Rio-2016 Yay Olimpiya Oyunları başa çatsa da, Oyunların abu-havası həm idmançılar arasında, həm də cəmiyyətdə hələ də hiss olunur. Rio-da komandamıza ilk medalı cüdoçumuz Rüstəm Orucov (73 kq) qazandırdı. İdmançımızla görüşdük, onun Rio-da yaşadığı anları yenidən xatırlamasını istədik. Rüstəm Orucov "Olimpiya dünyası" qəzetinə müsahibəsi zamanı suallarımızı səmimi şəkildə cavablandırdı.
- Rüstəm, XXXI Yay Olimpiya Oyunları artıq tarixə çevrilib. Sən də bu tarixin bir parçasısan. Rio-da keçirdiyin görüşləri, yaşadığın həyəcanı, yəqin ki, unutmamısan...
- Bəli, Rio Olimpiadasında baş verənləri incəliyinə qədər xatırlayıra və bunlar heç zaman yadddaşımdan silinməyəcək. Çünki karyeramın ən gözəl anlarını Rio-da yaşadım. Yarışda beş görüş keçirdim. Qazaxıstan, Avstraliya, Macarıstan və İsrali idmançılarına qalib gələrək finala vəsiqə qazandım. Həlledici görüşdə rəqibim yaponiyalı idmançı oldu. Ən çətin görüşüm, sözsüz ki, yarımfinal görüşü idi. Demək olar ki, bu görüş mənim taleyimi həll edirdi. Əgər yarımfinalda məğlub olsa idim, üçüncü yeri tutacağım sual altında qalacaqdı.
- Final görüşündə elə an yarandı ki, sən görüşün taleyini məhz həmin an həll edə bilərdin. Lakin hiss olunurdu ki, fiziki hazırlığın buna mane olacaq.
- Reytinq cədvəlindəki mövqeyə görə püşkatmanın nəticəsini müəyyən etmək mümkün idi. Buna görə də püşkün necə olacağını əvvəlcədən təxmin etmişdim. Düzdür, final görüşündə rəqibimi "osae komi” (saxlama fəndi) fəndinə salmışdım. Yaponiyalı idmançı fiziki cəhətdən çox güclü idi. Bilirdim ki, o, fənddən çıxmağı bacaracaq. Ona görə də ağırıdıcı fənd tətbiq etmək istədim. Təəssüf ki, rəqib bu fənddən də məharətlə çıxdı.
- Finaldakı məğlubiyyətini arxayınlıqla əlaqələndirmək olarmı? Çünki sən artıq gümüş medalı özün üçün təmin etmişdin.
- Heç bir idmançı istəməz ki, final görüşündə məğlub olaraq qızıl medalı əldən versin. Olimpiya çempionluğu ilə gümüş medal qazanmaq tamamilə fərqli hisslərdir. Məğlubiyyətimə əsas səbəb arxayınlıq oldu deməzdim. Azarkeşlər məndən qızıl medal gözləyirdilər. Mən özüm azarkeşlərdən də çox istəyirdim ki, Olimpiya çempionu olum. Lakin etiraf etməliyəm ki, rəqibim məni fiziki göstəricilərdə üstələməyi bacardı. Həlledici görüşdə risq etdim, rəqibimə fənd atmağa çalışdım. Lakin özüm əks fəndə düşdüm.
- Atanız Fəzail müəllim qəzetimizə müsahibəsində qeyd etmişdi ki, Rüstəm Olimpiya medalını qazansa onu sənin dünyaya gələcək körpənin beşiyindən asacaq...
- Rio-da əldə etdiyim medalı qızımın beşiyindən asmışıq. Çox istəyirdim ki, bu medal qızıl olsun. Lakin gümüş medal da Olimpiya Oyunları kimi mötəbər yarış üçün çox gözəl nəticədir. Hələ karyeram qabaqdadır. Tokio-2020 Olimpiadasında da iştirak etmək üçün şansım var. Çalışacağam ki, növbəti olimpiadada qızıl medal qazanım.
- Rüstəm, başa çatmaqda olan 2016-cı ili sənin şəxsi həyatında və idman karyeranda uğurlu hesab etmək olar. Bu uğurların sənin üçün fərqi nədədir?
- Bu il Kazanda keçirilən Avropa çempionatında qızıl medala layiq görüldüm. Bundan başqa, həmin yarışda komanda hesabında üçüncü olum. Bu yarışdan sonra Meksikada təşkil olunan "Masters” turnirində bürünc medal qazandım. Rio-da keçirilən Olimpiya Oyunlarında isə gümüş medala sahib çıxdım. Təbii ki, bu yarışların hər biri ayrı-ayrılıqda böyük əhəmiyyət daşıyır. Bu ilə qədər mənim o qədər də böyük nailiyyətlərim olmamışdı. Uğurlarımın ən pik nöqtəsinə isə bu il çatdım. Rio Olimpiadasından qayıtdıqdan sonra qızım dünyaya gəldi. Düzdür, ata olmaq mənim üçün Olimpiya çempionluğundan da üstündür. Amma düşünürəm ki, bunlar tamamilə fərqli hisslərdir.
- Gələcəkdə çəki dərəcəni dəyişmək fikrin varmı?
- Etiraf edim ki, çəki məsələsində bir qədər problemlərim olur. Demək olar ki, hər yarış ərəfəsi çəkimi salıram. Lakin paytaxtımızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları və dünya çempionatına kimi çəki dərəcəmi dəyişmək fikrim yoxdur.
- Sən həm də Rio-da komandamıza ilk medalı qazandıran idmançı kimi tarixə düşdün.
- Düzünü desəm, Rio Olimpiyadasının ilk medalını qazanmaq mənim üçün o qədər də böyük rol oynamırdı. Əsas o idi ki, mükafatçılar sırasında yer alım. Əslində, mən Orxan Səfərovdan ilk medalı gözləyirdim. Çünki həm özü yüksək formada idi, həm də püşkatmada Orxana asan rəqib düşmüşdü. Hamımız Orxana dəstək olurduq. Təəssüf ki, o, mükafatçılar sırasında yer ala bilmədi.
- Rio-da cüdodan əlavə başqa idman növləri üzrə keçirilən yarışları izlədin?
- Xeyr. Yalnız cüdo yarışlarını izləyə bildim. Çünki hər gün bir cüdoçumuz tatami üzərinə çıxırdı. Buna görə də vaxtımızı komanda yoldaşlarımızı dəsəkləyə sərf edirdik. Cüdo yarışları başa çatandan iki gün sonra isə Bakıya qayıtdıq.
- Olimpiadanın təşkilatçılıq səviyyəsindən razı qaldın?
- Bəzi idmançılar deyirdilər ki, qaldıqları otaqlar pis vəziyyətdə idi. Mənim fikrimcə, Olimpiya Oyunları kimi mötəbər bir yarışda iştirak edən idmançı şəraitin pisliyi barədə düşünməməlidir. İdmançı gərək əsas fikrini məşqlərinə və yarışlara yönəltsin. Əgər xırda məsələlərə əhəmiyyət versən, bu pisxoloji baxımdan yorğunluq yaranmasına səbəb olacaq.
- Olimpiya medalçısı olmaq bundan sonrakı həyatına necə təsir edəcək?
- Elə də çox böyük dəyişikliklər olmayıb. Çoxları elə düşünür ki, idmançı maddi vəziyyətini yaxşılaşdırmaq üçün mübarizə aparır. Bu, yanlış düşüncədir. Şəxsən mən pula görə yox, ölkəmizin bayrağını yüksəklərdə dalğalandırmaq üçün yarışıram. Həmişə istəmişəm ki, adlı-sanlı cüdoçular sırasında yer alım. Arzum olub ki, medal kolleksiyamda dünya, Avropa və Olimpiya Oyunlarının medalları olsun. Avropa çempionatının və Olimpiya Oyunlarının medalını qazanmışam. İndi əsas məqsədim dünya çempionatının medalını kolleksiyamda yerləşdirməkdir.
- Pekin Olimpiadasında Elnur Məmmədli 73 kq çəki dərəcəsində qızıl medal qazanmışdı. Sən də bu çəkidə çıxış edirsən. Necə düşünürsən, 73 rəqəmi ölkəmiz üçün düşərli çəki dərəcəsi sayıla bilərmi?
- Azərbaycanda hər zaman aşağı çəki dərəcəsində yarışan cüdoçular çox güclü idmançılar sayılıblar. 60 kq, 66 kq, 73 kq çəki dərəcəsində həmişə kifayət qədər rəqabət olub. Son illərdə 100 kq çəki dərəcəsində də rəqabət çox artıb. Olimpiadaya seçim vaxtı Peter Zeyzenbaher Elmar Qasımov və Elxan Məmmədovun arasında seçim etdi. Dediyiniz kimi, 73 kq çəkidə Elnur Məmmədli qızıl medal qazanmışdı. 8 il sonra bu çəki dərəcəsində Olimpiya gümüşünü mən əldə etdim. Bilmirəm, bəlkə də bu çəki bizim üçün düşərlidir.
- Maraqlıdır, Rio Olimpiadasının gümüş medalçısı boş vaxtlarını necə keçirir?
- İnanın ki, boş vaxtım olmur. Vaxtım olan kimi dostlarımla görüşürəm. Xoşlayıram ki, boş vaxtlarımda dostlarımla yığışıb stadionda futbol oynayaq.
- Rüstəm, Tokio-2020 Oyunlarına qədər daha hansı nailiyyətləri əldə etmək istəyərdin?
- Əsas məqsədim gələn il paytaxtımızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında mükafatçılar sırasında yer almaqdır. I Avropa Oyunlarında səhv etdim, medalı əldən verdim. Bunu karyeram ərzində heç vaxt özümə bağışlamayacağam. Bakı-2015-in medalçısı olmaq arzu kimi mənim ürəyimdə qaldı. Çox istəyirdim ki, tarixdə ilk dəfə təşkil olan yarışda medal qazanaraq bu tarixin bir parçasına çevrilim. Amma qismət olmadı. Növbəti hədəfim isə dünya çempionatının medalına sahib çıxmaqdır. Bu nəticələrə nail olmaq üçün gələn il də bütün gücümü ortaya qoyacağam.