UEFA Avropa Liqasının qrup mərhələsinin oktyabrın 22-də keçiriləcək "Qəbələ” (Azərbaycan) - "Borussiya” (Dortmund, Almaniya) oyunundan əvvəl komandamızın üzvləri ilə media nümayəndələri və azarkeşlər arasında görüş keçirilib.
"Port Baku Mall”da yerləşən "Go Sport” idman malları mağazasında keçirilən görüşdə komandanın baş məşqçisi Roman Qriqorçuk, oyunçular Aleksey Qay, Ruslan Abışov, Aleksey Antonov, Sergey Zenyov, "Qəbələ” klubunun futbol direktoru Toni Adams, klub nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları mağazanı gəzib, müştərilərə təklif olunan mallarla tanış olublar. "Forma al, qalib ol” kampaniyası haqqında məlumat verildikdən sonra media nümayəndələri və azarkeşlər arasında müsabiqələr keçirilib. Sualları düzgün cavablandıranlara hədiyyə olaraq klubun forması təqdim olunub. Bundan başqa, iştirakçılar futbolçularla şəkil çəkdirmək imkanı da əldə ediblər.
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdıran Roman Qriqorçuk belə görüşlərin vacibliyini vurğulayıb. Baş məşqçi azarkeşləri "Borussiya” ilə qarşılaşmanı izləməyə dəvət edib.