Adil Hüseynzadə: “Uğur qazanmaq üçün istək, şərait və stimul olmalıdır”

Adil Hüseynzadə: “Uğur qazanmaq üçün istək, şərait və stimul olmalıdır”



Azərbaycan dövlətinin ən başlıca ideologiyası uşaq və gənclərin vətənpərvərlik, dünyəvi prinsiplər əsasında formalaşması, onların fiziki və mənəvi sağlamlığıdır. Müstəqil ölkəmizdə şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafı, gənclərin əməyə və vətənin müdafiəsinə hazırlanmasında gündəlik həyatımıza daxil olan bədən tərbiyəsi və idmanın rolu danılmazdır. Şübhəsiz ki, insanın mənəvi və fiziki sağlamlığında mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi və yüksək səviyyədə inkişafı mühüm əhəmiyyət kəsb edir. İnsanların fiziki cəhətdən sağlam və güclü olması dövlətin müdafiəsinin və iqtisadiyyatının yüksəlməsində də xüsusi rol oynayır. Bu cəhətdən Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri də ölkədə mövcud olan idman ənənələrini qoruyub inkişaf etdirmək, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılmasıdır.

BGM zəngin idman ənənələrinə malikdir

Hazırda Azərbaycanda fəaliyyət göstərən idman məktəbləri, klublar uşaq və gənclərin sağlamlığının əsas təminatçısınıa çevrilib. Orta təhsil və idman müəssisələrində bədən tərbiyəsi və idman vasitəsilə uşaqların, məktəblilərin və tələbələrin sağlamlığının qorunması və möhkəmləndirilməsi təmin edilir, yeni istedadlar üzə çıxarılır. Bu sahədə özünəməxsus xidməti olan uşaq-gənclər idman və ixtisaslaşdırılmış Olimpiya ehtiyatları uşaq-gənclər idman məktəblərinin adını çəkməmək mümkün deyil.
Bakıda fəaliyyət göstərən belə idman məktəblərindən biri də İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbidir. Çoxları bu məktəbi Bakı Gimnastika Məktəbi (BGM) kimi tanıyır. 1969-cu ildən fəaliyyət göstərən İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində (İOEUGGM) gimnastikanın 5 növü –bədii gimnastika, akrobatika, kişi və qadın gimnastikası, tampilinq və batut üzrə idman bölmələri fəaliyyət göstərir. Sevindirici haldır ki, zəngin idman ənənələrinə malik olan BGM-nin məzunları arasında 1 Olimpiya çempionu, 4 dünya, iki Avropa çempionu vardır. Məktəbin məşqçi müəllimləri Adil Hüseynzadə tamblinq, İradə Qurbanova isə akrobatika gimnastikası üzrə ölkə yığmasının baş məşqçiləridir.



BGM-nin fəaliyyəti ilə daha yaxından tanış olmaq, əldə olunan uğurlar və qazanılan nailiyyətlərdən danışmaq üçün Bakı Gimnastika Məktəbinin direktoru, batut və tamblinq üzrə beynəlxalq dərəcəli hakim Adil Hüseynzadənin fikirlərini öyrəndik.

"Məktəbimiz uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir”

- Adil müəllim, rəhbərlik etdiyiniz Bakı Gimnastika Məktəbinin builki fəaliyyəti və burada görülən işlər barədə ətraflı məlumat verməyinizi xahiş edirik.

- Bakı Gimnastika Məktəbi idmançıların tədris ilində hərtərəfli fiziki hazırlığının təmin edilməsi, ölkənin gimnastika yığma komandasının heyətinə layiqli idmançıların hazırlanması, təmsilçilərimizin respublika, Avropa, dünya və digər beynəlxalq səviyyəli yarışlarda iştirakını təmin etməyi qarşıya məqsəd qoyub. Azərbaycan Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən məktəbimiz uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların fiziki və mənəvi inkişafının təmin edilməsi, eləcə də uşaq və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri istiqamətində mühüm tədbirlər həyata keçirir.
Məktəbimizdə əksəriyyəti uşaq və yeniyetmələrdən ibarət olan yetirmələrimiz gimnastikanın sirlərinə yiyələnir, fiziki-mənəvi cəhətdən sağlam formalaşırlar. Bu ilki tədris ilində 80 qrupda ümumilikdə 890-dan artıq şagird gimnastika idman növünün sirlərinə yiyələnir. 80 qrupdan 47-si ibtidai hazırlıq, 27-si təlim-məşq, 5-i idman təkmilləşdirmə, 1-i isə yüksək idman ustalığı qrupudur. Bədii gimnastika üzrə 21 qrupda 256 idmançı məktəbin peşəkar məşqçilərindən dərs alır. İdman gimnastikasında 16 qrupda 160, akrobatikada 17 qrupda 185, tamblinqdə 22 qrupda 250, batut gimnastika növündə isə 4 qrupda 46 şagird məşq edir. Akrobatika, idman gimnastikası, bədii gimnastika, batut və xoreoqrafiya zalları şagirdlərin ixtiyarına verilib.
Bölmələr üzrə ibtidai hazırlıq qruplarinda 564 nəfər, təlim-məşq qruplarında 304 nəfər, idman təkmilləşdirmə qruplarında 19 nəfər, yüksək idman ustalığı qruplarında 3 nəfər məşğul olur. Qruplar üzrə 11 idman ustası, 26 idman ustalığına nəmizədimiz vardır. Bundan başqa 39 nəfər yetriməmiz I dərəcəli gimnast adına layiq görülüb.
Gimnastika üzrə Azərbaycan yığmasında fəaliyyət göstərən məşqçi-müəllimlərdən 9-u məhz bu məktəbin məşqçiləridir. BGM-nin 5 məşqçi-müəllimi "Respublikanın Əməkdar Məşqçisi” adına layiq görülüb, 6 məşqçi-müəllim isə beynəlxalq dərəcəli hakim adını alıb. 50-dən artıq gimnastımız idman ustası normasını yerinə yetrib. BGM-nin 20 yetirməsi Azərbaycan milli yığmasının üzvüdür. Bunlardan Eldar Səfərov, Aliyə Paşayeva, Əli Xəlilov, Ayşən Bayramova, Emilya Bağıyeva, Nərmin Ramazanova və başqalarının adlarını çəkə bilərəm. 50-dən artıq şagirdimiz isə yığmanın heyətinə daxil edilmək üçün namizəddir.



- Adil müəllim, təcrübəli və peşəkar bir mütəxəssis kimi ölkədə gimnastikanın inkişafını necə dəyərləndirirsiniz?

- Azərbaycanda idmana çox böyük diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının nəticəsidir ki, ölkəmiz Avropa və dünyanın inkişaf etmiş idman dövlətlərindən biri kimi tanınır, beynəlxalq idman qurumları mötəbər yarışların təşkilini bizə həvalə edirlər. Digər idman növləri kimi gimnastika bu diqqət və qayğıdan kənarda qalmayıb. 2002-ci ilin oktyabrında ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına prezident seçilməsi bu sahədə böyük irəliləyişə səbəb oldu. Federasiyanın səmərəli fəaliyyəti nəticəsində bu gün ölkə gimnastikası öz inkişaf dövrünü yaşayır. Gimnastikanın bütün növləri üzrə maddi-texniki bazasının gücləndirilməsi, bu idman növünün kütləviləşməsi istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycanda perspektivli gimnastlar nəsli yetişib. Bu ilin yayında ölkəmizin ev sahibliyi etdiyi I Avropa Oyunlarında idmançılarımızın əldə etdiyi yüksək nəticələr də bunu deməyə əsas verir.
Ölkəmizdə gimnastikanın yüksək səviyyədə inkişafı və bu sahədə güclü maddi-texniki bazanın yaranması paytaxt Bakını mötəbər yarışların mərkəzinə çevirib. 2014-cü ildə istufadəyə verilən və müasir standartlara uyğun inşa edilən Milli Gimnastika Arenası burada yüksək səviyyəli idman tədbirlərinə ev sahibliyi etməyə imkan verir. Təsadüfi deyil ki, Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə gələn il ölkəmiz 3 dünya Kuboku yarışını qəbul edəcək. Bakı idman gimnastikası üzrə "Challenge Cup” seriyasından olan dünya Kubokuna 2016-cı ilin fevralın 19-21-də qəbul edəcək. İdman gimnastikasının ardınca, martın 5-6-da dünyanın tanınmış batutçuları dünya Kuboku yarışında mübarizə iştirak edəcəklər. Fərəhli haldır ki, Bakı 2016-cı ildə idman gimnastikası və batut üzrə bu yarışları qəbul edəcək ilk şəhər olacaq. Bədii gimnastika üzrə dünya Kuboku üzrə mərhələ yarışları isə Rio-2016 Yay Olimpiya Oyunları ərəfəsində, yəni iyulun 22-24-də təşkil ediləcək.

"Bu il məktəbimizin təmsilçiləri üçün çox uğurlu olub”

- Təmsilçilərinizin bu il indiyədək etdiyi uğurlar və məktəbdaxili təşkil edilən tədbirlər barədə nə deyə bilərsiniz?

-Bu il məktəbimizin təmsilçiləri üçün çox uğurlu olub. Yetirmələrimiz nəinki ölkə, beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr əldə ediblər. Bədii gimnastlarımız bu ilin əvvəlində qrupla Macarıstanın Budapeşt şəhərində 4 kateqoriya (çoxnövçülük, toplarla, 3 halqa 4 gürz və fərdi) üzrə, Estoniyanın Tartu şəhərində 3 kateqoriya üzrə beynəlxaq turnirin qalibi olublar. Martın 4-6-da ölkəmizdə keçirilən Bakı-2015 Avropa Oyunlarına sınaq xarakteri daşıyan turnirdə isə qızlarımız 3-cülük (qrup) qazanıblar. Yenə mart ayında Fransanın Kale şəhərində təşkil edilən yarışda idmançılarımız komanda hesabında I, fərdi yarışlarda isə III yerə layiq görülüblər. Rumıniyanın Buxarest və Polşanın Varşava şəhərində təşkil edilən beynəlxalq turnir də bədii gimnastlarımız üçün uğurlu olub. Belə ki, onlar Buxarestdə qrupla 3 kateqoriya üzrə 1-ci, fərdi yarışlarda isə II və III, Varşavada isə fərdi çoxnövçülükdə I yerə sahib olublar.
Təmsilçilərimiz idman gimnastikası üzrə martın əvvəlində (Qazaxıstan, Astana), may ayında (Rusiya, Vladimir), sentyabrda (Rusiya, Novosibirsk) keçirilən beynəlxalq turnirlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bu ilin iyun ayında ölkəmizdə təşkil edilən I Avropa Oyunlarında idman gimnastlarımız komanda hesabında yarışların bürünc mükafatına layiq görülüblər.
BGM-nın qadın akrobatları I Avropa Oyunlarında 3 kateqoriya üzrə gümüş və bürünc bürünc medala layiq görülüblər. Bu ilin sentyabr və oktyabrında Almaniyanın Ştutqart şəhərində 8-ci Avropa birinciliyində kişilər arasında 2 və 3-cü, 27-ci Avropa çempionatında isə qadınlar arasında 4-ci və 5-ci yerləri tutublar.
Bu ilin aprel, may aylarında məktəbimizdə bölmələr üzrə idman normativləri qəbul edilib. İyun ayında bölmələr üzrə keçirilən məktəb birinciliyinin təşkilində əsas məqsədimiz perspektivli idmançıların üzə çıxarılması və kiçikyaşlı gimnastların ustalığını artırmaqdan ibarət olub. Məktəbimizdə təlim-məşq toplanışlarının təşkili idmançıların formada olmasına və yarışlara mükəmməl hazırlanmasına xidmət edir.

"Paytaxtdan kənar qəsəbə və kəndlərdə gimnastika məktəblərinin açılması yaxşı olardı”

- Necə düşünürsünüz, paytaxtda fəaliyyət göstərən gimnastika məktəbləri və klubları bu növün inkişafı üçün yetərlidirmi?

- Paytaxt Bakıda xeyli sayda gimnastika məktəbləri və bölmələri fəaliyyət göstərir. Düşünürəm ki, bu məktəblərin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bakı Gimnastika Məktəbi şəhərin mərkəzində yerləşdiyi üçün buraya axın çoxdur. Bizim məktəbə hətta şəhər mərkəzindən xeyli aralıda olan Bilgəhdən, Novxanıdan şagirdlər gəlirlər. Paytaxtdan kənar qəsəbə və kəndlərdə gimnastika məktəblərinin açılması yaxşı olardı. Çünki paytaxt Bakıya gəlmək üçün həm valideynlər, həm də uşaqlar çox əziyyət çəkirlər, xeyli vaxt itirirlər. Elə bölgə şəhərlərində də məktəblərin açılması məqsədəuyğundur. Uşaq və gənclərin sağlam böyüməsini təmun etmək və onları zərərli vərdişlərdən yayındırmaq üçün bu çox mühüm əhəmiyyət kəsb edir. Gəncədə, Naxçıvanda, Sumqayıtda gimnasika məktəblərinin fəaliyyət göstərməsi uşaqların bölgələrdə aktiv həyat tərzi sürməsinə, öz sağlamlıqlarının qeydinə qalmasına yardım etmiş olardı.



-Eşitdiyimizə görə, idmanda ilk addımlarınızı indi rəhbəri olduğunuz İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika məktəbində atmısınız...

-Gimnastika Məktəbi (BGM) mənim üçün çox əziz və doğma yerdir. Çünki bir idmançı kimi ilk addımlarımı məhz bu tədris müəssisəsində atmışam. İdmana gələndə 9 yaşım var idi. İçərişəhərdəki məhəlləmizdə bütün həyət uşaqları idmanı çox sevir və müxtəlif idman növləri ilə məşğul olurdular. İdmançı karyeramı başa vurduqdan sonra uzun müddət məşqçilik fəaliyyəti ilə məşğul olmuşam. Əvvəllər akrobatika gimnastikası, sonra isə tamblinq üzrə Azərbaycan yığmasının baş məşqçisi kimi fəaliyyət göstərirəm. Sevinirəm ki, yetirmələrim Avropa və dünya birinciliklərində müəyyən uğurlar və nailiyyətlər əldə ediblər. Yetrimələrimdən idman ustası, akrobatika gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Adıgözəl Rəcəbov hazırda BGM-nin tədris-hissə müdiri vəzifəsində çalışır. İradə Qurbanova akrobatika gimnastikası üzrə ölkə yığmasının baş məşqçisidir. Adil Mustafayev və Samir Əliyev Avropa çempionatının mükafatçılarıdır. Bir müddət məşqçilik fəaliyyətimi vətəndən uzaqda, Cənubi Afrikanın Yohansburq şəhərində davam etdirmişəm. Şəhərin ən güclü tambilinq klubunu mən çalışdırırdım. Buradakı yetirmələrimdən Daniella Pelleqrini dünya çempionu, Dakren Blend və Brendon Livanos dünya çempionatının ikincisidir.

"Uğur qazanmaq üçün insanda istək, şərait və stimul olmalıdır”

- Necə düşünürsünüz, qələbə qazanmaq üçün idmançıdan nə tələb olunur?

- İdman da daxil olmaqla, hər hansı sahədə uğur qazanmaq üçün insanda istək, şərait və stimul olmalıdır. Tutaq ki, gimnastikanı seçən hər kəs bu sahənin çətinliklərini bilir. Əgər o, bu sahədə uğur qazanmaq istəyirsə, qarşısına məqsəd qoyaraq hər bir çətinliyə sinə gərir, əzmlə çalışır. Çünki əziyyət çəkməsən, bəhrəsini görməzsən.

- Məşqçilik fəaliyyətində sizin üçün əsas nədir?

- İstedadlı, gələcəyi olan idmançılarla işləmək hər bir məşqçinin ürəyincədir və böyük zövq verir. Nə gizlədim, bu sahədə qabiliyyəti olmayan uşaq və gənclərlə bir qədər çətinlik çəkirəm. Valideynə başa salıram ki, uşağınızı başqa, yəni uğur qazana biləcəyi sahəyə yönəltsin. Onlar da bəzən məni anlayır, başa düşür, bəzən də inciyirlər. Sirr deyil ki, hər hansı sahədə uğur qazanmaq üçün anadangəlmə qabiliyyət də olmalıdır.

- Adil müəllim, bəzən elə olur ki, valideynlər övladlarının hansı yaş dövründə gimnastika bölməsinə yazdırmaq barədə çox götür-qoy edirlər. Bununla bağlı valideynlərə nə məsləhət verərdiniz?

- İdman gimnastikadan başlayır. Yəni insanın fiziki sağlamlığının əsasında məhz gimnastik hərəkətlər durur. Gimnastika bədənə çeviklik, güc, cəldlik, qədd-qamət, gözəllik verir, insanda igidlik və nəciblik hissləri aşılayır. Təsadüfi deyildir ki, qədim yunanlar bu növdən hərbçilərin yetişdirilməsində istifadə edirdilər. Olimpiya idman növlərindən olan gimnastika, həm də çox çətin növdür. Gimnastika ilə məşğul olduqdan sonra digər idman növlərində məşq etmək olduqca asandır. Uşaqları yaş dövrü ilə əlaqədar gimnastika bölməsinə yazdırmağa gəlincə, düşünürəm ki, qızları 5, oğlanları isə 6 yaşından gimnastikaya yazdırmaq daha məqsədəuyğundur. Çünki bu yaşda onlar artıq çox şeyi anlayır, dərk edir və təbii ki, müəllimin tapşırıqlarını qaydasında yerinə yetirilər. Qızlar bioloji cəhətdən oğlanlardan fəal olmaqları ilə bərabər məşq prosesində də dözümlü və mətin olurlar. Valideyn var ki, uşağını 3 yaşından gimnastikaya gətirir. Mən bir mütəxəssis kimi bunu dəstəkləmirəm. Axı 2-3 yaşında uşaq nə başa düşür ki, müəllimin dediklərini də yerinə yetirsin? Elə olur ki, 2 yaşında övladını yalvar-yaxarla gimnastika bölməsinə yazdıran valideyn 5 ildən sonra bizdən tələb edir ki, niyə mənim uşağımın bu vaxt ərzində heç bir nailiyyəti yoxdur. Yenə sözümün üstündə dururam ki, valideynlər 5-6 yaşda uşaqlarını gimnastikaya gətirsələr, daha yaxşı olar və nəticəsini tez görərlər. Bunu öz təcrübəmə əsaslanaraq deyirəm. BGM-də məşqçilik etdiyim ilk illərdə maraqlı təcrübə aparmışdım. 7-10 yaşarası uşaqlarla işləyəndə gördüm ki, burada yaş həddi çox mühümdür. Məsələn, 9-10 yaşında götürdüyüm uşağı 6 aydan sonra yoxlayanda məlum oldu ki, onda heç bir irəliləyiş yoxdur. Amma 5-6 yaşda uşaqlarla işləyəndə nəticələr özünü daha tez göstərirdi.

- Rəhbərlik tərəfindən məktəbə qəbul olmaq istəyənlər qarşısında hansı tələblər qoyulur?

- İlk növbədə bədən quruluşu əsas şərtdir. Sonra onların bədən elastikliyi, çevikliyi yoxlanılır. Qızların əksəyyəti bədii gimnasyika idman növünə üstünlük verir. Adətən, bədii gimnastlar uzunboylu, gözəl bədən quruluşuna malik olurlar. Məsələn elə olur ki, bəstəboylara məsləhət görürük ki, başqa növü seçsə, daha yaxşı olar.

"Psixoloji hazırlıq uğur qazanmaq üçün mühüm şərtdir”

- İdmançının uğur qazanmasında müəllim-məşqçinin rolu nədən ibarətdir?

- Məşqçi yetirməsinin həyatında, karyerasında çox mühüm rol oynayır. Elə orta məktəbdə olduği kimi, müəllim var, fənni şagirdə sevdirir, müəllim də var ki, onu maraqsız edir. Məşqçi var ki, qabiliyyətli yetirməsinə dəstək olaraq onu zirvələrə qaldırsın, məşqçi də var ki, onu ruhdan salır. Məşqçi həm də psixoloqdur. O yetriməsinin dostu, yaxın sirdaşı olmalıdır. Fiziki hazırlıq bir yana qalsın, psixoloji hazırlıq uğur qazanmaq üçün mühüm şərtdir.

- Necə düşünürsünüz, gimnastkadan başqa, daha hansı idman növləri uşaq və gənclərin fiziki inkişafında mühüm rol oynayır?

- Təbii ki, gimnastikadan sonra insan sağlamlığı üçün vacib olan idman növləri kimi üzgüçülük və atletikanı qeyd etməmək mümkün deyil. Təsəvvür edisiniz, Cənubi Afrikada fəaliyyət göstərən bütün məktəblərdə üzgüçülük hovuzları fəaliyyət göstərir. Bu səbəbdən burada uşaqların hamısı üzməyi bacarırlar. Bizim məktəblərdə də üzgüçülük hovuzlarının açılması yaxşı olardı.


- Adil müəllim, qızlar arasında idman gimnastikası və batut idman növləri ölkəmizdə təbliğ olunan yeni idman növlərindəndir. Məktəbdə bu növlərin tədrisi necə aparılır?

- Batut və qızlar arasında idman gimnastikası bölmələri məktəbimizdə yeni açılıb. Sovet dönəmində Azərbaycanda yaxşı qadın idman gimnastlarımız var idi. Hazırda federasiya rəhbərliyi bu növlərin inkişafı üçün çox mühüm işlər görür. Bunun üçün xaricdən peşəkar mütəxəssislər cəlb olunur. Yeri gəlmişkən, noyabrın 7-də ilk dəfə batut üzrə ölkə birinciliyi təşkil ediləcək. Milli Gimnastika Arenasında keçiriləcək yarışlarda 28 gimnast qüvvəsini sınayacaq. Sevindirici haldır ki, yeni olmasına baxmayaraq batut və idman gimnastikasında istedadlı, qabiliyyətli gimnastların sayı az deyil.



- Qarşıda sizi hansı yarışlar gözləyir?

- Noyabrın 7-də batut üzrə ilk dəfə ölkə birinciliyi keçirildi. BGM-nin yetrimələri bu yarışda da mükafatalayiq yerləri tutdular. Qarşıda isə bizi dekabr ayında isə bizi idman gimnastikası və akrobatika üzrə ölkə çempionatı gözləyir.


Səadət Hakıyeva