Azərbaycanda yaradılan idman infrastrukturu atletlərimizin beynəlxalq arenalarda yüksək nəticələr qazanmasına şərait yaradıb. Ölkəmizin idmançıları müxtəlif növlər üzrə keçirilən Avropa və dünya çempionatlarında əldə etdikləri uğurlarla xalqımıza sevinc bəxş ediblər. Şübhəsiz ki, planetin ən nüfuzlu yarışı Olimpiya Oyunları sayılır. Dördilliyin zirvə yarışında Azərbaycan atletləri medalların sayını artırır, üçrəngli bayrağımızın dəfələrlə yüksəklərdə dalğalandırılmasına zəmin yaradırlar.
Dördilliyin növbəti zirvə yarışına - Rio-de Janeyro 2016 Yay Olimpiya Oyunlarına az vaxt qalıb. Olimpiada ərəfəsində idmançılarımız bir sıra təlim-məşq toplanışları və lisenziya xarakterli yarışlarda iştirak edirlər. Buyaxınlarda Türkiyənin Samsun şəhərində boks üzrə Avropa təsnifat turniri keçirildi. Rio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış Azərbaycan milli komandası üçün uğurlu alındı. Təmsilçilərimizin son çıxışını nəzərə alıb, Boks Federasiyasının vitse-prezidenti və Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyevlə görüşdük. Ağacan müəllim, «Olimpnews.az» saytına müsahibəsində idmana gəlişindən, komandamızın son çıxışı və Rio-2016-ya lisenziya qazanmaq şansından danışdı.
- Ağacan müəllim, biz Sizi idman xadimi kimi tanıyırıq. Bilirik ki, gənc yaşlarınızdan idmanla peşəkar səviyyədə məşğul olmağa başlamısınız. Maraqlıdır, niyə məhz idman yolunu seçdiniz?
- Qeyd edim ki, bizim ailədə 6 qardaşdan 4-ü boksçu olub. Mənim 14 yaşım olanda, böyük qardaşım mənə «gəl səni də boksa aparım» dedi. Həmin vaxt biz Bülbülədə yaşayırdıq. Bu əraziyə yaxın Suraxanı Mədəniyyət Evi yerləşirdi. Orada boks, güləş və voleybol kimi idman növlərinin zalları fəaliyyət göstərirdi. Mən mütəmadi olaraq oraya gedib boksla məşğul olmağa başladım.
- Bəs boksda ilk yüksək nəticəni nə zaman göstərmisiniz?
- Nailiyyətim boksla məşğul olmağa başlayandan təqribən bir il sonra oldu. 1954-cü ildə boks üzrə yeniyetmələr arasında təşkil olunan Bakı birinciliyində iştirak etdim. Məşqçilərin etimadını doğruldaraq, turniri birinci yerdə başa vurdum. Bir sözlə, ilk dəfə çıxış etdiyim turnir yaddaşımda qızıl medalla qalıb. Bundan sonra məktəbdə hamı məni idmançı kimi qarşılayırdı (gülür). Göstərilən diqqətdən daha da həvəsləndim və məşqlərimi intensivləşdirdim. 18 yaşımda yenidən Azərbaycan çempionu adını qazandım.
- Bildiyimizə görə, İdman İnsititutunu bitirdikdən sonra Politexnik İnsititutunda (indiki Azərbaycan Texniki Universiteti) da təhsil almısınız. Oxuduğunuz müddətdə boksla məşğul olmağınız dərslərinizə mane olmurdu ki?
- Həm dərslərimdən əla qiymətlər alırdım, həm də idmanla məşğul olmağı davam etdirirdim. Düzdür, bəzən düşünürdüm ki, boksa müəyyən qədər fasilə verib, dərslərimlə məşğul olum. Ancaq fikrimi dəyişirdim. Buna görə də, boksu heç zaman atmadım.
- Belə başa düşdük ki, boks Sizin həyatınızın bir hissəsi olub. Boks mütəxəssisi kimi, ölkəmizdə bu idman növünün inkişafı Sizi qane edirmi?
- Əlbəttə, boks Azərbaycanda inkişaf etmiş idman növlərindən biridir. Olimpiya Oyunlarına nəzər salsaq, 2000-ci ildən başlayaraq hər dəfə bu idman növündə, ən azı, bir medal qazanırıq. Qeyd edim ki, olimpiada çərçivəsində 2000-ci ildə bir, 2004-cü ildə iki, 2008-ci ildə bir, 2012-ci ildə isə iki bürünc medal qazanmışıq. Hazırda ölkəmizdə boks idman növü inkişaf mərhələsindədir. İdmançılarımızın nəticələrini gördükcə, onlarla fəxr edirəm. Bu inkişafın bir sıra səbəbləri var. Ulu öndərimizin idmana olan diqqət və qayğısı gənclərimizi daha da həvəsləndirirdi. Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində idmançılarımız daha yüksək nəticələrə imza atacaqlar.
- Ağacan müəllim, buyaxınlarda Türkiyənin Samsun şəhərində boks üzrə Avropa təsnifat turniri keçiridi. Rio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda komandamızın çıxışını necə qiymətləndirisiniz?
- Təmsilçilərimiz lisenziya xarakterli turnirdə yüksək səviyyədə çıxış etdilər. Samsunda göstərilən yüksək nəticələr buna bariz nümunədir. Bir qadın və üç kişi bokçumuz turniri qızıl medallarla başa vurdular. Bundan başqa, idmançılarımız Rio-2016-ya daha 5 lisenziya qazandılar.
- Bokçularımız indiyədək Rio-2016-ya 8 lisenziya qazanıblar. Təmsilçilərimizin növbəti lisenziya qazanmaq şanslarını necə qiymətləndirirsiniz?
- Əlbəttə, qarşımıza kişilərin çıxış etdiyi 10 çəki dərəcəsinin hər birindən lisenziya qazanmaq məqsədi qoymuşuq. Qadın bokçularımızı da nəzərə alsaq, ümumilikdə, Braziliyaya 13 lisenziya ilə yollanmaq şansımız var.
- Bayaq qeyd etdiniz ki, Olimpiya Oyunlarında ancaq bürünc medallar qazanmışıq. Sizcə, təmsilçilərimiz Rio-2016-da qızıl medallar qazanmaqla, bu tilsimi qıra biləcəklərmi?
- Əlbəttə, Olimpiya Oyunlarında indiyədək ancaq bürünc medallar qazanmışıq. Artıq tilsimi qırmağın vaxtı yetişib. Əminəm ki, Rio-2016-da boksçularımız qızıl medallar qazanacaqlar. Elvin Məmişzadə və Cavid Çələbiyevdən qızıl medallar gözləyirəm. Onların hər ikisi döyüş zamanı yüksək templə çıxış edirlər.