Uşaq və gənclərin formalaşmasında təhsil müəssisələrinin rolu böyükdür

Uşaq və gənclərin formalaşmasında təhsil müəssisələrinin rolu böyükdür



Dövlətin gənclər siyasətinin əsasını təşkil edən məsələlərdən biri də uşaq və gənclərin idman və bədən tərbiyəsi ilə məşğul olmalarını təmin etməkdir. Çünki sağlamlıq müasir dövrümüzdə mühüm əhəmiyyət kəsb edən önəmli amildir. Bu nöqteyi-nəzərdən ölkənin orta ümumtəhsil məktəblərində, ali və orta ixtisas müəssisələrində, elm ocaqlarında uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində mühüm işlər görülür, müvafiq tədbirlər həyata keçirilir.

Azərbaycanda idman, təhsil sahəsində aparılan islahatlar nəticə etibarilə yeni nəslin sağlam və hərtərəfli formalaşmasına xidmət edir. Fiziki və mənəvi cəhətdən inkişaf etmiş gənclərin hazırlanması ölkəmizdə məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilir. Bunun üçün cəmiyyətin təhsil, idman sahələri öz işlərini kompleks və sistemli şəkildə qurmağa çalışırlar. Səbail rayonu ərazisində fəaliyyət göstərən 91 saylı tam orta məktəbdə də bu sahə diqqətdən kənarda qalmayıb. Qocaman tədris ocaqlarından olan bu təhsil ocağında uşaq və gənclərin fiziki cəhətdən sağlam böyümələri, xalqımızın adət-ənənələrinə hörmət, vətənə məhəbbət və sədaqət, eləcə də gənclərin torpaqlarımızın müdafiəsinə hazır olmaları ruhunda tərbiyə edilməsi istiqamətində müəyyən işlər görülür.



"İlin ən yaxşı məktəbi " adına layiq görülüb

91 saylı tam orta məktəb Səbail rayonu ərazisində fəaliyyət göstərən 17 orta məktəbdən biridir. Bu təhsil ocağı 1937-ci ildən fəaliyyət göstərir. Vaxtı ilə hərbi hospital olan məktəbin 40 sinfində 1018 şagird təhsil alır. Bu şagirdlərdən 694-ü, Azərbaycan, 324-ü isə rus bölməsində biliklərə yiyələnir. Onların təlim-tərbiyəsi ilə 94 müəllim məşğul olur. Müəllimlər arasında təcrübəli, peşəkar, öz sənətinin vurğunu olan mütəxəssislər kifayət qədərdir. Məktəbin pedaqoji kollektivi hərtərəfli biliyə malik, mütərəqqi dünyagörüşə sahib olan, vətənini göz bəbəyi kimi qorumağa hazır olan gənclərin yetişməsi işini özünün əsas vəzifəsi hesab edir. Orta məktəb 2011-ci ildə "İlin ən yaxşı məktəbi " adına layiq görülüb. Məhz həmin ildə "Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial iqtisadi inkişaf proqramına" uyğun olaraq burada əsaslı təmir işləri aparılıb.

Nizam-intizam çox yüksək səviyyədədir

Təbii ki, hər bir məktəbin adını müxtəlif sahələrdə öz sözünü deməyi bacaran, istedadlı məzunlar daha da şərəfləndirirlər. Haqqında sözügüdən təhsil ocağının da məzunları arasında tanınmış insanlar çoxdur. Elə bir faktı deyək ki, sovet kinomatoqrafiyasının gözəl ekran əsərlərindən olan "Moskva göz yaşlarına inanmır” (1979) filminin qəhrəmanı olan Dmitri Yerşov 91 saylı məktəbin məzunu olub. Lomonosov adına Moskva Dövlət Universitetinin professorları arasında bu məktəbin də məzunu var.

Bu təhsil ocağında nizam-intizam, müəllim-şagird münasibətləri çox yüksək səviyyədədir. İşini günün tələbləri səviyyəsində qurmağı bacaran və ölkə gənclərinin təhsili, təlim-tərbiyəsi ilə yuksək səviyyədə məşğul olan belə tədris müəssisələrinin olması çox sevindiricidir. 

91 saylı tam orta məktəbə təcrübəli pedaqoq Svetlana Zülfüqarova rəhbərlik edir. 2003-cü ildən bu təhsil müəssisəsinin direktoru vəzifəsində çalışan Svetlana xanım həyatını şagirdlərsiz təsəvvür etmir. Rəhbərlik etdiyi təhsil müəssisənin fəaliyyətindən danışan S.Zülfüqarova şagirdlərin təlim-tərbiyəsi və təhsili ilə bağlı fikirlərini bizimlə bölüşdü: "Dövlətimizin təhsil sahəsində verdiyi qanunda mənəvi zənginliyi, əxlaqi saflığı, fiziki kamilliyi ahəngdar surətdə özündə birləşdirən yeni insan tərbiyəsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Bu baxımdan fiziki və mənəvi cəhətdən möhkəm, sağlam uşaq və gənclərin tərbiyə edilməsi, onların əsl insan kimi vətənə məhəbbət ruhunda formalaşması təhsil müəssisələrindən böyük məsuliyyət tələb edir. Rəhbərlik etdiyim 91 saylı orta məktəb də uşaq və gənclərin fiziki tərbiyəsi, onların vətənpərvərlik ruhunda böyümələri istiqamətində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Məktəbdə şagirdlərimizin təlim-tərbiyəsi, təhsil almaları və sağlam ruhda yetişmələri üçün mövcud olan bütün imkanlardan istifadə edirik. Çünki gələcək gənclərindir. Xalqımızın, respublikamızın gələcəyini etibarlı əllərə təqdim etmək üçün bizdən böyük məsuliyyət tələb olunur.

Məktəbimiz qocaman tədris müəssisələrindən biridir və özünəməxsus ənənələri ilə seçilir. Təhsil sistemində mövcud olan qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, istedadlı şagirdlərin aşkar edilməsi və onlara qayğı göstərilməsi daim diqqət mərkəzindədir. Məktəbdə gənc müəllimlərin maarifləndirilməsi, şagirdlərin təlim-tərbiyə işinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırırıq. Müəllimlərin yaradıcılıq axtarışlarını öyrənmək və qabaqcıl təcrübələri yaymaq məqsədi ilə il boyu "açıq dərs"lər keçilir. Məktəbimizdə mütamadi olaraq ayrı-ayrı fənnlər üzrə aylıqlar da təşkil edilir. Məsələn, oktyabr ayı bizdə fizika aylığı kimi qəbul edilib. Proqram materiallarının mənimsədiklərini yoxlamaq məqsədi ilə hər yarımildə test yoxlamaları təşkil olunur.

Gənc nəslin dünyagörüşünün genişlənməsində mühüm rol oynayan sinifdənxaric və məktəbdənkənar tədbirlərə də böyük önəm veririk. Sevindirici haldır ki, ötən il orta təhsilini başa vuran 54 nəfər məzunumuzdan 39 nəfəri müxtəlif ali məktəblərə qəbul olub. Onlardan 2-si xaricdə təhsil alır. 10 nəfər şagirdimiz qəbul imtahanında 500-dən artıq bal toplayıb. Ötən il həm də məktəbimiz 9-cu sinif şagirdləri arasında buraxılış imtahanının nəticələrinə görə respublikada yüksək nəticə göstərib.


"Məktəbimizdə şagirdlərin fiziki tərbiyəsinə xüsusi diqqət yetirilir”

Məktəbin direktoru şagirdlərin sağlamlığı, fəal həyat tərzi keçirmələri probleminə də toxundu. O qeyd etdi ki, insan özünü fiziki formaya uyğunlaşdırmaq üçün buna kiçik yaşlarından başlamalıdır. Hələ uşaq bağşasında, orta məktəbdə oxuyarkən mənəvi və fiziki kamilliyə yol açan bir bazanın yaradılmasının vacibliyini vurğulayan S.Zülfüqarova dedi: "Məktəbimizdə şagirdlərin fiziki tərbiyəsinə xüsusi diqqət yetirilir. Çünki müasir dövrümüzdə ölkəmizin, xalqımızın sağlam gənclərə ehtiyacı vardır. Sağlam gənclik, həm də sağlam ordu deməkdir. Bu baxımdan uşaq və gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzinə cəlb edilmələri vacib məsələdir və biz bunun əhəmiyyətini dərk edirik. Özünüz də şahidi oldunuz ki, məktəbimizdə fiziki tərbiyə dərsləri yüksək səviyyədə tədris olunur. Tədrisin keyfiyyətini artıran amillərdən ən mühümü, əlbəttə ki, idman zalının avadanlıqlarla təmin olunmasıdır. 



Qocaman müəllimlərimizdən olan Zəfər Məmmədzadənin fiziki tərbiyə dərslərinin şagirdlərə dərindən aşılanmasında böyük əməyi vardır. Şagirdlər dərslərdə böyük həvəslə iştirak edirlər. Zəfər müəllimin təşkilatçılığı və rəhbərliyi altında hər il məktəbimizdə Azərbaycanın milli qəhrəmanları Çingiz Mustafayev, Mübariz İbrahimovun xatirəsinə məktəbdaxili mini-futbol turnirləri təşkil edilir”.

Uşaq və gənclərin vətənpərvərlik, azərbaycançılıq ideyaları əsasında, tariximizə, mədəni irsimizə, adət-ənənələrimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması dövlətin gənclər siyasətinin əsas prinsiplərini özündə əks etdirir. Bununla bağlı məktəbdə hansı işlər görüldüyü ilə maraqlandıqda Svetlana xahım mütamadi olaraq məktəbdənkənar, sinifdənxaric tədbirlərin təşkil edildiyini qeyd etdi. O bildirdi ki, yeni tədris ilini ilk ayında, yəni sentyabrın 21-də "Biz sülh istəyirik” mövzusunda maraqlı tədbir təşkil olunub. Şagirdlər burada maraqlı konsert proqramı ilə çıxış ediblər. Direktorun sözlərinə görə, hər il oktyabrın 1-də ənənəvi olaraq qeyd olunan "Ahıllar günü”ndə məktəbin şagirdləri Səbail rayonu ərazisində yaşayan tənha, əlil qocalara baş çəkir, onlara sovqat aparır, ev işlərində yardım edirlər. Təbii ki, bu tədbirlərin gələcəyimiz olan uşaq və gənclərin böyüyə, ağsaqqala hörmət ruhunda tərbiyə olunmasında böyük rolu vardır.

"Valideynlər dəstək göstərəndə nəticə qənaətbəxş olur "

91 saylı orta məktəbdə diqqətimi cəlb edən, ürəkaçan mənzərədən biri də burada yaradılan muzey oldu. Muzey şagirdlərin və valideynlərin köməyi ilə yaradılıb. Burada qədim əşyalar –məişət əşyaları, xalılar, saxsı və mis qablar, gözəl əl işləri toplanıb. Tarix dərsində bunlardan əyani vəsait kimi istifadə olunur. Svetlana xanım deyir ki, muzeyin yaradılması təşəbbüsü ona məxsusdur və bu ideya onun fikrinə Moskva məktəblərinin birində olarkən gəlib: "Moskva məktəblərinin birində gözəl mənzərənin şahidi oldum. Burada yaradılan və tarixi eksponatlarla zəngin olan muzey çox xoşuma gəldi. Fikirləşdim ki, məktəbimizdə belə bir muzey açsaq, yaxşı olar. Biz tariximizi qorumalı və onu unutmamalıyıq. Onu uşaqlara sevdirmək isə borcumuzdur. Çalışırıq ki, şagirdlərimiz milli-mənəvi dəyərlərimizə ehtiram, sədaqət, vətənə məhəbbət ruhunda tərbiyə olunsunlar”.
Müəllim-şagird münasibətindən söhbət düşdükdə isə Svetlana xanım bir pedaqoq kimi nigarançılığını gizlədə bilmədi: "Yaxşı yadımdadır, aşağı qiymət alanda, məktəbdə şuluq salanda anam izah, səbəb soruşmadan həmişə bizi danlayar, müəllimin tərəfini tutardı. Biz də çalışardıq ki, bir də belə şeylər təkrarlanmasın. Amma indi valideynlərin əksəriyyəti övladının nazı ilə oynayır. Bu, düzgün deyil. Valideynlər təlim-tərbiyə, təhsil prosesində bizə dəstək olanda nəticə də qənaətbəxş olur”.


Qeyd edim ki, məktəbdə fiziki tərbiyə fənninin tədrisi ilə dörd müəllim məşğul olur. Onlardan biri də fəxri bədən tərbiyəsi və idman işçisi Zəfər Məmmədzadədir. Zəfər müəllim öz peşəsinin vurğunu olan insanlardandır. Onu yenidən işinin başında görmək çox şad idi. Bu insanla ilk tanışlığım nə az, nə çox düz 20 il bundan əvvələ təsadüf edir. İnstititutu bitirib azad təyinatla Səbail rayonundakı 91 saylı orta məktəbdə işə başlayanda mənə dəstək olan pedaqoqlardan biri də məhz Zəfər müəllim idi. Şuxluğu, gümrahlığı necə var, elə qalıb. Sadəcə, yaş üstünə yaş gəlib. Zəfər müəllimlə idman zalında görüşdük. Həmişə olduğu kimi formada idi. Zalda gördüklərimdən heyran qaldım. Səliqə ilə təmir edilmiş idman zalında şagirdlərin məşğul olmaları üçün hər bir şərait var və lazımı avadanlıqlarla təmin olunub. Etiraf edim ki, orta məktəblərdə belə idman zalının olması məni çox sevindirdi.




"Oturaq həyat tərzi insan sağlamlığı üçün çox təhlükəlidir”

Zəfər Məmmədzadə peşəsini çox sevdiyini, həyatını idmansız təsəvvür edə bilmədiyindən, sağlamlığın vacibliyindən danışdı: "Uşaqlıqdan idmana böyük həvəsim olub. Çünki sağlam böyümək istəyirdim. İstəyirdim ki, heç kəsdən asılı olmayım, müstəqil olum. Çünki idman, bədən tərbiyəsi insanın sərbəst, müstəqil böyüməsində əvəzsiz rol oynayır. 
66 yaşım var. Hələ indiyə qədər səhhətimdən şikayət etməmişəm. Çünki hər gün idman edirəm. Səhərlər qaçıram. 172 dəfə jim edirəm, halqada 10, turnikdə 300 dəfə dartınıram. Hər bazar günü velosipedlə Bayraq Meydanının yanından Əhmədlidə yerləşən "Nargilə” kafesinin yanına və geri qayıdıram. İndiyə qədər nə siqaret çəkmişəm, nə də spirtli içki qəbul etmişəm. Nəticə göz qabağındadır. Qidama xüsusilə fikir verirəm. Bir sözlə, xəstələnib yatağa düşmək istəmirəm. Hər kəs sağlamlığının qeydinə qalmalı, özünün həkimi olmalıdır. Mən deyərdim ki, insanlar dərman dalınca qaçmaqdansa, idmanın dalınca qaçsınlar. Oturaq həyat tərzi insan sağlamlığı üçün çox təhlükəlidir. Onurğa ilə əlaqədar xəstəliklərin kökündə məhz hərəkətsizlik, passiv həyat tərzi durur. Həyatımızın bir parçasına çevrilən telefon və kompüterlərdən düzgün istifadə olunmaması da qarşısı alınmayan fəsadlara aparıb çıxarır. Nəticədə ostoxondroz, skolioz kimi xəstəliklər yaranır. Bu, xüsusilə gənclərə aiddir. Bugünkü gənclər sağlam, savadlı, fəal olmalıdırlar ki, ailəsinə, vətəninə xeyir verə bilsinlər. Gənc mütəxəssislər peşəkar insanların təcrübəsindən yararlanmalı, onlardan öyrənməlidirlər. İndiki gənclərin bəziləri çox tənbəldirlər, passiv həyat tərzi sürür, işləməyi sevmirlər”.



Həmsöhbətim məktəbin məzunu olan və hazırda Ağdamın "Qarabağ” komandasının heyətində oynayan Maksim Medvedev, 6-cı sinif şagirdi Mətin Mürsəlli kimilərlə qürur duyduğunu da dilə gətirdi. O, Maksimin gələcəkdə tanınmış futbolçu olacağını əvvəlcədən hiss etdiyini deyir. Qeyd edim ki, Mətin Mürsəlli peşəkar şahmatla məşğul olur. O, məktəblərarası Avropa çempionatının qalibidir.

Zəfər müəllim bölgələrdə və paytaxt Bakıda insanların asudə vaxtlarını keçirmələri və onların idmanla məşğul olmaları üçün gözəl şərait yaradıldığından fərəhlə danışdı. O qeyd etdi ki, idmanla məşğul olmaq üçün valideynlər övladlarını kiçik yaşlarından buna vərdiş elətdirməlidirlər. Onun sözlərinə görə, Bakı bulvarı bu ərazidə yaşayan insanlar üçün, fərqi yoxdur, yaşlı və ya cavan olsun, gözəl məkandır: "Bulvarda qaçış və velosiped sürmək üçün cığırlar var. "Şeytan çarxı”nın yaxınlığında quraşdırılan trenajorlardan gündə onlarla Baki sakini ödənişsiz istifadə edir. Bu, çox yaxşıdır.”

Fiziki tərbiyə müəllimi mənim gün rejimi ilə bağlı sualımı belə cavablandırdı və yenə də söhbəti gənc nəslin təlim-tərbiyəsinin üstünə gətirdi: "Gün rejimim belədir ki, səhər tezdən dururam. İdman etdikdən sonra məktəbin idman zalına gəlirəm, formamı geyinirəm. Indiki şagirdlər hər şeyə - müəllimin yerişinə, duruşuna, danışığına, özünü aparmasına diqqət yetirirlər. Çalışıram ki, yetirmələrim fiziki tərbiyənin, idmanın insan üçün nə qədər vacib və önəmli olduğunu anlasınlar. Uşaq və gənclərimiz zərərli vərdişlərdən çəkinərək sağlam həyat tərzinə üstünlük verməlidirlər. Siqaret çəkən uşaqları görəndə tənbeh edir, valideyninə bu barədə məlumat verirəm ki, vaxtında ölçü götürsün. Çoxları buna görə məni qınayır. 





Amma mən deyirəm ki, biz, yaşlılar onlara düz yol göstərməsək, bəs kim göstərəcək? Bir də savadlı, bilikli olmaq, cəmiyyətə gərəkli olmaq üçün uşaq və gənclərimiz çox oxumalı, məsuliyyətli olmalıdırlar. Orduda xidmət edən şagirdlərim mənə zəng vurub minnətdarlıqlarını bildirirəndə çox sevinirəm. Deyirlər ki, vaxtilə bizə məcburən öyrətdikləriniz indi çox gərəyimizə gəlir. Oğlanlarımız fiziki cəhətdən daha sağlam və güclü olmalıdırlar. Çünki onlar vətənin əsgərləridir, gələcəyin ailə başçısıdırlar. Ömrümün 42 ilini idmana, uşaqların fiziki təlim-tərbiyəsinə həsr etmişəm. Orden, mükafat istəmirəm. Amma şagirdimin və ya valideynin mənə bir kəlmə minnətdarlığı mənim üçün böyük hədiyyədir”.

Hər il ənənəvi mini-futbol yarışları keçirilir

91 saylı məktəbdə hər ilin fevral ayında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə siniflərarası mini-futbol turnirinin təşkil edilməsi artıq ənənə halını alıb. Yarışların baş hakimi və təşkilatçısı Zəfər Məmmədzadənin dediyinə görə, tədbirdə şəhid əsgərimizin qohumları, AFFA və Bakı Şəhəri Gənclər və İdman İdarəsinin rəsmiləri iştirak edirlər. Zəfər müəllim təhsil ocağında digər tədbirlərin təşkil olunduğundan da danışdı: "Əlamətdar günlərlə əlaqədar olaraq məktəbimizdə müxtəlif tədbir və yarışlar keçirilir. Novruz turniri də onlardan biridir. Qarşıdan 9 noyabr -Dövlət Bayrağı Günü gəlir. Bu münasibətlə siniflərarası estafet yarışları təşkil etməyi planlaşdırırıq. Velosiped və badminton idman növləri üzrə də yarış keçirmək fikrindəyik. 2017-ci ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Təbliğat məqsədilə Səbail rayonu məktəbləri arasında müxtəlif idman növləri üzrə təşkil edilən yarışlarda bizim məktəbin komandası da iştirak edəcək”.

Zəfər müəllim söhbətinin sonunda ölkəmizdə idman və Olimpiya Hərəkatının yüksək səviyyədə inkişafından, təmsilçilərimizin mötəbər yarışlarda qazandıqları qələbələrdən ruhlandığını, bir azərbaycanlı kimi fəxr etdiyini bildirdi: "Azərbaycanda bütün sahələrə olduğu kimi idmana, Olimpiya Hərəkatına böyük diqqət və qayğı göstərilir. İdmançılarımız ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış edir, vətənimizin şərəfini uca tuturlar. Ölkəmizin avqust ayında keçirilən Olimpiya Oyunlarında 18 medalla medalçı ölkələr sırasında 39-cu yeri tutması çox böyük nəticədir. Bu, hər birimiz üçün böyük fəxrdir. Beynəlxalq arenada Azərbaycanın himninin səslənməsi, üçrəngli bayrağımızın qaldırılmasından gözəl nə ola bilər?”.

Azərbaycan dövlətinin əsas məramı gənc nəslin xalqımıza layiq şəkildə, sağlam, güclü, vətənpərvər ruhda tərbiyəsidir. Bu baxımdan uşaq və gənclərin sağlam, inlellektual səviyyədə tərbiyə olunması məsələsinin düzgün həlli üçün ailə, məktəbəqədər tərbiyə müəssisələri, orta məktəblər, ali təhsil ocaqlarının birgə və səmərəli fəaliyyəti istənilən nəticənin alınmasında önəmli amil rolunu oynayır. Hazırda uşaqların və gənclərin fiziki və mənəvi inkişafı, onların vətənə məhəbbət ruhunda tərbiyə edilməsi, zərərli vərdişlərdən uzaqlaşması sahəsində belə bir qarşılıqlı əlaqəyə böyük ehtiyac var. Çünki qəbul edilən islahatlar böyüməkdə olan gənc nəslin düzgün tərbiyə edilməsində, onların fiziki və mənəvi cəhətdən sağlam inkişafında cəmiyyətin bütün sahələrinin fəal iştirakını tələb edir.




Səadət Hakıyeva