Qadın idmançılarımız müxtəlif idman növləri üzrə turnirlərdə fəallıq göstərirlər. İstər Olimpiya, istərsə də qeyri-Olimpiya idman növlərində zərif cinsin nümayəndələri uğurlu nəticələrlə diqqət çəkirlər. Bu isə Azərbaycan idmanının inkişafından xəbər verir. Perspektivli qadın idmançılarımızdan biri də cüdo üzrə yığma komandanın üzvü Aişə Qurbanlıdır. O, buyaxınlarda Mavrikinin paytaxtı Port-Lui şəhərində keçirilən Afrika açıq çempionatında 48 kq çəki dərəcəsində bürünc medala layiq görülüb. Xanım idmançımız bu yarışdan sonra Avstraliyanın Vullonqonq şəhərində keçirilən "Okeaniya kuboku”nda qüvvəsini sınayıb. Aişə Qurbanlı yalnız finalda uduzaraq turnirin gümüş medalını qazanıb. Cüdoçumuzla görüşüb, onunla bəzi suallar ətrafında söhbət etdik. Müsahibimiz bizi maraqlandıran sualları səmimi cavablandırdı.
- Aişə, əvvəlcə səni hər iki yarışda mükafatçılar sırasında yer aldığına görə təbrik edirəm. Təxminən nə qədər müddətdir ki, bu yarışlara hazırlaşırdın?
- Fransanın paytaxtı Parisdə keçirilən turnir başa çatdıqdan sonra bu yarışların hazırlığına başladım. Təxminən üç həftə idi ki, məşqlərimizi yalnız bu yarışlara hazırlığa həsr etmişdik.
- Bəs hazırlıqlıar necə gedirdi? Fikrincə, ağır keçən məşqlər öz bəhrəsini verdimi?
- Gün ərzində iki, bəzən də üç dəfə məşq edirdik. Yarışlara nəinki taktiki-texniki və fiziki cəhətdən, eyni zamanda baş məşqçimiz İbadulla Şahbanovun köməkliyi ilə psixoloji cəhətdən də hazırlaşırdıq. Hazırlıqlar, doğrudan da, yorucu idi. Amma fikrimcə, hazırlıqların nəticəsi yaxşı oldu.
- Keçirdiyin görüşləri necə xatırlayırsan?
- Afrikadakı yarışda əvvəlcə ev sahibi Letisiya Lumelonu və daha sonra avstraliyalı Xloe Rayneri məğlub etdim. Təəssüf ki, yarımfinal qarşılaşmasında ekvadorlu cüdoçu Diana Kobosa uduzdum. Məğlub olmağıma baxmayaraq bürünc medal uğrunda şanslarım var idi. Üçüncü yer uğrunda görüşdə Amerika idmançısı Ketelin Boysa qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə layiq görüldüm. Avstraliyada isə daha yaxşı mübarizə apardım. 48 kq çəki dərəcəli idmançıların yarışında əvvəlcə Honkonq təmsilçisini üstələdim. Növbəti mərhələlərdə isə ABŞ və İndoneziya idmançılarına qalib gələrək finala çıxdım. Həlledici görüşdə Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Ketilin Boysa məğlub olaraq gümüş medal qazandım.
-Yarışa yollanmamışdan əvvəl özündən hansı nəticəni gözləyirdin və əldə etdiyin nəticələr səni qane etdimi?
- Düzü, bir-birinin ardınca keçirilən hər iki yarışda mükafatçı olacağıma inanmırdım. Nəticələr gözlədiyimdən yaxşı oldu. Fikrimcə, idmançı qazandığı uğurları ilə kifayətlənməməlidir. Çalışacağam ki, gələcək yarışlarda daha böyük uğurlar əldə edim.
- "Okeaniya kuboku”nda çempion olmağına nə mane oldu?
- "Okeaniya kuboku”nda finaldakı rəqibimi bir neçə gün əvvəl Afrikada keçirilən yarışda məğlub etmişdim. Buna görə də müəyyən qədər özümə arxayın idim. Amma bu arxayınlıq mənə baha başa gəldi. Ani bir səhv nəticəsində uduzdum və qızıl medalı qazana bilmədim. Yarışlar ardıcıl olduğuna görə Avstraliyadakı turnirdə bir qədər yorğunluq var idi. Düzdür, bununla özümə bəraət qazandırmaq fikrim yoxdur. Amma çıxışıma yorğunluq da müəyyən mənada təsir etdi.
- Hər iki yarışda sənin üçün ən çətin görüş hansı oldu?
- Deməzdim ki, mənim üçün hansısa görüş çətin oldu. Sadəcə, uduzduğum rəqiblər məndən daha hazırlıqlı idilər.
- Adətən, idmançılar belə yarışlarda məğlubiyyətin səbəblərini hakimin ədalətsiz qərarlarınada görürlər. Bəs, sən necə, hakim haqsızlığı ilə qarşılaşmadın ki?
- Xeyr. Çempion ola bilməməyimin bütün səbəbləri özümdə idi. Çalışacağam ki, gələcək yarışlarda daha uğurlu çıxış edərək həm federasiya rəhbərliyinin, həm də məşqçimiz İbadulla müəllimin bizə yaratdıqları hərtərəfli şəraitin və çəkdikləri zəhmətin qarşılığını verim.
Kənan