Ölkəmizdə ən çox inkişaf etmiş idman növlərindən biri də boksdur. Təsadüfi deyil ki, Rio-2016 XXXI Yay Olimpiya Oyunlarında bu növdə mübarizə aparan idmançılarımızdan daha çox medal gözləyirdik. Amma tam heyətlə təmsil olunan komandamızın üzvlərindən cəmi ikisi fəxri kürsüdə yer almağı bacardı. Digər doqquz boksçumuz isə vətənə medalsız qayıtdılar. Daha maraqlısı isə odur ki, təcrübəli dəri əlcək ustalarımız medal sevincini yaşamadığı halda, gənc idmançımız Kamran Şahsuvarlı üçüncü oldu. Digər mükafatçımız, kubalı təmsilçimiz Lorenso Sotomoyor isə yalnız finalda məğlub olaraq gümüş medal qazandı. Bu məsələlər və bizi maraqlandıran daha bir neçə sualla bağlı yığma komandamızın böyük məşqçisi Nəriman Abdullayevlə söhbət etdik.
- Nəriman müəllim, Rio-2016-da boksçularımızın çıxışlarını necə qiymətləndirirsiz?
- Əslində, biz daha çox medal gözləyirdik. Fikirləşirdik ki, ən azı, dörd medal əldə edə biləcəyik. Görünür, səhv etmişik. Amma Olimpiya Oyunlarında bir gümüş, bir bürünc medal da pis nəticə deyil. Çalışacağıq ki, növbəti Olimpiya Oyunlarında daha yaxşı nəticə qazanaq.
- Mükafatçılarımızdan nəticə gözləyirdiniz?
- Əlbəttə. Ümumiyyətlə, Olimpiya Oyunlarında iştirak edən hər bir idmançı mükafatçı olmağa real namizəddir. Mən həm Kamranın, həm də Sotomoyorun çəkdikləri əziyyətlərin şahidiyəm. Onu da deyim ki, Kamranın uğuru mənə əlavə stimul verdi. O, bizim ən gənc idmançılarımızdandır. Bu yaşda belə uğur qazanması göstərir ki, onun Tokio Olimpiadasında çempion olmaq istəyi heç də əlçatmaz deyil. Kamran buna qadir idmançıdır. Lorenso Sotomoyor da kifayət qədər perspektivlidir. Əslində o, çempion olmalı idi. Bunu hamı təsdiqləyər. Sadəcə, hakim haqsızlığı ilə üzləşdik.
- Bəs məğlubiyyətlərin səbəbləri nə oldu?
- Bunun bir çox səbəbləri var: psixoloji fiziki, texniki-taktiki zəiflik və s. Hər idmançıya bir amil mane oldu. Amma onu da deyim ki, xüsusilə bu cür böyük yarışlarda idmançıların rəqiblərinin hazırlığından da, başqa sözlə desək, şansdan da çox şey asılıdır.
- Döyüşlərin idarəçiliyi ilə bağlı nə deyə bilərsiniz?
- Sotomoyorun üzləşdiyi hakim haqsızlığını nəzərə almasaq, demək olar ki, hər şey qaydasında idi.
- Hazırda yığma komandada vəziyyət necədir?
- Məşqlər öz axarı ilə gedir. İdmançılarımızın hazırlıq səviyyələrini yüksəltməyə çalışırıq. Əsas məqsədimiz Tokio-2020-də daha uğurla çıxış etməkdir.
- Olimpiadaya hazırlıq artıq başlayıb?
- Demək olar ki, bəli. Bir neçə aydan sonra keçiriləcək İslam Həmrəyliyi Oyunları başa çatdıqdan sonra bütün diqqətimizi olimpiadaya yönəldəcəyik.
- İslam Oyunlarında iştirak edəcək boks komandamızın heyəti müəyyənləşib?
- Təxminən. Amma dəyişikliklərin olması da istisna deyil. Buna baxmayaraq, şübhəsiz ki, əgər heç bir gözlənilməzlik olmasa, Məmmədrəsul Məcidov, Teymur Məmmədov, Kamran Şahsuvarlı, Elvin Məmişzadə və başqaları bu böyük idman yarışında öz güclərini sınayacaqlar.
- Tokio-2020-yə kimi hansısa boksçumuzun karyerasına son verəcəyi gözlənilirmi?
- Yəqin ki, ağır çəkili idmançımız Məmmədrəsul Məcidov artıq rinqlə vidalaşar. Əsas məsələ kimlərin karyeralarına son vermələri deyil, əsas məsələ odur ki, onları əvəz edə biləcək bacarıqlı boksçularımız var.
- Bu ildə dəri əlçək ustalarımızı hansı yarışlar gözləyir?
- Həmişə olduğu kimi, bu il də bir sıra respublika səviyyəli və beynəlxalq yarışlar keçiriləcək. Amma dediyim kimi, əsas diqqətimizi İslam Oyunlarına və Tokio-2020-yə yönəltmişik. Hazırlıqlar davam edir.
- Nəriman müəllim, boksun ölkəmizdəki hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?
- Əlbəttə, təsadüfi deyil ki, boks ölkəmizdə ən kütləvi idman növlərindən biridir. Boks Azərbaycanda özünün inkişaf dövrünü keçirir. İdmançılarımız üçün yüksək şərait yaradılıb. Ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edirik.
Kənan Novruzov