Bakıda keçirilən şahmat üzrə Dünya kubokunun 1/4 finalının tay-brek görüşündə Rusiya təmsilçisi Sergey Karyakinə məğlub olan azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov jurnalistlərə müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Artıq tay-brekdə məğlub olduğun Sergey Karyakinlə görüşdən biri neçə gün keçir. Yorğunluq hələ də qalıb?
- Düzünü desəm, yorğunluq o qədər də hiss olunmurdu. 1/4 finala çox yaxşı hazırlaşmışdım. Turniri tərk etməyimə səbəb kimi yorğunluğu göstərmək düzgün deyil. Tay-brekdə iki bərabər səviyyəli şahmatçı üz-üzə gəldi. Bildiyiniz kimi, 2012-ci ildə Sergey Karyakin rapid üzrə dünya çempionu olub. 2013-cü ildə isə rapid üzrə dünya çempionu mən olmuşam. Bu görüşdə bir şahmatçı qalib gəlməli, digəri isə turnirlə vidalaşmalı idi. Təəssüf ki, yarışla vidalaşmaq mənə nəsib oldu.
- Necə düşünürsən, bəlkə, Sergey Karyakinlə görüşün taleyini klassik partiyalarda həll etmək lazım idi?
- İlk klassik görüşdə çox yaxşı üstünlüyüm var idi. Qələbə qazanmaq üçün bir neçə variantdan istifadə etmək olardı. Həmin gedişləri görməmək bəxtsizlikdir. İkinci görüşdə hər ikimiz bir qədər ehtiyatlı davrandıq. Nəticədə ikinci görüş də heç-heçə başa çatdı. Bəlkə də, növbəti mərhələnin taleyini tay-brekə saxlamaq lazım deyildi. Amma heç kim əvvəlcədən hadisələrin necə olacağını söyləyə bilməz. Dünya kubokunda zəif şahmatçı yoxdur. Burada hər görüş sonuncu ola bilər. Mənim üçün isə 1/4 final sonuncu oldu.
- İndiyə qədər Sergey Karyakinlə keçirdiyin görüşlərin ümumi nəticəsi kimin xeyrinədir?
- Tay-brekdən sonra bununla maraqlandım. Təsəvvür edin, bütün görüşlərdə - həm klassik, həm də rapid görüşlərində ümumi nəticə mənim xeyrimədir. Sadəcə, dünya kuboklarında Sergey Karyakinlə görüşüm nədənsə istədiyim kimi alınmır. 2009-cu ildə Dünya kubokunda 1/4 finala qədər irəliləmişdim. Ardıcıl dörd mərhələ keçdim. 1/4 finalda yenə də Sergey Karyakinə uduzdum. 6 il sonra bu nəticə yenidən Bakıda təkrarlandı.
- Demək olar ki, bəxt sənin tərəfində olmadı?
- Məğlubiyyəti bəxtsizliklə əlaqələndirməzdim. Sergey çox yaxşı şahmatçıdır. Bir-birimizi çox yaxşı tanıyırıq. Qeyd etdiyim kimi, klassik partiyanın ilk görüşündə üstünlüyüm var idi, amma istifadə edə bilmədim. Rapid görüşündə də üstünlük qazanmışdım. Lakin ilk oyundakı üstünlüyümdən yararlanmadım. On dəqiqəlik ilk partiyada oyun heç-heçəyə gedirdi. Çox fikirləşdim, sonra vaxtım bitdi, nəticədə məğlub oldum. Cavab görüşündə isə səhv etdim. Sadəcə, daha çox irəliləmək istəyirdim. Dünya kuboku Bakıda keçirildiyindən məsuliyyətimiz çox idi. İstəyirdim, mümkün qədər yaxşı çıxış edim.
- Ümumilikdə Dünya kubokundakı çıxışını necə qiymətləndirirsən?
- Bakıda keçirilən Dünya kuboku rəqabət baxımından ən güclü yarış kimi tarixə düşəcək. Çünki, yalnız dünya çempionu Maqnus Karlsen və hindistanlı Vişvanatan Anand iştirak etmədilər. Digər güclülər Bakıda iştirakçılar sırasında idilər. Çıxışımdan razıyam. İlk görüşdə Pouya İdaniyə qalib gəldim - 1,5:0,5. İkinci görüşdə də qalib gələ bilərdim, sadəcə, risk etmədim. Yifan Hou ilə görüşdə udmaq imkanlarım çox idi, amma hər şeyi tay-brekdə həll etdim. Hindistanlı Seturmanla ilk görüşdə qalib gəldim, ikinci qarşılaşmada üstünlüyüm olsa da, heç-heçəyə razılaşdım. Halbuki ümumi görüşü 2:0 hesabı ilə başa vura bilərdim. 1/8 finalda Fabiano Karuana kimi güclü şahmatçı üzərində 1,5:0,5 hesablı qələbəni uğurlu nəticə hesab edirəm. Dünya kubokunda rahat mübarizə aparmağı bacardım. Ümumilikdə reytinqimi 9 xal artırdım.
- Sergey Karyakinə məğlubiyyətdən sonra atanız Həmid müəllim nə dedi?
- Bu dəfə təsəlli verməyə çalışdı. Dedi ki, Dünya kubokunda yaxşı oynadım. Bir qədər səhvlər üzərində işləməliyəm. Daha çox məşq etməliyəm. Bilirəm ki, o, məndən çox həyəcan keçirirdi. Amma qismətim bura qədər imiş.
- Bundan sonra Şəhriyar Dünya kubokunda kimin qalib gəlməsini arzulayacaq?
- Yarımfinalda mübarizə aparan bütün şahmatçılarla yaxşı münasibətim var. Pavel Elyanovla, uzun müddətdir, bir-birimizi tanıyırıq. Mübarizəni davam etdirən şahmatçılar arasında mənə daha yaxın Sergey Karyakindir. Sergeylə münasibətimiz çox yaxşıdır. Buna görə də istərdim Dünya kubokunu Sergey Karyakin qazansın.
- Dünya kubokunun təşkilatçılığından bütün qonaqlar razı qaldılar. Sənin fikirlərini bilmək maraqlı olardı...
- Dünya kuboku ən yüksək səviyyədə keçirilir. İki il əvvəl Tromsedə təşkil olunan Dünya kubokunu, yəqin ki, bütün şahmatçılar xatırlayırlar. Bizim Dünya kubokunu Norveçdə keçirilən yarışla müqayisə etmək belə olmaz. Bütün şahmatçılar Bakıdakı təşkilatçılara təşəkkür etdilər. İndi hamı səbrsizliklə gələn il təşkil olunacaq şahmat olimpiadasını gözləyir.
- Dünya kuboku iddiaçılar turnirinə vəsiqə qazanmaq üçün son şans idi. Deməli, bu mövsüm iddiaçılar turnirində azərbaycanlı şahmatçı olmayacaq...
- Dünya kubokuna hazırlıq zamanı əsas məqsədim iddiaçılar turnirinə vəsiqə qazanmaq idi. Son üç mövsümdə bizim şahmatçılar bu yarışda təmsil olunublar. Çox istəyirdim ki, bu dəfə də iddiaçıların turnirində iştirak edim. Düşünürdüm ki, yaxşı nəticə qazana bilərəm. Təəssüf ki, bu dəfə alınmadı. Lakin turnirin keçiriləcəyi məkan hələ bilinmir. Bəlkə, Azərbaycan növbəti dəfə bu mötəbər yarışa ev sahibliyi etmək istəyər, o zaman təşkilatçı ölkə kimi azərbaycanlı şahmatçının iştirakı mümkün olar. Bütün hallarda Dünya kuboku günlərində azərbaycanlı şahmatçılara dəstək olan hər kəsə təşəkkür edirəm. 1/8 və 1/4 finalda turnirin keçirildiyi məkanda boş yer tapmaq mümkün deyildi. Oyundan əvvəl zalda bu qədər insanı görmək çox xoş idi. Azərbaycanda şahmatın sevildiyini hər kəs bilir. Sadəcə, bayram günlərində bu qədər insanın gələcəyi gözlənilməz oldu. Hamıya təşəkkür edirəm. Azarkeşlərin məğlubiyyətimə görə üzülməsini istəməzdim. Ən çox onları sevindirmək üçün qalib gəlmək istəyirdim.