Bu gün Bakı-2015 Avropa Oyunlarında sambo yarışları keçirilib. 1 gün davam edən mübarizədə 8 dəst medalın sahibi müəyyənləşib.
Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayıblar. Azərbaycan millisi yarışa 8 samboçu ilə iştirak edib və Oyunları 4 gümüş medalla bitirib. Düzdür, 4 idmançımız finala, 3 təmsilçimiz isə bürünc mükafat uğrunda görüşlərə qatılıb. Lakin onlardan heç biri həlledici döyüşdə qələbə qazana bilməyib.
Kişilər
57 kq
Həmyerlilərimiz İslam Qasımovun ilk görüşü 1/4 finala təsadüf edib. Rumıniyalı Orlando Qruia ilə görüşən samboçumuz asanlıqla qələbə qazanıb. Rəqibini 9:0 hesabı ilə məğlub edən İslam yarımfinalda Vaxtanqi Çidraşvili ilə mübarizə aparıb və döyüşünü üstün bitirib - 3:1.
"Neftçi İdman Klubu”nun üzvü finalda rusiyalı Aymerqen Atkunovla gücünü yoxlayıb. Həlledici görüş həmyerlimiz üçün uğurlu alınmayıb (0:1) və o, gümüş medalla kifayətlənib.
Bu, millimizin yarışda 37-ci mükafatıdı.
74 kq
Bu çəki dərəcəsində döşəyə çıxan təmsilçimiz Amil Qasımov ilk mərhələni azarkeş kimi izləyib. O, 1/4 finalda Tadey Cutuku (Sloveniya) məğlub edən Kaxa Mamulaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. İlk görüşünü 10:0 hesabı ilə öndə başa vuran idmançımız yarımfinala yüksəlib. Bu mərhələdə də inamlı çıxış edən Qasımov 1/2 finalda bolqarıstanlı Martin İvanovdan güclü olub - 4:3.
Amil qızıl medal döyüşündə Stepan Popovla (Belarus) qarşılaşıb. Döyüş idmançımızın məğlubiyyəti ilə yekunlaşıb. Döyüşün sonunda zədələnən və çıxışını davam etdirə bilməyən samboçumuz Oyunları 2-ci yerdə başa vurub.
Bu, sambo komandamızın 3-ü "gümüş”ü, ümumilikdə yığmamızın 38-ci medalı olub.
90 kq
Millimizin üzvü Kənan Qasımov da mübarizəyə 1/4 finaldan start verib. O, debütdə ukraynalı İvan Vasilçuku sınağa çəkib. Qarşılaşma həmyerlimizin çətin qələbəsi ilə başa çatıb - 2:1. Qasımov yarımfinalda Alsim Çernoskulovla (Rusiya) güləşib. Təəssüf ki, idmançımız bu dəfə qalib gələ bilməyib və rusiyalı rəqib finalda iştirak hüququ qazanıb.
Məğlubiyyətə baxmayaraq, Kənan bürünc medal uğrunda çıxışını davam etdirib. Lakin Gürcüstan samboçusu David Kerbelaşvili ilə güləşən təmsilçimiz bu dəfə də qələbə qazana bilməyib və yarışı 5-ci yerdə bitirib.
+100 kq
Ölkəmizi təmsil edən Vasif Səfərbəyov da yarışa 1/4 finaldan başlayıb. Samboçumuz Bayro Maşoviçlə (Makedoniya) münasibətinə aydınlıq gətirib və asan qələbəyə sevinib - 8:0. Səfərbəyov yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Razmik Tonoyanla güləşib və rəqibində üstün olub.
O, finalda Artyom Osipenko (Rusiya) ilə münasibətinə aydınlıq gətirib. Vasif da komanda yoldaşları kimi çempion titulunu qazana bilməyib. Osipenka təmiz qələbə sayəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Səfərbəyovun qazandığı gümüş medal yığmamızın 39-cu mükafatı olub.
Qadınlar
52 kq
Bu çəki dərəcəsində ölkəmizi Nəzakət Xəlilova təmsil edib. İlk görüşü 1/4 finala təsadüf edən idmançımız Sodriana İonesku (Rumıniya) ilə üz-üzə gəlib. Qarşılaşma Xəlilova üçün elə də çətin alınmayıb və o, debüt qarşılaşmasını 4:1 hesabı ilə aktivinə yazıb. Xəlilova yarımfinalda litvalı Ruta Aksionova ilə qüvvəsini sınayıb. Bu görüşdə də üstün olan (8:0) həmyerlimiz finalda iştirak hüququ qazanıb.
"Neftçi İdman Klubu"nun üzvü çempionluq üçün Anna Xaritonova (Rusiya) ilə gücünü yoxlayıb. Təəssüf ki, samboçumuz uğurlu seriyasını davam etdirə bilməyib. Xaritonovaya 0:5 hesabı ilə məğlub olan Xəlilova gümüş medalla kifayətlənib.
Bu, yığmamızın Avropa Oyunlarında qazandığı 36-cı mükafat olub.
60 kq
1/8 final mərhələsindən azad olan Şəhanə Hüseynova 1/4 finalda Yana Kostenko (Rusiya) ilə qarşılaşıb. Görüş rəqibin üstünlüyü ilə başa çatıb. Hüseynova 0:5 hesabı ilə uduzduğundan yarımfinala Kostenko vəsiqə qazanıb.
Buna baxmayaraq, rus samboçu növbəti görüşünü də qalib kimi bitirdiyindən Hüseynova təsəlliverici döyüşə qatılıb. O, bu mərhələdə Şorena Şaradze (Gürcüstan) ilə güləşib. İlk döyüşdən fərqli, bu dəfə qələbə qazanan (4:2) samboçumuz bürünc medal uğrunda yarışıb. Lakin Katarin Prakapenka (Belarus) ilə üz-üzə gələn təmsilçimiz məğlub olaraq, yarışı mükafatsız tərk edib.
64 kq
1/4 finaldan mübarizəyə qoşulan Fəridə Qurbanova ilk görüşündə moldovalı Yekaterina Sretu ilə görüşüb. Döyüş idmançımız üçün uğursuz alınıb və o, məğlubiyyətə üzülüb - 0:2.
68 kq
1/8 final mərhələsindən azad olan Nərminə Əlizadə də debütdə uduzub. Samboçumuz Olqa Namazova (Belarus) ilə bacarmayıb. Lakin onun rəqibi finala yüksəldiyindən Əlizadə bürünc medal uğrunda yarışıb. Təəssüf ki, fransalı Kelin Konde ilə qüvvəsini sınayan samboçumuz bu dueldən də məğlub ayrılıb və yarışı mükafatsız başa vurub.