Sambo yarışları keçirilir

Sambo yarışları keçirilir


Bu gün Bakı-2015 Avropa Oyunlarında sambo yarışları keçirilir. Yalnız bir gün davam edəcək mübarizədə 8 dəst medalın sahibi müəyyənləşəcək.
Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayırlar. Azərbaycan millisi yarışa 8 samboçu ilə qatılıb.

57 kq
Həmyerlilərimiz İslam Qasımovun ilk görüşü 1/4 finala təsadüf edib. Rumıniyalı Orlando Qruia ilə görüşən samboçumuz asanlıqla qələbə qazanıb. Rəqibini 9:0 hesabı ilə məğlub edən İslam yarımfinalda Vaxtanqi Çidraşvili ilə mübarizə aparıb və döyüşünü üstün bitirib - 3:1. O, finalda rusiyalı Aymerqen Atkunovla gücünü yoxlayacaq. Həlledici görüş saat 19:18-də veriləcək.

74 kq
Bu çəki dərəcəsində döşəyə çıxacaq təmsilçimiz Amil Qasımov ilk mərhələni azarkeş kimi izləyib. O, 1/4 finalda Tadey Cutuku (Sloveniya) məğlub edən Kaxa Mamulaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. İlk görüşünü 4:3 hesabı ilə öndə başa vuran idmançımız yarımfinala yüksəlib.

90 kq
Millimizin medal ümidlərindən olan Kənan Qasımov da mübarizəyə 1/4 finaldan start verib. O, debütdə ukraynalı İvan Vasilçuku sınağa çəkib. Qarşılaşma həmyerlimizin çətin qələbəsi ilə başa çatıb - 2:1. Qasımov yarımfinalda Alsim Çernoskulovla (Rusiya) güləşib. Təəssüf ki, Qasımov bu dəfə qalib gələ bilməyib və rusiyalı rəqib finalda iştirak hüququ qazanıb. Buna baxmayaraq, Kənan bürünc medal uğrunda çıxışını davam etdərəcək. O, döyüşə saat 20:40-da çıxacaq.

+100 kq
Ölkəmizi təmsil edən Vasif Səfərbəyov da yarışa 1/4 finaldan başlayıb. Samboçumuz Bayro Maşoviçlə (Makedoniya) münasibətinə aydınlıq gətirib və asan qələbəyə sevinib - 8:0. Səfərbəyov yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Razmik Tonoyanla güləşib və rəqibində üstün olub. O, finalda Artyom Osipenko (Rusiya) ilə münasibətinə aydınlıq gətirəcək. Qarşılaşma saat 21:30-da olacaq.
Qadınlar

52 kq
Bu çəki dərəcəsində ölkəmizi Nəzakət Xəlilova təmsil edir. İlk görüşü 1/4 finala təsadüf edən idmançımız Sodriana İonesku (Rumıniya) ilə üz-üzə gəlib. Görüş Xəlilova üçün elə də çətin alınmayıb və o, debüt qarşılaşmasını 4:1 hesabı ilə aktivinə yazıb. Xəlilova yarımfinalda litvalı Ruta Aksionova ilə qüvvəsini sınayıb. Bu görüşdə də üstün olan (8:0) həmyerlimiz finalda iştirak hüququ qazanıb. O, çempionluq üçün Anna Xaritonova (Rusiya) ilə gücünü yoxlayacaq. Həledici qarşılaşma saat 19:06-da keçiriləcək.

60 kq
1/8 final mərhələsindən azad olan Şəhanə Hüseynova 1/4 finalda Yana Kostenko (Rusiya) ilə qarşılaşıb. Görüş rəqibin üstünlüyü ilə başa çatıb. Hüseynova 0:5 hesabı ilə uduzduğundan yarımfinala Kostenko vəsiqə qazanıb. Rus samboçu növbəti görüşünü də qalib kimi bitirdiyindən Hüseynova təsəlliverici döyüşə qatılıb. O, bu mərhələdə Şorena Şaradze (Gürcüstan) ilə güləşib. İlk döyüşdən fərqli, bu dəfə qələbə qazanan (4:2) samboçumuz bürünc medal uğrunda yarışacaq. O, saat 19:34-də Katarin Prakapenka (Belarus) ilə üz-üzə gələcək.

64 kq
1/4 finaldan mübarizəyə qoşulan Fəridə Qurbanova ilk görüşündə moldovalı Yekaterina Sretu ilə görüşüb. Döyüş idmançımız üçün uğursuz alınıb və o, məğlubiyyətə üzülüb - 0:2.

68 kq
1/8 final mərhələsindən azad olan Nərminə Əlizadə də debutdə uduzub. Samboçumuz Olqa Namazova (Belarus) ilə bacarmayıb. Lakin onun rəqibi finalda mübarizə aparacağından Əlizadə bürünc medal uğrunda yarışacaq. Samboçumuz saat 21:02-də fransalı Kelin Konde ilə qüvvəsini sınayacaq.