Bəşər övladına humanist dəyərlər təlqin edən, ona vətənə məhəbbət, sədaqət, milli qürur hissləri aşılayan idman güclü mənəvi-etik dəyərlərə malik olmaqla yanaşı, dövlətlərin hərtərəfli inkişafında, habelə dünya miqyasında tanınmasında vacib rol oynayan vasitədir. Son illərdə idman sahəsində ardıcıl olaraq həyata keçirilən dövlət siyasəti bədən tərbiyəsi və idmanın kütləvi inkişafına, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına, sağlam həyat tərzinin formalaşdırılmasına, gənc nəslin fiziki-mənəvi tərbiyəsinə, beynəlxalq yarışlarda uğurla çıxış edə biləcək yüksək səviyyəli idmançıların və milli yığma komandaların hazırlanmasına yönəldilib. Ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər son dərəcə mühüm xarakter alıb.
"Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” layihəsi çərçivəsində mütamadi yazılar dərc edən "Olimpiya dünyası”nın budəfəki müsahibi Olimpiya və ikiqat dünya çempionu, Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurovdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2002-ci ildə "Tərəqqi”, 2004-cü ildə "Şöhrət” ordeninə layiq görülən Fərid Mansurov bizimlə söhbətində uşaqlıq illərindən, idmana olan sevgisindən, ölkədə idman və Olimpiya Hərəkatının inkişafından, idmanın uşaq və gənclərin həyatında önəmli rolundan danışdı.
"Güləşi seçdim”
- Fərid müəllim, sizdə idmana məhəbbət haradan yaranıb?
-Mən güləşi sevən bir ailədə dünyaya göz açmışam. Gürcüstanda doğulmuşam, sonra Bakıya köçmüşük. Atam mühəndis, anam isə evdar xanımdır. Atam həmişə qardaşımla məni güləşdirərdi. O, uşaqlıqdan bizdə bu idman növünə xüsusi maraq oyadıb. Hətta atam evimizə qonaq gələn uşaqlarla da bizi güləşdirməyi sevirdi. Bir sözlə, güləş ab-havasında böyümüşəm.
- Eşitdiyimizə görə, uşaqlıqda güləşlə bərabər taekvondo ilə də məşğul olmusunuz. Niyə məhz güləş seçdiniz?
- Güləşlə bərabər taekvondoyla da məşğul olurdum. Hələ üstəlik dərslərimi də yaxşı oxuyurdum. Amma bunların hamısına o vaxt çatdırmaqda çətinlik çəkirdim və çox yorulurdum. Bir dəfə valideynlərim ev tapşırıqlarını edərkən başımı yazı stolunun ustunə qoyub yatdığımı gördülər. Bundan sonra atam və anam mənə yalnız bir idman növü ilə məşğul olmağı tövsiyə etdilər. Mən də güləşdə nailliyyətim olduğu üçün bu növü seçdim.
- Bəzən idmanla məşğul olan uşaq və gənclər təhsilə o qədər də maraq göstərmirlər. Buna münasibətiniz necədir?
- Əlbəttə, buna çox pis baxıram. Savad, bilik hər yerdə hər kəsə lazımdır. Uşaq və gənclərin təhsildən yayınmamaları üçün ailənin müdaxiləsi mütləqdir. Müəllimi qoyaq bir kənara, əgər valideyn evdə övladına düzgün istiqamət verməyi bacarmırsa, bu, çox pis haldır. Çoxları elə düşünür ki, şagirdlərin təhsili ilə bağlı problemlərlə yalnız müəllimlər, məktəb məşğul olmalıdır. Bu, düzgün fikir deyil. Övladlarını idman bölməsinə yazdıran valideynlərin əksəriyyəti isə düşünür ki, bir müddət idmanla məşğul oldular, bəsdir. Düşünmürlər ki, idmanda müəyyən hədd vardır və o həddi keçəndən sonra onun övladı üçün problem yaranacaq. Bu səbəbdən təhsillə idman parallel şəkildə aparılmalıdır.
"Əslində həkim olmağı çox istəyirdim”
- Uşaqlıqda hansı sənətin sahibi olmaq istəmisiniz?
- Əslində həkim olmağı çox istəyirdim. Bu sənət sahiblərinə xüsusi rəğbət bəsləyirdim. Ağ xalatlı həkimləri görəndə məndə qəribə hiss oyanırdı. İnanırdım ki, məndən yaxşı həkim olar. İstəyimin ardınca getsəydim, bəlkə də alınardı. Amma güləşi seçdim. Çünki atam mənim güləşçi olmağımı istəyirdi və mən valideynimin arzusunu yerinə yetirdim. Heç də peşman deyiləm. Yaxşı ki, güləşdəyəm.
-Fərid Mansurov kimdir - Olimpiya çempionu, məmur yoxsa, adi vətəndaş?
- Mən hər şeydən əvvəl, öz ölkəsini, vətənini sevən adi azərbaycanlıyam, əsgərəm. Kimliyindən asılı olmayaraq hər bir insan doğulduğu torpağı sevməli, onun keşiyində durmağı bacarmalıdır. Məncə, vətəni sevməyən insan nə valideynlərinin, nə ailəsinin qayğısını çəkə bilməz, öz işində irəli gedə bilməz.
- Məşhur olmaq, insanlar arasında tanınmaq üçün nə lazımdır?
-Mən sadəliyi sevdiyim üçün göz önündə olmağı sevmirəm. İnsan gərək öz xeyirxahlığı, yaxşı əməlləri ilə sevilsin, tanınsın. Vəzifə əldə etmək, tanınmaq üçün özünü gözə soxan insanlara münasibətim mənfidir. Necə deyərlər, göz önündə olmaq yerinə, gizlənməyi daha çox xoşlayıram. İnsanlar kimin və nəyin daha yaxşı və daha pis olduğunu gözəl bilirlər. Hansı sahədə çalışırsansa çalış, yaxşı insan ol, işinin peşəkarı ol. Sadə və səmimi insanam. Əvvəl necəydimsə, indi də eləyəm. Ağac bar verdikcə, başını aşağı əyər, deyirlər. Ətrafımdakı insanlara vəzifəsindən, mövqeyindən asılı olmayaraq eyni münasibət göstərməyə çalışıram. Çünki sadəlik, təvazökarlıq insana xas olan ən gözəl keyfiyyətlərdir.
"Çətinliklər, əzab-əziyyət səni qorxutmamalıdır”
- Bəzən elə olur ki, insan ömrü boyu həyatda namümkünü mümkünə çevirməyə çalışır. Kimisi buna nail olur, kimisi isə…
- İnsanın arzuları reallığa uyğun gəlməlidir. Gərək elə şeylər arzu edəsən ki, onu həyata keçirmək mümkün olsun. Amma elə arzular vardır ki, onları reallaşdırmaq insanın öz əlindədir. Yalnız onlara çatmaq üçün qarşına məqsəd qoymalı və ona doğru getməlisən. Mümkünsüzü həyata keçirmək üçün həm də istək olmalıdır. Bu yolda rastlaşdığın çətinliklər, əzab-əziyyət səni qorxutmamalıdır. İnsan arzularına çatmaq üçün çox çalışmalı, iradəli, qətiyyətli olmalıdır. Bu məsələdə xarakter önəmli rol oynayır.
- Elçin Cəfərovun bir insan, bir məşqçi kimi sizin həyatınızda rolu nədən ibarətdir?
- Elçin Cəfərov 2002-ci ildə Azərbaycan Güləş Federasiyasında baş məşqçi vəzifəsinə təyin olunanda mən gənclər üzrə yığma komandada məşq edirdim. Elçin Cəfərovun gəlişi ilə sanki komandaya yeni ruh gəldi. Perspektivli gənclər böyüklər arasında yığmaya cəlb edildi ki, onlardan biri də mən idim. Elçin müəllim baş məşqçi işlədiyi müddətdə Olimpiya, dünya, Avropa, çempionları yetişdirməyə nail oldu. Vitali Rəhimov, Rövşən Bayramov, İlqar Abdulov məhz həmin dövrdə yüksək nəticələr qazandılar. Bu uğurların bünövrəsində, təbii ki, dəmir nizam-intizam, peşəkarlıq, güləşçilərlə işləmək bacarığı dururdu. Elçin müəllim öz işini bilən mütəxəssislərdəndir. Biz onunla müəyyən sınaqlardan, çətinliklərdən bir yerdə keçmişik. Elçin Cəfərov mənim üçün dəyərli insanlardan biridir. Bizim çox səmimi münasibətlərimiz var. İndi də tez-tez görüşürük, sıx əlaqə saxlayırıq.
- Fərid müəllim, yeri gəlmişkən, həmin dövrlə müqayisədə indi güləşin inkişafını necə dəyərləndirirsiniz?
- O vaxtlar federasiya indiki kimi inkişaf etməmişdi. Müəyyən çətinliklər var idi. Həticələrimiz bugünkü qədər olmasa da, var idi. Əlbəttə, indi vəziyyət tamamilə başqadır. Azərbaycan Güləş Federasiyası (AGF) hazırda dünyada tanınan federasiyalardan biridir. AGF ölkədə güləşin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. İdmançıların rahat məşq etmələri üçün hər bir şərait yaradılıb, zallar avadanlıqa təmin olunub. Güləşçilərimizin beynəlxaq səviyyəli turnirlərdə iştirak etməsi üçün imkan yaradılır.
Təbii ki, güləşçilərimiz də bu diqqət və qayğıdan ruhlanaraq nəticələrin sayını artırır, vətənimizin şərəfini uca tuturlar. Bu il Rio-2016 Yay Olimpiya Oyunlarında əldə edilən 18 medaldan 9-nu məhz pəhləvanlarımız qazanıblar. Azərbaycan yığmasının Olimpiya Oyunlarında əldə etdiyi 44 medaldan 23-ü məhz güləş idman növünün payına düşür. Bu, çox böyük göstəricidir. Bugünlərdə paytaxtımızda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən Qızıl Qran-pri turnirində güləşçilərimiz 17 (7 qızıl, 3 gümüş və 7 bürünc) medal qazandılar. Dünyanın 50-dən artıq ölkəsindən 700-ə qədər idmançının iştirak etdiyi bu mötəbər turnirdə idmançılarımız yenə öz layiqli sözlərini deməyi bacardılar. Qızıl Qran-pri yarışlarının keçirildiyi 9 il ərzində isə qazandıqları medalların sayını 192-yə (63 qızıl, 49 gümüş, 80 bürünc medal) çatdırdılar.
- Məşqçi olmaq çətindirmi?
- İdman elə bir sahədir ki, yoxuşu, enişi var. Burada qələbə də var, məğlubiyyət də. Qələbədən danışmıram, məğlubiyyət acısı ilə qarşı-qarşıya gələndə sənə ilk dəstək olan insan məhz məşqçi olur. Səni sınmağa, ruhdan düşməyə qoymur, yenidən məşq zalına getməyə məcbur edir. Məşqçi sənə yaxşını pisdən ayırmağı başa salır, şad günündə sevinir, kədərinə şərik olur. Məşq prosesində sərt, həyatda ata, dost kimi olmalıdır məşqçilər. Bu, çox çətin və məsuliyyətli peşədir və hər kəs bu sahədə ucalmağı bacarmır.
"Çalışıram ki, mənə göstərilən etimadı doğruldum”
- İdmançı olmaq çətindir, yoxsa məmur?
- Hər sahənin özünəməxsus çətinliyi vardır. İnsan öz işini biləndə, tutduğu vəzifənin məsuliyyətini dərk edəndə ona heç bir iş çətin gəlmir. Əvvəllər Vergilər Nazirliyində işləyirdim. Nə gizlədim, bu işim o qədər də ürəyimcə deyildi. İdman mənim bildiyim, bələd olduğum bir sahə olduğu üçün mənə çox yaxındır. İdmandakı uğurlar, nəticələr, yarışlar barədə məlumatlıyam, kifayət qədər təcrübəm var. Çalışıram ki, bu sahədə işimin öhdəsindən bacarıqla gəlim, mənə göstərilən etimadı doğruldum. Yeri gəlmişkən, "Olimpiya dünyası” qəzeti vasitəsilə mənə göstərdikləri etimada görə başda ölkə rəhbəri olmaqla, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə öz minnətdarlığımı bildirirəm.
İdman həyatına gəldikdə, idmançının həyatında fiziki yükləmələr, gərgin məşqlər, təlim-məşq toplanışları, zədələr bir-birini əvəz edir. Uzun müddət ailədən ayrı qalırsan. Yarışlarda həm özünün, həm də yığmada birgə məşq etdiyin komanda yoldaşlarının nəticə göstərməyini çox istəyirsən. Amma son nəticədə tatamiyə çıxanda rəqibində və özündən başqa heç kəs haqqında düşünmürsən. Burada söhbət güləşdən gedir. Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri kimi bütün federasiyalarla işləyir, müxtəlif insanlarla əlaqə saxlayıram. Bu, çox məsuliyyətli işdir.
- Olimpiya çempionu olduqdan sonra bir müddət idmandan kənarda qaldınız…
- Afina-2004 Yay Olimpiya Oyunlarından sonra onurğamdan ciddi zədə aldım. O vaxt Azərbaycan Gənclər və Turizm Nazirliyinin rəhbəri Əbülfəs Qarayevin tapşırığı ilə Moskvaya müalicəyə göndərildim. Müalicə alsam da, bir xeyri olmadı. Ağrılarım davam edirdi. Bir müddət idmandan kənarda qalmalı oldum. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idmançılarla görüşlərinin birində Elçin Cəfərovdan soruşub ki, bəs Fərid Mansurov hardadır, niyə görsənmir? Elçin müəllim məlum vəziyyət barədə ölkə rəhbərinə məlumat verdikdən sonra tapşırıq verilib ki, Fərid Mansurovun müalicəsi ilə bağlı nə lazımdırsa edilsin. Bundan sonra müalicə üçün məni Almaniyaya göndərdilər. Həkimlər yenidən idmana qayıtmağım üçün mütləq əməliyyat olunmağımı məsləhət gördülər. Əməliyyat uğurla keçdi və mən 2007-ci ilin ortalarından başlayaraq məşqlərdə iştirak etməyə başladım. Həmin ilin sentyabr ayında dünya çempionu tituluna layiq görüldüm.
- Fərid Mansurovun qismətində Avropa çempionu olmaq yox imiş…
- Avropa çempionu olmağı çox istəyirdim, amma alınmadı. Bunun üçün gücüm də var idi, potensialım da. Olimpiya, dünya çempionu olmuşam, amma Avropa çempionu titulunu qazanmamışam. Adətən, idmançılar öncə Avropa, sonra dünya çempionatı üçün hazırlaşır, amma mən həmişə dünya çempionu olmaq üçün güləşirdim. Nə etmək olar, qismətimdə Avropa çempionu olmaq yox imiş.
- İdman karyeranıza vaxtından əvvəl son qoymağınıza nə səbəb oldu?
- 2010-cu ildə keçirilən dünya çempionatında ağır zədə aldım. Elə karyerama da həmin ildə son qoydum. Əslində, davam edə bilərdim, amma zədələr ağır olduğundan həkimlər məsləhət görmədilər. Amma davamlı olaraq məşqlərimi edirəm. Peşəkar bir idmançı tamamilə idmandan, məşqdən ayrıla bilməz. Bir neçə gün məşq etməyəndə özümü boşluqda olduğu kimi hiss edirəm.
"İdman həyatımın ayrılmaz hissəsidir”
- İdman sizin üçün nədir?
- İdman mənim üçün sağlam həyat tərzidir. İdman güclü xarakter, sağlam düşüncədir, prinsipiallıqdır, digərilərindən seçilməkdir. Mənim üçün həyatımın ayrılmaz hissəsidir.
- Necə düşünürsünüz, uşaq və gənclərin idmana cəlb edilməsi istiqamətində daha hansı işləri görmək lazım gəlir?
- Ölkəmizdə uşaq və gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzinə cəlb edilmələri istiqamətində mühüm tədbirlər həyata keçirilir. Müasir üslubda inşa edilmiş Olimpiya idman kompleksləri, idman zalları və stadionlarda onların məşq etmələri üçün hərtərəfli şərait yaradılıb. Bu məsələdə kütləvilik mühüm şərtdir. Uşaq və gənclərin zərərli vərdişlərdən uşaqlaşaraq sağlam həyat tərzinə cəlb olunmaları üçün ailə, məktəb, ali təhsil ocaqları, eləcə də müvafiq orqanlar əl-ələ verib işləməlidirlər.
İdmana məhəbbət uşaq yaşlarından aşılanmalıdır. Şagird məktəbdə dərslərini başa vurduqdan sonra idmanla məşğul olsa, onun zərərli vərdişlər barədə düşünməyə belə, vaxtı olmayacaq. Pedaqoqların, mütəxəssislərin də qeyd etdiyi kimi, pis vərdişlər bekarçılıqdan yaranır. Mütləq deyil ki, uşaq məhz idmanla məşğul olsun. Bu, rəsm də, ola bilər, musiqi də. Əsas maraq dairəsinin olmasıdır. Uşaqlar çox dəcəl olurlar və bu dəcəlliyi yaxşı istiqamətə yönəltmək lazımdır. Məşğul olduğu sahədə kiçicik də olsa uğur qazanan uşaqlar daha da həvəslənir, bu sahəyə daha yaxından bağlanırlar. Tənbəllikdən böyük bəla yoxdur və uşaqları bu pis vərdişdən yayındırmaq çox vacibdir.
- Kütləvi İnformasiya Vasitələri idmanın təbliğində hansı rolu oynayırlar?
- İdmanın təbliğində şübhəsiz ki, Kütləvi İnformasiya Vasitələrinin (KİV) rolu danılmazdır. İdman yarışlarının, idmançılarının uğur və nailiyyətlərinin geniş ictimaiyyətə çatdırılmasında media böyük rol oynayır. Amma idmançı hər hansı yarışda məğlub olanda bəzi KİV-lər onu qınaq, tənqid obyektinə çevirirlər. Axı hər bir sahədə olduğu kimi, idmanda da qələbə varsa, məğlubiyyət də var. Uğur qazanan idmançını təriflədiyimiz kimi, məğlub olan idmançıya da dəstək olmalıyıq, onu "sınmağa” qoymamalıyıq. İdmançını tənqid obyektinə çevirməmişdən əvvəl araşdırma aparılmalı, hadisələr təhlil olunmalıdır: görəsən, bu idmançı niyə məğlub oldu, bəlkə ailəsində problem var və yaxud məşqçisi ilə münasibətləri yaxşı deyil və s. Səbəblər mütləq araşdırılmalıdır.
İdmançının həyatı teatr aktyorunun səhnə arxasındakı vəziyyətini xatırladır.
İdmançı yarış meydançasına çıxmamışdan əvvəl bir çox mərhələlərdən keçir. Yarışa hazırlıq dövründə ciddi və fasiləsiz məşqlər, təlim-məşq tolanışları və s. Meydançaya çıxan andan əvvəl isə o, zədələnə, sarsıntı keçirə bilər. "Ulduz” xəstəliyinə tutulan idmançıları "baltalamaq” əvəzinə yaxından maraqlanmaq lazımdır ki, onlar niyə belə edirlər və hansı qaranlıq məqamları mövcuddur? Həmin idmançılar ictimaiyyət üçün tanınmış insane, amma ailəsində bir övladdır, qardaşdır və s. Düşünürəm ki, idmançıların bu "xəstəliyə” tutulmasında ictimaiyyət də müəyyən dərəcədə günahkardır. Bəzən tanınmış idmançıları həddən artıq ideallaşdırırıq.
- Sizin kimi idmançılar gənc nəsil üçün nümunədir. Bu mənada göz önündə olmaq çətindirmi?
- Dövlətimiz hər idmançının uğurunu lazımınca qiymətləndirir, ona böyük diqqət və qayğı göstərir. Fərid Mansurov Olimpiya çempionu olmasaydı, onu kim tanıyardı və bu mərtəbəyə gəlib çata bilərdimi? Əziyyət çəkib nəticə verməlisən. Nəticə verən idmançı tanınır, sevilir, eyni zamanda həm də diqqət mərkəzində olur. Gərək yolunu azmayasan. Göz önündə olmaq çətin məsələdir. Olimpiya, dünya, Avropa çempionları gənc nəsil üçün nümunədir, onlar bizə baxıb öyrənirlər.
- Mütaliə etməyi sevirsinizmi?
- Daha çox dedektiv əsərləri xoşlayıram. Çingiz Abdullayevin əsərlərinin demək olar, çoxunu mütaliə etmişəm. Ümumiyyətlə, bədii əsərlərə marağım böyükdür, vaxt tapdıqca vərəqləyirəm. Mütaliə insanı mənən zənginləşdirir, məlumatlı edir.
-Hansı janrda musiqiyə qulaq asmağı xoşlayırsınız?
- Adətən, klassik janrda müsiqiyə qulaq asıram. Bir də janrından asılı olmayaraq ifa, mahnı xoşuma gəlirsə, dinləyirəm. Musiqini əhval-ruhiyyəmə uyğun olaraq seçirəm. İdmançıların həyatında müsiqinin öz yeri var. Çünki gimnastikada, güləşdə idmançılar müsiqinin müşayiəti ilə meydana çıxırlar. Müsiqinin idmançıdakı psixoloji gərginliyin azaldılmasında rolu böyükdür. Musiqi güləş meydanında sanki bir stumul rolunu oynayır.
- Fərid Mansurov necə ailə başçısıdır və o, yaxınlarına vaxt ayıra bilirmi?
- İşdən kənar vaxtlarımı ailəmlə birgə keçirirəm, ailəmin qayğıları ilə maraqlanıram. İstirahət günləri gəzməyə çıxırıq, valideynlərimi görməyə gedirik. İki övladım var- bir oğlan, bir qız. Qızım 1-ci sinifdə oxuyur, bədii gimnastika ilə məşğul olur. Oğlum hələ balacadır, 4 yaşı var. 5 yaşı olandan sonra onu da hər hansı idman bölməsinə yazdıracağam.
- "Olimpiya dünyası” qəzetinə arzularınız?
- "Olimpiya dünyası” qəzeti artıq 15 ildir ki, oxucularının görüşünə gəlir. Düşünürəm ki, qəzetinin qarşıya qoyduğu məqsədə çata bilib və öz ərtafına kifayət qədər oxucu kütləsi yığa bilib. Qəzetinizin yaşı 4 Olimpiya Oyunlarının - Afina-2004, Pekin-2008, London-2012, Rio-2016 dövrünü əhatə edir. Olimpiada zamanı yarışların qəzetinz vasitəsilə birbaşa işıqlandırılması, qələbə qazanan idmançılarla müsahibələrin verilməsi diqqətəlayiqdir. Ölkədə idman və Olimpiya Hərəkatının təbliğinə geniş yer ayıran, olimpiyaçıların nailiyyətlərini işıqlandıraraq geniş ictimaiyyə çatdıran məhz sizin qəzetdir. Ölkə idmanında uğurlarımız çox olsun ki, siz də qazanılan uğurları işıqlandırasınız. Qəzetinizin kollektivini yubiley münasibətilə təbrik edir, yeni yaradıclıq uğurları arzulayıram.
Səadət Hakıyeva