Yaşar Bəşirov: “Karatenin Olimpiya Oyunlarının proqramına salınması üçün I Avropa Oyunları bir təkan oldu”

Yaşar Bəşirov: “Karatenin Olimpiya Oyunlarının proqramına salınması üçün I Avropa Oyunları bir təkan oldu”

Karate bütün dünyada olduğu kimi, Azərbaycanda da çox populyardır. Bu şərq əlbəyaxa döyüş növü Azərbaycan Milli Karate Federasiyasının daha da (AMKF) yaradılmasından sonra (1994-cü il) daha da sürətlə inkişaf etməyə başlayıb. Həmin vaxtdan etibarən bu idman növü üzrə təmsilçilərimiz beynəlxalq arenalarda böyük nailiyyətlər əldə ediblər. 2015-ci il karateçilərimiz üçün uğurlu bir il oldu. Ölkəmizdə təşkil olunan I Avropa Oyunlarında karateçilərimiz uğurla yarışaraq 6 (4 qızıl, 2 bürünc) medal qazandılar. Komandamızın heyətində Firdovsi Fərzəliyev, Rafael Ağayev, Ayxan Mamayev, İrina Zaretska qızıl, İlahə Qasımova və Niyazi Əliyev isə bürünc medala layiq görüldülər.
Bu ərəfələrdə karate idman növünün 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi ilə bağlı məlumatlar KİV-lərin əsas xəbər başlığına çevrilib. Belə ki, Tokio-2020-nin Təşkilat Komitəsi karatenin beş il sonrakı Olimpiya oyunlarının yarış proqramına əlavə idman növü kimi daxil edilməsi təklifini irəli sürüb. Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən qeydə alınan təklifə 2016-cı ilin avqustunda Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində keçiriləcək BOK-un 129-cu sessiyasında baxılacaq. Xatırladaq ki, karate Tokio Olimpiadasına namizəd 5 yeni idman növündən biri və proqrama daxil olma ehtimalı ən yüksək olan idman növdür. Bu və ya digər məsələlərlə bağlı dəqiq məlumat almaq üçün Milli Karate Federasiyasının prezidenti, dünya kubokunun ikiqat qalibi, dünya və Avropa çempionu, əməkdar məşqçi, 8-ci dan qara kəmər ustası Yaşar Bəşirovu redaksiyamıza dəvət etdik. Yaşar müəllimlə söhbətimizə I Avropa Oyunları ilə bağlı sualla başladıq.

- Yaşar müəllim, Bakı-2015 xatirənizdə necə qaldı?
- Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan öz qüdrətini bütün dünyaya göstərdi. Yüksək səviyyədə təşkilatçılıq, möhtəşəm açılış və bağlanış mərasimləri dünyanın diqqətini məhz paytaxtımıza yönəltdi. Yaradılmış şərait isə sözlə ifadə olunmayacaq qədər yaxşı idi. Qitənin ən möhtəşəm idman tədbirində İdmançılarımız uğurlu çıxışları ilə onlara göstərilən etimadı doğrultdular. Bu ümidi doğrultmaq üçün onlar iki il ciddi hazırlaşmışdılar. Avropa Oyunlarında bizə inam çox böyük idi. Bu inam isə uzun illər ərzində göstərdiyimiz yüksək fəaliyyətin nəticəsində yaranmışdı. Artıq əminliklə söyləmək olar ki, komandamız Dünya Karate Federasiyasında favoritdir. Təsadüfi deyil ki, dünyanın ən güclü karateçisi Azərbaycandadır. Bu idman növündə yarışlar 12 medal dəsti uğrunda keçirilirdi. 5 kişi və 5 qadın kumite üzrə yarışlarda, 1 kişi və 1 qadın isə kata yarışlarında mübarizə aparırdı. Yarışda 12 (6 oğlan, 6 qız) idmançı ilə təmsil olunurduq. Hazırlıq ərəfəsində müxtəlif praqnozlar verilirdi. Yarış ərəfəsində Milli Olimpiya Komitəsində tədbir keçirildi. Həmin tədbirdə əminliklə söylədim ki, karateçilərimiz bu yarışda maksimum 6 medal qazanacaqlar. Elə də oldu. Proqnozum özünü doğrultdu. Avropa Oyunlarında karateçilərimiz 4 qızıl və 2 bürünc medal qazandılar. Komandamızın heyətində Firdovsi Fərzəliyev, Rafael Ağayev, Ayxan Mamayev, İrina Zaretska qızıl, İlahə Qasımova və Niyazi Əliyev isə bürünc medala sahib çıxdılar. Karateçilərimizin əldə etdikləri nailiyyət gözlədiyimizdən də yüksək oldu. Avropa Oyunlarında birinci medalı komandamıza karateçi İlahə Qasımova qazandırdı. Millimizin 56 medalla komanda hesabında ikinci olmasını böyük uğur kimi dəyərləndirirəm. Gərgin keçən hazırlıqlar və komanda işi nəticəsində karateçilərimiz ümidləri doğruldaraq böyük uğura nail oldular.


"Buyaxınlarda
idmançılarımız üçün yeni Karate Mərkəzi tikiləcək”

- Karateçilər milli komandamıza ilk medal qazandırmaqla digər idman növlərindəki atletlərimizə stimul verdilər. Görünür bu məsuliyyəti siz əvvəldən hiss edirdiniz.
- Bir daha qeyd etmək istəyirəm ki, birinci Avropa Oyunlarına çox ciddi hazırlaşmışdıq. Karateçilərimiz həmişə vətəndən kənarda təşkil olunan irimiqyaslı turnirlərdə uğurla çıxış edərək, himnimizi səsləndiriblər. Bu dəfə isə onları daha böyük məsuliyyət gözləyirdi. Karateçilərimiz doğma vətənimizdə keçirilən birinci Avropa Oyunlarında da uğurla çıxış edərək Azərbaycan himnini 6 dəfə səsləndirdilər. Bu uğurlarda azarkeşlərin də dəstəyini unutmaq olmaz.
Bildiyiniz kimi, açılış mərasimindən sonra yarışların birinci günündə karateçilərimiz mübarizəyə başladılar. Yarışların ilk iki günündə qazanılan medallar digər idmançılarımıza da təkan verdi. Karateçilərimiz medal sayına görə 50 ölkə arasında birinci yeri tutdular. Türkiyə ikinci, İspaniya millisi isə üçüncü oldu. Ümumilikdə isə karateçilərimiz yarışda 12 qızıl medaldan 4-nə sahib çıxdılar. Bu, bizim üçün böyük nəticədir. Düzünü desəm, yarışdan əvvəl üç qızıl medal qazanacağımızı düşünürdüm. Lakin ümumi nəticə gözlədiyimdən də artıq oldu. Onu da qeyd edim ki, ölkəmizdə qadın karateçilərimiz kişilərlə müqayisədə bir qədər zəifdirlər. Lakin Avropa Oyunlarında qadın karateçilərimiz də layiqli şəkildə mübarizə apardılar. Qeyd etdiyim kimi, yarışın ilk medalını komandamıza məhz İlahə Qasımova qazandırdı. Qızlar arasında komandamızın heyətində yeganə legioner idmançımız İrina Zaretska qızıl medala layiq görüldü. Mən əvvəlcədən onun böyük perspektivə malik olduğunu gördüyüm üçün millimizə dəvət etmişdim. İnanırdım ki, İrina ölkəmizə medal qazandıra biləcək. 18 yaşı olmasına baxmayaraq, o, inamımızı doğrultdu. Komandamızın heyətində ilk qızıl medala isə Firdovsi Fərzəliyev layiq görüldü. O, 60 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün oldu. Düzünü desəm, biz həmin çəki dərəcəsində bürünc medal gözləyirdik. Lakin nəticə daha yaxşı oldu. Rafael Ağayevin də qızıl medal qazanacağına inanırdıq. Çətinliklə də olsa Rafael qızıl medalı qazandı. Gənc olmasına baxmayaraq, Ayxan Mamayev də ümidlərimizi doğrultdu, fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Niyazi Əliyevdən isə qızıl medal gözləsək də, yarışı bürünc medalla başa vurdu. Bu, idmandır. İdmanda hər şey olur. Əsas odur ki, Niyazi Avropa Oyunlarında medal qazana bildi. Komandamızın digər təcrübəli üzvü Şahin Atamov isə ümidləri doğrultmadı. Şahinin finala çıxacağına ümid etsək də, o, gözlənilmədən keçirdiyi hər üç görüşdə məğlub oldu.
Ümid edirəm ki, Şahin qarşıdakı yarışlarda daha böyük nailiyyətlər əldə edəcək.


- Çəkilən zəhmət öz bəhrəsini verdi. İdmançılarımıza fəxri adlar və mükafatlar təqdim olundu.
- Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı atletlərin beynəlxalq arenada ölkəmizi uğurla təmsil etməsinə təkan verir. Onlar da bu qayğını həmişə öz üzərlərində hiss edirlər. Avropa Oyunlarından sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mükafatçıları qəbul etdi. Həmin görüşdə bizə ordenlər və mükafatlar verildi. Yüksək səviyyədə komanda hazırladığıma görə həmin görüşdə "Şöhrət” Ordeni ilə mükafatlandırıldım. Bu mükafat illərlə gördüyümüz işə verilən yüksək qiymət idi. Bizə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Hər zaman prezidentimizin diqqət və qayğısını üzərimizdə hiss etmişik. Çalışacağıq ki, bundan sonra da bizə bəslənən ümidləri doğruldaq. Əldə etdiyimiz nəticələr dövlətin bu sahəyə diqqət və qayğısının bəhrəsidir. Bu diqqətə cavab olaraq, karatenin ölkəmizdə daha da inkişaf etməsi və geniş yayılması üçün daim federasiya tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
WKFl-lə Azərbaycanın sıx əlaqələri var. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki dəfə Ümumdünya Karate Federasiyasının Prezidenti Antonio Espionosu qəbul edib. 2008-ci ildə keçirilən görüşdə Antonio Espionos ölkə Prezidenti cənab İlham Əliyevə fəxri 9-cu dan qara kəmər təqdim edib. Bu, MDB dövlətləri arasında ən yüksək dandır. Bu, dövlətimizin karateyə göstərdiyi diqqət və qayğıya verilən ən yüksək mükafatdır. Ölkəmizdə digər idman növləri ilə yanaşı, karatenin də inkişafına böyük dövlət qayğısı var. Məlumat üçün bildirmək istəyirəm ki, buyaxınlarda idmançılarımız üçün yeni Karate Mərkəzi tikiləcək.

- Yaşar müəllim, karatenin 2020-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində təşkil olunacaq Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi ilə bağlı məsələ son günlər gündəmdən düşmür. Necə düşünürsünüz 5 il sonra karate üzrə Olimpiya çempionları olacaqmı?
- Tokio-2020-nin Təşkilat Komitəsi karatenin beş il sonrakı Olimpiya Oyunlarının yarış proqramına əlavə idman növü kimi daxil edilməsi təklifini irəli sürüb. Karate Tokio Olimpiadasına namizəd 5 yeni idman növündən biridir. Oyunların fərdi kumite yarışlarında kişilər və qadınların üç çəki dərəcəsində mübarizə aparacağı planlaşdırılıb. Kata çıxışlarında isə kişi və qadınlardan bir idmançının tatamiyə çıxacağı nəzərdə tutulub. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qeydə alınan təklif 2016-cı ilin avqustunda Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində BOK-un 129-cu sessiyasında həll olunacaq. Tokio Olimpiadasına namizəd idman növləri arasında karate baxımlılığına görə çox sevilir. Bu idman növünün proqrama daxil edilməsi ehtimalının böyük olmasının digər səbəbi isə olimpiadanın Yaponiyada keçirilməsidir. Bildiyiniz kimi, karate yapon idman növü olduğuna görə digər növlərlə müqayisədə proqrama daxil olma ehtimalı daha yüksəkdir. WKF Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan ən böyük karate təşkilatıdır. 188 ölkəni birləşdirən bu təşkilatın 20 milyondan çox üzvü var. Biz həmin təşkilatın üzvü kimi, 1994-cü ildən ölkəmizdə karateni təmsil edirik.

- Olimpiya proqramında yetərincə döyüş növləri var. Necə düşünürsünüz, bu qədər döyüş növlərinin olması karatenin şanslarını azaltmır ki?
- Xeyr. Fikrimcə, döyüş növlərinin çox olmasına baxmayaraq karate həmişə ən baxımlı idman növlərindən biri kimi öz populyarlığını qoruyur. Biz bunun Avropa Oyunlarında bir daha şahidi olduq. Karate yarışlarının keçirildiyi "Baku Crystal Hall”a çoxlu sayda azarkeş gəlmişdi. Zalda həqiqətən də gözəl abu-hava var idi. Bütün bunlar bir daha karatenin nə qədər baxımlı idman növü olduğunun göstəricisidir. Hətta Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Bakıda Birinci Avropa Oyunlarının karate yarışlarını izləyərkən, bu idman növünün böyük perspektivləri olduğunu qeyd etmişdi. Ali idman qurumunun rəsmisi karatenin Olimpiya oyunlarında layiqli yerini tutacağına inandığını bildirmişdi. Karatenin Olimpiya oyunlarının proqramına salınması üçün I Avropa Oyunları bir təkan oldu. Bir sözlə, əgər bu idman növü baxılırsa, sevilirsə Olimpiya oyunlarının proqramına qəbul olunma ehtimalı da böyükdür.

"WKF dünyada
karatenin 4 növünü birləşdirən bir
təşkilatdır”
- Yaşar müəllim, həm ölkəmizdə həm də dünyada karate növləri çoxdur. WKF digər növlərlə müqayisədə nə ilə fərqlənir?
- Dünya Karate Federasiyası əsas növləri birləşdirən bir təşkilatdır. Avropa ölkələrinin karate üzrə təşkilatlarının birliyini yaratmaq təşəbbüsü Fransaya məxsusdur. Fransa Karate Assosiasiyasının prezidenti Jak Delkur 1965-ci ildə bu təşkilatı yaradıb. Növbəti ildə, 1966-cı il mayın 7-də Parisdə ilk dəfə karate üzrə Avropa çempionatı keçirilib. Karatenin bütün dünyada sürətlə yayılması qitələrarası beynəlxalq təşkilatın yaradılması fikirini formalaşdırıb. 1970-ci ildə Karate Təşkilatlarının Ümumdünya İttifaqı yaradılıb. Elə həmin ildən etibarən Tokioda karate üzrə I dünya çempionatı keçirilib. Artıq 45 ildir ki, WKF dayanmadan inkişaf edir. Ümumi razılıq əsasında qaydalar dəyişilir və bir sözlə, karate hər il Olimpiya idman növləri ailəsinə bir qədər də yaxınlaşır. Karateni inkişaf etdirmək üçün Dünya Karate Federasiyası yaradılmalı idi. Bu Federasiya hazırda bütün dünya tərəfindən tanınır. Bu təşkilat, həm reytinq, həm də idmançıları və məşqçiləri hazırlamaq üzrə böyük təcrübəyə malikdir. Yəni dünya ya kyokşini, ya qocyu-ryu, ya şotokanı tanımalı idi. Reytinqinə görə WKF tanındı. Beynəlxalq Olimpiya Komitəsinin qoyduğu müəyyən şərtlər var. Əgər karate bu şərtlərə tam cavab verərsə, yarışların proqramına daxil oluna bilər.
Burada əsas şərtlər baxımlı və zədə təhlükəsinin az olmasıdır. WKF dünyada karatenin 4 növünü (şotokan, qocyu-ryu, vodo-ryu, şito-ryu) birləşdirən bir təşkilatdır. Bu növlər arasında ən çox inkişaf edən isə şotokandır. Qeyd edim ki, bu növlər arasında vahid qaydalar var. Dünya Karate Federasiyası Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınır. Bütün rəsmi yarışlar da Dünya Karate Federasiyasının tətbiq etdiyi həmin qaydalar əsasında keçirilir. 1994-cü ildən yaradılan Azərbaycan Milli Karate Federasiyası üç il sonra WKF-in üzvü olub. Hazırda karate üzrə Azərbaycan yığma komandası Avropa və dünyada ən güclü komandalardan biri hesab olunur. Komandamız iştirak etdiyi hər bir yarışın favoritidir. Milli komandamızın tərkibində dəfələrlə dünya və Avropa çempionları var.
- Karateçilərimiz bu xəbəri necə qarşıladılar?
- Təbii ki, karateçilərin hamısı bu xəbərə çox sevinirdilər. Tokio Olimpiadasına hələ 5 il var. Yəqin ki, həmin vaxta qədər heyətə gənc idmançılar da əlavə olunacaq. Rafael Ağayev də müsahibələrində bildirib ki, əgər karate Tokio olimpiadasının proqramına daxil edilərsə, karyerasını Yaponiya olimpiadasından sonra başa vuracaq. Onun ən böyük arzularından biridir ki, Olimpiya oyunlarının medalını qazansın. Düşünürəm ki, peşəkar karyerasını Olimpiya çempionu kimi başa vurmaq idmançı üçün çox gözəl bir hissdir. Tokio olimpiadasında Rafaelin 35 yaşı olacaq. İnanıram ki, Rafael həmin vaxta qədər formada qalacaq. Çox istəyirəm ki, Rafael idmançı karyerasını Tokioda qızıl medalla bitirsin. Bakı-2015-də Rafaellə yanaşı daha üç karateçimiz qızıl medal qazandı. Bu da Azərbaycan karatesinin uğurlarından xəbər verir. Əgər karate 2020-ci ildə Tokio olimpiadasının proqramına daxil edilərsə əminliklə söyləyə bilərəm ki, karate üzrə Olimpiya çempionumuz da olacaq.


"Bakı-2015-dən sonra karate idman növünə maraq daha da artdı”

- Karateçilərimiz iştirak etdikləri İslam Həmrəyliyi Oyunlarının da mükafatçısı olmağı bacarıblar.
- Komandamız son illərdə böyük nailiyyətlər qazanıb. Karateçilərimiz III İslam Həmrəyliyi Oyunlarında həm şəxsi, həm də komanda hesabında mükafatçılar sırasında yer aldılar. Ölkəmiz bu yarışda 6 qızıl medal qazandı ki, onların da 3-ü karateçilərin payına düşür. Bu medallardan ikisi şəxsi, biri isə komanda yarışlarında qazanıldı. Rafael Ağayev və Ayxan Mamayev III İslam Həmrəyliyi Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Şahin Atamov və Niyazi Əliyev isə yarışları gümüş medalla başa vurdular. Karateçilərimiz III İslam Həmrəyliyi Oyunlarında komanda hesabında da birinci yeri tutub. İndoneziya, Malayziya və Əlcəzair yığmalarına qalib gələn komandamız finalda dünyanın ən güclü millilərindən biri olan İran komandasını məğlub edərək qızıl medala layiq görüldü. Qeyd edim ki, karateçilərimiz 2005-ci ildə Səudiyyə Ərəbistanının Məkkə, Mədinə, Ciddə və Taif şəhərlərində keçirilən I İslam Həmrəyliyi Oyunlarında da fərqlənməyi bacarıblar. Komandamız həmin yarışda 4 (1 qızıl, 2 gümüş, 1 bürünc) medal qazanıblar. Komandamızın heyətində 75 kq çəki dərəcəsində fərdi kumite yarışlarında çıxış edən karateçimiz Ceyhun Ağasıyev qızıl medala layiq görülmüşdü. Bu növ üzrə yarışlarda Rəşad Hüseynov (70 kq) və Yusif Cəfərov (60 kq) gümüş medal qazanmışdılar. Rafael Ağayev isə 65 kq çəki dərəcəsində bürünc medala sahib çıxmışdı. Həmin yarışda ədalət təmsilçiləri Rafael Ağayevə qarşı çox haqsızlıq etdilər. Buna görə də Rafael bu yarışda bürünc medal qazandı. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları ölkəmizdə təşkil olunacaq. Bu yarışlarda da karateçilərimiz iştirak edəcəklər. İnanıram ki, paytaxtımızda keçirilən islamiadada da karateçilərimiz uğurla mübarizə apararaq mükafatçılar sırasına düşəcəklər.

- Qeyri-Olimpiya idman növləri arasında karate ən populyarı sayılır. Bunun səbəbi nədədir?
- Karate təkcə paytaxtda yox, ölkəmizin regionlarında da geniş yayılıb. Bu, bir tərəfdən Azərbaycanda idmanın maddi-texniki bazasının yaxşılaşdırılması ilə izah edilə bilər. Son illər müasir tipli Olimpiya idman komplekslərinin, zalların inşası karatenin inkişafına da təkan verib. Paytaxtda olduğu kimi, regionlarda da uşaq, yeniyetmə və gənclər karate ilə yaxşı şəraiti olan arenalarda məşğul olurlar. Digər tərəfdən, Şərq əlbəyaxa döyüş növünə aid olan karate yeniyetmə və gənclərimizin ruhuna uyğundur, onlar özləri bu idman növü ilə məşğul olmağa can atırlar. Əslində, cüdo, boks, güləş və digər Olimpiya idman növlərindən fərqli olaraq, karatedə zədələr nadir hallarda olur. Məlumdur ki, Olimpiya idman növləri ilə məşğul olan uşaq və yeniyetmələrin perspektivləri daha böyükdür. Yəni, Olimpiya oyunlarında iştirak edərkən bu idmançıların əldə etdikləri nailiyyətlər onlara böyük şöhrət gətirir. Amma idmana gələn uşaqların heç də hamısı böyük idmanla məşğul ola bilmir. Ölkəmizdə idmanın kütləviləşməsi ön plana çəkilib və bunun böyük əhəmiyyəti var. Uşaq və yeniyetmələrimizin kütləvi şəkildə idmanla məşğul olması onların sağlamlığı üçün geniş imkanlar açır. Karatenin coğrafiyasının çox geniş olması onun kütləvi idman növü olmasını sübut edir.

- Avropa Oyunlarından sonra müəyyən idman növlərinə maraq artdı. Karatedə də bu hiss olundumu?
- Yadıma I Avropa Oyunlarından qabaq keçirilən bir sorğu düşdü. Həmin sorğuda karate ən çox maraqla qarşılanan idman növü kimi seçilmişdi. Azarkeşlərin əksəriyyəti karate yarışlarını izləməyə gedəcəklərini bildirmişdilər. Birinci Avropa Oyunları bir daha karatenin gözəlliklərini göstərdi. Yarışın keçirildiyi zal azarkeşlərlə dolu idi. Sualınıza cavab olaraq bildirmək istəyirəm ki, bəli, Bakı-2015-dən sonra karate idman növünə maraq daha da artdı.

- Avropa Oyunlarından sonra karateçilərimiz bir sıra beynəlxalq turnirlərdə iştirak etdilər. Amma bu yarış komandamız üçün o qədər də uğurlu olmadı...
- Bəli. Bu yaxınlarda komandamızın üzvü İrina Zaretska İstanbulda keçirilən karate üzrə 1 Premyer Liqada yarışın qalibi oldu. Həmin yarışda Ayxan Mamayev və Niyazi Əliyev də iştirak edirdilər. Lakin onlar mükafatçılar sırasına düşə bilmədilər. Bunu yorğunluqla əlaqələndirmək olar. Bəzi idmançılar isə zədəsi olduğuna görə formasını tam bərpa edə bilməyiblər. Buna görə də həmin turnirdə yüksək səviyyədə çıxış etmək mümkün olmadı.

- Karateçilərimizi qarşıda hansı yarışlar gözləyir?
- Oktyabrın 22-26-da İspaniyanın paytaxtı Madrid şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyik. Noyabr ayında isə İndoneziyada təşkil ediləcək yeniyetmə və gənclər arasında dünya çempionatında çıxış edəcəyik. Komandalarımız həmin yarışın hazırlığına artıq start veriblər. İnanıram ki, karateçilərimiz bu yarışlardan vətənə medallarla qayıdacaqlar.

Azər Əlizadə