Elçin Cəfərov: “Güləşçilərimizin Olimpiya Oyunlarında çıxışlarını yüksək qiymətləndirirəm”

Elçin Cəfərov: “Güləşçilərimizin Olimpiya Oyunlarında çıxışlarını yüksək qiymətləndirirəm”



Bu il avqustun 5-21-də Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunları uğurla başa çatdı. 17 gün davam edən mötəbər idman tədbirində Azərbaycan Olimpiya yığması 56 idmançı ilə təmsil olundu. Ölkəmiz Rioda 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanmaqla medal qazanan 87 ölkə arasında 39-cu yeri tutdu. Dörd ildən bir keçirilən dünyanın mötəbər idman tədbirində qazanılan 18 medaldan 9-u məhz güləşçilərimizin payına düşür. Olimpiadada 14 nəfər idmançı ilə təmsil olunan güləş yığmamızın üzvlərindən yalnız 5-i yarışları medalsız başa vurdu. Sərbəst güləş üzrə komandamız isə medalların sayına görə 1-ci yeri tutdu.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov güləşçilərimizin Rio-2016 Olimpiadasında çıxışları barədə fikirlərini "olimpnews.az” saytı ilə bölüşdü.  


"39-cu pillə ölkəmiz üçün çox yüksək göstəricidir”

- Elçin müəllim, atletlərimiz XXXI Yay Olimpiya Oyunlarında əldə etdiyi yüksək nəticələrlə Azərbaycan idmanı tarixində daha bir şanlı səhifə yazdılar...

- Diqqətəlayiq haldır ki, respublikamız müstəqillik əldə etdikdən sonra istirak etdiyi Olimpiya Oyunlarında medalların sayını ildən-ilə artırır. Bu amil Azərbaycanda idman və Olimpiya Hərəkatının yüksək templə inkişaf etdiyinin parlaq təzahürüdür. Müqayisə üçün bildirək ki, idmançılarımız London-2012 Olimpiadasında 10 medal qazandığı halda, Rio-2016-da bu rəqəm 18-dir. Bu, bir çox ölkələrin yay Olimpiya Oyunlarında arzuladığı, amma nail ola bilmədiyi uğurdur. Dördilliyin zirvə yarışında təkcə güləşçilərimiz deyil, digər idmançılarımız da müvəffəqiyyətlə çıxış edərək vətənimizin başını uca etdilər. Bu göstərici ilə Azərbaycan yığması 206 ölkə arasında 39-cu pillədə qərarlaşdı. Nəzərə alsaq ki, 206 ölkədən yalnız 87-i medal qazanan siyahısına düşüb, 39-cu pillə ölkəmiz üçün çox yüksək göstəricidir.
İdmançılarımızın XXXI Yay Olimpiya Oyunlarında çıxışlarına ən yüksək qiyməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev verdi. Ölkə rəhbəri mükafatçılarla görüşündə onların hər birini şəxsən təbrik edərək mükafatlandırdı.



- Necə düşünürsünüz, güləşçilərimiz bu dəfə də ümidləri doğrulda bildilərmi?

-Ümumiyyətlə, güləşçilərimizin Olimpiya Oyunlarında çıxışını yüksək qiymətləndirirəm. Pəhləvanlarımız bu yarışda 3 gümüş və 6 bürünc medal qazanaraq güləş tariximizdə yeni səhifə yazdılar. 
Düşünürəm ki, bu, çox böyük nəticədir. Düzdür, Rio-2016 XXXI Yay Olimpiya Oyunlarında finala yüksələn güləşçilərimizdən qızıl medal gözləyirdik. Toğrul Əsgərov, Xetaq Qazyumov, Mariya Stadnik, elə Cəbrayıl Həsənovun özü buna çox yaxın idilər. Rəsul Çunayev, Hacı Əliyev, Şərif Şərifov da həmçinin. Ancaq bu, idmandır. Burada qalibiyyət olduğu kimi, məğlubiyyət də var. Bununla barışmaq lazımdır. Federasiya rəhbərliyi bu nəticədən razı qalmaya bilər. Çünki rəhbərlik tərəfindən güləşçilərin hazırlığı, təlim-məşq toplanışı üçün yüksək səviyyədə şərait yaradılmışdı. Xaricdən yüksək səviyyəli mütəxəssislər cəlb edilmişdi. Bunun müqabilində qurum potensialı olan idmançılarımızdan qızıl medal gözləyirdi. Təbii ki, Tokio-2020 Olimpiadasında bu səhvlərə yol verməmək üçün təhlil aparılmalı və nəticə çıxarılmalıdır.

"Məğlubiyyətin acısını hamıdan çox idmançının özü yaşayır”

- Rövşən Bayramov kimi titullu idmançımızın bu olimpiadada zəif çıxış etməsinin səbəbi nə idi?

- Rövşən Bayramov güclü və titullu idmançılarımızdandır. Amma Rio-da özünü göstərə bilmədi. Pekin-2008 və London-2012 Olimpiadalarının gümüş mükafatçısı kimi biz ondan qızıl medal gözləyirdik. İlk görüşləri uğurla başa vursa da, Yaponiya idmançısı ilə görüşdə arxayınçılığın yaranması onun məğlub olması ilə nəticələndi. İdmançımız üstünlüyü axıradək qoruyub saxlaya bilmədi. Psixoloji gərginlik Rövşənə bürünc medal uğrunda Norveç idmançısı ilə mübarizədə də mane oldu və təəssüf ki, o, olimpiadanı 5-ci yerdə başa vurdu.

 Məğlubiyyətin acısını hamıdan çox idmançının özü yaşayır. Çünki gərgin məşqlər edən, uzun müddət evdən, ailədən ayrı qalan idmançı üçün bu, böyük zərbədir. Çox təəssüflənirəm ki, olimpiadada iştirak edən 5 yunan-Roma güləşçimizdən yalnız 2-si medal qazana bildi. Düşünürəm ki, Rio-2016-nı medalsız başa vuran güləşçilərimiz öz səhvləri üzərində işləyəcək və bundan nəticə çıxaracaqlar. İdmançının çıxışına qiymət vermək olar, amma onu məğlub olduğu üçün gözdən salmaq olmaz. Elə idmançı var ki, məğlubiyyət acısı ilə 5-6 ay mübarizə aparmalı olur. Ətrafdan təzyiqlər olanda vəziyyət daha ciddi xarakter alır.



- Tokio-2020 Yay Olimpiya Oyunlarına 4 il vaxt qalır. Necə düşünürsünüz, indidən hazırlıq işlərinə başlamaq lazımdırmı?

- Güləşçilərimiz növbəti dördilliyin zirvə yarışına elə indidən hazırlaşmalıdırlar. İdmançılar da, məşqçilər də bunun məsuliyyətini yaxşı dərk edirlər. Bunun üçün də Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq prosesinə indidən başlamaq lazımdır və federasiyada bunun üçün xüsusi proqram hazırlanır. Növbəti olimpiada ilə bağlı əsas məsələlərdən biri də çəki məsələsidir. Güləşçilər indidən hansı çəki dərəcələrində çıxış edəcəklərini müəyyənləşdirməlidirlər. Çünki çəkisalma və çəkiartırma böyük idmanda ciddi məsələlərdən biridir.

- Elçin müəllim, ölkəmizdə güləşin kütləviləşməsi istiqamətində Azərbaycan Güləş Federasiyası tərəfindən hansı tədbirlər həyata keçirilir?

- Bu məsələ federasiya rəhbərliyinin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Güləşin ölkəmizdə inkişafı və kütləviləşməsi istiqamətində Azərbaycan Güləş federasiyası tərəfindən məqsədyönlü proqram həyata keçirilir. Qeyd etmək lazımdır ki, proqramdan irəli gələn tədbirlər çərçivəsində Bakıda və regionlarda güləş zallarının sayı kifayət qədər artıb. Ölkədə güləş klubları fəaliyyət göstərir ki, onların yetirmələri Avropa və dünya birinciliklərində, beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Respublikamızda ölkə çempionatlarının, beynəlxalq turnirlərin təşkili hər zaman diqqət mərkəzindədir.

"Gələcəyin Olimpiyaçıları” devizi altında keçirilən komanda yarışları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Yeniyetmələr arasında keçirilən bu yarış güləş klubları arasında idmanın bu növünün daha da kütləviləşməsi, inkişafı istiqamətində atılan əsas addımlardan biridir. Belə yarışların siyahısına, həmçinin Helsinki-1952 Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan yeniyetmələr arasında beynəlxalq turniri, gənclər arasında "Hünər meydanı” turnirini də əlavə etmək olar. Belə turnirlər regionlarda da keçirilir. Çalışırıq ki, bütün regionlarda böyüməkdə olan gənc nəsil güləşlə məşğul olsun, sağlam böyüsünlər. Olimpiya çempionlarımız və mükafatçılarımız kimi ölkəmizin idman şərəfini daim uca tutsunlar.

"Elə ölkələr var ki, heç bir idmançısı da medal qazana bilmir”

- Respublikada öz işini günün tələbləri səviyyəsində qura bilən federasiyalardan biri də Azərbaycan Güləş Federasiyasıdır...

- Azərbaycan Güləş Federasiyası dünyada öz sözünü deyə biləcək qabaqcıl federasiyalardan biri kimi artıq özünü doğruldub. 
Yuxarıda qeyd etdiyim kimi, bunu güləş idman növündə əldə olunan yüksək göstəricilər də təsdir edir. Rioda sərbəst güləş yığmamızın medalların sayına görə 1-ci yeri tutması idmanımızın, AGF-nin uğurudur. Bu növ üzrə 6 idmançımızdan yalnız 1-i medalsız qaldı. Elə ölkələr var ki, heç bir idmançısı da medal qazana bilmir. Federasiya rəhbəri Fazil Məmmədov və vitse-prezident Namiq Əliyev tərəfindən güləşçilərə daim diqqət və qayğı göstərilir, problemləri həll olunur. Azərbaycan pəhləvanlarının Olimpiya Oyunlarında, dünya və Avropa bnirinciliklərində qazandıqları uğurlar, yüksək göstəricilər də məhz bu diqqət və qayğının bəhrəsidir.

- Güləşçilərimizi qarşıda hansı yarışlar gözləyir?

- Oktyabr ayında Moskvada Millətlərarası Avropa kuboku keçiriləcək. Bu yarışdan sonra güləşçilərimiz noyabr ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə ənənəvi beynəlxalq Qızıl Qran-pri turnirində qüvvələrini sınayacaqlar. Dekabr ayının əvvəlində Azərbaycan çempionatı təşkil ediləcək. İlin sonunda isə idmançılarımızı iki çəki (71 kq və 80 kq) dərəcəsində güləşçilər arasında Macarıstanda dünya çempionatı gözləyir.

Səadət Hakıyeva

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir