İki boksçumuz yarımfinalda mübarizə aparacaq

İki boksçumuz yarımfinalda mübarizə aparacaq



Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi davam edir.
Bu gün daha 8 çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gələcək.
6 idmançımız müxtəlif çəkidə 1/4 final görüşünə çıxacaq. 4 kişi və 2 qadın boksçumuz özü üçün medal təmin etməyə çalışacaq.

Boks, 1/4 final mərhələsi
23 iyun
Kişilər
60 kq
Əvvəlki mərhələdə erməni əsilli Gürcüstan təmsilçisi Otar Eranosyana qalib gələn Albert Səlimov bu dəfə bolqarıstanlı Dmitri Elian ilə döyüşüb. Qarşılaşma təmsilçimizin xeyrinə başa çatıb. WSB liqasından Rio-2016-ya lisenziya qazanan Səlimov hər 3 raundda rəqibini məğlub edib – 3:0 (30:27; 30:27; 30:27).
64 kq
Bu çəkidə ölkəmizi təmsil edən Lorenzo Sotomayorun yarımfinal yolunda rəqibi Daniel Nikulesku (Rumıniya) olacaq. 1/4 finala qədər Dmitri Qalaqot (Moldova) və Edin Seydinoviç (Sloveniya) mübarizədən kənarlaşdıran Kuba əsilli idmançımız üçüncü döyüşünə 20:15-də çıxacaq.
69 kq
1/8 finalda Vasili Belus (Moldova) üzərində qələbə qazanan Pərviz Bağırov bu dəfə almaniyalı Abass Barau ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma saat 21:15-də başlayacaq.
91 kq
Bu çəkidə mübarizə aparan Abdulqadir Abdullayev yarımfinala vəsiqə qazanmaq üçün fransız Pol Bionqolo Ombanı rinqdən məğlub yola salmalıdı. İdmançımızın gənc rəqibi ilə döyüşü 21:30-da start götürəcək.

Qadınlar
54 kq

Yığmamızın daha bir üzvü Anna Əlimərdanova kifayət qədər güclü rəqiblə qarşılaşıb. Təmsilçimiz bolqarıstanlı dünya çempionu Stanimira Petrova ilə döyüşüb. Mübarizəyə bu mərhələdən başlayan idmançıların görüşü təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Əlimərdanova görüşü 3:0 (39:37; 38:38; 38:38) hesabı ilə aktivinə yazıb. İdmançımız yarımfinala yüksəlməklə ən azı bürünc medalı özünə təmin edən 5-ci boksçumuz olub.
Əlimərdanova finala gedən yolda rusiyalı Yelena Savelyeva ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 25-də saat 12:00-da başlayacaq.

64 kq

Avropa Oyunlarında ilk görüşünə çıxacaq qitə çempionu və dünya ikincisi Yelena Vıstropova bu mərhələdə Rayan Sandidən güclü olmağa çalışacaq. 1/8 finalda almaniyalı Sindi Rogge üzərində qələbə qazanan Böyük Britaniya təmsilçisi ilə döyüş saat 19:15-ə təsadüf edəcək.
Qeyd edək ki, bir gün öncə 1/4 final qarşılaşmasına çıxan 5 boksçumuzdan 4-ü mərhələyə adlayıb.