Yola saldığımız 2016-cı il ölkənin idman həyatında müəyyən maraqlı məqamlar və uğurlu nəticələrlə yadda qaldı. İdmançılarımız 4 ildən bir keçirilən dünyanın mötəbər idman tədbirində Azərbaycanı ləyaqətlə təmsil etdilər. Olimpiya komandamız Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında rekord sayda – 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanmaqla iştirakçı 206 ölkə arasında medal sıralamasında 39-cu yeri tutdu. Medal sayına görə isə ölkəmiz Yeni Zelandiya ilə birgə 14-15-ci yerləri bölüşdürdü. Təbii ki, bu nəticənin əldə olunmasında ölkəmizdə fəaliyyət göstərən idman federasiyalarının, klub, cəmiyyət və təşkilatların da böyük əməyi vardır.
Ölkədə bədən tərbiyəsi və idmanın inkişafında, yüksək dərəcəli məşqçilərin, idmançıların hazırlanmasında özünəməxsus ənənələrə malik olan "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi (BTİCİB) də məhz belə idman qurumlarından biridir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyində olan "Zenit” BTİCİB-nin sədri Fazil Hadıbəyov "Olimpiya dünyası” qəzetinə rəhbərlik etdiyi idman cəmiyyətinin fəaliyyəti, uğurları barədə danışdı.
"Uğurlarımız əvvəlki illərlə müqayisədə daha çoxdur”
-Fazil müəllim, ötən il sizin rəhbərlik etdiyiniz cəmiyyət üçün hansı əlamətdar hadisələrlə yadda qalıb?
-Yola saldığımız 2016-cü il cəmiyyətimiz üçün çox əlamatdar və yaddaqalan olub. Təmsilçilərimiz təcrübəli məşqçilərin rəhbərliyi altında ölkə, qitə və dünya birinciliklərində, respublika yarışlarında mükafatalayiq yerlər tutublar. Aslan Ağayev və Cavid Qurbanzadə (sərbəst güləş və qadın güləşi), Təvəkkül Məmmədov (boks), Qərib Əliyev (yunan-Roma güləşi) və başqa təcrübəli məşqçilərdən dərs alan atletlərimiz inamlı qələbələri ilə ölkəmizi şərəflə təmsil ediblər. Ötən ilki uğurlarımız əvvəlki illərlə müqayisədə daha çoxdur. Həm medallarımızın sayı çoxdur, həm də əyarı yüksəkdir. Rio-2016 Yay Olimpiya Oyunlarında ölkəmizi 74 kq çəki çəki dərəcəsində təmsil edən idmançımız Cəbrayıl Həsənov vətənə bürünc medalla qayıdıb. İki gənc idmançımız Avropa çempionu tituluna layiq görülüb, biri isə Avropa çempionatının bürünc mükafatına layiq görülüb.
- Təbii ki, uğurlarınız bununla bitmir...
- Əlbəttə, mən əsas nəticələri sizə sadaladım. Fərəhli haldır ki, 2016-cı ildə idmançılarımız bizi öz parlaq qələbələri ilə sevindiriblər. Mart ayında Riqada sərbəst güləş üzrə Avropa çempionatında Cəbrayıl Həsənov gümüş medala layiq görülüb. Aprel ayında sərbəst güləş üzrə Bolqarıstanda təşkil edilən Avropa çempionatında Zəlimxan Vəliyev (məşqçi Cavid Qurbanzadə), yenə aprel ayında Fransanın Tuluza çəhərində sambo üzrə keçirilən Avropa birinciliyində Fuad Məmmədov və Abdulla Abdullayev (məşqçi Yaqub Abdullayev), mayda Avstriyanın Leibenitz şəhərində təşkil olunan cüdo üzrə Avropa kubokunda Kəramət Hüseynov (məşqçi Emin Fətullayev) bürünc medala layiq görülüblər. Kəramət Hüseynov iyul ayında gənclər arasında Avropa kubokunun (Çexiya, Praqa) qalibi olub. İyun ayında yunan-Roma güləşçiləri Nofəl Babayev (55 kq) və Mikayıl Rəhmanov (60 kq) iyun ayında təşkil edilən gənclər arasında Avropa birincisi titulunu qazanıblar. Zöhrab Abbasovun yetirməsi Sənan Süleymanov (66 kq) isə bu yarışda 3-cü olub.
"Cəbrayılın bu qələbəsi gənc idmançılarımız üçün stimul rolunu oynayır”
- Necə düşünürsünüz, ikiqat Avropa çempionu Cəbrayıl Həsənovun Olimpiya Oyunlarının mükafatçıları sırasında yer almasını cəmiyyət üçün ən uğurlu nəticə saymaq olar.
- Təbii ki, peşəkar idmanla məşğul olan hər bir idmançı üçün ən yüksək zirvə Olimpiya Oyunlarının qalibi və mükafatçısı olmaqdır. "Zenit”in yetirməsi, sərbəst güləş üzrə yığmanın üzvü Cəbrayıl Həsənov da Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən XXXI Yay Olimpiya Oyunlarında inamla çıxış edərək mükafatçılar sırasına düşməsi bizi çox sevindirdi. Ölkəmizi 74 kq çəki dərəcəsində təmsil edən idmançımız olimpiadanın bürünc medalına layiq görüldü. Cəbrayılın bu qələbəsi cəmiyyətdə məşğul olan perspektivli və gənc idmançılarımız üçün stimul rolunu oynayır. Aslan Ağayevin yetirməsi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-pri turnirinin qızıl medalını qazanıb. Yeri gəlmişkən qeyd edim ki, boks üzrə Olimpiya Oyunlarının bürünc mükafatçısı Şahin İmranov da vaxtı ilə bizim cəmiyyəti təmsil edib.
- Əfqan Xaşalov haqqında fikirlərinizi bilmək maraqlı olardı.
- Bu ilin sentyabrında aldığımız ən gözəl xəbər məhz Afqan Xaşalovun sərbəst güləş üzrə Fransanın Makon şəhərində keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxması oldu. Cavid Qurbanzadənin yetirməsi Afqanın ən böyük arzusu Olimpiya medalını qazanmaqdır. Adıçəkilən məşqçinin digər yetirməsi, 13 yaşlı Mircavad Nəbiyev "Day of children” adı altında İranda təşkil edilən beynəlxalq turnirdən vətənə qızıl medalla qayıdıb. Mircavad noyabr ayında Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq yarışda da 1-ci yerə layiq görülüb. Cavid Qurbanzadənin digər yetirmələri Möhübbət İsgəndərov və Elvin Dünyamalıyev müxtəlif çəki dərəcələri üzrə yarışların bürünc mükafatını qazanıblar.
Cəmiyyətin təmsilçiləri noyabrın əvvəlində Gürcüstanın Batumi şəhərində keçirilən şotokan üzrə dünya birinciliyində xüsusilə fərqləniblər. Belə ki, Həsən Əlizadə 1-ci, Nahid Abbasov və Zəhra Qurbanzadə 2-ci yer, Salman salmanov isə 3-cü yeri tutub.
- Həmkarların tabeliyində fəaliyyət göstərən idman klublarından hansılarının adlarını çəkə bilərsiniz?
- "Atilla”, "Pəhləvan” idman klubları, "Məhsul” və "Spartak” idman cəmiyyətlərinin adlarını çəkə bilərəm ki, öz idman uğurları ilə seçilirlər. Onların hər birinin uğurunu elə öz uğurumuz hesab edirik. Çünki qazanılan nailiyyətlər, əldə olunan nəticələr ümumi işə - idmanın kütləviliyi və inkişafına töhfədir.
"Bu yarışlarda iştirak edənlərin sayı ildən-ilə artır”
-Hazırda cəmiyyətin neçə üzvü vardır?
-Ölkədə idmana yüksək diqqət və qayğının nəticəsidir ki, idman klublarına, zallarına gələnləri sayı hər il mütamadi artır. Bizim cəmiyyətdə də belədir. Ümumilikdə burada 1525 nəfər idmanla məşğul olur ki, onlardan 825-i Bakını, 514-ü Sumqayıtı, 186-sı isə Gəncəni təmsil edir. İdmançıların rahat məşq etmələri və yüksək nəticələr qazanmaları üçün əlimizdən gələni etməyə çalışırıq. Məni narahat edən bir şey vardır ki, o da zalımızın əsaslı təmirə ehtiyacı olmasıdır. Qeyd edim ki, cəmiyyətin idman zalı Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır.
Fürsətdən istifadə edərək "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinə göstərdikləri dəstək və köməyə görə Azərbaycan Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına öz minnətdarlığımı bildirirəm. Təbii ki, qayğı və diqqət olan yerdə mütləq uğur da olacaq, gələcək üçün ümid də.
- Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XIX Respublika Spartakiadası barədə nə deyə bilərdiniz?
- "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi bədən tərbiyəsi və idmanın təbliğinə, həmçinin təşkilinə xüsusi diqqət ayırır. Cəmiyyətimiz tərəfindən hər il ənənəvi olaraq spartakiada təşkil olunur. Spartakiadanın keçirilməsində əsas məqsəd zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsini təmin edilməsi, eləcə də müəssisə və təşkilatların, fəhlə və qulluqçuların asudə vaxtlarını səmərəli keçirmələri, həm də bədən tərbiyəsi və idman yarışlarını daha yaxşı təşkil etmiş müəssisələri, təşkilatları müəyyən etməkdən ibarətdir.
Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XIX Respublika Spartakiadası çərçivəsində yarışların finalında 230 nəfər qüvvəsini sınayıb ki, onun 15-i qadındır. Finalda mükafalayiq yer tutanlar diplom və qiymətli hədiyyələrlə mükafatlandırıblar. Sevindirici haldır ki, bu yarışlarda iştirak edənlərin sayı ildən-ilə artır.
Səadət Hakıyeva