Murat Tarhan: “Avropa Oyunlarında çox güclü komandalar iştirak edir”

Murat Tarhan: “Avropa Oyunlarında çox güclü komandalar iştirak edir”



Bakı-2015 ilk Avropa Oyunlarının işıqlandırılmasında 1500-ə yaxın media nümayəndəsi iştirak edir ki, onun 800 nəfəri xarici ölkələrin media nümayəndələridir. Bu rəqəmin özü Bakı-2015 Avropa Oyunlarının dünya mətbuatının diqqət mərkəzində olduğunu bird aha sübut edir. Heydər Əliyev İdman Arenasında keçirilən sərbəst güləş yarışlarının sonuncu günündə media otağında Türkiyəyə canlı bağlantı quran TRT-nin komandası ilə maraqlı söhbətimiz oldu. TRT dövlət televiziyasının və radiosunun əməkdaşı Murat Tarhan Bakı, Avropa Oyunları və yarışlar haqda fikirlərini bizmlə bölüşdü:

-20 ildən artıqdır ki, jurnalistika sahəsində çalışıram. Fəaliyyətim ərzində bir çox dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında iştirak etmişəm. Elə götürək, 2012-ci ildə Londonda keçirilən yay olimpiadasını. Azərbaycanın ev sahibliyi etdiyi Avropa Oyunları təşkilatçılıq səviyyəsinə görə bu oyunlardan heç də geri qalmır, hətta mən deyərdim ki, üstələyir. Burada insanlar çox səmimi və qonaqpərvərdirlər. Biz bunu qonşu və dost ölkə olduğumuz üçün demirik, gördüklərimizdən bu qənaətdəyik. Düzdür, arenaların biri-birindən uzaqda yerləşməsi bəzən idman yarışlarına vaxtında çatmaq üçün müəyyən problemlər yaradır. Amma etiraf edim ki, bu problemlə biz London-2012 Olimpiadasında da rastlaşmışdıq. Sağ olsunlar, Azərbaycanda hamı bizə qarşı çox yaxşı davranır. Bu da özümüzü evdəki kimi hiss etməyə imkan verir. Atletlər və Media kəndində yaradılan şərait də çox yüksək səviyyədədir. Burada idmançıların və media işçilərinin rahat yerləşməsi üçün bütün imkanlardan istifadə olunub. Ümumiyyətlə, təşkilatçılıq əladır. Bakıda çoxlu dostlarım var. Sevinirəm ki, onlarla görüşmək imkanı əldə etdim.
Türkiyə yığmasının taekvondoda çıxışı məni qane etmir. Qeyd edim ki, millimiz bir ay bundan əvvəl keçirilən taekvondo üzrə dünya çempionatında yüksək nəticələr əldə ediblər. Güləş, karate, qadın voleybolu yarışlarında vəziyyət pis deyil. Yunan-Roma və sərbəst güləş yarışlarında təmsilçilərimiz yaxşı çıxış etdilər və Türkiyənin aktivinə qızıl medallar yazdırdılar. Avropa Oyunlarında çox güclü komandalar iştirak edir. Türkiyənin ilk beşlikdə yer alacağını düşünürəm. Azərbaycan yığmasına gəlincə, onu deyə bilərəm ki, komanda gözəl oyun nümayiş etdirir. Elə güləşçilərin çıxışı bunu deməyə əsas verir. Bu, ölkənizdə güclü güləş məktəbinin olduğunu deməyə əsas verir. İdman arenaları, xüsusilə də Bakı Kristal Zalı, Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı, yerləşdiyimiz Heydər Əliyev İdman Arenası mənim çox xoşuma gəldi. Bu və digər idman qurğuları Azərbaycanın gələcəkdə Olimpiya oyunlarına ev sahibliyi edəcəyi üçün əla imkandır.


Səadət