“Əsas məqsədimiz lisenziyaların sayını artırmaqdır”

“Əsas məqsədimiz lisenziyaların sayını artırmaqdır”

Gələn il dünyanın ən güclü idmançıları Ro-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında qüvvəllərini sınayacaqlar. Həmin yarışda cüdoçular da yer alacaqlar.
4 illiyin zirvə yarışında fəxri mükafatlar uğrunda mübarizə aparacaq idmançılar arasında Azərbaycan cüdoçuları da var. Olimpiya oyunlarına az bir müddət qalan ərəfədə Azərbaycan Cüdo Federasiyasında köklü dəyişikliklər oldu. Həmin dəyişiklikdən sonra bu idman növündə inkişafın yeni mərhələyə qədəm qoyacağı gözlənilir. Bütün bu məsələlərlə bağlı Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı ilə görüşdük. Müsahibimiz bizi maraqlandıran sualları cavablandırdı.

- Artıq Azərbaycan Cüdo Federasiyasına yeni rəhbərlik seçilib. Rəhbərlik hansı yeniliklər vəd edir?
- Cüdo Federasiyası hazırda işini federasiyanın yeni strukturunun formalaşması və yeni ştat cədvəlinin hazırlanıb təsdiq olunması istiqamətində qurub. Artıq bu məsələ ilə bağlı işlər yekunlaşmaq üzrədir. Qurumun fəaliyyətində bir sıra yeniliklər gözlənilir. Belə ki, tərəfimizdən məşqçilər, hakimlər və nizam-intizam komitələri, regionlarda cüdonun inkişafı üzrə iş, yarışların təşkili və keçirilməsi üzrə sektorlar yaradılıb. Bu komitələrin və sektorların tərkibinə daxil olacaq əməkdaşlar artıq müəyyənləşib. Bununla bağlı bir neçə iclas keçirmişik. Bundan başqa respublikadaxili və beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsini planlaşdırmışıq. Elə bu məqsədlə oktyabrın 12-13-də kişilər və qadınlar arasında cüdo üzrə Bakı şəhər açıq çempionatını keçirdik. Bakı İdman Sarayında keçirilən yarış yüksək səviyyədə təşkil olundu. Bakı şəhər açıq çempionatı yarışların təşkili və keçirilməsi üzrə sektorun nəyə qadir olduğunu sübut etdi. Bu sektor həmçinin bölgələrdə də öz işini davam etdirəcək. Yeri gəlmişkən qeyd edim ki, federasiya rəhbərliyi bu ilin sonuna qədər bütün yarışların Bakı İdman Sarayında keçirilməsini qərarlaşdırıb.

- Tanınmış mütəxəssislərdən hər hansı biri yeni vəzifəyə təyin olunubmu?
- Bəli. Biz həyatını bu idman növünün inkişafına həsr edən tanınmış mütəxəssisləri diqqətdən kənarda qoya bilmərik. Belə ki, yarışların təşkili və keçirilməsi üzrə sektoru Ağayar Axundzadəyə həvalə etmişik. Hakimlər Komitəsinin sədri vəzifəsinə isə beynəlxalq dərəcəli hakim Fariz Hüseynov rəhbərlik edəcək. Məşqçilər Komitəsinə rəhbər vəzifəsinə Hacıağa Hacıəhmədovun təyin olunması planlaşdırılır. Nizam-intizam Komitəsinə rəhbər kimi Ruzbeq Vəliyevin təyin olunması nəzərdə tutulub. Lakin bu təyinatlarla bağlı yekun qərarlar hələ qəbul olunmayıb. Bu məsələ ştat cədvəlimiz tam təsdiq olunandan sonra öz həllini tapacaq.

- Avstriyalı mütəxəssis Peter Zeyzenbaher ikinci dəfə millinin baş məşqçisi təyin olundu. İdmançılar da bunu istəyirdilər. Belə demək olar ki, bu seçimdə onların xahişi əsas götürüldü?
- Bu qərar məhz idmançıların xahişi ilə oldu, fikri ilə tam razılaşmırıq . Bildiyiniz kimi, gələn il Rio-de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına az vaxt qalıb. Cüdoçuların son yarışlarda uğursuz çıxış etməsi bizi belə addım atmağa vadar etdi. Düzdür, həmin ərəfədə milli komandanın aparıcı üzvləri də bu fikiri irəli sürmüşdülər. Yekunda federasiya rəhbərliyinin qərarı belə oldu ki, tanınmış avstriyalı mütəxəssisi yenidən komandaya dəvət edək. Peter Zeyzenbaher buraya gəldiyi ilk gündən etibarən cüdoçular üçün 9 aylıq proqram hazırlayıb, rəhbərliyə təqdim etdi. Həmin proqrama Beynəlxalq Cüdo Federasiyasının və Avropa Cüdo İttifaqının təqviminə daxil olan yarışlarda, təlim-məşq toplanışlarında iştirak, idmançıların tibbi müayinələrdən keçirilməsi və bu məsələlərin xaricdən dəvət olunmuş mütəxəssislər tərəfindən həll olunması və digər məsələlər daxildir. Qeyd edim ki, Peter Zeyzenbaherə bu məsələdə Mehman Əzizov, Mövlud Mirəliyev və Fərhad Məmmədov köməklik göstərir.


- Cüdo Mərkəzinin tikilməsi hələ də öz həllini tapmayıb. Bunu nə ilə əlaqələndirmək olar?
- Bu məsələ yeni rəhbərlik tərəfindən müzakirə olunur. Cüdo mərkəzinin yeri, hələ ki, müəyyənləşməyib. Bununla bağlı bir sıra təkliflər var. Məsələn, Olimpiya stadionunda cüdonun tələblərinə cavab verən bir idman zalı yoxdur. Ola bilsin ki, Cüdo Mərkəzi məhz həmin ərazidə inşa olunsun. Bu, hələ fikir olaraq qalır. Hazırda komandamız Gənclər və İdman Nazirliyinin nəzdində yerləşən Olimpiya İdman Növləri Üzrə Təlim Məşq Mərkəzində məşq edir.


- Komandamız keçmiş baş məşqçi Hacıağa Hacıəhmədovun dövründə demək olar ki, Rio Olimpiadasına 4 lisenziya qazanmışdı. Necə düşünürsünüz, avstriyalı mütəxəssis bu lisenziyaların sayını artıra biləcəkmi?
- Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlinin son nəticələrinə əsasən 4 cüdoçumuz ilk onluqda qərarlaşıb. Elmar Qasımov (100 kq) və Rüstəm Orucov (73 kq) birinci, Orxan Səfərov (60 kq) ikinci, Nicat Şıxəlizadə (66 kq) isə səkkizincidir. Bu nəticələr hələlik idmançılarımızın Olimpiya Oyunlarına lisenziya qazanmasına şərait yaradır. Əgər cüdoçularımız lisenziya turnirlərinin başa çatmasına qədər mövqelərini qoruyarlarsa, 2016-cı ildə Rio-de Janeyroda təşkil olunacaq olimpiadada çıxış etmək imkanı əldə edəcəklər. Bundan başqa, eyni çəki dərəcəsində iki idmançımızın lisenziya xalları qazanması şansları da var. Belə olan təqdirdə, 60 kq çəki dərəcəsində Orxan Səfərovla İlqar Müşkiyev Rio-2016-ya yollanmaq üçün bir-birlərinə rəqib ola bilərlər. Reqlamentə görə, Olimpiya Oyunlarında hər çəki dərəcəsində bir idmançı mübarizə aparacaq. 81 kq çəki dərəcəsində Abdulhaqq Rəsullu artıq lisenziya marafonuna qoşulub. O, Olimpiya Oyunlarına qədər bir sıra lisenziya xalı verən turnirlərdə iştirak edəcək. Çalışacağıq ki, Abdulhaqq da Olimpiya Oyunlarına qədər lisenziya qazansın. 90 kq çəki dərəcəsində isə Məmmədəli Mehdiyevin lisenziya qazanmaq üçün şansı var. Ən ağır çəki dərəcəli idmançımız Uşanqi Kokaurinin də lisenziya qazanmaq imkanı yüksəkdir. Əgər bu idmançılar qarşıdakı yarışlarda uğurla çıxış edərlərsə, lisenziyalarımızın sayı daha da arta bilər. Əsas məqsədimiz qazanılan lisenziyaların sayını artırmaqdır. İnanıram ki, məqsədimizə nail olacağıq. Baş məşqçinin tərtib etdiyi bir plan var. Bu, plan üzrə bəzi yarışlar var ki, həmin turnirlərdə iştirak etsək, lisenziya xalı toplamaq mümkün olacaq.

- Hələ 2013-cü ildə Peter Zeyzenbaherin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq klublararası Azərbaycan çempionatı keçirilmişdi. Lakin onun gedişindən sonra bu yarış davam etmədi. Bəs yenidən bu yarışın keçirilməsi gözlənilirmi?
- Peter Zeyzenbaher yeniliklərlə seçilən mütəxəssislərdəndir. İnanıram ki, avstriyalı məşqçinin təyinatı bu idman növünün regionlarda da inkişafına müsbət təsir edə bilər. Məhz onun dövründə keçirilən klublararası Azərbaycan çempionatının bərpası hazırda gündəmdə olan məsələlərdən biridir. Ölkədə yarış sayını artıran bu turnir paytaxt təmsilçiləri və bölgə komandalarını bir araya gətirir ki, bu da daxili arenada rəqabəti gücləndirir. Növbəti ildən bu yarışın keçirilməsi gözlənilir. Paytaxtda və bölgələrdə cüdo bölmələrinin siyahısını müəyyənləşdirdikdən sonra bu yarışın keçirilməsi məsələsinin həllinə nail olacağıq. Sözsüz ki, paytaxt klubları bu yarışlarda əsas favorit olacaq. Onları Sumqayıt, Gəncə, Zaqatala və Qəbələdən olan cüdoçularla ciddi rəqabət gözləyir.

- Milli komandaların tərkibində dəyişikliklər olacaqmı?
- Xeyr. Yaxın müddətdə böyüklər arasında heyətdə hər hansı bir dəyişiklik gözlənilmir. Məlum heyət var ki, həmin idmançılar da hazırda Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparırlar. O ki qaldı, yeniyetmələrə, dekabrda Azərbaycan birinciliyi keçiriləcək. Həmin yarışda bu kateqoriya üzrə yeni heyət formalaşacaq. Mart ayında isə gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək. Bu birincilikdən sonra gənclərdən ibarət yeni komandanın da heyəti müəyyənləşəcək.

- Gələn ilin may ayında paytaxtımızda növbəti "Böyük dəbilqə” turniri keçiriləcək. Bağlanmış müqaviləyə əsasən, bu yarışın ölkəmizdə keçirilmə müddəti başa çatacaq. Ola bilər ki, müqavilənin müddəti artırılsın?
- Təcrübəli cüdoçuların mübarizə apardığı bu yarış dünyanın nüfuzlu idman tədbirlərindən biridir. Sevindirici haldır ki, son üç ildə "Böyük dəbilqə” turnirinin bir mərhələsi məhz ölkəmizdə keçirilir. Bildiyiniz kimi, bu yarış dünya çempionatından sonra Olimpiya Oyunlarına lisenziya xalları verən əsas turnirdir. Bəli, həmin yarışın 4 illik müqaviləsi gələn il başa çatır. Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi beynəlxalq federasiya ilə müqaviləni daha 4 illiyə artırmağı nəzərdə tutur. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə bu məsələ ilə bağlı danışıqlar aparılacaq.

- Olimpiya Oyunlarına hazırlıqla bağlı cüdoçularımız hansı beynəlxalq təlim-məşq toplanışı və yarışlarda iştirak edəcəklər?
- Buyaxınlarda paytaxtımızda gənclər və böyüklər üçün iki təlim-məşq toplanışı keçirilib. Təlim-məşq toplanışı zamanı idmançıların vitamin təminatı da yüksək səviyyədə öz həllini tapdı. Belə demək mümkünsə, Parisdə keçirilən "Böyük dəbilqə” turnirinə idmançılarımız tam hazır vəziyyətdə yola düşdülər. Komandamız həmin yarışda gümüş medal əldə etdi. Yeganə medalı komandamıza Rüstəm Orucov qazandırdı. Digər cüdoçularımız Nicat Şıxəlizadə və Elmar Qasımov isə beşinci yerlə kifayətləndilər. Dünya çempionumuz Elxan Məmmədov isə yarışı 7-ci yerdə başa vurdu. Qeyd edim ki, "Böyük dəbilqə” turnirindən sonra idmançılarımız Fransanın paytaxtı Parisdə üç günlük təlim-məşq toplanışında da iştirak ediblər. Növbəti təlim-məşq toplanışlarının keçirilməsi isə Peter Zeyzenbaherin planına uyğun olaraq təşkil olunacaq.

- Cüdoçuların zədə problemi öz həllini tapa bilibmi?
- Hazırda yığmanın heyətində yer alan Məmmədəli Mehdiyev və İlqar Müşkiyevin zədələri tam sağalıb. Onlar Parisdə keçirilən "Böyük dəbilqə” turnirində iştirak etdilər. Orxan Səfərov isə artıq məşqlərə başlayıb. Yəqin ki, qarşıdakı yarışlarda o da komandamızın heyətinə qoşulacaq. Kifayət Qasımovanın zədəsi sağalsa da, yarışa hazır olmadığına görə adı heyətə salınmayıb.

Azər Əlizadə