Səbuhi Rəcəb: “Uğur qazanmaq istəyirsənsə, özünə inanmalısan”

Səbuhi Rəcəb:  “Uğur qazanmaq istəyirsənsə, özünə inanmalısan”

"12 MAY" MMC-nin prezidenti, Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü, Azərbaycan Uşu Sanda Federasiyasının vitse-prezidenti, Türkiyə Sport Kombat Sambo Federasiyasının birinci vitse-prezidenti Səbuhi Rəcəb "olimpnews.az” saytının qonağı olub. Müsahibimiz idmana gəlişi, bu sahədə fəaliyyəti, həyatda qazandığı uğurlar və s. barədə danışıb.


"Özümü bir neçə sahədə sınamışam”

- Səbuhi müəllim, oxucularımıza özünüz barədə bir qədər məlumat verərdiniz.

- 1982-ci ildə Bakı şəhərində anadan olmuşam. Uşaqlığım Qaradağ rayonunun Sahil qəsəbəsində keçib. 6 yaşımdan idmanla məşğul olmağa başlamışam. Karateyə böyük maraq göstərirdim. Oxuduğum 228 saylı orta məktəbin idman zalında məşqçi Abbas Hünbətovun rəhbərliyi altında karate üzrə məşqlər keçirilirdi. Mən də bu bölməyə yazıldım. Karate ilə məşğul olmağım təsadüfi deyildi. O vaxtlar döyüş filmlərinə böyük maraq var idi. Tanınmış döyüş ustadları, kinofilmlərin qəhrəmanları - Brüs Li, Jan Klod Vandamın çəkildiyi filmləri çox bəyənirdim. Məşqlərlə yanaşı dərslərimə də vaxt ayırırdım. Uşaqlıq dövrüm çətin illərə təsadüf edib. O vaxtlar məşq etmək üçün heç formamız da yox idi. Amma bu çətinliklər məni qorxutmadı. Daxilimdə idmana böyük həvəs var idi. 1996-cı ildə məşqçi Əhməd Hətəmovun rəhbərliyi altında karate ilə məşğul olmuşam. Sonra qəsəbəmizdəki taekvondo bölməsinə yazıldım. Füzuli Musayevlə tanışlıqdan sonra 1998-1999-cu illərdə onun rəhbərliyi altında taekvondo ilə məşğul olmuşam. Daha sonra qüvvəmi kikboksinqdə sınadım. 2004-2006-cı illərdə isə boksla məşğul olmuşam.

1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olundum. 2003-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib, magistraturaya qəbul olundum. 2005-ci ildə magistraturanı da fərqlənmə diplomu ilə bitirdim. 2005-2006-cı illərdə Məkəzi Ordu İdman Klubunda hərbi xidmət keçmişəm.

- Siz həm də sahibkarlıq fəaliyyəti ilə məşğulsunuz. Bu sahəyə Sizi gətirən nə oldu?

- Universitetdə oxuduğum illərdə yaşca böyük dostlarım məni ticarətlə məşğul olmağa həvəsləndirdilər. Onlar məndə uğur qazanmaq potensialı olduğunu deyirdilər. Bir müddət sonra bu işlə ciddi məşğul olmaq qərarına gəldim. Yəqin ki, ticarətə gəlməyim təsadüfi deyil. Nəslimiz Ərdəbildəndir. Ulu babalarım da ticarətçi olublar. 2007-ci ildən bu sahə ilə məşğulam. İlk dəfə inşaat sektorunda işə başlamışam. Elə ilk işimdə uğur qazanmışam. Sonra bir neçə sahədə özümü sınamışam. Yaxın dostlarımdan biri mənə Azərbaycanda restoranlar şəbəkəsi yaratmağı məsləhət gördü. Bu sahədə fəaliyyətim uğurlu oldu.

- Sizcə, hər hansı sahədə uğur qazanmağın sirri nədədir?

- Uğur qazanmaq istəyirsənsə, özünə inanmalısan. Fəaliyyət göstərdiyin sahədən asılı olmayaraq həmişə düzgün olmalısan. Hər hansı bir xeyirdən məhrum olsan belə, öz mənafeyin üçün heç vaxt yalan danışmamalısan. İnsan düzdürsə, haqq onu qoruyacaq.

-Necə oldu ki, yenidən idmana qayıtdınız?

- İdmanla əlaqəmi heç vaxt kəsməmişəm. İdmançı kimi karyeramı başa vursam da, bu sahəyə hər zaman dəstək olmuşam. Bu istək mənim daxilimdən gəlib. İstedadlı idmançının əziyyətinin hədər getməsi ilə heç vaxt barışa bilməmişəm. İdmana qayıdışım Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun təklifi ilə olub. Əvvəlcə federasiyanın İdarə Heyətinin üzvü seçildim. Sonra Azərbaycan Sambo Federasiyasında döyüş sambosu üzrə vitse-prezident oldum.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevlə tez-tez görüşlərimiz olurdu. Adil müəllim öz işinə məsuliyyətlə yanaşan və çalışqan insandır. Kikboksinq idman növü mənə doğma olduğundan bu federasiyaya dəstəyimi əsirgəmirdim. Beləliklə Adil müəllim məni federasiya ilə əməkdaşlıq etməyə dəvət etdi.

2015-ci ildən federasiyanın peşəkarlardan ibarət komandasına nəzarət etmişəm. Onu da deyim ki, hazırda həmçinin Türkiyə Sport Kombat Sambo Federasiyasının birinci vitse-prezidentiyəm. Federasiyanın prezidenti həmyerlimiz Qadir Məmmədovdur. Bu növ üzrə idmançıların dünya və Avropa çempionatlarında iştirakına dəstək olmuşam. Qeyd edim ki, Qadir müəllimin tövsiyəsi ilə "İstanbul-Bakı Dostluq Klubu”nun rəhbəri seçilmişdim. Keçirilən seminar və turnirlərdə idmançılara dəstək olduğum üçün sonradan federasiyada rəsmi şəklildə fəaliyyətimi davam etdirdim.


- Bugünlərdə Azərbaycan Uşu Sanda Federasiyasının vitse-prezidenti təyin olunmusunuz. Bu münasibətlə Sizi təbrik edirik. Bu sahədə əsas fəaliyyətiniz nədən ibarət olacaq?

- Bu növ mənə yaxın bir növdür. Federasiyanın prezidenti Azər Həsənsoyla tanışlığım da məhz Azərbaycan Kikboksinq və Muay-Tay Federasiyasının (2002-ci il) üzvü olduğum illərə təsadüf edir. Bir neçə idman federasiyasından əməkdaşlıqla bağlı təkliflər almışdım. Bu döyüş növü mənə yaxın olduğundan qərara aldım ki, məhz Uşu Sanda Federasiyası ilə işləyim. İnanıram ki, federasiyadakı gələcək fəaliyyətim uğurlu olacaq. Hesab edirəm ki, qarşılıqlı əməkdaşlığımız ölkə idmanının inkişafına öz töhfəsini verəcək. Yeri gəlmişkən deyim ki, qarşıda idmançılarımızı bir neçə mötəbər yarış gözləyir. Bunlardan ən əsası may ayında ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarıdır. Bu ayda həmçinin Gürcüstanda Avropa çempionatı olacaq. Döyüşçülərimiz avqustda Tayvanda universiada yarışlarında, oktyabrda isə Rusiyada dünya çempionatında qüvvələrini sınayacaqlar.




"İnsanlarda daha çox səmimiyyəti və sadəliyi yüksək dəyərləndirirəm”

- Necə düşünürsünüz, vəzifənizin öhdəsindən layiqincə gələ bilirsinizmi?

- İdman azərbaycanlıların qanındadır. Son zamanlar ölkəmizdə idmana böyük maraq var. Bu sahədə kütləvilik əldə olunub. Azərbyacan idmançıları ən mötəbər yarışlarda yüksək nəticələr əldə edirlər. Ölkəmiz ən mötəbər beynəlxalq idman yarışları və tədbirlərinə ev sahibliyi edir. Bütün bu uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər yenidən hakimiyyətə gəldikdən sonra bu sahədə canlanma yarandı. Hazırda bu idman siyasəti Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sevindirici haldır ki, ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növləri də dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Əlbəttə ki, bu sahəyə göstərilən qayğı məni daha da ruhlandırır. Öz işimə hərtərəfli və məsuliyyətlə yanaşıram. Kikboksinq Federasiyasında işlədiyim müddətdə fəaliyyətim uğurlu oldu. Əlbəttə ki, mənim fəaliyyətimə ən yaxşı qiyməti ətrafdakı insanlar verə bilərlər.

- Sizi xeyriyyə tədbirlərində çox görürük.

- Dəstəyə ehtiyacı olanlara imkanım yetdiyi qədər kömək etməyə çalışıram. Bu, mənə mənəvi zövq verir. Kiməsə əl tutanda özümü daxilən çox rahat hiss edirəm. Bəzən bunu səmimi qəbul etməyənlər də olur. Onları da başa düşürəm. Çünki hamı eyni deyil. İnsanlar arasında bir-birinə inamsızlıq var. Amma məni yaxından tanıyanlar necə insan olduğumu daha yaxşı bilirlər. İnsanlarda daha çox səmimiyyəti və sadəliyi yüksək dəyərləndirirəm. Bir çox idmançılara dəstək olmuşam. Səmimi idmançılar sırasında Pərviz Abdullayevin adını qeyd edə bilərəm. Pərviz çox sadə insandır.

2013-cü ildə onunla birgə AKF-nin nəzdində "12 MAY” İdman klubunu yaratdıq. Bundan sonra Pərviz adıçəkilən klubun adından dünya arenalarında çıxış etməyə başladı. Döyüşçümüz IV İslam Həmrəyliyi Oyunlarında uşu-sanda üzrə yarışlarda qüvvəsini sınayacaq. Çox istərdim ki, idmançımız yarışlarda ona bəslənilən etimadı doğrultsun.

"Doğma torpaqlarımızın müdafiəsinə hər zaman hazıram”

- Tez-tez cəbhə bölgələrində əsgərlərimizlə görüşlər keçirirsiniz.

- Doğma torpaqlarımızın müdafiəsinə hər zaman hazıram. Bugünkü gündə əlimə silah alıb döyüşə gedərəm. Bu, mənim vətənpərvərlik borcumdur. Məktəb illərində vətənpərvərliklə bağlı şeirlər də yazmışam. Mütəmadi olaraq cəbhə bölgələrinə səfər edirəm. Nəinki Azərbaycanda, eləcə də Türkiyədə şəhid olmuş soydaşlarımızın ruhuna ehsan veririk. 2010-cu ildən etibarən sahibi olduğum restoranlar şəbəkəsində şəhid ailələri üçün yemək pulsuzdur.


- Həyata keçməyən arzunuz nədir?

- Hər bir azərbaycanlı kimi, ən böyük arzum Qarabağ torpaqlarının işğaldan azad olunduğu günü görməkdir. İnanıram ki, həmin gün çox yaxındadır. Güclü ordumuz var. Torpaqdan pay olmaz. Ali Baş Komandanımızın rəhbərliyi altında biz tezliklə torpaqlarımızı azad edəcəyik.

"Övladlarıma idmanda dəstək olmağa çalışıram”

- Övladlarınız idmana maraq göstərirlərmi?

- Dörd övladım var. İki qız, iki oğlan atasıyam. Böyük qızım Fatimə və oğlum İbrahim məktəblidirlər. Dərslərini əla oxuyurlar. Tahirə və Məhəmmədəli isə hələ balacadırlar. Tahirə akrobatika ilə məşğul olur. İbrahim isə Daxili İşlər Nazirliyi İdman Cəmiyyətində məşqçi Hikmət Hacıyevin rəhbərliyi altında kikboksla məşğuldur. Övladlarıma idmanda dəstək olmağa çalışıram. Bir sirri deyim ki, vaxtilə anam mənim idmana getməyimə qarşı idi. Mən isə nadinc uşaq idim. Nəyin bahasına olursa-olsun məşqlərdə iştirak edirdim (gülür).

- Özünüzdə bəyənmədiyiniz xüsusiyyət hansıdır?

- Etiraf edim ki, çox əsəbiyəm. Bu mənim ən mənfi xüsusiyyətimdir. Düzü, daha çox öz yaxınlarıma qarşı bir sıra məsələlərdə tez özümdən çıxıram.

- Bu yaxınlarda ölkəmiz daha bir mötəbər yarışa - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Paytaxtımızda belə bir yarışın təşkili ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Bu cür mötəbər yarışların ölkəmizdə təşkili məni çox sevindirir. İslam Oyunlarının təşkili Azərbaycan mədəniyyətinin islam ölkələri arasında daha da tanınmasına şərait yaradacaq. Bu idmançılarımız üçün də böyük bir sınaqdır. Yarışlarda hər bir idmançımıza azarkeşlik edəcəyəm. Qeyd edim ki, yarışların proqramına uşu-sanda, zorxana kimi idman növlərinin salınması oyunlara daha da rəngarənglik qatacaq. İdmançılarımızın yarışlarda yüksək uğurlar qazanacaqlarına inanıram. Ümidvaram ki, Azərbaycan yığması, ən azı, ilk üçlükdə yer alacaq.

Aysel Sultanova,
Esmira Orucova