Nicat Şıxəlizadə: “Çoxları gözləyirdi ki, idmandan gedəcəyəm”

Nicat Şıxəlizadə: “Çoxları gözləyirdi ki, idmandan gedəcəyəm”

Rio-2016 Olimpiya Oyunlarında ölkəmizi təmsil edən 6 cüdoçumuzdan ikisi - Rüstəm Orucov və Elmar Qasımov vətənə gümüş medalla qayıtmağı bacarmışdılar. Digər dörd cüdoçumuz isə fəxri kürsüyə gedən yolda "büdrəyərək” çıxışını medalsız başa vurmuşdular. Olimpnews.az saytının məlumatına görə, onlardan biri də millimizin aparıcı üzvü, 66 kq çəki dərəcəsində beynəlxalq arenalarda ölkəmizi təmsil edən Nicat Şıxəlizadə idi. O, ikinci görüşündə rəqibinə məğlub olmuşdu. Buyaxınlarda idmançımızla görüşüb, bizi maraqlandıran bəzi suallar ətrafında söhbət etdik.

- Nicat, Olimpiya Oyunlarında birinci görüşdə qalib gəlsən də, ikinci görüşdən məğlub ayrıldın.

- Həmin gün, sadəcə, rəqibimin günü idi. Mən italiyalı Fabio Bazileni Olimpiya Oyunlarından bir ay əvvəl keçirilən çətin bir yarışda məğlub etmişdim. Rio-da onunla keçirdiyim görüş, əslində, mənim üçün çətin olmadı. Hətta rəqibimə xəbərdarlıq da edilmişdi. Amma Fabio məni üstələməyi bacardı. Oyunlarda Fabionun medal qazanacağını heç kim gözləmirdi. Lakin Olimpiya Oyunları sürprizlərlə doludur. Həmin italiyalı cüdoçunun Olimpiya çempionu olması bu fikri bir daha təsdiq etdi.

- Ümumiyyətlə, fəxri kürsüyə gedən yolda hansı amillər sənin qabağını kəsdi?

- Yarışlara çox ciddi hazırlaşırdım. Hazırlığım yüksək səviyyədə idi. Sadəcə ikinci görüşdə ani bir səhv nəticəsində məğlub oldum. Cüdoda belə səhvlər bağışlanmır. Bu nəticəyə görə çox təəssüflənirəm. Bilirsiniz ki, dopinqə görə iki olimpiadada iştirak edə bilmədim. Bu, idmançı üçün çox arzuolunmaz bir haldır. Amma bu dəfə şansımdan istifadə etməyə çalışırdım. Fikirləşirdim ki, bəlkə də belə fürsət bir daha ələ düşməyəcək. Olimpiya Oyunlarında mükafatçılar sırasına düşərək kolleksiyama Olimpiya medalını da əlavə etməyi çox istəyirdim. Özümu Rio Olimpiadasına tam hazır hesab edirdim. Görünür, çempionluq üçün nələr isə çatmadı.

- Maraqlıdır, Oyunlarda hansı nəticəni qazanacağını gözləyirdin?

- Qeyd etdiyim kimi, oyunlara tam hazır idim. Özümü, ən azı, bürünc medalçılar sırasında görürdüm.

- Olimpiya Oyunlarında komandamızın ümumi çıxışını və cüdoçularımızın nəticələrini necə qiymətləndirirsən?

- Rio Olimpiadası komandamız üçün uğurlu keçdi. Olimpiya Oyunlarında 18 medal qazanmaq çox böyük nailiyyətdir. Cüdoçularımızın nəticələri də yüksək oldu. Düzdür, biz daha çox medal qazana bilərdik, amma alınmadı. Bununla belə, Rio-dan iki gümüş medalla qayıtmaq cüdonun ölkəmizdə inkişafından xəbər verir.

- İlk dəfə idi ki, mötəbər yarışda iştirak edirdin. XXXI Yay Olimpiya Oyunlarının təşkilatı işləri barədə nə deyə bilərsən?

- Əvvəlki Oyunlarda iştirak etmədiyimə görə müqayisə apara bilmərəm. Amma həm Rio-2016-da, həm də bundan əvvəlki Oyunlarda iştirak edənlərin dediklərinə görə, Rio Olimpiadasında təşkilatçılıq səviyyəsi nisbətən aşağı idi.

- Gələn il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına necə hazırlaşırsan?

- Hazırlıqlar yüksək səviyyədə davam edir. İnşallah, İslam Həmrəyliyi Oyunlarında yaxşı nəticə göstərməyə çalışacağam.

- 2018-ci ildə ölkəmiz cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Necə düşünürsən, doğma divarlar arasında keçiriləcək bu yarışda medallarımızın sayını artırmaq şansımız olacaqmı?

- Azərbaycan bir sıra mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Cüdo üzrə dünya çempionatı da belə yarışlardan biridir. Ümid edirəm ki, dünya çempionatlarında əldə etdiyimiz medalların sayı Bakıda daha çox olacaq. Bunun üçün çox çalışmaq lazımdır.

- Qarşıda yığma komandamızı hansı yarışlar gözləyir?

- Avropa çempionatı, Qran-pri, "Böyük dəbilqə” kimi bir çox yarışlarda iştirak edəcəyik. Amma, şübhəsiz ki, əsas diqqətimizi İslam Oyunlarına və dünya çempionatına yönəltməliyik.

- Nicat, hər bir idmançının karyerasında çətin anlar olur. Yəqin ki, sən də belə hallarla qarşılaşmısan?

- Karyeram ərzində müəyyən çətinliklərlə üzləşsəm də, çalışmışam ki, bu problemlərə qalib gəlim. Təbii ki, ən çətin anlarım dopinqə düşdüyüm vaxtlar olub. 2007-ci ildə Olimpiya Oyunlarına lisenziya qazanmışdım, amma bu yarışda iştirak etmək mənə qismət olmadı. Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında məndən dopinq testi götürüldü. Təəssüf ki, bu testlər müsbət nəticə verdi və qanımda qadağan olunmuş preparat aşkarlandı. Mənə 4 il cəza verildi. Beynəlxalq yarışlardan uzaqlaşdırıldım. Buna baxmayaraq məşqlərimi davam edirdim. Amma təbii ki, 4 il də az müddət deyildi. Bir idmançı üçün 4 il idmandan uzaq qalmaq çox çətindir. Bu cəza mənə çox pis təsir etmişdi. Demək olar ki, formamın ən pik vaxtında belə bir problemlə üzləşdim. Bu illər ərzində mənə ailəm, müəllimlərim çox dəstək oldular. Pekin Olimpiadasından və digər yarışlardan uzaq qaldım amma geri çəkilmədim, idmandan getmədim. Çoxları gözləyirdi ki, idmandan gedəcəyəm. Lakin mübarizəmi sona qədər davam etdirdim. Düzdür, 4 illik fasilə mənə mənfi təsir etdi, amma əsas odur ki, yenidən idmandayam. 2011-ci ildə cəzam bitdi və yenidən yarışlarda iştirak etməyə başladım.

- Yenidən idmana qayıdış çətin olmadı ki?

- Təbii ki, çətin oldu. Cəza müddətim başa çatan vaxt cüdoda qaydalar dəyişilmişdi. Bu da mənə müəyyən qədər çətinliklər yaradırdı. Lakin məşqlərimi davam etdirdim və yeni qaydalara uyğunlaşdım. Bu 4 illik cəza məni iki Olimpiya Oyunlarından kənarda qoydu. Cəzam 2011-ci ildə bitdi. Olimpiya Oyunlarına lisenziya xalı qazanmaq üçün çox az zamanım qalmışdı. Təbii ki, az bir vaxtda lisenziya xalı toplamaq mümkün deyildi. Cəzam bitdikdən sonra ilk yarışlarımda 60 kq çəki dərəcəsində güləşirdim. Bir müddət sonra 66 kq çəki dərəcəsində çıxış etməyi qərara aldım, lakin lisenziya qazanmaq üçün vaxtım çatmadı. Bu çəkidə komandamızın digər üzvü lisenziya qazanmışdı deyə, mən London Olimpiadasından kənarda qaldım. Həmin vaxtlar Qran-pri, "Böyük dəbilqə” yarışlarının, həmçinin 2012-ci ildə İstanbulda keçirilən Avropa kubokunun qalibi oldum.

- Nicat Şıxəlizadə üçün ən unudulmaz məğlubiyyət hansı olub?

- Karyeram ərzində üç məğlubiyyət mənim heç vaxt yadımdan çıxmır. 2003-cü ildə Bakıda keçirilən yeyniyetmələr arasında Avropa çempionatında bütün rəqiblərimə qalib gələrək finala vəsiqə qazandım. Lakin həlledici görüşdə gürcüstanlı idmançıya uduzdum. Bu məğlubiyyət yaddaşımda silinməz iz qoydu. Unuda bilmədiyim digər məğlubiyyət isə ötən il Avropa Oyunlarında oldu. Bakı-2015-ə çox ciddi hazırlaşmışdım. Avropa Oyunları ilk dəfə təşkil olunduğuna və Bakıda keçirildiyinə görə çox istəyirdim ki, bu yarışda mükafat qazanım. Çox təəssüf ki, Avropa Oyunlarında gözlənilmədən məğlub oldum. Reytinqdə məndən geri olan portuqaliyalı idmançıya uduzmağım mənə çox pis təsir etdi. Rio Olimpiadasında uduzmağım da yadımdan çıxmayacaq. İki Olimpiya Oyunlarından sonra ilk dəfə iştirak etdiyim belə bir mötəbər turniri medalsız başa vurmaq istəmirdim. Təəssüf ki, alınmadı.

Kənan Novruzov