Olimpiya məşəlinin rəmzi mənası vardır

Olimpiya məşəlinin rəmzi mənası vardır

Ölkəmiz 2015-ci ildə tarixdə ilk dəfə Avropa Oyunlarına ev sahibliyi edəcək. Mötəbər idman tədbirinin keçirilməsinin Odlar yurduna həvalə olunması ölkəmizə inamın, etibarın daha bir nümunəsidir. Oyunların açılış mərasimində məşəlin alovlanması isə ən cəlbedici məqamlardandır. Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı.
Olimpiya oyunlarının simvollarından biri olan məşəl, onun estafeti və tarixi ilə oxucularımızı ətraflı tanış edəcəyik.



Məşəl Amsterdamda, estafet isə Berlində
Olimpiya oyunlarının məşəl mərasimi ilk dəfə qədim Yunanıstanda keçirilib. Ənənəyə görə, bu alov Yunanıstanın Afina şəhəri yaxınlığında yerləşən Olimpiya məbədindən götürülür. Bundan sonra xüsusi seçilən oğlan və qızlar bu məşəli estafetlə Olimpiya oyunlarının paytaxtına çatdırırlar. Son anda məşəl adlı-sanlı, tanınmış bir idmançıya verilir və o, stadiona daxil olaraq, Olimpiya oyunlarının məşəlini yandırır. Bu məşəl yarışların açılışından bağlanışına qədər alovlanır. Olimpiadanın açılış və bağlanış mərasimlərində məşəl ritualının əhəmiyyəti çox böyükdür.
İlk dəfə məşəl Amsterdam Yay Olimpiya Oyunlarında təqdim olunub və o vaxtdan bəri müasir Olimpiya oyunlarının bir hissəsinə çevrilib. Məşəlin Yunanıstandan oyunların keçirildiyi yerə müxtəlif ölkələrdən keçməklə ötürülməsi ideyası isə ilk dəfə 1936-cı ildə Berlin Yay Olimpiya Oyunlarında irəli sürülüb.

Olimpiya məşəlinin tarixindən
İlk məşəl estafeti 1936-cı ildə keçirilən XI Berlin Olimpiadasında 3 mindən artıq atletin iştirakı ilə 7 ölkədən keçərək aparılıb.
1948-ci ildə təşkil edilən XIV London Olimpiadasının məşəl estafetində 1688 idmançı iştirak edib və 3160 km məsafə qət edilib.
Helsinki-1952 Olimpiya Oyunlarının məşəlinin ünvanına çatdırılmasında iştirak edən 3042 atlet 3612 km məsafə qət edib.
1956-cı ildə keçirilən Melburn Olimpiadasında 4500 km məsafə qət edilib və 3188 idmançı məşəl estafetinin iştirakçısı olub.
Roma-1960 Olimpiya Oyunlarının məşəl estafetində 1862 idmançı iştirak edib, 1500 km masəfə qət edilib.
1964-cü ildə Tokio Oyunlarının məşəli olimpiadanın vətəni qədim Yunanıstandan təyyarə ilə İstanbula, oradan da Asiyaya tərəf istiqamət götürərək, 48 gündən sonra Tokio şəhərinə çatdırılıb.
1968-ci ildə Olimpiya odu Afina şəhərindən Genuyaya, oradan da İspaniyaya aparılaraq su yolu ilə 20-ci Yay Olimpiya Oyunlarının paytaxtı Mexikoya gətirilib.
1972-ci ildə keçirilən Münhen Olimpiadasının məşəl estafetində 5539 km məsafə qət edilib və 7477 idmançı iştirak edib.
Monreal-1976 Olimpiya Oyunlarının alovu peyk vasitəsilə Afinadan Ottavaya ötürülüb və oradan da 700 idmançının iştirakı ilə paytaxt şəhərə çatdırılıb.

Moskva-1980 Olimpiadasının məşəli Lenin Mavzoleyinin yanındakı məbədgahda alovlandırıldıqdan sonra idmançıların iştirakı ilə SSRİ-nin iri şəhərlərindən keçib.
1984-cü ildə XXIII Olimpiadasının odu Yunanıstandan Nyu-Yorka, buradan da 3435 idmançının iştirakı ilə Los-Anceles şəhərinə çatdırılıb. Məşəl estafetində 15000 km məsafə qət edilib.
Seul-1988 Olimpiya Oyunlarının məşəlinin ünvanına çatdırılmasında 25 min idmançı iştirak edib.
1992-ci ildə Barselona Oyunlarının məşəli alovlanan açar vasitəsilə yandırılıb. Məşəlin yandırılmasında Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti mərhum Xuan Antuan Samaranç şəxsən iştirak edib.
Atlanta-1996 Oyunlarının məşəlinin yandırılması müasir Olimpiya Hərəkatının 100 illiyinin bayram edilməsi ilə bir vaxta təsadüf edib.
Sidney-2000 Olimpiadasının məşəli mayın 10-da yandırılıb və həmin ayın 20-də nəqliyyat vasitəsilə Avstraliyaya yola salınıb.
Afina-2004 Olimpiadasında tarixdə ilk dəfə Olimpiya məşəli bütün dünyanı dolanıb. 78 gün davam edən və 78 min km məsafə qət edən estafetdə 11400 nəfər iştirak edib. Olimpiya məşəlinin hava yolu ilə daşınmasını Olimp allahının şərəfinə adlandırılan "Zevs” hava gəmisi həyata keçirib. Daşınma zamanı məşəl xüsusi lampada yerləşdirilib ki, 15 saatdan artıq yana bilsin.
Pekin-2008 Olimpiadasında məşəl Antarktida istisna olmaqla, dünyanın beş qitəsindən keçib. Dünyanın 22 iri şəhərini dolanan Olimpiya məşəli Böyük İpək Yolunun üstündəki şəhərlərə də baş çəkib. Məşəl elə düzəldilib ki, küləkdə və yağışda sönməsin.
London-2012 Olimpiadasında 8 min məşəlçinin iştirak etdiyi estafet 70 gün davam edib. Məşəlin daşınmasında müxtəlif nəqliyyat vasitələrindən - təyyarədən, qatardan, tramvaydan, funikulyordan, hava şarından, gəmidən, motosikldən və velosipeddən istifadə olunub.

Məşəl rəmzi məna daşıyır
Məşəlin mühüm simvolik dəyərə malik olması böyük əhəmiyyət kəsb edir. 1992-ci ildə keçirilən XXV Olimpiya Oyunlarında baş vermiş hadisə bunu bir daha təsdiq edir. Belə ki, estafet zamanı məşəl sahibindən oğurlanıb və Yunanıstan atleti Savas Sartizoqlu uzun müddət gözləməyə məcbur olub. Lakin sonda Olimpiya məşəli tapılaraq sahibinə qaytarılıb və estafet davam etdirilib.
1964-cü ildə keçirilən Tokio Olimpiya Oyunlarının məşəli Xerosimanın bombardman edildiyi gün dünyaya göz açmış Yoşikori Sakai tərəfindən alovlandırılıb.
Monreal-1976 Olimpiadasının məşəlini aparan ingiltərəli Sandro Henderson və fransalı Stefani Pçefonteyn cütlüyü sonralar həyatlarına birgə davam etdiriblər.
Enrikito Bazilio 1968-ci ildə Mexiko-Siti şəhərində keçirilən XIX Olimpiya Oyunlarının məşəlini yandıran ilk qadın idmançı olub.
Münhen-1972 Olimpiya Oyunlarının məşəlini 4 ölkənin təmsilçisi - amerikalı Cim Raun, afrikalı Kipcok Keyno, okeaniyalı Derek Klayton və asiyalı Kimcio Kitilaçanın müşayiəti ilə almaniyalı Künter Zahn aparıb.


Olimpiya məşəlini kimlər alovlandırıb?
Olimpiya oyunlarında ən şərəfli iş olimpiadanın təntənəli açılış günü məşəli alovlandırmaqdır. Ümumiyyətlə, məşəlin alovlandırılması antik oyunlarda həyata keçirilib. Uzun illər unudulan bu qədim adət Berlin Olimpiadasında (1936-cı il) bərpa edilib. Məlumdur ki, oyunların açılış günündə stadionda məşəli idmançılar alovlandırırlar. Ancaq 1976-cı ildə Kvebekdə bu şərəfli və qürurverici missiyanı iki kanadalı gənc yerinə yetirib. Bəs görəsən, dörd ildən bir keçirilən möhtəşəm Olimpiya oyunlarının məşəllərini daha kimlər alovlandırıblar?

1952-ci il. Helsinki, Finlandiya
Finlandiyanın tanınmış idmançısı, qaçış üzrə dörd dəfə Olimpiya çempionu Paavo Nurmi Olimpiya məşəlini alovlandıran 4-cü idmançıdır. "Uçan” finlandiyalı adlandırılan idmançının hesabında yenilənmiş 24 dünya rekordu var. Məşəlin alovlandırılmasında ona daha bir finlandiyalı atlet - Hanne Kolemyanda kömək edib.

1964-cü il. Tokio, Yaponiya
Yaponiyada keçirilən olimpiadanın məşəlinin alovlandırılması Tokio Universitetinin tələbəsi Yosinori Cakakiyə həvalə edilib. Maraqlıdır ki, yaponiyalı gənc 6 avqust 1945-ci ildə - Xirosimaya atom bombası atılan gün dünyaya gəlib. Qeyd edək ki, Yaponiya Asiya qitəsində olimpiadaya ev sahibliyi edən ilk ölkədir.

1968-ci il. Mexiko, Meksika
Meksikalı atlet Keta Basilio Olimpiya məşəlini alovlandıran ilk qadın idmançı olub. O, maneələri dəf etmək üzrə qaçışda ölkə çempionu olmaqla yanaşı, həm də dünyanın ən yaxşı atletlərindən biri hesab edilirdi. Basilio Afina-2004 Olimpiadasının da iştirakçısı olub.

1980-ci il. Moskva, SSRİ
Olimpiadanın məşəlini alovlandırmaq basketbolçu Sergey Belova həvalə edilib. O, adı Şöhrət Zalına yazılan nəinki ilk sovet, hətta ilk Avropa idmançısı idi. Beynəlxalq Basketbol Assosiasiyası Sergey Belovu bütün zamanlar üzrə Avropanın ən yaxşı oyunçusu adlandırıb. Olimpiadanın açılış mərasimində üçtəkanla tullanmada üçqat Olimpiya çempionu Viktor Saneev məşəli stadion boyu dolandırdıqdan sonra onu Sergey Belova verib. Basketbolçu isə Moskva Yay Olimpiya Oyunlarının rəsmi açılışını təcəssüm etdirən əsas məşəli alovlandırıb.

1988-ci il. Seul, Cənubi Koreya
1936-cı il marafon yürüşünün qalibi, Cənubi Koreyanın tanınmış atleti Son Ki-Çanq olimpiadanın məşəlini alovlandırıb. Ona marafon yürüşünün iştirakçılarından biri - gənc atlet Kim Von Tak kömək edib.

1996-cı il. Atlanta, ABŞ
1959-cu ildə 16 yaşlı Kassius Kley (Məhəmməd Əli) boks üzrə ABŞ yığmasının məşqçisi Anjelo Pandiyə zəng edərək, xahiş edir ki, onu da yığmaya götürsün. O, məşqçini əmin edir ki, bir ildən sonra Olimpiya çempionu olacaq. Belə də olur. Məhəmməd Əli orta ağır çəkidə Olimpiya çempionu (1960, Roma) adını qazanır.
Atlanta Olimpiadası məşəlinin alovlandırılması dünyanın bir nömrəli boksçusuna həvalə edilmişdi. Parkinson xəstəliyindən əzab çəkən Məhəmməd Əli titrəyən əlləri ilə məşəli alovlandırdı. Olimpiadanın açılış mərasiminin xəstə bir adama həvalə edilməsi çoxlarını narazı salmışdı. İllər keçəndən sonra isə hamı Məhəmməd Əlinin bu şərəfə layiq olduğunu qəbul etdi.

2000-ci il. Sidney, Avstraliya
Olimpiadanın təntənəli açılış mərasimi çox gözəl alınıb. Avstraliyalı atlet Keti Frimen balaca bir hovuzun içərisində düzəldilmiş kürsüyə çıxaraq, hovuzda olan xüsusi maddəni alovlandırıb.
Keti Frimen açılışını elan etdiyi bu olimpiadada 400 m məsafəyə qaçışda çempion olub.

2004-cü il. Afina, Yunanıstan
Olimpiadanın məşəlini alovlandırmaq 1996-cı il Olimpiadasının çempionu Nikolaos Kaklamanakisə nəsib olub. İdmançının alovlandırdığı nəhəng borudan çıxan alovun dilləri ətrafa yayılaraq möhtəşəm mübarizənin başlamasından xəbər verib.

2008-ci il. Pekin, Çin
"Bir dünya - bir arzu” devizi altında keçən 2008-ci il Oyunlarının açılış mərasimində ən yaddaqalan məqamlardan biri Olimpiya məşəlinin yandırılması oldu. Bu şərəfli vəzifəni Olimpiya çempionu, Los-Ancelesdə keçirilmiş XXIII Yay Olimpiya Oyunlarında üç qızıl, iki gümüş və bir bürünc medal qazanaraq, Dünya İdman Jurnalistləri Assosiasiyasının versiyasına görə XX yüzilliyin 25 ən böyük atletindən biri hesab edilmiş məşhur Çin gimnastı Li Nin yerinə yetirdi.

2012-ci il. London, Böyük Britaniya
Olimpiya oyunlarının məşəli Temza çayında məhşur futbolçu Devid Bekhemin idarə etdiyi qayıqla açılış mərasiminə gətirilib. Alovu katerlə gələn gənc futbolçu Ceyd Beylidən təhvil alan Stiv Redqreyv onu Olimpiya stadionuna gətirib. Redqreyv burada məşəli London Olimpiadasının məşəlini alovlandıracaq 7 gənc idmançıdan ibarət qrupa təhvil verib. Beləliklə, mərkəzi stadionda Olimpiya odu 7 məşəllə alovlandırılıb.

Səadət Hakıyeva