Bu gün Bakı-2015 I Avropa Oyunlarının idman gimnastikası yarışlarına yekun vurulacaq. Milli Gimnastika Arenasında komanda və fərdi çoxnövçülük yarışları başa çatdıqdan sonra ayrı-ayrı hərəkətlərdə ən güclülər müəyyənləşib.
Yarışlarda 10 dəst medal öz sahibini tapıb. Yarışlarda ölkəmizi gimnastımız Oleq Stepko təmsil edib. Komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə gümüş medal qazanan təmsilçimiz bu gün daha 4 mükafat uğrunda mübarizə aparıb. O, gimnastika atı, həlqələr, dayaqla tullanma, paralel qollarda qüvvəsini sınayıb. Gimnastika atında hərəkətlərdə sonuncu çıxış edən Stepko 14,600 xalla 2-ci olub. Bu gümüş medal Azərbaycan yığmasının Avropa Oyunlarında qazandığı 31-ci mükafatıdır. Gimnastımızla yanaşı, ilk "üçlük”də sloveniyalı Saso Bertonsel (14,966), böyük britaniyalı Brinn Bevan (14,200) yer alıb. Həlqələrdə hərəkətlərdə Oleq 14,466 xal qazanıb. O, bu nəticə ilə 4-cü pillədə qərarlaşıb. Yunanıstanlı Elefterios Petrouniasın (15,633) çempion olduğu yarışda rusiyalı Nikita İqnatyev (15,333), türkiyəli
İbrahim Çolak (15,133) müvafiq olaraq, gümüş və bürünc mükafata yiyələnib.
Dayaqla tullanmada hakimlər idmançımızın ilk cəhdini 14,933, 2-ci yanaşmasını 15,000 xalla qiymətləndirib. Ümumi nəticədə 14,966 xal yığan Stepko 3-cü yeri tutaraq, növbəti dəfə fəxri kürsüyə yüksəlib. Bu bürünc medal onun Bakı-2015-də 4-cü, yığmamızın 32-ci mükafatı olub. O, ukraynalı Oleq Vernyayev (15,266) və hollandiyalı Kazimir Şmidtdən (15,166) geri qalıb.
Sərbəst hərəkətlər kimi turnikdə də finala yüksəlməyən gimnastımızın sonuncu çıxışı paralel qollara təsadüf edib. 15,733 xal qazanan Stepko bütün rəqiblərini qabaqlayaraq, çempion tituluna yiyələnib. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan gimnastımız özünün ümumilikdə 5-ci medalına sahib çıxıb. Oleq Avropa Oyunlarını 1 qızıl, 2 gümüş və 2 bürünc mükafatla başa vurub. Bu, yığmamızın 14-ü qızıl olmaqla, 33-cü medalıdı. Təmsilçimiz bu hərəkətdə ən yaxın izləyiciləri rusiyalı David Belyavski (15,700) və rumıniyalı Marius Berbeçar (15,600) qabaqlayıb.
Qeyd edək ki, idman gimnastikası yarışları kişilərin turnikdəki çıxışları ilə yekunlaşacaq.