Boks idman növü dünyada böyük populyarlığa malikdir. Olimpiya proqramında yer alan bu növ dünyanın ən güclü ölkələrində yüksək səviyyədə inkişaf edib. Azərbaycanda boksun tarixi ənənələri var. Boksun inkişaf tarixinə nəzər salsaq, bu növ üzrə ölkəmizdə kifayət qədər uğurlu nailiyyətlərin qazanıldığının şahidi olarıq. Ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı, Azərbaycan Boks Federasiyasının bu idman növünün inkişafı istiqamətində gördüyü məqsədyönlü tədbirlərin nəticəsidir ki, təmsilçilərimiz müxtəlif beynəlxalq yarışlar, Avropa və dünya çempionatları, eləcə də, Olimpiya oyunlarında iştirak edərək yüksək nailiyyətlər qazanırlar.
Qeyd edək ki, ümumilikdə son 4 Olimpiya oyunlarında boksçularımız 6 bürünc medal əldə ediblər. Paytaxtımızın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının proqramında yer alan boksun tarixi və ölkəmizdə keçdiyi inkişaf yolu barəsində "Olimpiya dünyası” qəzetinin çoxsaylı oxucularına ətraflı məlumat verəcəyik.
Boksun ölkəmizdə qədim ənənələri var
Sözsüz ki, bu idman növünün ölkəmizdə tanınması boksun respublikamızda xüsusi ənənələrə malik idman növlərindən biri olması ilə bağlıdır. Boks Azərbaycanda XX əsrin əvvəllərində təşəkkül tapıb. O dövrlər Bakıya işləməyə gələn əcnəbi fəhlə və mühəndislər, neft sənayesi üzrə mütəxəssislər idmanın bu növünü Azərbaycanda yaymağa başlayıblar. Ötən əsrin 20-ci illərində paytaxtımızda həvəskar boksçuların ilk döyüşləri keçirilməyə başlayıb. Azərbaycan idmançılarının beynəlxalq döyüşlərdə iştirakı da 20-ci illərin sonlarına təsadüf edir. Respublikamızda bu idman növünün inkişaf tapması SSRİ Əməkdar idman ustası, tanınmış məşqçi Abbas Ağalarovun adı ilə bağlıdır. Qeyd edək ki, Azərbaycan Boks Federasiyası 1924-cü ildə təsis edilib. 1926-cı ildə isə ilk dəfə boks üzrə Azərbaycan çempionatı keçirilib. Həmin ildə Azərbaycanın ən güclü boksçuları Zaqafqaziya çempionatında iştirak edərək qalib olublar. 1928-ci ildə Abbas Ağalarov Vladimir Tolstoyla birgə ümumdünya fəhlə olimpiadasında iştirak edib.
1929-cu ildə Azərbaycan - Türkiyə beynəlxalq görüşü keçirilib. Sonrakı illərdə Abbas Ağalarov dəfələrlə SSRİ milli komandasının heyətində müxtəlif beynəlxalq turnirlərdə iştirak edib. Xatırladaq ki, A.Ağalarov 1936-cı ildə Azərbaycan boksçuları arasında SSRİ idman ustası adını qazanan ilk idmançıdır. 1972-ci ildən başlayaraq hər il Abbas Ağalarovun xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri keçirilir.
Dünya çempionatı və Olimpiya oyunlarında ilk uğur
Azərbaycanın dəri əlcək ustaları İttifaq dönəmində SSRİ çempionatlarında və SSRİ xalqlarının spartakiadalarında mübarizə aparsalar da, bu idman növündə əsas uğurlarımız məhz müstəqillik illərinə təsadüf edir. Azərbaycan Boks Federasiyası 1992-ci ildən AİBA və EABA-nın tam hüquqlu həqiqi üzvü olub. Məhz bundan sonra idmançılarımız Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında çıxış etməyə başlayıblar. İlk mötəbər uğur gənclərin yarışında əldə olunub. Belə ki, 1992-ci ildə Şotlandiyanın Edinburq şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində super ağır çəkidə Ədalət Məmmədov bütün rəqiblərini məğlub edərək, qızıl medala layiq görülüb. 1993-cü il də Azərbaycan boksçuları üçün uğurlu olub. 17 yaşlı Rövşən Hüseynov həm gənclər, həm də böyüklər arasında təşkil olunmuş qitə çempionatının qalibi adını qazanıb. Rövşən Hüseynov bir il sonra Banqkokda keçirilən Dünya kubokunda 51 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olub. Yarışın ən texnikalı boksçusu üçün ayrılmış xüsusi mükafat Tailand kralı tərəfindən həmyerlimizə təqdim edilib.
1999-cu ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq Bakıda yeniyetmələr arasında (15-16 yaşlılar) Avropa çempionatı keçirilib. Həmin yarışda boksçularımız qitənin əksər güclü komandalarını qabaqlayaraq, 4 qızıl, 1 gümüş və 4 bürünc medalla Rusiyadan sonra 2-ci yeri tutublar.
2001-ci ildə isə paytaxtımızda ilk dəfə olaraq yeniyetmələr arasında I dünya birinciliyi təşkil olunub. Boksçularımız 2 qızıl, 4 gümüş, 4 bürünc medalla ümumi hesabda bu dəfə də Rusiyadan sonra 2-ci olublar. Boks üzrə Olimpiadanın ilk medalını ölkəmizə 2000-ci ildə idmançımız Vüqar Ələkbərov (75 kq) gətirib. Sidneydə keçirilən XXVII Yay Olimpiya Oyunlarında boksçumuz bürünc medal qazanıb. 2002-ci ildə boksçumuz Şahin İmranov Rusiyada keçirilən Avropa çempionatında gümüş medala layiq görülüb.
Azərbaycanın boks tarixində ilk dəfə dünya çempionu tituluna Ağası Məmmədov sahib çıxıb. 54 kq çəki dərəcəsində çıxış edən idmançımız 2003-cü ildə Tailandda bu nəticəni qazanıb. Dünya çempionatında Tofiq Əhmədov (64 kq) və Ruslan Xairov (69 kq) bürünc medallar əldə ediblər. Azərbaycan milli komandası bu nəticə ilə dünya çempionatında ilk beşlikdə qərarlaşıb.
2004-cü ildə Afinada keçirilən yay Olimpiya oyunları da boksçularımız üçün uğurlu olub. Belə ki, dünyanın mötəbər oyunlarında daha çox heyətlə (9 nəfər) təmsil olunan boks üzrə yığmamızın üzvləri bu sınaqdan da üzüağ çıxmağı bacarıblar. Təmsilçilərimiz Fuad Aslanov (51 kq) və Ağası Məmmədov (54 kq) bürünc medallara layiq görülüblər.
Olimpiya oyunlarının vətənində Azərbaycan yığma komandasının qazandığı 5 medaldan 2-si məhz boksçularımızın payına düşür.
2005-ci ildə Çində keçirilən dünya çempionatında boksçularımız 2 gümüş və 1 bürünc medala sahib çıxıblar. Romal Amanov (60 kq) və Elçin Əlizadə (91 kq) gümüş, Emil Məhərrəmov
(64 kq) isə bürünc medal əldə edib. Həmin il Moskvada ilk dəfə keçirilən Dünya kubokunda Azərbaycan komandası Rusiya və Kubadan sonra Qazaxıstanla birgə 3-4-cü yerləri bölüşdürüb.
2006-cı ildə isə paytaxtımız boks üzrə Dünya kuboku yarışına ev sahibliyi edib. Həmin yarışda milli komandamız Kuba və Rusiyadan sonra Ukrayna ilə birgə 3-4-cü yerləri tutub. 2006-cı ildə Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatı da yüksək nəticələrlə yadda qalıb. Belə ki, Şahin İmranov (57 kq), Elçin Əlizadə və Samir Məmmədov (51kq) gümüş, Rahib Bəylərov isə (75 kq) bürünc medala sahib olublar.
2007-ci ildə yeniyetmələr arasında dünya çempionatı növbəti dəfə Bakıda keçirilib. Yarış AİBA rəsmiləri, boks mütəxəssisləri və şəhərimizin qonağı olmuş rəsmi şəxslər tərəfindən yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, AİBA prezidenti Çinq Kuo Vu bu dünya çempionatını yeniyetmələr arasında keçirilən ən yaxşı yarış kimi dəyərləndirib. Dünya birinciliyində komandamız 2 qızıl,
2 gümüş və 3 bürünc medalla birinci olub. Rusiya boksçuları 2-ci, Hindistan isə 3-cü yerə sahib çıxıblar.
2007-ci ildə ABŞ-da keçirilən və Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatında Samir Məmmədov (51 kq) 3-cü olub.
2008-ci ildə Çində keçirilən XXIX Yay Olimpiya Oyunlarında boksçumuz Şahin İmranov bürünc medal qazanaraq olimpiadanın daha bir medalını boks tariximizə yazdırıb.
Həmin ildə Hindistanda keçirilən hərbçilərin dünya çempionatında isə Tofiq Əhmədov (69 kq) üçüncü yeri tutub. 2008-ci ildə Rusiyada təşkil olunan Dünya kubokunda Rəhim Nəcəfov (51 kq), Azər Məmmədov (+91 kq) bürünc medallara sahib çıxıblar.
Paytaxtımızın ev sahibliyi etdiyi hərbçilərin dünya çempionatında da boksçularımız möhtəşəm uğur qazanıblar. Belə ki, rinq ustalarımız komandamızın aktivini 5 qızıl, 4 gümüş, 12 bürünc medalla zənginləşdiriblər.
Azərbaycan boksunun yeni inkişaf mərhələsi
2009-cu ilin yanvarında Kəmaləddin Heydərov Azərbaycan Boks Federasiyasının prezidenti seçildikdən sonra ölkəmizdə boksun inkişafı yeni mərhələyə qədəm qoyub. Bu sahədə mühüm tədbirlər həyata keçirilməyə başlanılıb. Görülən işlər uğurlu nəticələrlə müşahidə olunub.
2009-cu ildə gənclər arasında qitə birinciliyində boksçularımız uğurla mübarizə aparıblar. Elvin Məmişzadə (48 kq) qızıl, Elvin İsayev və Emil Əhmədov isə gümüş medal əldə ediblər. Daha dörd boksçumuz isə Avropa birinciliyində
3-cü yerə sahib çıxıb. Komandamız ümumi hesabda yalnız Rusiyadan sonra 2-ci yeri tutub. 2009-cu ildə Bakıda daha bir nüfuzlu turnir - AİBA Prezident Kuboku keçirilib. Ən güclü dəri əlcək ustalarının iştirak etdiyi yarışda həmyerlilərimizdən - Emil Məhərrəmov qızıl, Sadiq Eynullayev gümüş, Elşən İsmayılov (57 kq) və İsmət Eynullayev (60 kq) isə bürünc medala layiq görülüblər.
2010-cu ilin aprelində Bakıda boks üzrə gənclər arasında dünya birinciliyi təşkil olunub. Yarış Sinqapurda keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb. Yarışda rekord sayda ölkənin nümayəndələri mübarizə aparıb. Komandamızın iki üzvü - Şaban Şahpələngov və Salman Əlizadə bu yarışda qızıl medala sahib olublar. Elvin İsayev isə 3-cü yerlə kifayətlənib.
Yeniyetmə boksçularımız da onlara bəslənilən etimadı doğruldurlar. Belə ki, Sinqapurda Salman Əlizadə və Elvin İsayev gümüş mükafata yiyələniblər. Şaban Şahpələngov isə AİBA tərəfindən 2010-cu ilin ən yaxşı gənc boksçusu elan edilib. Qazaxıstanda - AİBA-nın konqresində həmyerlimizə xüsusi mükafat təqdim olunub.
2010-cu ildə Rusiyanın paytaxtı Moskvada təşkil olunan böyüklər arasında Avropa çempionatında boksçumuz Elvin Məmişzadə (48 kq) gümüş medal qazanıb. Azərbaycan boksunun son illərdəki ən böyük uğurlarından biri böyüklər arasında XVI dünya çempionatının ev sahibliyinin Bakıya həvalə edilməsi olub. 2011-ci ildə keçirilən yarış London-2012 Olimpiadasına lisenziya verirdi. MDB məkanında məhz Azərbaycan ilk dəfə belə bir möhtəşəm yarışa ev sahibliyi edib. 113 ölkədən 570 boksçunun qüvvəsini sınadığıı dünya çempionatında 92 idmançı London Olimpiadasına vəsiqə qazanıb. Belə ki, 9 çəkidə təmsil olunan Azərbaycan milli komandasının üzvləri London Yay Olimpiya Oyunlarına 4 lisenziya əldə ediblər. Bu yarışda Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Teymur Məmmədov (91 kq) gümüş medala yiyələnib.
Azərbaycan komanda hesabında Ukrayna və Kubadan sonra üçüncü yerdə qərarlaşıb.
Son Olimpiya Oyunları iki "bürünc”lə yadda qalıb
2012-ci ildə Londonda keçirilən XXX Olimpiya Oyunlarında boksçularımız uğurlu çıxış ediblər. Təmsilçilərimizdən Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov bürünc medallara sahib çıxıblar. Aparılan düzgün və səmərəli işlərin nəticəsidir ki, Olimpiya oyunlarından sonrakı dövrdə də komandamızın nailiyyətləri yüksələn xətlə davam edib. Belə ki, 2013-cü ildə Minskdə keçirilən Avropa çempionatında boksçumuz Məhəmmədrəsul Məcidov qızıl, Teymur Məmmədov gümüş, Salman Əlizadə və Elvin Məmişzadə bürünc medallar qazanıblar. Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında isə daha bir tarixi nailiyyət əldə olunub. Belə ki, London-2012-nin bürünc mükafatçısı, Məhəmmədrəsul Məcidov bu yarışda qızıl medal qazanaraq ikiqat dünya çempionu titulunu əldə edib. Bu çempionatda daha bir qızıl medalı Cavid Çələbiyev qazanıb. Teymur Məmmədov isə bürünc medala sahib çıxıb.
Yeniyetmə və gənc boksçular nəslinin yetişməsi istiqamətində lazımi işlər görülür
Son illər ölkəmizdə perspektivli yeniyetmə və gənc boksçular nəsli yetişməkdədir. Kiçikyaşlı dəri əlcək ustalarımızın mötəbər yarışlarda əldə etdiyi nailiyyətlər bu uğurun göstəricisidir. Güclü boksçuların yetişdirilməsi üçün regionlarda da boksun inkişafına diqqət yetirilir. Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun məqsədyönlü fəaliyyəti nəticəsində regionlarda boksun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Respublikamızın müxtəlif bölgələrində boks mərkəzləri istifadəyə verilib. Bu mərkəzlər boksla bağlı bütün avadanlıqlar - rinqlər, əlcəklər və s. ləvazimatlarla təmin olunub. Görülən işlər öz bəhrəsini verir. Qeyd etdiyimiz kimi, Sinqapurda keçirilən Yeniyetmələrin I Olimpiya oyunlarında boks üzrə iki gümüş medal əldə olunub. Sevindirici haldır ki, Nankində keçirilən yeniyetmələrin növbəti Olimpiya Oyunlarında da boks üzrə ən yüksək nailiyyətlərdən biri qazanılıb. Boksçumuz Rüfət Hüseynov Olimpiadanın qızıl medalına sahib çıxıb.
Qadın boksunda böyük uğurlar əldə olunub
2009-cu il dünya boksu üçün bir sıra yeniliklərlə yadda qalıb. Belə ki, qadın boksunun Olimpiya oyunlarının proqramına daxil edilməsi ilə bağlı qərar qəbul edilib. Həmin ildən etibarən Azərbaycan Boks Federasiyası rəhbərliyinin göstərişi ilə ölkəmizdə də qadın boksunun inkişafı istiqamətində ilkin addımlar atılıb. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. Qısa zaman ərzində yüksək uğurların əldə olunması, əlbəttə ki, qürurvericidir. Sevindirici haldır ki, bu gün qadın boksçularımız da beynəlxalq arenada yüksək nailiyyətlər əldə ediblər. London-2012-nin iştirakçısı olmuş boksçumuz Yelena Vistropova boks tariximizdə ilk dəfə Avropa çempionu adını qazanıb, dünya çempionatının isə bürünc mükafatına layiq görülüb. Yığmamızın üzvü Yana Alekseyeva dünya çempionatının gümüş medalını əldə edib.
I Avropa Oyunlarında boksçular 15 dəst medal uğrunda yarışacaqlar
Avropa Oyunlarında boks yarışları "Kristal Zal”da keçiriləcək. Qeyd edək ki, yarışlarda 15 dəst medal öz sahibini tapacaq. 296 atletin iştirak edəcəyi yarışlarda ilk dəfə olaraq qadınlar 5 çəki dərəcəsində çıxış edəcəklər. Kişilər isə 10 çəki dərəcəsində qüvvələrini sınayacaqlar. Avropa Oyunlarına hazırlıq məqsədilə boks üzrə yığma komandamız hazırda kubalı baş məşqçi Pedro Rokio Otano, böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Avropa Oyunlarına hazırlıqlarını davam etdirirlər. Yanvar ayında keçirilən ölkə çempionatından sonra yığmamız bir sıra beynəlxalq turnirlərdə, həmçinin digər ölkələrin komandaları ilə birgə təlim-məşqlərdə iştirak edib. Avropa Oyunlarına hazırlıq çərçivəsində komandamız son təlim-məşqlərini Özbəkistan komandası ilə birgə keçirib. Qeyd edək ki, aprelin 15-19-da Avropa Oyunlarına hazırlıq çərçivəsində paytaxtımızda sınaq yarışları keçiriləcək. Sınaq yarışı bir sıra təşkilati məsələləri, eləcə də boksçularımızın fiziki hazırlıqlarını bir daha yoxlamaq imkanı verəcək. İnanırıq ki, boksçularımız Avropa Oyunlarında uğurla çıxış edərək ilk Avropa Oyunlarının qalibi kimi adlarını idman tarixinə yazdıracaqlar.