“Məqsədimiz Avropa Oyunlarının qalibi adını qazanmaqdır”

“Məqsədimiz Avropa Oyunlarının qalibi adını qazanmaqdır”



Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının məşqçisi Vüqar Əliyev Azərbaycan: Belçika oyunundakı qələbədən dərhal sonra yarış barədə təəssüratlarını "olimpnews.az” saytı ilə bölüşdü:

- Qızlarımız inamla çıxış edirlər. Əhval-ruhiyyə çox yüksəkdir. Belçika yığması ilə qarşılaşma gərgin keçsə də, sonunda qələbə bizim oldu. Ölkənin birinci xanımı, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin sədri Mehriban xanım Əliyevanın tribunadan yarışı izləməsi bizə qol-qanad verdi. İndiyə qədər keçirdiyimiz yarışlarda 4 dəfə rəqiblərə qalib gəlmişik. Federasiya rəhbərliyi, yığmanın baş məşqçisi Faiq Qarayev də daxil olmaqla, bütün komanda yalnız qələbə haqqında düşünür. Avropa Oyunları bizim üçün çox önəmlidir. Çünki qızlarımız doğma divarlar arasında çıxış etməyin məsuliyyətini hiss edirlər. Komandamız ayın 21-də A qrupunda favoritlərdən olan Türkiyə yığması ilə qarşılaşacaq. Yarışlara çox güclü komandalar gəliblər və Türkiyə, Hollandiya, Serbiya və Polşa xüsusilə seçilirlər. Qarşıda məqsəd bütün rəqibləri üstələyərək Avropa Oyunlarının qalibi adını qazanmaqdır. Azarkeşlərə minnətdarlığımızı bildiririk. Sağ olsunlar ki, bizi dəstəklədilər.