Azərbaycan atıcılıq idmanının inkişafında xüsusi yeri olan Hafiz Cəfərov 70 illik yubileyini qeyd etdi. Olimpnews.az saytının məlumatına görə, təcrübəli mütəxəssislə Atıcılıq Mərkəzində görüşdük və onun keçdiyi həyat yolu ilə bağlı səmimi söhbət etdik.
- Hafiz müəllim, 70 ili arxada qoydunuz. Gəlin, həmin illərə birlikdə ekskursiya edək.
- 1947-ci il aprelin 26-da Bakıda doğulmuşam. Orta məktəbi bitirdikdən bir müddət sonra 1961-ci ildə atıcılıqla məşğul olmağa başlamışam. Atam Yusif Cəfərov atıcılıq üzrə yığma komandanın üzvü idi. Bu növün sirlərini atamdan öyrənmişəm. O, məni tez-tez ova aparırdı. Onu da deyim ki, stend atıcılığı ilə ovçuluq çox yaxındır. 1962-ci ildə məni Azərbaycan yığma komandasına qəbul etdilər. Həmin il yığma komandamızla Moskvanın "Trud” ("Əmək”) klubunun yoldaşlıq görüşü keçirildi. İlk dəfə yarışda iştirak etsəm də, I dərəcə normasını yerinə yetirdim. Sonralar ümumittifaq yarışlarında çıxışlarım başladı. 1966-cı ildə SSRİ birinciliyində gümüş medal əldə etdim və mən SSRİ-nin gənclərdən ibarət yığma komandasına qəbul olundum. "Yığma komandanın və "Dinamo” İdman Cəmiyyətinin heyətində bir sıra beynəlxalq yarışlarda iştirak etmişəm. 1972-ci ildə böyüklər arasında SSRİ çempionu adına layiq görüldüm. Yeri gəlmişkən deyim ki, mənim müəyyən etdiyim SSRİ rekordu hələ də dəyişməyib.
- Eşitdiyimizə görə, bir müddət idmandan kənarda qalmalı olmusunuz...
- Nəinki bir müddət kənarda qaldım, hətta idmandan birdəfəlik getmək təhlükəsi yaranmışdı. 1973-cü ildə Qazaxıstanın pataxtı Alma-ata şəhərində "Qızıl qırqovul” adlı turnir keçirildi. Bu yarışa SSRİ-nin ən güclü 20 atıcısı cəlb olunmuşdu. Mən turnirdə ikinci yeri tutdum. Yarışdan sonra mükafatçıları qırqovul ovuna apardılar. Ov edərkən təsadüfən sağ gözüm yaralandı. Təqribən il yarım müalicə olunmaq məcburiyyətində qaldım. Çox çətin günlər idi. Həkimlərdən soruşdum ki, güllə ata biləcəyəm ya, yox? Onlar dedilər ki, biz çalışırıq sənin gözün məhv olmasın, güllə atmaq sonrakı işdir. Müalicə başa çatandan sonra qəti qərar verildi ki, mən atıcılıqla məşğul ola bilmərəm. Bu, idmandan uzaqlaşmağım demək idi. Amma həkimlərin qərarı ilə razılaşa bilməzdim. Silahı yerə qoymağı heç cür təsəvvür edə bilmirdim. SSRİ kubokunun qalibi oldum, bir sıra yarışlarda çıxış etdim. Amma yenə də həkimlər bildirdilər ki, belə davam etsən gözünü itirəcəksən.
- Beləliklə, silahı yerə qoymalı oldunuz...
- Yox, idmandan uzaqlaşmadım. 1975-ci ildə məni Azərbaycan yığmasına baş məşqçi təyin etdilər. Elə həmin ildən idmançılar yetişdirməyə başladım. Yetirmələrim sağ olsunlar, əməyimi qiymətləndirdilər. Nataliya Kuzmina ikiqat dünya, üçqat Avropa çempionudur. Valeri Timoxin Avropa, dünya çempionu, Dünya kubokunun qalibidir. Məşqçi kimi ən böyük uğurum Zemfira Meftahətdinova ilə bağlıdır. Zemfira 2000-ci ildə Sidneydə keçirilən Olimpyia Oyunlarında qızıl medala layiq görüldü. Afina-2004 Olimpiadasında isə bürünc medal qazandı. O, yeddi qat Avropa çempionu, ikiqat dünya çempionu adını daşıyır. Onun gümüş və bürünc medallarını sadalamaq isə çox vaxt aparar. Zemfira Meftahətdinova yeganə idmançıdır ki, dünyada olan bütün titulları əldə edib. Ümumiyyətlə isə mənim yetirmələrim 14 dəfə Avropa, 5 dəfə dünya çempionu adını qazanıblar.
- Yəqin ki, məşqçinin ən böyük arzusu öz yetirməsini Olimpiya çempionu kimi görməkdir. Sizin bu arzunuz reallaşıb. Zemfiranın Sidneydəki qələbəsini necə qarşıladınız?
- İllər keçsə də, həmin anları xatırlayanda yenə də kövrəlirəm. Zemfira Olimpiya çempionu olanda elə hisslər keçirdim ki, həmin hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Çox həyəcanlı idim. Ürək döyüntülərim 200-ə qalxmışdı. Başa düşürdüm ki, illərlə çəkdiyim zəhmətimin pik nöqtəsindəyəm. Bilirsiniz, həmin anları yaşamaq lazımdır ki, məşqçinin nələr çəkdiyini başa düşəsən.
- Belə demək mümkünsə, həyatınız boyu 70 dəfə ad gününüz olub. Bunlardan hansı digərlərindən fərqlənib və nə ilə?
- Düzünü desəm, xatırlamıram. Ümumiyyətlə, ad günlərimi qeyd etməyi sevmirəm. Dəbdəbəyə meyilli adam deyiləm. Çalışmışam ki, ad günlərimi ailəmlə birlikdə, dar çərçivədə keçirim.
- İstərdik, bir qədər də Atıcılıq Mərkəzinin yaranması barədə danışasınız.
- 1991-ci ildən 2003-cü ilə qədər bizim idman bazamız olmayıb. Problemlərimiz çox idi. Şərait olmaya-olmaya dünya, Avropa çempionları yetirmək, Olimpiya çempionu hazırlamaq sizə asan gəlməsin. Çətinliklərə baxmayaraq, mən bezmədim, yorulmadım. Azərbaycanın idman şöhrətini ucaldacaq idmançılar yetişdirmək üçün əlimdən gələni əsirgəmədim. İndi hər cür şəraitimiz var. Cənab İlham Əliyevin tapşırığı ilə bizim üçün ən son tələblərə cavab verən Atıcılıq Mərkəzi yaradılıb. Dövlətimizin qayğısını hər zaman hiss etmişik. "Şöhrət” ordeninə, "Tərəqqi” medalına layiq görülmüşəm. Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adı ilə mükafatlandırılmışam. Sosial problemlərimiz həll olunur. Bir məşqçinin, bir idmançının əməyi, bundan başqa daha nə cür qiymətləndirilməlidir ki?
- Yetirmələriniz sizi unutmurlar ki?
- Xeyr, unutmurlar. Məşqçinin ən böyük qazancı yetirmələri tərəfindən yad edilməsi, xatırlanmasıdır. Bu baxımdan, atıcılığın sirlərini öyrətdiyim yetirmələrimdən çox razıyam. Valeri Timoxin ölkəmizdən uzaqlarda yaşasa da, tez-tez mənimlə əlaqə saxlayır. Digərləri də belədir. İllər sonra hörmətlə yad edilməyim mənə qürur verir. Onu da deyim ki, 1975-ci ildən bu günə qədər ölkəmizin atıcılıq üzrə yığma komandasının baş məşqçisi vəzifəsini daşıyıram. Azərbaycanın idman tarixində belə hal olmayıb. Bu, özünəməxsus rekorddur. 15 il ölkəmizin ən yaxşı məşqçisi adına layiq görülmüşəm. Azərbaycanda XX əsrin ən yaxşı məşqçiləri arasında mənim də adım var.
- Hafiz müəllim, söhbətimizin əvvəlində dediniz ki, atanızla ova gedirdiniz. Bu işi indi də davam etdirirsiniz?
- İmkan olanda ova gedirəm. Bilirsiniz, ov etmək insana daxilən rahatlıq qazandırır. Təbiətlə ünsiyyətdə olursan. Təbiətin qoynunda olarkən dərddən, qəmdən uzaqlaşıram, əsəblərim sakitləşir.
- Arxada qalan illərə nəzər salanda təəssüflənmirsiniz ki?
- Əgər tanrı mənə ikinci ömrü bəxş etsə idi, yenə də idmanı seçərdim. Mənim hobbim mənim işimdir, atıcılıqdır. Bu idman növünü seçmişəm və sevmişəm. Təbii ki, çətinliklərim də olub, yarışlarda qalib gəlmişəm, uduzmuşam. Müəyyən vaxtlarda problemlərim başdan aşıb. Amma üzülməmişəm. Fikirləşmişəm ki, əzmkarlıq, qətiyyət və dözüm problemləri həll edəcək. Belə də olub. Bütün bunları nəzərə alsam, qətiyətlə deyərdim ki, həyatımı idmana həsr etdiyim üçün təəssüflənmirəm.
- Atıcı necə olmalıdır?
- Çoxlarına elə gəlir ki, atıcılıq idmanında fiziki, texniki və psixoloji hazırlığa ehtiyac yoxdur. Hətta mənim öz yaxınlarım da belə düşünürlər. Deyirlər ki, burada nə var ki, silahı götürdün, atəş açdın və getdin. Əslində isə belə deyil. Hər bir atış zamanı tüfəngin qundağı atıcının çiyninə zərblə toxunur. Əgər atıcı gün ərzində 100 patron atarsa, təsəvvür edin ki, idmançının çiyni tonlarla yükə tab gətirməli olur. Buna görə də fiziki hazırlıq vacibdir. Növbəti atışa hazırlaşan idmançı vaxtı, yeri dəqiq müəyyən etməlidir. Bu, texniki hazırlığın tələbidir. Psixoloji hazırlıq isə bütün idman növlərində labüddür.
- Hafiz müəllim, sizi yubiley münasibəti ilə təbrik edir, idman ictimaiyyəti və "Olimpiya dünyası” qəzetinin çoxsaylı oxucuları adından can sağlığı, yeni nailiyyətlər arzulayırıq.
Hürrü Abdullayev,
Anar Əhmədov