“İstənilən sahədə işə məsuliyyətlə yanaşmasan, uğur əldə edə bilməzsən”

“İstənilən sahədə işə məsuliyyətlə yanaşmasan, uğur əldə edə bilməzsən”



Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri də ölkədə mövcud olan idman ənənələrini qoruyub inkişaf etdirmək, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılmasıdır. Hazırda Azərbaycanda fəaliyyət göstərən idman məktəbləri, klublar uşaq və gənclərin sağlamlığının əsas təminatçısı rolunda çıxış edirlər. Respublikamızda idman və Olimpiya Hərəkatının inkişafı və təbliği məqsədilə orta təhsil və idman müəssisələrində uşaq və gənclərin sağlamlığının qorunması, möhkəmləndirilməsi əsaslı şəkildə təmin edilir.

Ölkədə idmanın təbliğində və idmançılarının yüksək nailiyyətlər qazanmasında xidmətləri olan idman klublarından biri də "Xosrov Cəfərov” güləş klubudur. Bu idman ocağının yetirmələri respublika birincliklərinin, turnirlərin və bir sıra beynəlxalq yarışların qalib və mükafatçısıdırlar. Müsahibim, məşqçi Eldəniz Hüseynov "Xosrof Cəfərov” güləş klubunun fəaliyyəti, yetirmələrinin uğurları barədə fikirlərini "Olimpiya dünyası” qəzeti və "olimpnews.az” saytı ilə bölüşdü.

"Klubda yetirmələrimiz üçün hər bir şərait
yaradılıb”

- Eldəniz müəllim, klubun fəaliyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik...

-”Xosrof Cəfərov” klubu 2011-ci ilin aprel ayında Azərbaycan Güləş Federasiyasının (AGF) təşəbbüsü ilə yaradılıb. AGF-nin rəhbərliyi daim bizə dəstək olur və köməyini əsirgəmir. Federasiya klubun zal və idman lavazimatları ilə təmin olunmasında bizə yaxından yardım edir. Klubumuz tanınmış idmançı, ölkəmizdə sərbəst və eləcə də milli güləşin inkişafında müstəsna xidmətləri olan Xosrof Cəfərovun adını daşıyır. Fürsətdən istifadə edərək klub adından AGF-nin baş katibi və klubun rəhbəri Əjdər Cəfərova xüsusi təşəkkürümüzü bildiririk. O, burada idmançıların məşq etmələri üçün yüksək səviyyəli şəraitin yaradılması, zalımızın avadanlıqlarla təmin edilməsi üçün əlindən gələni əsirgəmir. Klubumuz fəaliyyətə 15-20 şagirdlə başlayıb. Hazırda yetirmələrimizin sayı 60-dan çoxdur və 6 nəfər məşqçi onlara sərbəst güləşin sirlərini öyrədir.

Şübhəsiz ki, diqqət və qayğı olan yerdə iş də var, nəticə də. Klubda yetirmələrimiz üçün hər bir şərait yaradılıb. Bundan dəyərlənən şagirdlərimiz yerli və beynəlxalq səviyyəli yarışlarda qənaətbəxş nəticələr əldə edirlər. Klubun yetirmələrindən Şahin Muxtarov, Emin Yunuslu, Səid Abbasov, Taleh Nəsirov və başqaları perspektivli güləşçilərdəndir. Şahin Muxtarov 3 qat respublika çempionudur. O həm də 2011-ci ildə Türkiyədə kadetlər arasında keçirilən dünya çempionatının qalibidir. 2012-ci ildə Yakutiyada təşkil edilən Asiya Oyunlarının bürünc mükafatına sahib olan təmsilçimiz 2014-cü ildə İranın Məşhəd şəhərində keçirilən "Yadigar İmam” kuboku yarışlarında gümüş medala sahib olub. Ötən il Rusiyanın Krasnodar şəhərində təşkil edilən beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsində yer alan Şahin yeniyetmələrin dünya çempionatından vətənə bürünc medalla qayıdıb. Qeyd edim ki, bu il Şahin 50 kq çəkidə yarışacaq.
Güləşçilərimizin beynəlxalq yarışlarda qazandığı qələbələr onu bu idman növünə daha da bağlayıb. Namiq Abdullayev Olimpiya çempionu adına layiq görüləndə Şahin mütləq güləşçi olacağına qərar verib. Həmişə valideynlərinin dəstəyini hiss edən Şahinin 15 yaşı var.
Şahinin 12 yaşlı qardaşı Əlihəsən də istedadlı yetirmələrimizdəndir. O, iki dəfə respublika çempionu adına layiq görülüb. Bir sıra beynəlxalq turnirlərin qalibi olan Əlihəsən öz üzərində çox çalışır və texnikalı güləşçilərimizdəndir. Məqsədimiz onu 42 kq çəki dərəcəsində yüksək səviyyəli mötəbər yarışlara hazırlamaqdır.



"Çalışırıq ki, ölkədə
idmanın inkişafı və təbliğinə öz töhfəmizi verə bilək”

- Məşqçilik fəaliyyətinizlə bağlı nə deyə bilərdiniz?

- 1970-ci ildə Bakıda anadan olmuşam. 13 yaşımdan güləş idman növünü seçmişəm. Uzun illər "Dinamo” İdman Cəmiyyətində peşəkar idmanla məşğul olmuşam. Milli yığmanın üzvü kimi 52 kq çəki dərəcəsində dəfələrlə respublika birinciliyinin və bir sıra beynəlxalq turnirlərin qalibi adını almışam. Həmin vaxtlar yığmanın tərkibinə düşmək çox çətin idi. Yığmanın sərbəst güləş üzrə baş məşqçisi Xosrov Cəfərov idi. Məşqlər "Zenit” BT İctimai Birliyinin zalında və Tofiq Bəhramov adına stadionda keçirilirdi. Namiq və Arif Abdullayev qardaşları, Xəzər İsayev və digəriləri məhz o dövrdə güləşirdilər. Xosrof müəllim peşəkar məşqçi kimi bizə sərbəst güləşin sirlərini öyrədir, gənc güləşçilərdən diqqətini əsirgəmirdi. Indi ondan öyrəndiklərimizi gənc nəslə ötürməyə çalışırıq. Çalışırıq ki, bir az da olsa, ölkədə idmanın inkişafı və təbliğinə öz töhfəmizi verə bilək, istedadlı idmançılar yetiştirək.
Məşqçilik fəaliyyətinə idmanda zədə aldıqdan sonra başladım. Güləşə çox bağlı insanam və həyatımı onsuz təsəvvür etmirəm. Məşqçi işləmək çox çətin və məsuliyyətli işdir. Təsəvvür edin ki, kluba güləş haqqında adi təsəvvürü belə olmayan uşaqlar gəlirlər. Hər şeyə sıfırdan başlamaq isə həmişə çətindir. Məşqçi üçün kluba gələnlər arasından istedadlı, imkanları olan uşaqları ortaya çıxarmaq müəyyən vaxt və dözüm tələb edir.

"Güləş ənənəvi və qədim
idman növlərindən biridir”

- Uşaqların məşqə cəlb edilməsi prosesində nəyə üstünlük verirsiniz?

- Xosrof Cəfərov həmişə bizimə söhbətində deyirdi ki, onun məşqçisi Elmir Ramazanovun yetirmələrinə qarşı müəyyən yanaşma metodu var imiş. E.Ramazanov güləşmək imkanları olmayan uşaqların qəlbini qırmadan onları digər idman növlərinə yönəldirmiş. Biz seçim prosesində uşaqların çevikliliyi və dözümlülüyü prinsipinə çox böyük əhəmiyyət veririk.
Güləş ənənəvi və qədim idman növlərindən biridir. Ölkəmizdə bu növün zəngin tarixi vardır. Azərbaycan güləşi həmişə tanınmış, sayılıb-seçilmiş idmançıları ilə seçilib. Düşünürəm ki, güləş digər idman növlərindən fərqlənir. Məsələn, götürək elə taekvondonu. Taekvondodan fərqli olaraq, güləşdə idmançının tatamidə olduğu hər dəqiqə, hər saniyə gərgin döyüş vəziyyətində keçir. Döyüşün sonunda isə ancaq dözümlü, texnikalı idmançı qalib gəlir. Güləşçiyə üç dəfə xəbərdaqlıq edilməsi onun döyüşü yarımçıq qoyaraq tatamidən uzaqlaşdırılması deməkdir.

- Necə düşünürsünüz, ölkəmizdə keçirilən ilk Avropa Oyunları uşaq və gənclərin idmana axınına təsir göstərdimi?

- Bakı-2015 Avropa Oyunları ölkəmizin idman tarixində çox mühüm hadisədir. Sevindirici haldır ki, bu yarışlarda qazanılan 56 medaldan ən çoxu məhz güləşçilərimizin payına düşdü. I Avropa Oyunlarından sonra, güləş də daxil olmaqla, uşaqlarını idman növlərinə yazdırmaq istəyən valideynlərin sayı çoxalıb. Onlar başa düşürlər ki, övladları idmanla məşğul olduqda həm zərərli vərdişlərdən uzaqlaşacaq, həm də peşəkar idmançı kimi yetişə biləcəklər. Bu da həyatda öz yolunu müəyyən etmək baxımından çox mühüm amillərdən biridir.


"İdmanda sahəsində məsuliyyətlə yanaşmasan, uğur da əldə edə bilməzsən”

- Yetirmələrinizdən razısınızmı?

- İdman çətin sahədir. Bu sahədə uğur qazanmaq üçün kifayət qədər dözümlü, iradəli və çalışqan olmaq lazımdır. Namiq Abdullayev, Fərid Mansurov kimi tanınmış güləşçilərimizin idman fəaliyyəti və yolu bunu deməyə əsas verir. Müəyyən uğurlar əldə etmək üçün məşqçinin tapşırıqlarını yerinə yetirmək, yorulmadan və fasiləsiz işləmək lazım gəlir. Əgər belə olmasaydı, ölkəmizdə bu qədər tanınmış Avropa, Olimpiya və dünya çempionları yetişməzdi. Sidney-2000 Yay Olimpiya Oyunlarının çempionu Namiq Abdullayev məşq zamanı 40-45 dəfə isinmə hərəkətləri edirdi. Bunu onun üçün edirdi ki, döşəyə çıxanda zədə təhlükəsi ilə qarşılaşmasın. Əlbəttə ki, güləş də daxil olmaqla, istənilən sahədə işə məsuliyyətlə yanaşmasan, uğur da əldə edə bilməzsən.

Yetirmələrimdən razıyam, amma bəzən "çətin” uşaqlarla da işləmək lazım gəlir. Belələri az çalışaraq böyük uğurlar əldə etmək istəyirlər. Mən bir məşqçi, bir böyük kimi onlara düz yol göstərməyə çalışıram. Bu gün peşəkar və təcrübəli məşqçilərdən öyrəndiklərimizi bugünkü nəslə öyrətməyə çalışırıq. Yaxşı idmançı yetişdirmək asan deyil. Bunun üçün müəllim-məşqçidən böyük zəhmət tələb olunur. İdmançı nizam-intizama, qayda-qanuna riayət etməli, məşqlərı buraxmamalı və təbii ki, nəticə göstərməlidir. Məni narahat edən məsələlərdən biri də uşaq və gənclərin mobil telefonlardan çox asılı vəziyyətə düşməsidir. Bu, istər-istəməz məşq prosesinə, onların öz fikirlərini cəmləşdirməyə mane olur. Əlbəttə, buna qadağa qoymaq mümkün deyil, amma bugünkü gənclər fikirləşləməlidirlər ki, bu yaşda cəhd göstərməsələr, gələcəkdə heç nəyə nail ola bilməyəcəklər. Yetirmələrimə deyirəm ki, çalışın Avropa və dünya birinciliklərində qələbə qazanın, Olimpiya Oyunlarında bayrağımızı qaldırın, sonra istədiyiniz hər şey olacaq.


İdman əziyyəti, zəhməti sevir. Bunsuz nəsə əldə etmək mümkün deyil. Bu gün ölkəmizdə idman və Olimpiya Hərəkatı yüksək inkişaf yoluna qədəm qoyub. Olimpiya və qeyri-Olimpiya idman növlərində böyük uğurlar və yüksək nəticələr əldə olunur. Bu gün Azərbaycanda güclü güləş məktəbi mövcuddur. Hər birimiz Toğrul Əsgərov, Hacı Əliyev, Rəsul Çunayev, Rövşən Bayramov kimi güləşçilərlə fəxr edirik. Onlar hazırda Azərbaycan güləşində zirvədə olan idmançılardandır. Həmin güləşçilər bu zirvəyə qalxmaq üçün əziyyətə dözməli olublar. Uğur əldə etmək, qələbə qazanmaq üçün gərgin məşq prosesindən keçiblər, rahatlıq nə olduğunu bilməyiblər. Təbii ki, çəkdikləri zəhmətin bəhrəsini indi görürlər.

- Qarşıda sizi hansı yarışlar gözləyir?

- Bu il klubun yetirmələri bir sıra yarışlarda qüvvələrini sınayacaqlar. Bizi qarşıda respublika birinciliyi və digər yarışlar gözləyir. Bundan başqa, Avropa və dünya birinciliklərində də iştirak edəcəyik. İnanırıq ki, klubun təmsilçiləri vətənə medallarla qayıdacaqıar.



Səadət Hakıyeva