Qəşəm Nəcəfzadə: “Mənim ən gözəl şeirlərim ikiqat dünya çempionuna bənzəyir”

Qəşəm Nəcəfzadə: “Mənim ən gözəl şeirlərim ikiqat dünya çempionuna bənzəyir”

Olimpnews.az saytı hər zaman idmanın və Olimpiya Hərəkatının təbliğində liderliyini qoruyur. Saytda idmanın hər bir növü barəsində geniş məlumatlar yer alır. Ölkənini ən titullu idmançıları, məşqçi və mütəxəssisləri barədə yazılar daim qəzetin səhifələrində dərc olunur. Lakin bu o demək deyil ki, biz yalnız idman sahəsinə diqqət ayırır, bu sahə ilə kifayətlənirik.

Olimpnews.az saytında ədəbiyyat, mədəniyyət sahələrində baş verən hadisələri analitik təfəkkürlə təhlil etməyi bacaran və idmana böyük marq göstərən insanlara da hər zaman şərait yaradılıb.

Saytımızın daimi oxucuları yaxşı bilirlər ki, biz bir neçə ildir ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda təhlili yazılar təqdim edirik. Bu mövzuda təhlillər aparır, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərin fikir və mülahizələrini bir araya toplayıb, çap edirik. Məqsədimiz isə ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafını təbliğ etməkdir. Bu dəfə mövzu barədə danışmaq üçün tamamilə başqa sahənin nümayəndəsini seçdik. Tanınmış şair-publisist Qəşəm Nəcəfzadə ilə uşaq və gənclərin fiziki və mənəvi inkişafı barəsində söhbət etdik.

Qəşəm Nəcəfzadə 1959-cu il aprel ayının 1-də anadan olub. 1976-cı ildə orta məktəbi, 1981-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun ədəbiyyat fakültəsini bitirib.

O, uzun illər orta məktəb və universitetlərdə ali kateqoriyalı ədəbiyyat müəllimi işləyib. Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, "Azərbaycan” jurnalının poeziya söbəsinin müdiri olan Qəşəm Nəcəfzadə 25 kitabın müəllifidir. Şairin şeirləri ingilis, özbək, fransız, alman, gürcü, rus, ispan, fars dillərinə tərcümə edilib, yeddi kitabı xaricdə işıq üzü görüb. Şair həmçinin, digər janrlarda da əsərlər yazıb.

2007-ci ildə keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub. Onun şeirləri Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb.

Bundan başqa Qəşəm Nəcəfzadə uşaq şeirlərinə görə Azərbaycan Yazıçılar Birliyinin Tofiq Mahmud adına mükafatla da təltif olunub. Tənqidçilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son illər yaradıcılığında epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir.

Doğrusu, əvvəldən mövzuya uyğun suallar hazırlasam da, söhbət əsnasında həmin sualları dəyişməli oldum. Məlum oldu ki, söz, qələm əhli ilə konkret mövzuda danışmaq heç də asan deyil. Çünki bu insanların ideya və düşüncəsi, romantikası sərhəd tanımır. Qələm sahibləri çoxlarının görmədiklərini görür, hadisələrə başqa prizmadan yanaşırlar.


"O meydançada futbolu bir qız üçün oynayıram”

- Qəşəm müəllim, fiziki və mənəvi tərbiyəni necə xarakterizə edərdiniz?

- Sovet dövründə məktəblərin dəhlizində əxlaq kodeksi asılmışdı. Biz gedib o kodeksi oxuyurduq. Orada necə olmaq barədə sözlər yazılmışdı. Çalışırdıq ki, həmin kodeksə uyğun formalaşaq. Lakin tezliklə həmin sözlərin bəzilərinin dəyəri itdi. Müstəqillik əldə etdikdən sonra anladıq ki, bir vaxt müqəddəs saydığımız anlamlar əslində müqəddəslikdən uzaq imiş. Dərk etdik ki, bizim öz tariximiz, adət-ənənələrimiz, ədəbiyyatımız və milli-mənəvi dəyərlərimiz var. Sadəcə, uzun illər həmin müqəddəsliyin üzərinə, necə deyərlər qar yağıb. Müstəqillik ədəbiyyatımıza da təsirsiz ötüşmədi. Ədəbiyyatımız yeni mərhələyə qədəm qoydu. Modernizm, postmodernizm, ürfan ədəbiyyatı, Allaha bağlılıqla bağlı şeirlər yazılmağa başlandı.

Hər bir insanın özünəməxsus mənəviyyatı var. Mənəvi tərbiyə əsasdır. İnsan həm fiziki, həm də mənəvi cəhətdən sağlam olmalıdır. Mən romantikanı sevirəm. Fiziki və mənəvi tərbiyəni isə özüməməxsus şəkildə başa düşürəm.

Bəzən mənə elə gəlir ki, bədəncə cılız insanlarda romantika hədsiz çox olur. Xüsusilə, güclü və əlçatmaz olmaq şərtilə. Hər zaman futbolçu olmaq istəmişəm. Xəyalımda bir meydança qururam. O meydançada futbolu bir qız üçün oynayıram. Həmin qız isə meydançada oturub, mənə baxır. Bütün qolları da özüm vururam. Heç vaxt topu "auta” göndərmirəm. Qaydaları pozmuram, buna görə də hakim mənə xəbərdarlıq etmir. Bu, mənim uşaqlıq arzularımdan irəli gəlir. Çoxları təsdiqləyər. Bizim futbolumuz top sahibi acıq edəndə başa çatardı. Hesab isə bilinməzdi. Top sahibi heç vaxt qapıçı olmazdı. Oynayanları da o seçirdi. Ən zəifi isə qapıçı seçərdilər. Məni də uşaqlar futbol oynayanda qapıçı qoyurdular. Özümü fiziki cəhətdən olmasa da, öz mənəvi aləmimdə güclü sayıram. Lakin qeyd etdiyim kimi, romantikam mənə ən yaxşı futbolçu olmağa imkan verir.
Düşünürəm ki, idman ən yaxşı mübarizə üsuludur. Xüsusilə, Olimpiya Oyunları. İndiki zamanda, Olimpiya Hərəkatı yüksək həddə çatıb. İstərdim ki, dünyada bütün mübarizələr idman yarışları ilə həllini tapsın, qan tökülməsin, sülh olsun. Bilmirəm bu nə qədər həqiqidir, yoxsa yox. Lakin oxuduqlarımızdan məlumat almışıq ki, keçmişdə belə olub. Qoşun başçıları, sərkərdələr döyüşmədən öz aralarında güləşib, münasibətlərə aydınlıq gətirirdilər. Yaxud iki başçı öz aralarındakı mübarizəni şahmatla (şətrənclə) həll edirdilər. Bu çox sivil mübarizə üsuludur.

Biz uşaq olanda deyirdilər: "Top Pelenin ayağında, Banişevskinin ayağında”. Futbolu isə gərək başla oynayasan. Yəni, düşünərək...

"Məncə, insan fiziki gücünü düzgün istiqamətə yönəldə bilsə, müharibələr də olmaz”

- İdmanla, yaxud futbolla şeirin nə oxşar cəhəti ola bilər?

- Futbolda ən yaxşı qol, şeirdəki ən yaxşı misradır. Bir şeirdəki tutarlı məqamlardan zövq aldığımız kimi, azarkeşlər də ən yaxşı vəziyyətlərdən həzz alırlar. Futbolda heç də hər vurulan top qapıya getmir. Çox vaxt auta yönəlir. Şairlərin fikirləri də buna bənzəyir. Zəif düşüncələr qafiyəyə yol tapmır.
İdmanla şeirin oxşar cəhətləri var. İdmançıya sağlam nəfəs lazımdırsa, şairə də təmiz nəfəs vacibdir. İdmançı dərindən nəfəs alıb uğur qazanmağa nail olduğu kimi, şair də təmiz nəfəslə yeni misralar yarada bilir.
Sadə bir misal: Bir kişi uzanıb, göyə baxırmış. Bunu görən bir nəfər soruşur ki, nə edirsən? O da cavab verir ki, işləyirəm. Həmin adam heç nə demədən yoluna davam edir. Qayıdanda görür ki, həmin kişi ağacların dibini boşaldıb, yer belləyir. Bu dəfə soruşur ki, bəs indi nə edirsən? Yer belləyən kişi cavabında deyir ki, dincəlirəm. Buradan görünür ki, insan fiziki və mənəvi cəhətdən hər zaman öz üzərində işləyir.

- İdman sahəsi ədəbiyyatda necə formalaşıb?

- İdman, fiziki gücdən əlavə təfəkkür, düşüncə elementidir. Bölgələrimizdə o qədər fiziki güclü insanlarımız var ki, dişi ilə qatar dartır, saçı ilə maşın çəkir, daş qaldırır. Bu, Azərbaycanın çox güclü pəhləvanlarının, idmançılarının olmasından xəbər verir. Bəlkə də bu növlərdə yarış keçirilsə idi, azərbaycanlı pəhləvanlar birinci yeri tutardılar. İnsanın fiziki gücü bir yerə sərf olunmayanda, həmin güc müharibəyə yönəldilir. İnsanın canından fiziki güc çıxmalıdır. Bir növ idman insanı xilas edir. Fiziki gücü çox olan isanlar Olimpiya komplekslərində səmərəli şəkildə idmanla məşğul olanda gücü dağıdıcı şeylərə yox, ölkə idmanının genefonduna sərf olunur. Hazırda ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafı istiqamətində mühüm işlər görülür. Bölgələrimizdə Olimpiya İdman Kompleksləri istifadəyə verilir. Azərbaycanda idman o qədər sevilir ki, valideynlər övladlarının idmançı olmasını istəyirlər. Sağlam uşaq böyütmək hər bir valideynin arzusudur. Uşaq əgər fiziki və mənəvi cəhətdən tərbiyə edilirsə, bunun nəyi pisdir?

İdman insanı cinayətkarlıqdan, narkomaniyadan və digər pis vərdişlərdən uzaqlaşdırır. Yeniyetmələrimiz idmanla məşğul olaraq, öz fiziki güclərindən düzgün istifadə edərək rəqabət aparırlar. İnsan fiziki gücünü düzgün istiqamətə yönəldə bilsə, müharibə də olmaz.

- İdman və mədəniyyət ölkəni dünyaya tanıtdırır. Bu barədə nə deyərdiniz?

- Mənim şeirlərim var ki, birbaşa idmana aid deyil. Məsələn, düşünürəm ki, bəlkə də ən yaxşı futbolçu mənəm. Futbol mənim ayağımda deyil, başımdadır, duyğularımdadır. Qeyd etdiyim kimi mən idman növləri arasında daha çox futbolu sevmişəm. İdman təkcə bir insanın işi deyil. Məsələn, "Neftçi” komandası oynayırsa, bu təkcə komandanın oyunu deyil, eyni zamanda xalqın da oyunudur. Komanda qol vuranda nə qədər insanların üzündə sevinc yaranır, əhval-ruhiyyəsi yaxşılaşır. Avropa Oyunlarında ölkəmiz 56 medal qazandı. Bu xalqımızın əhval-ruhiyyəsinə çox müsbət təsir etdi.

Biz bütün dünyaya sübut etdik ki, Azərbaycan böyük ölkədir. Onun qədim tarixi, mədəniyyəti var. Ölkəmizin sürətli inkişafı hamının diqqətini çəkdi. Sübut etdik ki, biz istənilən idman tədbirlərini yüksək səviyyədə təşkil etmək iqtidarındayıq.

Hər hansı bir idman növündə çempion olan idmançı ölkəsini digər dövlətlər arasında tanıtdırır. Beynəlxalq arenalarda qalib olan idmançı ölkəsinin mədəniyyətini, milli adət- ənənəsini ifadə edir. Şair xalqın düşüncəsini ifadə etdiyi kimi, idmançı da xalqın gücünü beynəlxalq arenaya çatdırır. Sevindirici haldır ki, hazırda gənclərimizin əksəriyyəti idmana maraq göstərir. Əvvəllər gəncərimiz mühafizəçi və digər başqa sahələrə meyl göstərirdilərsə, hazırda onlar idmana, sağlam həyat tərzinə meyl edirlər. Bu gün idmana, Olimpiya Hərəkatına dövlət səviyyəsində göstərilən qayğı nəticəsində ölkəmizdə bu sahələr kifayət qədər kütləviləşib.

"Kim əlinə silah götürürsə, o, məğlubdur”

- Bu gün azərbaycanlı yazıçılar daha çox hansı mövzuya müraciət edirlər?

- Bu gün yazıçılar və şairlər aktuallığı nəzərə alaraq müxtəlif mövzulara toxunurlar. Mənə elə gəlir ki, dünyada mədəniyyət qalib gələcək. Mən fikirləşirdim ki, görəsən ilk düşmən necə olub. Onlar doğulublar və necə düşmənə çevriliblər, silahı necə kəşf ediblər. Hər zaman düşünürəm ki, bu insanların düşüncəsi niyə düşmənçiliyə yönəlib. Axı bunlar doğma və dost idilər. Necə oldu ki, düşmənə çevrildilər? İlk cani kim idi dünyada, ilk ölən kim idi? Bu insanlar adam öldürməyi necə bacardılar? Mənim şeirlərimin əksəriyəti bu mövzudadır. Buna bəzən ədəbiyyatda postmodern düşüncə tərzi deyirlər. Vətənimi, torpağımı çox sevirəm. Vətənimiz təkcə hazırda üzərində yaşadığımız ərazidən ibarət deyil. Ruhumun sərhədləri nə qədərdirsə, mənim vətənim də o qədərdir. Mən öz ruhumun sərhədlərinə aid şeirlər yazıram. Ruhumun sərhəddində Türkmənçay və Gülüstan müqaviləsi yoxdur. Bütün bu ərazilər mənim ruhumun vətənidir və mən bu vətənə şeir yazıram. Mən bu vətənin əsgəriyəm. İslam əxlaqına, islami dəyərlərə, türkçülüyə, azərbaycançılığa bağlı bir insanam. Çox sevinirəm ki, mənəvi dəyərlərini əsrlər boyu qoruyub saxlayan bir xalqın qələm sahibiyəm. Mənim çoxlu sayda ürfanla bağlı şeirlərim, realist, vətən haqqında, Azərbaycanın bütün diyarlarına aid şeirlərim var. Bu şeirlərlə yetişən insan xoşbəxtdir.

"Gərək uşağı kənardan müşahidə edəsən...”

- Qələbə və məğlubiyyəti şeirlərinizdə necə əks etdirirsiniz?

- Qarabağımız hazırda düşmən tapdağı altındadır. Mən Qarabağı düşmən əlində olan bir vətənin əsgəriyəm. Amma şair kimi Qarabağ məndədir. Qələbə və məğlubiyyət nisbi məsələdir. Yəni Qarabağ torpağı əsgər kimi məndə deyil, lakin şair kimi mənim düşüncəmdədir. Kim deyə bilər ki, qələbə kimindir, məğlubiyyət kimindir. Kim deyə bilər ki, SSRİ Böyük Vətən müharibəsində qələbə qazandı. Bir şair kimi deyə bilərəm ki, 50 milyon insanın ölümü ilə nəticələnən qələbə qələbə deyil. Amma bir məsələ də var ki, həmin müharibədə iştirak edən hər bir insan qəhrəmandır. Azərbaycan Prezidenti İlham Əliyev hər il 9 may Qələbə Günündə həmin müharibə iştirakçılarını təbrik edir. Mən kədərlənirəm ki, həmin insanların sayı getdikcə azalır. Tarix göstərəcək ki, heç kim o müharibədə qələbə qazanmayıb. Belə deyək ki, kim əlinə silah götürürsə, o, məğlubdur. Deməli, qarşısındakı insandan qorxur ki, əlinə silah götürür. Qorxmasa, əlinə silah götürməzdi. Bu dünyada istehsal edilən silahlar qorxudan istehsal olunub. Əslində, Allahın yanında qalib gələn insan öldürməyəndir, qan tökməyəndir. İnsan öldürməklə qalib gəlmək olmaz. Bizim elə xalq mahnılarımız və muğamlarımız var ki, düşmənləri ağlada bilər. Bax, əsl qalibiyyət budur.

- Bir valideyn kimi, uşaqların düzgün tərbiyəsi barədə nə deyə bilərsiniz?

- Bizim Sovet əxlaq kodeksindən qalan bir tərbiyə metodumuz var ki, insanlar bəzən ondan istifadə edirlər. Bu, uşaqlara çox böyük ziyan vurur, yəni uşaq robot kimi böyüyür. Belə olan halda uşaq ailədən, cəmiyyətdən özünü gizlədir. Gərək uşağı kənardan müşahidə edəsən, onda olan aqressiyanı müşahidə edəsən. Bəzən sakit uşaqlar da hadisə törədirlər. Heç kim başa düşə bilmir ki, bu sakit uşaq bu hadisəni necə törədib. Bunun səbəbi valideyndədir. Çünki valideyn uşağa icacə verməlidir ki, daxilindəki aqressiyanı və enerjini üzə çıxarsın. Uşağın aqressivliyini onu, psixoloq yanına aparmaqla və ya hər hansısa bir vasitələrlə aradan qaldırmaq olar. Nəyə görə biz beş alan uşağı alqışlayırıq? Axı iki alan uşağın da daxilində hər hansısa bir gizli qalan istedadı var. Sadəcə, bunu üzə çıxarmaq lazımdır. Biz qırmızı beşlərə aldanaraq digər uşaqların üzə çıxmayan istedadlarını məhv edirik.

Bir dəfə dərsdə uşaqlara "Haradan başlanır Vətən?” mövzusunda inşa yazısı yazmağı tapşırmışdım. Uşaqlardan biri vətən haqqında çox gözəl inşa yazmışdı. Mən həmin uşağa 5/5 yazdım. Onun parta yoldaşı isə balaca bir cızma-qara eləmişdi. Ona da 2/2 yazdım. Qarabağ müharibəsi başlayandan sonra onlar müharibəyə getdilər. Həmin 2/2 verdiyim şagird müharibədə qəhrəmancasına şəhid oldu, "Azərbaycan bayrağı” ordeni aldı. Amma 5/5 verdiyim uşaq fərari oldu. Qəhrəmanlıq istedad kimi doğulur. Bu, istedadır. Bir sözlə, qəhrəmanlıq tanrı vergisidir, o hər kəsə nəsib olmur. Nəyə ki, qadağa qoyursan, uşaq o sahəyə meyl göstərir. Orada maraq axtarır. Necə deyərlər, uşağın eşitdiklərindən çox gördükləri ona maraqlıdır. Tərbiyənin psixoloji tərəfləri var. Valideyn bəzi məqamlarda uşaqla psixoloq kimi davranmalıdır, həssas olmalıdır.

- Qəşəm müəllim, sizdən hər hansı bir şeiri oxumaq istəyəndə daha çox hansı şeiri önə çəkirsiniz?

- Mən sadəcə, oxucularımın üstünlük verdiyi şeirləri önə çəkirəm. Ola bilər ki, hansısa bir şeir mənim xoşuma gəlir, amma oxucunun yox. Elə şeirlər də istəyə bilərlər ki, həmin şeirlər mənim xoşuma gəlməz. Amma məcburam ki, oxucularımın xətrinə, bəyənmədiyim belə şeirləri səsləndirim.

Bunu belə müqayisə edərdim. Deyək ki, küçədə iki adam gedir. Biri balaca, arıq, digəri isə hündür və dolu bədənlidir. Arıq insan güləş üzrə ikiqat dünya çempionudur. Amma insanlar məhz həmin o kök insana maraq göstərirlər. Düşünürlər ki, idmançı belə olar. Bax, məndən belə- aldadıcı xarakterli şeirimi istəyirlər. Halbuki mənim ən gözəl şeirlərim həmin o cılız bədənli ikiqat dünya çempionuna bənzəyir.

Yəni o ucaboylu, dolu bədənli insanı mənim oxucularımın istədikləri şeirlərə, ikiqat dünya çempionunu isə oxucularımın bəyənmədiyi şeirlərə bənzətmək olar.