Aysel Mirzəyeva: “Sablyaçı qızları dünyada ən güclü qızlar hesab edirlər”

Aysel Mirzəyeva: “Sablyaçı qızları dünyada ən güclü qızlar hesab edirlər”

Ölkəmizdə istər Olimpiya, istərsə də qeyri-Olimpiya idman növlərinin böyük və uğurlu tarixi var. Bu idman növləri arasında qılıncoynatma idmanı da özünəməxsus nailiyyətləri ilə diqqət çəkib.

Uzun illər Azərbaycan qılıncoynadanları SSRİ-nin yığma komandasının tərkibində dünya və Avropa çempionatlarında iştirak ediblər. Samir İbrahimov, İlqar Məmmədov və Boris Koretski dünya və Avropa çempionu adını qazanıblar. 1988-ci ildə Seul Olimpiadasında SSRİ yığma komandasının tərkibində iki Azərbaycan qılıncoynadanı da çıxış edib. İlqar Məmmədov və Boris Koretski Seulda Olimpiya çempionu adını qazanıblar. Sonralar İlqar Məmmədov ikinci dəfə Olimpiya çempionu adına yiyələnib. Azərbaycan qılıncoynatma məktəbinin nümayəndəsi Yelena Jemayeva dəfələrlə dünya və Avropa çempionatlarının, müxtəlif beynəlxalq yarışların qalib adını qazanıb.

Müstəqillik əldə etdikdən sonra bu idman növündə durğunluq yaransa da, son illərdə qılıncoynatma yenidən dirçəlməyə başlayıb. 2010-cu ilin aprel ayında Bakıda keçirilən qılıncoynatma üzrə dünya çempionatı bu sahəyə maraq göstərənləri daha da həvəsləndirib. Elə həmin il qılıncoynatma üzrə Bakı kuboku uğrunda beynəlxalq turnirdə idmançılarımız 2 qızıl medal qazanıblar. Qadınların yarışında Sevil Bünyatova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kişilərin mübarizəsində Murad Əliyev qələbə sevinci yaşayıb. Ötən il ölkəmizdə təşkil olunan birinci Avropa Oyunlarında qılıncoynadanlarımız əldə olunan medal sayını bir qədər də artırdılar. Əkiz bacılar - Sevil (gümüş) və Sevinc Bünyatova (bürünc) mükafatçılar sırasında yer aldılar. Bu, Azərbaycan qılıncoynatma tarixində yeni bir parlaq səhifə oldu.

Bu gün ölkəmizdə kifayət qədər güclü və perspektivli qılıncoynadanlar var. Onların hər biri beynəlxalq miqyaslı yarış və turnirlərdə layiqli rəqib hesab olunurlar.

Onlardan biri də Respublika Yüksək İdman Ustalığı Məktəbinin sablya üzrə yığmasının üzvü Aysel Mirzəyevadır. Qılıncoynatmanın sablya növündə çıxış edən xanım idmançımız yaşının az olmasına baxmayaraq bir sıra nailiyyətləri ilə diqqət çəkib və gələcəyin perspektivli idmançılarından sayılır.

Hər zaman gənc və yeniyetmə idmançıları diqqət mərkəzində saxlayan, onların uğurlarını oxuculara çatdıran "Olimpnews.az” saytının qonağı bu dəfə Aysel Mirzəyeva oldu. Gənc sablyaçımız bizi maraqlandıran sualları özünəməxsus şəkildə cavablandırdı.

- Aysel, qılıncoynatma xanımlar üçün xarakterik olan növlərdən sayılır. Amma xanımların uğur qazandığı digər idman növləri də var. Niyə məhz qılıncoynatma idman növünü seçdin?

- Hələ uşaq yaşlarımdan idmana böyük həvəs göstərmişəm. Bir müddət üzgüçülük və cüdo üzrə məşqlərdə iştirak etmişəm. Qılıncoynatma ilə tanışlığım isə təsadüfən olub. Yaşadığımız evin birinci mərtəbəsində bu növ üzrə məşqlərin keçirildiyini biləndə çox sevindim. Bu idman növü ilə yaxından maraqlandım. Qılıncoynatmada ilk uğurumun da sonrakı nailiyyətlərimdə rolu azı olmadı. Yadımdadır. Konstitusiya Gününə həsr olunmuş yarışda mən də iştirak etdim. Üç ay ərzində mənimsədiyim təcrübə sayəsində həmin yarışda bürünc mükafat qazandım. Bu nailiyyət mənə əlavə stimul verdi. Bu idman növünə daha sıx bağlanmağa başladım. Məşqçilər də, istəyimə, həvəsimə biganə qalmadılar.

- Sənin bu seçimini ailədə necə qarşıladılar?

- Bir həftə ailədən xəbərsiz məşq etdim. Dediyim kimi, məşq zalı evimizə yaxın idi. Yay aylarında həyətə düşüb, birbaşa məşqlərə qoşulurdum. Bir müddət sonra evdə bu barədə söz açdım. Mənim bu hərəkətimi müsbət qarşıladılar. Hər bir valideyn öz övladının sağlamlığını düşünür. Bu baxımdan onlar mənə yalnız uğur dilədilər. Qeyd edim ki, ailəmizdə idmana böyük maraq var. Atam futbol hakimi olub. 5 bacıyıq və hər birimiz idmanla məşğul oluruq. Karyeramı idman üzərində qurduğuma görə heyfslənmirəm.

- Hər bir uğurun arxasında böyük zəhmət dayanır. Bəzən bu yolda çətinliklər də qaçılmaz olur. Bununla razılaşırsan?

- Əlbəttə. Mən ölkə miqyaslı yarışlarda yetərincə uğurlara yiyələnmişəm. Belə ki, üç dəfə ölkə, beş dəfə isə paytaxt çempionatının mükafatçısı adını qazanmışam. Əldə etdiyim bu və ya digər nailiyyətlər məni daha da ruhlandırıb. Beynəlxalq yarışlarda da fərqlənməyə imkan tapmışam. Qafqaz çempionatının qalibi olmuşam. Onu da deyim ki, əsas nailiyyətlərimi yeniyetmələr arasında keçirilən yarışlarda əldə etmişəm. İranda Urmiya şəhərində keçirilən yarışda isə özümü böyüklər arasında sınadım. Mənə göstərilən etimadı nisbətən doğrultmağa çalışdım. Həmin təşkil olunan yarışda bürünc medala yiyələndim. Çox təəssüf ki, böyüklər arasında keçirilən dünya və Avropa çempionatında iştirak edə bilmədim. Bu isə şəxsi həyatımda baş vermiş qəza ilə bağlı oldu. Qəza mənim həyatımda ciddi fəsadlar yaratdı. Halbuki belə vəziyyətə düşməsəydim, daha böyük uğurlara yol aça bilərdim.
Amma baş verənlər qarşısında aciz qalmadım. Ruhdan düşmədim. Məşqçilərin verdiyi mənəvi dəstək sayəsində hər şeyə yenidən başladım. Hesab edirəm ki, gələcəkdə daha böyük uğurlar qazana bilərəm.
Hazırda Gənclər və İdman Nazirliyi Respublika Yüksək İdman Ustalığı Məktəbinin komandasında çıxış edirəm. 6 sablyaçıdan ibarət komandada bacarıqlı idmançılar yer alıb. Bütün uğurların qazanılmasında baş məşqçimiz Oktay Şahverdiyevin xüsusi rolu var. Məktəbin rəhbərliyinə, xüsusilə Cəfər Hümbətova öz minnətdarlığımı bildirirəm. Bu idman ocağında idmana və gənc nəslin sağlamlığına diqqət yetirən, onların problemlərinin həllinə biganə yanaşmayan, idmana bağlı insanlar var. Məncə belə bir diqqət və dəstəyin sayəsində uğurlu çıxış etməmək qəbahət sayılar. Hər zaman çalışıram ki, bu etimadı sona qədər doğruldum.

- Sablya qılıncoynatmanın digər növlərindən nə ilə fərqlənir?

- Əvvəlcə qeyd edim ki, qılıncoynatmanın sablya növü daha çox oğlanlar arasında geniş yayılıb. Bu növdə çıxış edən qızlara az rast gəlmək olur. Sablyada sürət və tez düşünmək bacarığı tələb olunur. Bu, qızlar üçün xarakterik növ sayılmır. Sablyaçı qızları dünyada ən güclü qızlar hesab edirlər. Sablyadan fərqli olaraq şpaqa və rapirada düşünmək və hərəkətləri tənzimləmək imkanı var. Sablyada isə bütün qərarlar bir anda qəbul olunur, rəqibinlə mübarizədə hər saniyə həlledici rol oynayır. Bir növ, sən həm öz yerinə, həm də rəqibin yerinə düşünməlisən. 4 dəqiqə ərzində azı 5 zərbə vurmalısan. Digər növlərdə isə 4 dəqiqə bəs etmir. Sablya, doğrudan da, çətin növ sayılır. Qeyd edim ki, bu növdə hakimlik etmək də çətindir. Burada frazalar həddindən artıq çoxdur.

- Ölkəmizdə bu idman növünə olan maraq hansı səviyyədədir?

- Bu idman növündə Azərbaycanda böyük uğurlar əldə olunub. İlqar Məmmədov kimi Olimpiya çempionu, Yelena Jemayeva kimi dünya mükafatçılarımız var. Amma etiraf etmək lazımdır ki, bu növ bu gün inkişafdan qalıb. Düzdür, uşaqlar arasında bu növə maraq yüksək səviyyədədir. Mən zalda olanda bunun canlı şahidi oluram. Valideynlər kiçikyaşlı övladlarını məşqlərə gətirirlər. Bu ecazkar idman növü insan sağlamlığı üçün əvəzsizdir.

- Qələbə üçün hər zaman yol açıqdır. Məğlubiyyəti isə heç kim yaxına buraxmır. Bəs sən məğlubiyyəti necə qarşılayırsan?

- Məğlubiyyət çox çətin qəbul olunan amildir. Yarışlarda məğlubiyyətlə üzləşəndə çıxış yolunu ağlamaqda görmüşəm. Gözlərimdəki yaşlar məni özümü əl almağa vasitəçi olub. Uduzduğum zaman ağlamasam, sakitləşə bilmərəm. Amma bu idmandır. Həyatda olduğu kimi, idmanda da uğur və bəxtsizlik birgə addımlayır. Hər an onlardan biri ilə yol yoldaşı olmağa məcburuq. Belə məqamlarda valideynlərimin və mənə dəstək olanların məsləhətləri köməyimə çatır.

- Gələn il ölkəmiz daha bir mötəbər idman tədbirinə ev sahibliyi edəcək. Azərbaycanda təşkil olunacaq İslam Həmrəylik Oyunları yeni bir tarix yazacaq. Həmin yarışda idmançılarımız fərqlənməyə, mükafatçılar sırasına düşməyə çalışacaqlar. Oyunlarda sənin də iştirak etmək imkanın var...

- Bəli. İslam Həmrəylik Oyunları nüfuzuna görə bu və ya digər yarışlardan fərqlənir. Çox istərdim ki, yaşıdlarım kimi, mən də həmin Oyunlarda iştirak edim. Doğma vətəndə, milyonların dəstəyi ilə mükafat qazanmaq böyük şərəf və məsuliyyətdir. Hər şeyi zaman göstərəcək. Bu barədə çox düşünürəm. Niyə də həmin yarışda iştirak edib, medal qazanmayım? Gərgin məşqlər və göstərilən etimad qarşısında bütün uğurlar sanki bir nəfəs qədər yaxındır. Hesab edirəm ki, bu arzumu həyata keçirmək üçün mübarizə aparmağa dəyər.