Ölkəmizdə günü-gündən inkişaf edən idman növlərindən biri də cüdodur. Son zamanlar kimano ustalarımızın beynəlxalq arenalarda qazandıqları nəticələr göz qabağındadır. Bəs görəsən, hazırda bu növlə məşğul olan idmançılar Olimpiya çempionlarımız Nazim Hüseynovun, Elnur Məmmədlinin, fəxrlərimiz olan Fərhad Rəcəblinin, Mehman Əzizovun və digər cüdoçuların yollarını davam etdirə biləcəklərmi? Ümumiyyətlə, onların gələckdə dünya və Avropa çempionatlarında qalib gəlmələri üçün əlverişli şərait varmı? Elə bu məsələlərlə bağlı və bizi maraqlandıran daha bir neçə suala cavab almaq üçün qadınlardan ibarət yığma komandamızın baş məşqçisi və 13 nömrəli İOUGM-in məşqçilərindən İbadulla Şahbanovla görüşdük. İbadulla müəllim suallarımızı səmimi cavablandırdı.
- İbadulla müəllim, bir mütəxəssis kimi Azərbaycan cüdosunun hazırkı vəziyyəti haqqında nə deyə bilərsiniz?
- Yalnız xoş sözlər. Ölkəmizdə cüdo idman növü günü-gündən inkişaf edir. Bu gün Orxan Səfərov, İlqar Müşkiyev, Nicat Şıxəlizadə, Elmar Qasımov, Rüstəm Orucov kimi cüdoçularımız dünyaya səs salıblar.
- Fikrinizcə, kişilərdən ibarət yığma komandamıza baş məşqçi vəzifəsinə yenidən Peter Zeyzenbaherin gətirilməsinin millimiz üçün nə kimi əhəmiyyəti ola bilər?
- Bunu zaman göstərəcək. Fikrimcə, bundan sonra avstriyalı mütəxəssisin köməkliyi ilə cüdo idman növü ölkəmizdə daha da inkişaf edəcək. Onun gəlişindən sonra cüdoçularımız bir sıra beynəlxalq yarışlarda iştirak edirlər. Bu da onların həm təcrübələrini artırır, həm də reytinqdə yüksək pillələrə qalxmasına şərait yaradır.
- Hazırda ölkəmizdə qadın cüdosu kişi cüdosuna nisbətən bir qədər zəif inkişaf edir. Sizcə, bunun səbəbi nə ilə bağlıdır?
- Aydın məsələdir ki, hər bir peşəkar idmanın əsası uşaq idmanından baylayır. Valideynlərin əksəriyyəti öz qızlarının döyüş növləri, o cümlədən cüdo ilə məşğul olmalarına qarşıdırlar. Bütün bunlar həm cüdoda, həm də digər sahələrdə qadın idmançılarının azlıq təşkil etməsinə səbəb olur. Qeyd etdiyiniz kimi, hazırda cüdo idman növündə də belə mənfi hallara rast gəlinir. Təbii ki, kəmiyyət az olan yerdə keyfiyyət də az olacaq.
-Bir müddət əvvəl başa çatan və baş hakimi olduğunuz Bakı birinciliyini necə qiymətləndirirsiniz? Nəticələr sizi qane etdimi?
- Əlbəttə, qane etdi. Bakı birinciliyi çox yüksək səviyyədə təşkil olunmuşdu. İdmançılar böyük əzmlə mübarizə aparırdılar. Bu isə bizi sevindirməyə bilməz. Qeyd edim ki, dekabr ayının ortalarında daha güclülərin mübarizə aparacağı respublika çempionatı keçiriləcək. Bu turnirdə də idmançılara uğurlar arzu edirəm. Mən onların hər birinə inanıram. Onların hər biri gələcəkdə ölkəmizi yüksək səviyyədə təmsil etməyə qadir cüdoçudur.
- İbadulla müəllim, necə düşünürsünüz bu gün ölkəmizdə cüdonun daha da yüksək inkişaf etməsi üçün nə çatışmır?
- Fikrimcə, hər şey qaydasındadır. İdmançılar üçün hər cür şərait yaradılır. Bu gün respublikada, xüsusilə paytaxtda fəaliyyət göstərən onlarla cüdo zalı uşaq, yeniyetmə və gənclərin bu növlə məşğul olmasına şərait yaradır. Əlbəttə, məşqçilər də kifayət qədər bacarıqlı və peşəkarlıq səviyyəsinə malik olan müəllimlərdir.
- Sizcə, Nazim Hüseynovun vaxtındakı cüdo ilə hazırkı cüdonu müqayisə etsək, ortaya nə kimi fərqlər çıxar?
- Cüdo hazırda Azərbaycanda ən çox inkişaf etmiş və sevilən növlər sırasındadır. Bu, keçən əsrin sonlarında da belə idi. Əminliklə deyə bilərəm ki, qədim tarixə malik bu idman növü gələcəkdə də ölkəmizdə öz nüfuzunu saxlamağı bacaracaq. O ki, qaldı sualınıza, qeyd edim ki, o vaxt ölkəmizdə cüdo zalları az idi, amma idmançılar çox həvəsli idilər. İndi isə əksinə, onlar üçün hər cür şərait yaradılıb, yeni zallar istifadəyə verilib. Amma fikrimcə, idmançılar indi daha tez yorulurlar. Bundan başqa, bu idman növündə qaydaların tez-tez dəyişilməsi də idmançılara mənfi təsir göstərir.
- Bəs məşqçilərindən biri olduğunuz 13 nömrəli İOUGİM-in idmançıları barəsində hansı fikirdəsiniz?
- Təxminən 100-ə yaxın idmançı 13 saylı İOUGİM-in cüdo bölməsində təcrübəli məşqçilərin rəhbərliyi altında bu növlə məşğul olur. Onların arasında hər cür nəticələrə malik perspektivli idmançılar var. İnanıram ki, onlar gələcəkdə yığmanın aparıcı üzvləri olmaqla yanaşı, beynəlxalq turnirlərdə də uğurlu nəticələr qazanacaqlar.
- Bu idman məktəbinin məzunları arasında hansı tanınmış tatami ustalarımız var?
- Mehman Əzizov, Kifayət Qasımova, Ramilə Yusubova və başqaları məhz bu klubun yetirmələridir.
-Bəs öz şəxsi tələbələriniz arasında hansı perspektivli idmançıların adlarını çəkə bilərsiniz?
- Yenə də ilk növbədə Kifayəti və Ramiləni qeyd etmək istərdim. Bunlardan başqa, buyaxınlarda ardıcıl iki böyük yarışda mükafatçı olmağı bacaran Aişə Qurbanlı, Leyla Əliyeva, Xanım Hüseynova, Nərgiz Hacıyeva, Nərgiz İbrahimova böyük perspektıvlərə malik idmançılardır.
- Qarşıda qadınlardan ibarət yığma komandamızı hansı yarışlar gözləyir?
- Bu il üçün artıq yarışlar, demək olar ki, yekunlaşıb. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, bu ayın ortalarında respublika çempionatı keçiriləcək. Bu yarış ilin son turniri olcaq. Gələn ildən isə yenidən böyük yarışların hazırlığına başlayacağıq.
Kənan Novruzov