Azərbaycan yarımfinalda Türkiyə ilə qarşılaşacaq

Azərbaycan yarımfinalda Türkiyə ilə qarşılaşacaq


Dünən Bakı-2015 I Avropa Oyunları çərçivəsində qadın voleybolçular arasında 1/4 final mərhələsinin oyunları keçirilib.
"Olimpnews.az” xəbər verir ki, bu mərhələdə Hollandiya ilə qarşılaşan Azərbaycan millisi asan qələbə qazanaraq, yarımfinala yüksəlib. Oyuna inamla başlayan qızlarımız ilk seti qələbə ilə bitiriblər – 25:21. Təslim olmaq istəməyən rəqib komandanın təmsilçiləri oyunun 2-ci hissəsində dönüş yaratmağa çalışıblar. Lakin "doğma divarlar” arasında gözəl oyun nümayiş etdirən voleybolçularımız hollandiyalıların sevinməsinə imkan verməyib – 25:23. Üçüncü set isə Azərbaycan voleybolçularına çətinlik törətməyib və komandamız üçün yarımfinala asan qələbə qazandırıb 25:14.
Qeyd edək ki, Aleksandr Çervyakovun yetirmələri finala vəsiqə uğrunda matçda Türkiyə ilə üz-üzə gələcəklər. Bu, komandaların ikinci görüşü olacaq. Belə ki, "ay-ulduzlular” qrup mərhələsində də millimizlə bir araya gəlib və görüşü qələbə ilə başa vurub. Daha sonra Rusiya millisi üzərində çətin qələbə ilə yarımfinala yüksələn Türkiyə yığması son turda 1/4 finala qrup qalibi kimi çıxıb.
Yarımfinala ilk vəsiqənin sahibi isə Polşa yığması olub. Almaniyanı tay-brekdə məğlub edən polşalılar növbəti matçda Serbiya ilə görüşəcək.

Qadınlar
1/4 final

Polşa - Almaniya - 3:2 (25:23, 25:17, 18:25, 14:25, 15:10)
Türkiyə - Rusiya - 3:1 (25:18, 23:25, 25:22, 25:19)
Azərbaycan – Hollandiya - 3:0 (25:21, 25:23, 25:14)
Belçika – Serbiya - 2:3 (22:15, 25:19, 14:25, 25:21, 17:19)