«Azərbaycan dünyaya günəş kimi doğacaq»
Heydər Əliyev
Bu gün Azərbaycan məsul bir tədbir, tarixdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunları ərəfəsindədir. Ölkəmizin bu cür mötəbər yarışa ev sahbiliyi hüququnu qazanması Azərbaycanın qüdrətini bir daha nümayiş etdirir. Bəlkə də uzun illər əvvəl, bunu yalnız arzulaya bilər və yaxud ölkəmizin bu cür irimiqyaslı tədbirə ev sahibliyi etməsinə ümidsiz yanaşa bilərdik. Yalnız dahi siyasətçi, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti hər bir Azərbaycan vətəndaşının qəlbini böyük ümidlə doldururdu. Ümummilli liderin vaxtilə səsləndirdiyi «Azərbaycan dünyaya günəş kimi doğacaq» sözləri günümüzün reallığına çevrilib. Böyük fərəh hissi ilə qeyd etmək olar ki, bu gün Azərbaycan dünyaya bir günəş kimi parlayır. Bütün dünyanın diqqətini cəlb edən Avropa Oyunlarının məşəli bütün Azərbaycanı qarış-qarış gəzir. Respublikamızın bütün bölgələrində bayram əhval-ruhiyyəsi yaşanır. Estafet iştirakçıları arasında gənc fəallarla yanaşı, yaşlı nəslin nümayəndələrinin olması, qocaman insanların xeyir-duası Oyunların milli-mənəvi dəyərlərimizə sadiqlik prinsipində təşkil olunmasını nümayiş etdirir.
Minlərlə yerli gənc Oyunların «alovqoruyanları» qismində «Odlar yurdu» Azərbaycanın hərarətini bütün dünyaya çatdırmağa hazırdır. Göründüyü kimi, Heydər Əliyev irsi Azərbaycanı yaşadır, inkişaf etdirir. Bu gün Azərbaycanın hədəfləri aydındır və ölkəmizin daha da çiçəklənməsi üçün dövlətimiz tərəfindən məqsədyönlü tədbirlər görülməkdədir.
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev idmana, onun inkişafına xüsusi diqqət yetirib. Heydər Əliyev irsinin etibarlı davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, respublikamız dünya dövlətləri sırasına yüksəlib.
Azərbaycanda digər sahələrlə yanaşı, idman və Olimpiya Hərəkatı xüsusi dövlət qayğısı ilə əhatə olunub. Bu sahənin təbliği, kütləviləşməsi, peşəkar kadrların hazırlanması, nəhəng idman infrastrukturunun yaradılması, bu prosesin ölkənin bütün regionlarını əhatə etməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin olunması istiqamətində görülən işlər təqdirəlayiqdir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və ən yüksək qiymətə layiq görülür. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildiyi dövrdən indiyədək qazanılan uğurlara nəzər salsaq, təmsilçilərimizin Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında parlaq qələbələr qazandıqlarının şahidi olarıq. Əldə olunan uğurların nəticəsidir ki, "İdman ili” elan edilən 2012-ci il Azərbaycan üçün mühüm tarixi məqamla yadda qalıb. Məhz həmin ilin dekabrında Avropa Olimpiya Komitəsi (AOK) ilk dəfə 2015-ci ildə qitənin ən böyük idman yarışının - I Avropa Oyunlarının keçirilmə hüququnu Azərbaycana həvalə edib. AOK-un Romada keçirilən 41-ci Baş Assambleyasında ölkəmizin böyük səs çoxluğu ilə (48 səsdən 38 səs) ev sahibliyi hüququnu qazanması Azərbaycana olan etimadın göstəricisidir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi böyük tarixi hadisədir. Qürur hissi ilə qeyd etmək olar ki, bundan sonra paytaxtımız Avropa Oyunlarının vətəni kimi yaddaşlarda qalacaq.
Sözsüz ki, idman sahəsində qazanılan uğurlarla yanaşı, bu tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu da həlledici rol oynayıb. Bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. Əlbəttə ki, bu məsələdə ölkədə siyasi sabitlik, iqtisadiyyatın, mədəniyyətin, şəhər infrastrukturunun inkişafı, böyük idman yarışlarının keçirilməsində qazanılan təcrübə kimi vacib amillər də nəzərə alınıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa Oyunlarının ölkəmizdə təşkilini böyük tarixi hadisə və ökəmizin böyük uğuru kimi qiymətləndirib: «Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik”.
Avropa Oyunlarının təşkili barədə qərar qəbul olduqdan sonra dövlətimiz tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilməyə başladı. Adətən, irimiqyaslı yarışlar üçün təşkilatçı ölkəyə 7-8 il vaxt verilir. Azərbaycanın isə hazırlıq üçün cəmi 2 il yarım vaxtı var idi.
2013-cü ildə dövlət rəhbərinin Sərəncamı ilə ölkəmizdə Bakı-2015 Avropa Oyunlarının keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Komitəyə Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. Təşkilat Komitəsinin sədrinin qərarı ilə yaradılan Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK-la birgə təşkilati məsələləri həyata keçirir. Təşkilatçılıq işlərinə dünyanın ən qabaqcıl və təcrübəli mütəxəssisləri cəlb olunublar.
Ölkəmizin birinci xanımı Mehriban Əliyeva aprelin 10-da Moskvada keçirilən Avropa Oyunlarının təqdimat mərasimində çıxışı zamanı təşkilatçılıqla bağlı işlərin yüksək səviyyədə həyata keçirildiyini qeyd edib: «Bu Oyunlar Avropa idmanı tarixində yeni səhifə açacaq. Birinci Avropa Oyunlarını təşkil etmək, ona ev sahibliyi etmək və onu keçirmək həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Oyunlarda 6 mindən çox atlet iştirak edəcək. Onlar 16-sı Olimpiya idman növləri olmaqla 20 idman növündə yarışacaqlar. Təbii ki, Bakı Oyunları bütün gələcək Oyunlar üçün səviyyə, standart müəyyən edəcək. Oyunlara hazırlaşmaq üçün bizə cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək niyyətindəyik. Çox güclü Təşkilat Komitəsi bunun üçün zəruri olan bütün işləri görür».
Avropa Oyunlarının rəsmi loqosu 2014-cü ildə elan edilib. Burada Alov, Su, əfsanəvi Simurq quşu, Xalı və Nar da daxil olmaqla beş başlıca element yer alıb. Loqo ölkənin təbii gözəlliklərini, mədəniyyət və irsini təsvir edir. Rəsmi simvollar olan Ceyran və Nar cütlüyü qonaqları bütün yarış boyu müşayiət edəcək. Avropa Oyunlarında könüllülər "Alov Qoruyanlar” (Flamekeepers) kimi tanınacaqlar. Bu ad Odlar Yurdu Azərbaycanın qonaqpərvərliyini tərənnüm edir.
Birinci Avropa Oyunlarında 49 Avropa ölkəsindən 6000-dən çox idmançı 17 gün ərzində keçiriləcək yarışlarda mübarizə aparacaq. Oyunlar maraqlı proqramı ilə də diqqəti cəlb edir. 20 idman növündən 16-sı Olimpiya, 4-ü isə qeyri-Olimpiya idman növüdür.
Proqramda Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin də olması ölkəmizdə hər bir idman növünün dövlətin diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Oyunların maraqlı proqramı beynəlxalq rəsmilərin də diqqətindən yayınmayıb. Avropa Ədalətli Oyunlar Hərəkatı rəhbəri Kristian Hinterberqer bununla bağlı belə deyib: «Avropa Oyunlarının maraqlı proqramı var. Olimpiya və qeyri-Olimpiya idman növlərini bir arada görmək çox həyəcanlı olacaq. Məncə, Avropa Oyunları dünya idman aləminə yeni nəfəs gətirəcək».
Doqquz idman növünün Rio-2016 Olimpiadasına lisenziya xarakteri daşıması da Avropa Oyunlarının nüfuzunun göstəricisidir. Ümumilikdə oyunlar zamanı müxtəlif növlər üzrə 253 yarış keçiriləcək. Azərbaycan bütün idman növlərində təmsil olunacaq.
Şübhəsiz, Oyunların ölkəmiz üçün əhəmiyyəti tədbirin təkcə Azərbaycanda təşkili ilə ölçülmür. Avropa Oyunları respublikamızın dünyada daha da tanınması ilə yanaşı, həm iqtisadi, həm də mədəni cəhətdən ölkəmiz üçün önəmlidir. Mötəbər tədbirin keçirilməsi ölkəmizdə turizmin inkişafına böyük təkan verəcək.
Minlərlə xarici vətəndaş Azərbaycanla yaxından tanış olmaq imkanı qazanacaq.
Təşkilat Komitəsi Oyunların yüksək səviyyədə təbliğ olunması istiqamətində mühüm tədbirlər həyata keçirir.
İndiyədək Fransa, Yunanıstan, Almaniya, Türkiyə, İsveçrə, Rusiya kimi ölkələrdə keçirilən təqdimat mərasimlərində ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri iştirak edərək ölkəmizin zəngin mədəniyyəti ilə tanış olublar. Bakı-2015-in bütün dünyada yayımlanması üçün 47 ölkə ilə müqavilə imzalanıb. Dünyanın yüzlərlə televiziyası Oyunları canlı yayımlayacaq və milyonlarla insan ölkəmizin mədəni irsinin şahidi olacaq.
Oyunlara hazırlıq məqsədilə paytaxtımızdakı mövcüd idman qurğuları təmir olunub, yeniləri tikilib. Yarışların keçiriləcəyi 18 idman qurğusundan möhtəşəmliyi ilə seçilən və yeni inşa olunan Olimpiya stadionu, Milli Gimnastika Arenası, Su İdman Mərkəzi, Bakı Atıcılıq Mərkəzi yarışlardan sonra xalqın istifadəsinə veriləcək, gənc nəslin sağlam həyat tərzinə xidmət edəcək.
Qurğuların sınaqdan keçirilməsi üçün ölkəmizdə əksər idman növləri üzrə sınaq yarışları təşkil edilib. Bu yarışlara təkcə Avropadan deyil, dünyadan da idmançılar qatılıblar. Yarışlarda yeniyetmə və gənclərin iştirakı onların beynəlxalq təcrübə qazanmasına imkan yaradıb. Sınaq yarışları onlara Olimpiya ruhunu yaşatmaqla yanaşı, böyük idmana, bir növ, tramplin rolunu oynayıb.
Qeyd edək ki, proqramda yer alan bir sıra idman növləri ölkəmiz üçün yenidir. BMX velosiped idmanı, triatlon, sinxron üzgüçülük və s. kimi idman növlərində ölkəmizin təmsil olunması, həmçinin, idmançılarımızın yetişdirilməsinə, bu növlərin ölkəmizdə inkişafına təkan verəcək.
Oyunlar zamanı 12500 könüllü fəaliyyət göstərəcək. Bu o deməkdir ki, Oyunlardan sonra ölkəmizdə təcrübəli işçi qüvvəsi, müxtəlif sahələrdə mütəxəssislər formalaşacaq. Oyunlarla bağlı nəqliyyat infrastrukturunda bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Yeni hava limanı terminalı istifadəyə verilib, avtobus və dəmiryolu sistemlərində təkmilləşdirmə işləri görülüb. Avropa Oyunlarının əsas marşrut xətlərindən biri Ziya Bünyadov prospekti yenidən qurulub, Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri həyata keçirilib. Paytaxta yeni sərnişin avtobusları, London taksisi gətirilib. Yeni avtobusların xətlərə buraxılması, onlayn bilet satışı proseduru təkmilləşdirilib. Sürücülərin lazımi bacarıqlara yiyələnmələri üçün onlara ixtisaslaşdırılmış təlim keçirilib. Görülən işlər bir daha göstərir ki, Avropa Oyunlarının təşkili Azərbaycanın idman həyatında mühüm rol oynayacaq və ölkəmiz üçün gözəl irs qoyacaq. Bu mötəbər yarış ölkəmizin nüfuzunu, gücünü daha da artıracaq. Bununla respublikamız irimiqyaslı, kompleks yarışların təşkilində böyük təcrübə əldə edəcək. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Paytaxtımız həm tarixi siması, həm də müasirliyi ilə fərqlənir. Yaradılan şərait Oyunlardan sonra Azərbaycan xalqının rifahına xidmət edəcək.
I Avropa Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycanın gələcəkdə Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün geniş imkan yaradacaq. İnanırıq ki, bu oyunlar tarixində sadəcə, birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi yadda qalacaq.
Aysel Sultanova
Yazı "Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.