Azərbaycanda idman inkişaf etdikcə yarışları idarə edən hakimlərimizin də təcrübəsi artır. Ədalət təmsilçilərimiz bir sıra mühüm yarışların idarə olunmasında fəallıq göstərirlər. Ölkəmizdə təcrübəli hakimlər kifayət qədərdir. Onlardan biri Azərbaycan Atletika Federasiyası Hakimlər Kollegiyasının sədri Şirin Vəliyevdir. Olimpnews.az saytının məlumatına görə, buyaxınlarda 50 yaşını qeyd edən təcrübəli mütəxəssis redaksiyamızın qonağı oldu.
- Şirin müəllim, əvvəlcə özünüz barədə oxuculara məlumat verərdiniz.
- 1966-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşam. 1986-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda ali təhsil almışam. 1997-ci ildə AzDBTİA-nın yüngül atletika kafedrasında müəllim kimi fəaliyyətə başlamışam. Respublika dərəcəli hakim, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Əməkdar məşqçi fəxri adlarına layiq görülmüşəm. 25 elmi məqalənin, "Fiziki bədən tərbiyə” və "Yarış qaydaları” kitablarının müəllifiyəm.
- Hansı beynəlxalq yarışlarda hakimlik etmisiniz?
- 2014-cı ildə Bakıda yeniyetmələrin atletika üzrə Avropa Olimpiya Təsnifat turniri keçirildi. Həmin yarışda hakimlərimiz ədaləti yüksək səviyyədə qorudular. Bizim işimizə layiqli qiymət verildi. Bu turnirdən sonra ən böyük yarışlarımızdan biri şübhəsiz ki, I Avropa Oyunları oldu. Yeri gəlmişkən deyim ki, atletika üzrə ədalət təmsilçilərimizdən 8 nəfəri Avropa Oyunlarının Təşkilat Komitəsində yer almışdı. Avropa Oyunlarının atletika yarışlarını yerli hakimlər idarə etdilər. Yeganə yarış idi ki, ədalətin qorunması məhz Azərbaycan hakimlərinə həvalə olunmuşdu. Biz öz üzərimizə düşən işin öhdəsindən gəlməyə çalışdıq və buna nail olduq. Avropa Oyunlarından sonra Hakimlər Kollegiyasının üzvlərini Gürcüstana dəvət etdilər. Tbilisidə atletika üzrə komandalararası Avropa çempionatı keçirilirdi. Gürcüstan Atletika Federasiyasının prezidenti Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadəyə müraciət etmişdi. 20 nəfər hakim qitə çempionatından bir həftə əvvəl Tbilisiyə yollandıq. Orada yerli hakimlərə kömək etdik, yarışların təşkili üçün tövsiyələrimizi verdik. Ötən il növbəti dəfə Gürcüstana getməli olduq. Belə ki, iyulun 26-31-də Tbilisidə Olimpiya Festivalı keçirilirdi. Hakimlərdən ibarət komandamız həmin yarışda ədaləti yüksək səviyyədə qorudu. Qarşıda bizi 2017-ci ildə ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunları gözləyir. Hakimlərimiz bu yarışa ciddi hazırlaşırlar.
- Siz bir müddət məşqçi kimi də fəaliyyət göstərmisiniz...
- Məşqçi kimi işlədiyim dövrlərdə yüksək səviyyəli idmançıların yetişməsinə çalışmışam. Şüvüllə tullanma üzrə yarışlarda çıxış edən yetirməm Namiq Əsədov Azərbaycan rekordçusudur. O, komandalar arasında keçirilən Avropa çempionatında üçüncü yeri tutub. Namiq həm də buyaxınlarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2016” yarışında 21 km məsafəni hamıdan tez qət etdi. Düzdür, hazırda mən məşqçi kimi çalışmıram. Amma Azərbaycan atletikasına öz uğurları ilə töhfə verən yetirməm Namiq Əsədovla qürur duyuram. Digər yetirmələrim dəfələrlə ölkə çempionatında və beynəlxalq yarışlarda mükafatalayiq yerlər tutublar.
- Şirin müəllim, əksər yarışlarda idmançılar hakim ədalətsizliyi ilə üzləşirlər. Necə düşünürsünüz, belə hallar qəsdən baş verir, yoxsa...
- Hakimlik çətin, həm də məsuliyyət tələb edən peşədir. Hakim ədaləti qorumaq üçündür. Şəxsən mən inanmıram ki, hansısa hakim qəsdən haqsızlığa yol versin. Şübhəsiz ki, bir sıra yarışlarda ədalətsizlik baş verir, idmançıların haqqı tapdanır. Mən özüm də bunun şahidi olmuşam. Bununla belə, düşünürəm ki, heç bir hakim bilərəkdən səhvə yol verməz. Ola bilsin ki, ədalət təmsilçisi idmançının hansısa bir hərəkətini görmür və düzgün qərar çıxarmır. Bu da nəticədə hakimin yanlış qərarına səbəb olur. Əgər hakim qəsdən səhv qərar verirsə, həmin hakim ədalət təmsilçisi sayıla bilməz.
- Atletikadan başqa hansı idman növü ilə məşğul olmusunuz?
- İdman karyeram ərzində futbolda və şüvüllə tullanma yarışlarında gücümü sınamışam. Nəticələrim də pis olmayıb. Bir müddət, daha doğrusu 4 il beysbol komandasında çıxış etmişəm. Bu komanda 1987-ci ildə yaranmışdı. Məşqçimiz mərhum Feliks Məmmədov idi. Təəssüf ki, komandamız 1991-92-ci illərdə dağıldı.
- Bəzən adama elə gəlir ki, şüvüllə tullanma atletikanın ən təhlükəli növüdür. Siz də karyeranız ərzində bu növün çətinliyini hiss etmisinizmi?
- Doğru deyirsiniz. Şüvüllə tullanma zədə baxımından çox təhlükəlidir. İdmançı hər bir hərəkəti dəqiq yerinə yetirməli, hər şeyi incəliyinə kimi hesablamalıdır. Tullanan zaman şüvülə güc salmaq olmaz. Şüvül sına bilər. Bu zaman idmançı hündür məsafədən yerə çırpılar və ya şüvülün sınmış iti ucu idmançını ciddi şəkildə zədələyər.
- Qarşıda idmançılarımızı Rio Olimpiadası gözləyir. Sizcə, Olimpiya Oyunlarının atletika yarışlarında medal qazanmaq şansımız varmı?
- Əvvəlcə onu deyim ki, hazırda Azərbaycanda atletikanın inkişafı üçün baza var. Təmsilçilərimiz xarici ölkələrdə təlim-məşq toplanışlarında tez-tez iştirak edirlər. Yeri gəlmişkən deyim ki, atletlərimizin uğurlarında komandamızın baş məşqçisi Məhərrəm Sultanzadənin əməyi kifayət qədərdir. Rio Olimpiadasına atletika növündə üç lisenziya qazanmışıq. Bu, o deməkdir ki, atletika ölkəmizdə inkişafdadır. Mən Rio Olimpiadasında üçtəkanla tullanma yarışlarında mübarizə aparacaq Nazim Babayevdən medal gözləyirəm. O, gənc olsa da bir sıra mötəbər turnirlərdə uğurla yarışıb. Ümid edirəm ki, Nazim Riodan vətənə medalla qayıdacaq.