“Taekvondo mənim həyatımdır”

“Taekvondo mənim həyatımdır”

Avropa Oyunları xeyli müddətdir ki, başa çatıb. Lakin bu möhtəşəm idman bayramının sədası hələ də davam edir. On yeddi gün davam edən bu yarış Azərbaycanı bütün dünyaya daha geniş şəkildə tanıtdı. Ölkəmiz qısa müddət ərzində tarixini, mədəniyyətini, adət-ənənəsini bütün dünyaya incəlikləri ilə nümayiş etdirdi. Altı mindən çox idmançının qatıldığı Avropa Oyunlarında təmsilçilərimiz də yüksək səviyyədə yarışdılar. Yarışda fərqlənənlər arasında Azərbaycan Taekvondo Federasiyasının yetirmələri də var idi. Taekvondoçularımız Avropa Oyunlarında üç qızıl, bir gümüş və bir bürünc medal qazanaraq ölkəmizin aktivinə beş medal yazdırdılar. Medal qazananlardan biri də 80 kq çəki dərəcəsində yarışan taekvondoçu Radik İsayev oldu. Dünya və Avropa Oyunlarının çempionu ilə söhbətimiz onun həyatı və idman karyerasını əhatə etdi. Səmimi və maraqlı müsahibəni oxucularımıza təqdim edirik.


- Radik, ailəniz barədə danışardınız. Uşaqlığınızı necə xatırlayırsınız?

- 1989-cu ildə sentyabrın 26-da Mahaçqalada kasıb bir ailədə dünyaya gəlmişəm. Atam dülgər, anam isə elektrik təmir zavodunda işləyirdi. Ailənin tək uşağıyam. İdmana gəlişim maraqlı olub. Həyətimizdə yaşayan həmyaşıdlarım müxtəlif idman növləri üzrə məşğələlərə gedirdilər. Onlar hər dəfə həyətdə idmandan danışırdılar. Günü-gündən məndə də həvəs yaranırdı. Taekvondo ilə məşğul olmazdan əvvəl bir necə idman növündə özümü sınamışam. Boks, futbol, atletika və başqa növlərə marağım olub. Lakin 9-cu sinifdə oxuyanda taekvondo ilə məşğul olmaq qərarına gəldim. Təhsil aldığım 52 saylı məktəbdə idmanla məşğul olmağa başladım və elə ordan da Azərbaycan milli komandasına keçdim. Düzünü desəm, taekvondo ilə də bir müddət sonra vidalaşacağımı düşünürdüm. Lakin bu, belə olmadı. Müxtəlif turnirlərdə uğurlu nəticə əldə etdikcə, bu növə həvəsim daha da artırdı.

- Adətən, insanlar daha kiçik yaşlarından idmanla məşğul olmağa başlayırlar. 13-14 yaş idmana başlamaq üçün gec deyil?

- Əlbəttə gecdir. Ümumiyyətlə, taekvondoya yeddi yaşından başlamaq məsləhət görülür. Lakin mən gec başladığım üçün çox çətin idi. İştirak etdiyim turnirlərdə məğlubiyyətlə üzləşirdim. Etiraf edim ki, hətta bir məqamda idmandan uzaqlaşmaq qərarına gəlmişdim. Düşündüm ki, taekvondo mənim bacaracağım iş deyil. Lakin məşqçimin təkidi ilə mən taekvondo ilə məşğul olamağa davam etdim və lazımi səviyyəyə çatdım.

- Bayaq qeyd etdiniz ki, bir müddət müxtəlif idman növləri ilə məşğul olmusunuz. Bəs indi necə, asudə vaxtlarınızda taekvondodan əlavə hansısa idman növü ilə məşğul olursunuzmu?

- Düzünü desəm, asudə vaxtım çox olmur. Mən ailəmlə görüşməyə vaxt tapa bilmirəm, o ki qaldı əlavə idmanla məşğul olmağa (gülür). Ümumiyyətlə, hesab edirəm ki, əgər bir idmançı peşəkar şəkildə idmanla məşğul olursa, o bütün gücünü, vaxtını buna sərf etməlidir. Əks halda, istədiyi nəticəni əldə edə bilməyəcək.


- Uşaqlığınızın ən maraqlı və yaddaqalan dövrü hansı olub?

- Ən maraqlı dövrümü 8-11 sinifdə oxuduğum illəri hesab edirəm. Həmin illər qayğıdan uzaq yaşayırdım, həyatımın ən xoşbəxt dövri idi. Düzdür, indiki gənclərdə bu dövrdə artıq poblemlər, qayğılar müşahidə olunur. Bu da orta məktəblərdə verilən imtahanlarla bağlıdır. Lakin bizim dövrümüzdə dövlət imtahanı olmadığı üçün mənim həmyaşıdlarım o vaxtlar belə problemlə üzləşmirdilər (gülür). Həmçinin o illəri yaddaqalan edən taekvondo ilə məşğul olmağımdır. Düzdür, uşaq vaxtı mən idmanla peşəkar səviyyədə məşğul olmurdum. Sadəcə, asudə vaxtımı maraqlı, yaddaqalan keçirməyə çalışırdım. Amma buna baxmayaraq, taekvondo o illərimi daha da rəngarənq etdi.

- İki qızınızın olduğunu qeyd etdiniz. Onların da ataları kimi peşəkar idmançı olmasını istərdinizmi?

- Qızlarımın idmanla peşəkar şəkildə məşğul olmasına razı deyiləm. Düzdür, onlar hələ çox kiçikdirlər. Hesab edirəm ki, qızlar daha çox ev işləri ilə maraqlanmalıdırlar (gülür). Düşünürəm ki, xanım yaxşı yemək bişirməli, ailəsinin başında dayanmalıdır. Əlbəttə, qızlarımın idmanla həvəskar şəkildə müəyyən yaşadək məşğul olmalarına etirazım yoxdur, çünki idman sağlamlıqdır. Çox istərdim ki, övladlarım fiziki çəhətdən sağlam böyüsünlər. Onların sağlamlığı və xoşbəxtliyi mənim üçün hər şeydən önəmlidir. Lakin onların idmanla peşəkar şəkildə məşğul olmasına icazə vermərəm.

- Uzun müddətdir, Bakıdasınız. Ailəniz isə Mahaçqalada yaşayır. Onların yanına dediyiniz kimi, gec-gec gedirsiniz. Bu, problem yaratmır ki? Həyat yoldaşınız, uşaqlarınız sizdən incimirlər ki?

- Ailəm bu məsələyə peşəkar şəkildə münasibət göstərir. Onlar bilirlər ki, bu, mənim işimdir. Ailəmin Bakıya yerləşməsi barədə də fikirləşirəm. Qismət olsa bu ilin sonunda bu işi həyata keçirəcəyəm. Kiçik qızım çox balaca olduğu üçün hələ mənim üçün darıxmır. Amma digər qızım atadan ayrı qalmağın hansı hisslər yaşatdığını bir qədər başa düşür. Yarışlarda məni televiziya ekranında görəndə "bu mənim atamdı”,- deyir (gülür). Əlbəttə, mən də ailəm üçün bəzən darıxıram. Amma düşünürəm ki, Bakıda yaşamaqla mənə doğma olan, həyatımı bağladığım işlə məşğul oluram. Taekvondo mənim həyatımdır.

- Radik, kifayət qədər nailiyyətləriniz var. Bəs sizin üçün ən dəyərli olan beynəlxalq yarış hansıdır?

- Bugünə qədər xeyli turnirlərdə, çempionatlarda iştirak etmişəm. Lakin mənim üçün ən önəmli ilk beynəlxalq yarış 2013-cü ildə Meksikada keçirilən dünya çempionatı olub. Həmin çepmionatda mən bürünc medala layiq görüldüm. Bu, mənim çıxış etdiyim ilk beynəlxalq yarış idi. İlk dəfə belə bir yarışda mübarizə apardığm üçün həyəcan hissi keçirirdim. Şükürlər olsun ki, hər şey yaxşı alındı. Üçüncü yeri tutduğum üçün özümü xoşbəxt sayırdım. Həmin yarışdan sonra bir sıra beynəlxalq turnirlərdə uğurlarım oldu. Artıq müəyyən qədər təcrübəyə malikəm. Turnirlərdə qalib gəlməyə çalışıram. Yaxşı ki, bu iş məndə alınır (gülür).

- 2012-ci ildən taekvondo üzrə Azərbaycan milli komandasının üzvüsünüz...

- Dağıstanda yaşadığım vaxt bizim federasiya Azərbaycan Taekvondo Federasiyası ilə sıx dostluq əlaqələri saxlayırdı. Bir-birimizin məşq proseslərində iştirak edirdik. Qeyd edim ki, Dağıstanda idmanın inkişafı üçün o qədər də, şərait yoxdur. Yəni bir idmançıya, sadəcə, milli çempionatlarda iştirak etmək imkanı verilir. Məlumdur ki, beynəlxalq yarışlarda iştirak etmədən, təcrübənin artmasına şərait yaratmadan yüksək nəticə əldə etməkdən söz belə gedə bilməz. Həmçinin Rusiyada ildə cəmi iki turnir keçirilirdi, bu da peşəkar idmançı üçün çox azdır. Təbii ki, əziyyətinin bəhrəsini görmək bir idmançı üçün çox önəmlidir. Azərbaycanda idmanın inkişafına olan dövlət dəstəyi barədə çox eşitmişdik. Burada yeni tikilən idman obyektlərinin, müasir standartlara cavab verən idman qurğularının olması bizi Bakıya gəlməyə daha da həvəsləndirdi. Bir müddət sonra Azərbaycan Taekvondo Federasiyası ilə əlaqələri daha da möhkəmləndirdik və bir necə nəfər Bakıya dəvət aldıq. Respublika çempionatında çıxışımızdan sonra kimə Azərbaycan milli komandasının üzvü olmaq şansı veriləcəyini dedilər. Həmin turnirdən qalib ayrılandan sonra bir daha mənim hansı səviyyədə olduğumu yoxladılar və komandaya qəbul etdilər. Mənimlə bərabər Azərbaycana gələn və millinin üzvü olmaq istəyən komanda yoldaşlarım respublika çempionatında yüksək nəticə göstərmədilər. Buna görə də, məşqçilər və federasiya nümayəndələri həmin idmançılara müsbət rəy vermədilər. Beləliklə, təkcə mən yığma komandaya qəbul olundum. Çox sevinirdim. Azərbaycanın müxtəlif növlər üzrə milli komandalarında çıxış etmək çoxlarının arzusudur. Çünki bu ölkədə idmana və idmançılara hər çür qayğı göstərilir. Federasiyalar öz işlərini elə nizamlayıblar ki, idmançılar heç bir problemlə üzləşmirlər. Taekvondo üzrə milli komandanın heyətində güclü idmançılar çoxdur. Onların hər biri Azərbaycanın idman şərəfini ləyaqətlə qorumağa hazır olan təcrübəli insanlardır. Komandamızda həm məşqçilər, həm də idmançılar arasında səmimi münasibət var. Biz bir-birimizə doğma insanlar kimi yanaşırıq. Məşqçilərimiz də komandaya xoş münasibət göstərirlər. Düşünürəm ki, belə bir şəraitdə məşq edən idmançı hər zaman qələbəyə can atmalıdır.

- Bəs qazandığınız qələbələrinizi kimə həsr edirsiniz?

- Valideynlərim mənim karyeramın parlaq olmasına can atırdılar. Mənim əsl pərəstişkarlarım məhz valideynlərim olub. Atam həyatda olanda hər bir yarışımı diqqətlə izləyər, məni lazımı qədər dəstəkləyərdi. Elə vaxtlar olurdu ki, valideynlərimə özüm deyirdim ki, döyüşümü arenada birbaşa izləsinlər. Lakin mən döyüşəndə atam çox həyəcanlanırdı. Ona görə də, özü yarışın keçirildiyi arenaya gəlmir, həmişə anamı göndərirdi (gülür). Yəni atam mənim azarkeşim olsa da, tribunadan daha çox anamın dəstəyini hiss edirdim. Ümumiyyətlə, idmanla məşğul olmağımda anamın xüsusi rolu var. Buna görə də, qazandığım bütün medallarımı anama həsr edirəm. Sevinirəm ki, valideynlırimin arzusunu həyata keçirməyi bacardım.

- Deyirsiniz ki, mötəbər yarışlarda qələbə qazanmağı heç vaxt qarşınıza məqsəd kimi qoymursunuz. Amma buna baxmayaraq yetərincə nüfuzlu yarışların çempionu olmusunuz. Necə düşünürsünüz, bəlkə qələbənin sirri məhz bundadır?

- Əlbəttə, hər bir idmançı iştirak edəcəyi turnirdə qələbə qazanmaq istəyir, eləcə də mən. Lakin bu mövzuda danışmağı sevmirəm. Bəzi idmançılar turnirdən əvvəl müsahibələr verir, qələbə qazanacaqları barədə ürəkdolusu danışırlar. Məndə isə tam əksinədir. Çalışıram ki, yarışlara ciddi və əzmlə hazırlaşım. Bu zaman qələbə qazanmaq daha real olar. Mən hesab edirəm ki, hər bir turnirə ciddi yanaşmaq, lazımi qədər məşq etmək lazımdır. Qələbə yalnız məşqçilərin tövsiyələrinə əməl edərkən qazanılır. Boş yerə lovğalanmaq, jurnalistlər qarşısında döşünə döymək qələbə üçün yetərli deyil.

- Buyaxınlarda Rusiyada keçirilən Qran-pri yarışlarında iştirak etdiniz. Lakin mükafatçılar sırasında yer ala bilmədiniz. Bu nə ilə bağlı oldu?


- Avropa Oyunlarından sonra bizə istirahət etmək üçün cəmi beş gün vaxt verildi. Avropa Oyunları kimi mötəbər bir yarışa gərgin hazırlıqdan sonra beş gün istirahət etmək çox azdır. Mən Oyunlardan sonra dincəlmək üçün Mahaçqalaya getmişdim. Ən azı bir həftə dincəlmək istəyirdim. Amma beş gündən sonra məni Bakıya çağırdılar. Komandamız Rusiyada keçiriləcək Qran-pri yarışlarına hazırlaşırdı. Etiraf edim ki, özümü yaxşı hiss edirdim, yorğunluq yox idi. Amma nədənsə Qran-pri turnirində Belarus təmsilçisinə məğlub oldum. Onu da deyim ki, rəqibim Avropa çempionu idi. Məğlubiyyətimin səbəbi, etiraf edim ki, mənim üçün də qaranlıq qaldı.

- Yəqin ki, bu il çıxış etdiyiniz ən mötəbər turnir Avropa Oyunları sayıla bilər. Oyunlara necə hazırlaşırdınız?

- Bildiyiniz kimi, Avropa Oyunlarından əvvəl biz dünya çempionatında iştirak etdik. Nəzərə alsaq ki, 14 ildir, Azərbaycan taekvondoçuları dünya çempionu ola bilmirlər, bu yarış bizim üçün çox vacib idi. Hamımız dünya çempionatına səylə hazırlaşırdıq. İstəyirdik ki, 14 illik çempionluq həsrətinə son qoyaq. Sevinirəm ki, bu həsrətə son qoymaq məhz mənə qismət oldu. Yarışda yüksək səviyyədə çıxış edərək dünya çempionu tituluna layiq görüldüm. Həmçinin Avropa Oyunlarında iştirak edəcək taekvondoçular dünya çempionatından sonra məlum olacaqdı. Buna görə həmin ərəfədə biz yalnız çempionat barədə düşünürdük. Turnir yekunlaşdıqdan sonra bizə düncəlmək üçün bir necə gün verdilər. Mən də bu şansdan istifadə edib Mahaçqalaya, ailəmin yanına getdim. İstirahətdən sonra isə bizim Avropa Oyunlarına hazırlaşmaq üçün yalnız bir ay vaxtımız var idi. Komandamız yenidən bütün gücünü topladı və intensiv məşq etməyə başladıq. Lakin onu da deyim ki, məşqçilərimiz də bizə çox tapşırıqlar vermirdilər. Yəni ki, Oyunlara rahat hazırlaşırdıq. Lazım olanda məşq edirdik, lazım olanda isə istirahət. Şadam ki, ilk dəfə Azərbaycanda keçirilən belə bir mötəbər yarışdan da qalib ayrıldım. Avropa Oyunları Azərbaycanın idman tarixində həmişə yaşayacaq. Sevinirəm ki, bu tarixi yazanlar arasında mənim də adım var.

- Oyunlarda qızıl medal qazanacağınıza inanırdınızmı?

- Söhbətimizin əvvəlində dediyim kimi, mən yarışlarda mütləq qələbə qazanmaq üçün iştirak etmirəm. Əlbəttə, hər bir idmançı istəyir ki, ən yüksək pilləyə qalxsın. İştirak edəcəyim turnirdə rəqiblərimlə özümü müqayisə edirəm. Bunun nəticəsində həmin yarışda hansı pilləni əldə edə biləcəyimi təxminən özüm üçün müəyyənləşdirirəm. Lakin döyüşdə insana çox amillər təsir göstərir. İdmançı döyüşə hərtərəfli hazır olmalıdır. Avropa Oyunlarının final döyüşündə psixoloji baxımdan özümlə mübarizə aparırdım (gülür). Qızıl medalın bir addımlığında dayanmaq istəmirdim. Buna görə də, ürəyimdə "mütləq qələbə qazanacağam” deyə özümü həvəsləndirirdim. Sevinirəm ki, final döyüşündən qalib ayrıldım və tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının çempionu oldum. Mükafatlandırma mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin məni qucaqlayıb təbrik etməsi həyatımın ən xoş anları kimi xatirələrimdə həmişə yaşayacaq.

- Avropa Oyunlarındakı rəqiblərinizlə bağlı nə deyərdiniz? Onlarla əvvəllər qarşılaşmışdınız?

- Birinci döyüşdə mübarizə aparacağım rəqibim tatamiyə çıxmadı. Belə ki, bir müddət öncə iştirak etdiyimiz dünya çempionatında o ciddi zədə almışdı. Buna görə də, mən birbaşa ikinci mərhələyə keçdim. Növbəti döyüşüm hollandiyalı taekvondoçu ilə oldu. Bu idmançı ilə əvvəllər qarşılaşmışdım və iki dəfə ona qalib gəlmişdim. Yəni bu idmançı mənim üçün ciddi bir əngəl deyildi. Digər rəqibim Sloveniya təmsilçisi idi. O, peşəkar və güclü bir idmançıdır. İştirak etdiyim dünya çempionatında üçüncü yerə çıxmışdı. Onunla mübarizənin çətin olacağını düşünürdüm. Lakin serbiyalı rəqibimə daha asan və tez qalib gəldim. Yeri gəlmişkən deyim ki, serbiyalı taekvondoçu Avropa Oyunlarının bürünc medalını əldə etdi. Finalda qarşılaşdığım rəqibimlə isə dördüncü dəfə üz-üzə gəlirdim. Yaxşı tanıdığım bu idmançı ilə döyüşdə çətinlik çəksəm də, onu məğlub etdim.

- Bəs qələbə sevincinizi birinci kiminlə bölüşdünüz? Kim sizi təbrik etdi?

- Həmin an məşqçim mənə hər kəsdən yaxında dayanmışdı. Elə ən birinci o məni təbrik etdi. Sonra federasiya rəsmiləri, komanda yoldaşlarım sevincimə şərik oldular. Yaxınlarım, tanışlarım isə Atletlər Kəndinə gedəndən sonra gecə saat 2-də məni təbrik etdilər. Ailəm isə yalnız üç gündən sonra təbriklərə qoşuldu (gülür). Çünki mən final döyüşündən üç gün sonra Mahaçqalaya gedə bildim.

- Oyunlarda iştirak edən təmsilçilərimizə tamaşaçılar böyük çoşğu ilə azarkeşlik edirdilər. Alqış sədaları, azarkeşlərin səsləri sizə mane olmurdu?

- Peşəkar idmançı tatamidə olarkən fikrini yalnız yarışa yönəltməlidir. Kənar səslər ona mane olmamalıdır. Azarkeşlər idmançıları daha da ruhlandırırdılar. Döyüşə başlayanda mən heç kəsi dinləməməyə çalışırdım. Çünki tribunalardakı səslər istər-istəməz insanın fikrini yayındırır. Buna görə bütün görüşlərimdə fikrimi sırf döyüşə yönəldirdim. Azarkeşlər məni çox doğma insan kimi qarşıladılar. Azərbaycan tamaşaçılarının belə səmimiyyətlə qarşılamaları, bu millətin bir üzvü kimi qəbul etmələri məni çox sevindirdi. Şükürlər olsun ki, tamaşaçıların etimadını doğrultdum.

- Avropa Oyunlarından sonra Prezident İlham Əliyev yarışın mükafatçılarını qəbul etdi...


- Mən ilk dəfə idi ki, Prezidentin qəbulunda olurdum. Ölkə başçısı bizə xoş sözlər dedi və məni də "Tərəqqi” medalı ilə təltif etdi. Çox səmimi və mehriban şəraitdə keçən bu görüş mənim xatirəmdə həmişəlik qalacaq.

- Radik, ümumiyyətlə, belə bir mötəbər yarışın Azərbaycanda keçirilməsini bir idmançı kimi necə qiymətləndirirsiniz?


- Etiraf edim ki, Avropa Oyunlarının adi bir yarış olacağını və orta səviyyədə keçəçəyini düşünürdüm. Lakin Oyunlara hər gün bir addım yaxınlaşdıqca bunun möhtəşəm bir turnir olacağını hiss edirdim. Atletlər Kəndində yerləşəndən sonra isə bu fikrimin doğru olduğunu anladım. Təşkilatçılar, həqiqətən də, hər bir amilə xüsusi diqqətlə yanaşmışdılar. İdmançıların, tamaşaçıların rahatlığı üçün hər bir şərait yaradılmışdı. Qeyd edə bilərəm ki, Avropa Oyunları Olimpiya oyunlarından yalnız miqyasına görə geri qalır. Yəni Bakı-2015 doğrudan da yüksək səviyyədə təşkil edilmişdi.

- Gələcək planlarınızla bağlı nə deyərdiniz?


- Komanda olaraq hazırda bizim bir məqsədimiz var: Rio-de Janeyro-2016 Yay Olimpiya Oyunlarına hazırlaşmaq və Braziliyadan medallarla qayıtmaq. Buna görə məşqlərimiz sırf buna yönəlib. Lakin Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya qazanmalısan. Dünya Taekvondo Federasiyasının reytinq cədvəlində ilk altılıqda yer alan taekvondoçular Rio Olimpiadasına vəsiqə əldə edəcəklər. Qarşıda bizi iki Qran-pri yarışı gözləyir. İdmançılar bu yarışlarda xal toplayacaqlar. Xal toplayaraq reytinq cədvəlində ilk altılıqda qərarlaşan taekvondoçular Meksikada keşiriləcək final Qran-pri turnirinə vəsiqə qazanacaqlar. Məhz final turnirində ilk altı yerin sahiblərinə Rio Olimpiadasında iştirak etmək hüququ veriləcək. Yeri gəlmişkən deyim ki, mən hazırda reytinq cədvəlində 3-cü pillədəyəm. Əminəm ki, Olimpiya Oyunlarına lisenziya qazanacağam.

Türkay Niftəliyeva