı-ayrı idman növləri üzrə ölkənin idman federasiyalarında yarışlara hazırlıq prosesi davam edir. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkil olunması vacib amillərdəndir. Bu mərasimlərin daha yaddaqalan və möhtəşəm olması üçün Bakı-2015 Təşkilat Komitəsi tərəfindən müvafiq tədbirlər görülür. Ölkəmizdə I Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə gedir.
- Ölkəmizdə ilk Avropa Oyunlarının təşkili ilə bağlı bir sıra sınaq yarışları keçirilib. Bu sınaq yarışlarının əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Ötən il ölkəmizdə atletika, bədii gimnastika və velosiped idman növləri üzrə sınaq yarışları keçirilib. Sınaq yarışlarının yüksək səviyyədə təşkili və nəticələri Azərbaycanın kompleks yarışları qəbul etməyə hazır olduğunu nümayiş etdirdi. Adətən, sınaq yarışlarının keçirilməsində əsas məqsəd idman obyektinin yarışlara hazırlığı və yarışların təşkilinin səviyyəsini müəyyən etməkdir. 2014-cü ildə Tofiq Bəhramov adına stadionda təşkil edilən atletika üzrə Avropa Olimpiya təsnifat turnirində əsas diqqət təşkilati məsələlərə yönəldilmişdi. Bura idman avadanlıqlarının sınaqdan keçirilməsi, hakimlərlə bağlı məsələlər də daxil idi. Bədii gimnastika üzrə Avropa çempionatının təşkilində isə əsas məqsəd yeni istifadəyə verilən Milli Gimnastika Arenasının sınaqdan keçirilməsi idi.
- Çingiz müəllim, siz həm də Atletika Federasiyasının prezidentisiniz. Avropa Olimpiya təsnifat turniri ölkəmizdə atletika üzrə keçirilən ilk irimiqyaslı yarış idi.
- Düzdür, indiyədək Azərbaycanda atletika üzrə bir sıra beynəlxalq yarışlar keçirilib. Amma atletika üzrə Avropa Olimpiya Təsnifat Turniri ölkəmizin ev sahibliyi etdiyi ən böyük yarış idi. Bu yarışlar miqyasına və əhəmiyyətlilik dərəcəsinə görə çox mühüm yarış idi. Çünki bu yarış Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı. Biz bu yarışlarda böyük təcrübə əldə etdik. Qeyd etdiyim kimi, yeni hakimlər briqadası yarada bildik. Hətta bu yarışdan sonra hakimlərimiz Tbilisi şəhərində keçirilən atletika üzrə kubok yarışını idarə etdilər.
- Yeri gəlmişkən, atletika idman növündə idmançılarımızın Avropa Oyunlarına hazırlıq işləri necə gedir?
- Bütün idman növlərində olduğu kimi, atletikada da hazırlıq işləri lazımi səviyyədə aparılır. Avropa Oyunlarında atletika yarışları komanda hesabı üzrə keçiriləcək. İdmançılarımız atletikanın bütün növlərində qüvvələrini sınayacaqlar. Avropa Oyunlarında bu növ üzrə 15 ölkənin idmançıları çıxış edəcəklər.
- Ölkəmizdə son illərdə idman və Olimpiya Hərəkatının inkişafı sayəsində güclü maddi-texniki baza yaradılıb. Avropa Oyunları ilə bağlı yeni idman obyektləri inşa olunub. Bu, bizə gələcəkdə Olimpiya oyunlarına ev sahibliyi etməyə imkan verəcəkmi?
- Azərbaycan mötəbər idman tədbirlərinə ev sahibliyi etməklə dünyanın idman mərkəzlərindən birinə çevrilib. Avropa Oyunlarından sonra ölkəmiz 2016-cı ildə şahmat olimpiadasına, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının mərhələ yarışına ev sahibliyi edəcək. Xatırladım ki, Azərbaycan 2016 və 2020-ci il Olimpiya oyunlarına ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürəndə qarşıya çıxan əsas maneə ölkənin indiyədək kompleks yarışları təşkil etməkdə təcrübəsinin olmaması idi. Avropa Oyunlarının ən yüksək səviyyədə təşkil olunacağı heç kimdə şübhə yaratmır. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında vurgulayıb ki, biz Avropa Oyunlarını Olimpiya oyunları səviyyəsində keçirəcəyik. İnanıram ki, Avropa oyunlarından sonra ölkəmiz yay Olimpiya oyunlarına da ev sahibliyi hüququnu qazana biləcək.
- Çingiz müəllim, bir neçə Olimpiya oyunlarında yarışlar ev sahibi olan şəhərlə yanaşı, digər şəhərlərdə də keçirilib. Avropa Oyunlarında da bu cür təcrübədən istifadə olunacaq. Avarçəkmə üzrə yarışlar paytaxtda deyil, Mingəçevirdə təşkil olunacaq.
- Xatırladım ki, Pekin-2008 Yay Olimpiadasında atçılıq yarışları Honkonqda keçirilirdi. Bu, adətən, xüsüsi obyektlər tələb edən idman növlərinə aid edilir. Məsələn, avarçəkmə, yelkənli qayıq idman növləri üzrə yarışlar dənizdə keçirilməlidir. Əgər olimpiadaya ev sahibliyi edən şəhərdə bu yarışların keçirilməsi üçün şərait yoxdursa, o zaman belə yarışlar başqa şəhərdə keçirilir. Bakıda avarçəkmə mərkəzi tikməkdənsə, bu yarışların Mingəçevirdə təşkil olunması daha məqsədəuyğundur. Mingəçevirdə avarçəkmə yarışlarının keçirilməsi, idmançıların yerləşdirilməsi üçün çox gözəl şərait var. Oyunlar zamanı burada Atletlər kəndi yaradılacaq.
Beynəlxalq Olimpiya Komitəsinin qərarına görə, Olimpiya oyunları bir deyil, bir neçə şəhərdə də keçirilə bilər. Bu təcrübə ilk dəfə futbol yarışlarında öz təsdiqini tapdı. Hətta futbol üzrə Avropa çempionatları bir neçə ölkədə keçirildi.
- Avropa Oyunlarında iştirakçılar hansı meyarlarla seçiləcək?
- İştirakçı ölkələrin hansı idman növlərində təmsil olunacaqları və komandalarının heyətləri barədə məlumatlar artıq mövcuddur. Məsələn, bu günə qədər Polşanın kvotası 165 nəfərə yaxındır. Qardaş Türkiyə Avropa Oyunlarında 200-dək atletlə təmsil olunmağı planlaşdırır. Azərbaycanı bu oyunlarda 300 idmançının təmsil edəcəyi nəzərdə tutulur. İdmançıların seçimi ilə bağlı bütün məsələlər federasiyalar tərəfindən həll olunur. Ümumiyyətlə, Avropa Oyunlarında iştirak edəcək idmançıların dəqiq siyahısı yarışlara az qalmış tam müəyyən ediləcək.
- Beynəlxalq idman rəsmilərinin Avropa Oyunlarının təşkili və bununla bağlı aparılan hazırlıq işlərinə münasibəti necədir?
- Bütün dünyada Avropa Oyunlarının ölkəmizdə təşkili yüksək dəyərləndirilir. Hamı əmindir ki, Avropa Oyunları Azərbaycanda yüksək səviyyədə keçiriləcək və Azərbaycan Avropa Oyunlarının tarixini yaradacaq. Xatırladım ki, ötən ilin noyabr ayında Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası keçirildi. Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da iştirak edirdi. Bakıya heyran olduğunu bildirən BOK prezidenti ölkəmizdə inşa edilən idman obyektlərinə valeh olduğunu gizlətmədi. Mötəbər yarışın Azərbaycanda yüksək səviyyədə təşkil olunacağına əminəm. Avropa Oyunlarında yarışları qitənin idman federasiyaları təşkil edəcəklər. Bizdən asılı olan məsələlər Oyunların təşkilatçılıq məsələləri, tamaşaçıların yarışlara cəlb olunması, könüllülərlə işin qurulması və yarışların ədalətli oyunlar prinsiplərinə əsasən keçirilməsidir. Tamaşaçı fəallığı bu cür mötəbər yarışlarda mühüm amillərdəndir. Adətən, Olimpiya oyunlarında jurnalistlər KİV nümayəndələrinə yaradılan şəraiti və tamaşaçı çoxluğunu əsas meyar kimi götürürlər. İdmançılar üçün vacib amil Atletlər kəndində yaradılan şərait, yarışların ədalətli keçməsidir. Rəsmi qonaqlar üçün isə nəqliyyat sistemi, tamaşaçı auditoriyası və qidalanma da böyük əhəmiyyət kəsb edir.
- Avropa ölkələri arasında hansı komandanı favorit hesab edirsiniz?
- Məlum olduğu kimi, Avropa Oyunları proqramında yer alan idman növlərindən 9-u 2016-cü ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Həmin yarışlarda rəqabət güclü olacaq. Elə idman növləri var ki, məsələn, atletika və üzgüçülükdə daha çox yeniyetmə idmançılara üstünlük veriləcək. Biz ölkələrin idmançılarını hansı prinsiplər əsasında seçdiyini bilmirik. Nəticə idman növlərindən asılı olaraq dəyişəcək.
- Çingiz müəllim, necə düşünürsünüz, Avropa Oyunları ölkəmizin həyatında hansı rolu oynayacaq?
- Avropa Oyunları Azərbaycanın iqtisadi, siyasi və idman həyatında çox mühüm rol oynayacaq. Ölkəmiz bu yarışlardan sonra dünyada daha da tanınacaq. Azərbaycan 24 ildir müstəqillik dövrünə qədəm qoyub. Avropa Oyunlarının təşkili Azərbaycanın dünyada nüfuzunu daha da artıracaq. Oyunların təşkili paytaxtımızın infrastrukturuna müsbət təsir göstərəcək və ölkədə turizmin inkişafına böyük təkan verəcək. Avropa Oyunları ilə bağlı nəqliyyat sistemi, infrastruktur, hətta qanunvericilikdə də müəyyən dəyişikliklər edilib. Görülən işlər bir irs olaraq gələcək nəsillərə ötürüləcək. Məsələn, Oyunlarla bağlı yaradılan təhlükəsizlik və nəqliyyat sistemindən sonralar da istifadə ediləcək. Ölkəmizdə və o cümlədən Bakıda böyük quruculuq işləri həyata keçirilir. Bütün bunlar gələcəkdə ölkəmizin həyatında mühüm rola malik olacaq.