“İlk baxışdan elə təəssürat yaranırdı ki, sanki onların hamısı cüdoçulardır”

“İlk baxışdan elə təəssürat yaranırdı ki, sanki onların hamısı cüdoçulardır”
İdman dünyasının bütün diqqətini bir nöqtəyə yönəldən Rio-2016 Yay Olimpiya Oyunları atletlərimizin möhtəşəm zəfəri ilə yadda qaldı. Planetin ən nüfuzlu yarışında 207 ölkəni təmsil edən 10 mindən çox idmançı 33 növ üzrə 306 dəst medal uğrunda mübarizə apardı.

Məlumdur ki, XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığması idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olundu. Olimpiya yığmamız 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanmaqla medalçılar siyahısında 39-cu sırada qərarlaşdı. Yığmamızın bu tarixi zəfərində cüdoçularımızın da böyük əməyi var. Belə ki, olimpiadanın cüdo yarışlarında 6 idmançı ilə təmsil olunan komandamız 2 gümüş medal qazandı.

Bu uğurun qazanılmasında Azərbaycan Cüdo Federasiyasının da müstəsna rolu oldu. Qurum tərəfindən idmançılara göstərilən qayğı öz bəhrəsini verdi. Bu və ya digər məsələlərlə bağlı fikir öyrənmək üçün federasiyanın baş katibi Elmar Babanlı ilə görüşdük. Müsahibimiz komandamızın Rio-dakı çıxışını özünəməxsus şəkildə təhlil etdi.

- Elmar müəllim, yəqin ki komandamızın Rio Olimpiadasında çıxışını uğurlu sayırsınız. 6 idmançımızdan 4-ü ilk onluqda yer alıb. Daha yaxşı nəticə göstərmək üçün nə çatışmadı?

- Komandamızın Rio Olimpiadasında çıxışını qənaətbəxş hesab edirəm. Biz Olimpiadadan əvvəl ən azı bir medal əldə edəcəyimizə əmin idik. Olimpiadaya daha yaxşı hazırlaşmışdıq. Ötən Olimpiadada buraxılan səhvləri təhlil etmişdik. İstəmirdik ki, eyni halla Rio-da rastlaşaq. Çəkilən zəhmət öz bəhrəsini verdi. Sevindirici haldır ki, komandamız Olimpiadada iki gümüş medal qazandı. Statistikaya nəzər yetirsək görərik ki, 6 idmançımızdan 4-ü ilk onluqda yer alıb. Rüstəm Orucov və Elmar Qasımov gümüş medal qazandı. Orxan Səfərov 5-ci, Məmmədəli Mehdiyev isə 7-ci oldu. Məmmədəli Mehdiyevin gənc olmasına baxmayaraq, ümidlərimizi doğrultdu. İlk dəfə idi ki, Olimpiya Oyunları kimi mötəbər yarışda iştirak etsə də, iki güclü rəqibini məğlub etməyi bacardı. Heyətdə yalnız Uşangi Kokauri və Nicat Şıxəlizadə "onluqdan” kənarda qaldı. Uşanginin məğlub olduğu rəqib çox güclü idi. O olimpiadada ikinci yerə sahib çıxdı. 

Onu da qeyd edim ki, Uşangi Kokauri böyük bir müalicədən sonra bu yarışa gəlmişdi. O, Bakıda keçirilən son təlim-məşq toplanışı zamanı topuğundan çox ciddi zədə almışdı. Nicatın uduzduğu rəqibi isə Olimpiya çempionu oldu. Düşünürəm ki, burada püşk amili də müəyyən rol oynadı. Təmsilçilərimiz həmin idmançılarla daha erkən mərhələdə qarşılaşdılar. Əgər onlar növbəti mərhələlərdə qarşılaşsa idilər, təsəlliverici görüşlərdə iştirak etmək hüququ qazana bilərdilər.

- Komandamız bir sıra liderləri qabaqladı. Yəqin ki, bu da növbəti uğur sayılmalıdır.

- Əlbəttə. Bir daha qeyd edim ki, hər bir idmançımızın medal qazanmaq potensialı var idi. Hətta gümüş medallar qızıl da ola bilərdi. Məsələn, Orxan Səfərovun finala çıxmaq üçün çox gözəl şansı var idi. O, yarımfinalda məğlub olduğu Qazaxıstan idmançısı ilə əvvəl də qarşılaşmışdı. Hər iki cüdoçu ehtiyatlı güləşirdi. Təəssüf ki, Orxan sonda səhvə yol verdi. Qeyd etdiyim kimi, 6 idmançıdan 4-ü ilk onluqda olduğu üçün komandamızın çıxışını yüksək qiymətləndirirəm. Ümumi komanda hesabında cüdo yığmamız 12-ci oldu. Olimpiya Oyunlarında komandamız təkcə kişilərin yarışında mübarizə aparırdı. Əgər kişilərdən ibarət komandaların ümumi statistikasına baxsaq, komandamızın 6-cı olduğunu görərik. Fikrimcə, bu çox gözəl nəticədir. Millimiz bu nəticə ilə Gürcüstan, Qazaxıstan, Monqolustan, Kuba, Çin, İsrail, Özbəkistan, Almaniya, Böyük Britaniya, Hollandiya kimi güclü ölkələri qabaqladı. Hətta elə güclü ölkələr var idi ki, cüdo yarışlarını medalsız başa vurdular.

- İki idmançımız finala yüksəlsə də qızıl medal qazanmaq mümkün olmadı. Bunu nə ilə əlaqələndirmək olar?

- Rüstəmin Asiya idmançıları ilə görüşü həmişə çətin keçir. Lakin püşk elə gətirmişdi ki, Koreya və Yaponiya cüdoçuları eyni yarımqrupa düşmüşdülər. Rüstəm həmin idmançılarla yarımfinal və finalda qarşılaşa bilərdi. Elmar Qasımov üçün isə çətinlik ilk görüşdə oldu. Çünki Elmar ilk mərhələdə London Olimpiadasının qalibi ilə qarşılaşmalı idi. Rəqib idmançının titullu olmasına baxmayaraq, Elmar Olimpiya çempionunu məğlub etdi. O, finaldakı rəqibi ilə bir neçə dəfə qarşılaşmışdı. Elmar həmin idmançını 2009-cu ildə Ermənistanda keçirilən gənclərin Avropa çempionatında məğlub etmişdi. Bundan başqa onlar bir neçə dəfə də üz-üzə gəliblər. Çexiyalı idmançı da çox güclü idi. Elmar da finalda layiqli şəkildə mübarizə apardı. Lakin çexiyalı idmançı Elmarın texniki səhvindən istifadə edərək çempion adını qazandı. Bununla belə iki gümüş medal da pis nəticə deyil.



- Pekin Olimpiadasından sonra ikinci nəticədir ki, iki medal qazanıldı.

- Təkmübarizlik idman növləri, güləş, cüdo, ağırlıqqaldırma, boks və taekvondo Azərbaycan üçün xarakterik növlər sayılır. Yəni Olimpiya Oyunlarında bu növlərdə hər hər zaman idmançılarımız onlara bəslənilən ümidləri doğruldublar. Cüdoçularımız əldə etdiyimiz medalların sayında əsas pay sahibidirlər. Belə ki, 1992-ci ildə Barselona Olimpiadasında Nazim Hüseynov Olimpiya çempionu olmuşdu. 2004-cü ildə Mehman Əzizov Olimpiya medalının bir addımlığında mükafatı əldən vermişdi. 2008-ci ildə Elnur Məmmədli qızıl, Mövlud Mirəliyev isə bürünc medala yiyələnmişdi. Tək London Olimpiadasında cüdoçularımız nəticə qazana bilməmişdilər. Fikrimcə, Londondakı uğursuz nəticəyə görə komandanı qınamaq, tənqid etmək düzgün deyil. Olimpiya Oyunları sıradan bir yarış deyil. Burada dünyanın ən güclü idmançıları iştirak edirlər. Pekin Olimpiadasından sonra Rioda cüdoçularımız iki medal qazanmaqla yeni bir tarix yazdılar.

- Rio Olimpiadasının hakimlik və təşkilatçılıq məsələləri sizi qane etdimi?

- Ədalət təmsilçiləri yarışları normal şəkildə idarə etdilər. Elə bir məqam olmadı ki, orada hakimlərin qərəzli qərarlarını görək. Beynəlxalq Cüdo Federasiyası öz işini bu baxımdan çox düzgün qurub. Əgər hansısa bir hərəkətlə bağlı narazılıq olarsa, videotəkrar sistemindən istifadə etmək mümkün olur. Təşkilatçılıq və nəqliyyat məsələləri də lazımi səviyyədə təşkil olunmuşdu.

- Elmar müəllim, Rio azarkeşləri sizə necə təsir bağışladı?

- Ümumilikdə Rio Olimpiadası çərçivəsində keçirilən cüdo yarışları bir sıra maraqlı məqamlarla diqqət çəkdi. Son yarışlarda uğur qazanaraq olimpiadaya vəsiqə əldə edən cüdoçular aşkar favoritləri üstələyərək, Rio Olimpiadasında mükafatçılar sırasında yer aldılar. Bu doğrudan da sürpriz nəticə sayılır. Bir sözlə, cüdo yarışları həddindən artıq baxımlı və gərgin idman mübarizəsi şəraitində keçdi. Bütün bu nəticələr Rio Olimipiya Oyunlarına bir növ gözəllik qatdı, desək yanılmarıq. Təəccüblü məqamlardan biri də o idi ki, arenaya toplaşan braziliyalı azarkeşlər sanki cüdo yarışlarını hər bir xırdalığına qədər izləyirdilər. İlk baxışdan elə təəssürat yaranırdı ki, bu azarkeşlər əvvəllər ya cüdo ilə məşğul olublar, ya da ki, sanki onların hamısı cüdoçulardır. Onlar hakim ədalətsizliyinə və ya baxımlı fəndlərə qarşı dərhal reaksiya verirdilər. Bu, idmançılara əlavə stimul verirdi. Belə azarkeşlər hər bir yarışa xüsusi ahəng verir.

- Siz həm də beynəlxalq dərəcəli hakimsiniz. Gələcəkdə Olimpiya kateqoriyasını alaraq, ölkəmizi Olimpiya Oyunlarında hakim kimi təmsil etmək fikriniz varmı?

- Mənim həm federasiyada, həm də "Neftçi idman klubu” İB-də işlərim yetərincə çoxdur. Məhz bu səbəbdən yarışlarda mütəmadi olaraq hakim qismində iştirak edə bilmirəm. Buna görə də hakimlik səviyyəmin artırılmasına və yeni lisenziyanın alınmasına vaxt çatmır.

- Yəqin ki, Beynəlxalq Cüdo Federasiyası ölkəmizin təşkilatçılığını bəyənir. Buna görə də dünya çempionatını Bakıda keçirməyi planlaşdırır. Bu barədə nə deyə bilərsiniz.

- May ayında Bakıda təşkil etdiyimiz "Böyük dəbilqə” yarışı Beynəlxalq Cüdo Federasiyasının rəğbətini qazandı. Bu yarış beynəlxalq qurum tərəfindən çox yüksək qiymətləndirildi. Yarışın təşkilatçılıq səviyyəsindən razı qalan Beynəlxalq Cüdo Federasiyasının nümayəndələri 2018-ci ildə dünya çempionatını Bakıda keçirməklə bağlı istəklərini bildirdilər. Uzun sürən danışıqlardan sonra bu təklifi qəbul etdik. Olimpiya Oyunlarından qabaq Beynəlxalq Cüdo Federasiyasının növbəti toplantısında rəsmi olaraq bu qərar öz təsdiqini tapdı. Baxmayaraq ki, Bakıdakı dünya çempionatına iki il var, amma hazırlıq işlərinə artıq başlamışıq. Yarışın keçiriləcəyi məkan barədə hələki, ortaq məxrəcə gələ bilməmişik. Çünki dünya çempionatının texniki tələbləri başqa olur.