Bakı-2015 I Avropa Oyunları çərçivəsində şosse velosipedi üzrə yarışlar davam edir. Bu gün qadın velosipedçilərin şosse yürüşü keçirilib. Finiş xətti Azadlıq meydanında olan yürüşdə 66 idmançı çıxış edib. Yürüşdə Azərbaycan yığma komandasının 2 üzvü qüvvəsini sınayıb. Start xəttinə çıxan Alyona Pavluxina və Ülfət Nəzərlidən yalnız biri finişə çatıb. Məsafəni 3 saat 25 dəqiqə 57 saniyəyə qət edən Alyona 32-ci yeri tutub. Ülfət isə məsafəni sonadək qət edə bilməyib. 25,6 km məsafədəki ara finişə sonuncu çatan (49 dəqiqə 23 saniyə) velosipedçimiz yarışı dayandıraraq, növbəti məntəqəyə çatmayıb. Birinci yeri Belarus təmsilçisi Alyona Amalyusik tutub. Polşalı Katarzyana Nevadona ikinci, hollandiyalı Anna Van der Bregen üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, sabah kişilərin şosse yürüşü keçiriləcək.