İdmançıların əksəriyyəti bu sahəyə sağlamlıqla bağlı müəyyən problemləri olduğu üçün gəlirlər. Bunu faktlar və həyat təcrübəsi də sübut edir. Bu insanlar həkimlərin məsləhəti ilə orqanizmdə mövcud problemi aradan qaldırmaq üçün cəhd edərkən, bir də ayılırlar ki, idman onların həyat tərzinə çevrilib. Azarkeşlərin sevimlisi olan Messinin özü də futbola məhz belə gəlib. İdmana gedən yolda səbəblərdən biri də dəcəllik amilidir. Övladlarının nadincliyindən, dəcəlliyindən "boğaza yığılan” yzaqgörən valideynlər çıxış yolunu idmanda görürlər. Nəticə isə ürəkaçan olur, həm uşaq üçün, həm də valideyn üçün.
Kişi idman gimnastikası üzrə idman ustası, IV İslam Həmrəyliyi Oyunlarının çempionu Murad Ağarzayev də idmana səhhəti və dəcəlliyi səbəbindən gəlib. Bu gün ayaqda dura bildiyinə, kişilik məktəbi keçdiyinə və bu sahədə uğurlar əldə etdiyinə görə özünü idmana borclu sayır.
Perspektivli gimnastımız idmana gəlişi, uğurları, arzuları barədə "Olimpiya dünyası" qəzetinə və "olimpnews.az" saytına danışdı.
"Həyəcan çox, məsuliyyət böyük idi”
-Murad, idmanda müəyyən uğurların olsa da, çoxları səni IV İslam Həmrəyliyi Oyunlarında kəşf etdi.
- Ölkəmizin 2017-ci ildə ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarına çox ciddi hazırlaşmışdım. Yorulmaq nə olduğunu bilmir, gecə-gündüz çalışırdım. Çünki qarşıma məqsəd qoymuşdum: bu yarışda qızıl medal qazanmalıydım. Həyəcan çox, məsuliyyət böyük idi. Şükür ki, əziyyətim hədər getmədi və Bakıda keçirilən İslamiadada qızıl medal qazandım. Fəxri kürsünün ən yüksək pilləsində dayanaraq Azərbaycanın himnini səsləndirdiyim üçün qürur duyurdum. Həmin an məndən xoşbəxt insan yox idi. Çəkdiyin əziyyətin bəhrəsini görmək insana gözəl hisslər yaşadır.
-Bir qədər özündən danışardın.
- Ailədə 5 uşağıq – 4 bacı, bir qardaş. Bacılarım ailəlidirlər. 1998-ci ildə oktyabrın 16-da Sumqayıtda anadan olmuşam. 6 yaşından gimnastika ilə məşğul oluram. Düzünü desəm, idmana gəlməyimdə həkimlərin məsləhəti böyük rol oynayıb. Mən yırtıqdan (qrija) əməliyyat olunmuşdum. Həkimlər valideynlərimə gimnastika ilə məşğul olmağımı məsləhət görüblər. Mən həm də uşaqlıqda çox dəcəl idim. Hasara dırmaşır, tullanır, həyətdə uşaqlarla dava-dalaş salırdım. Həkimlərin idmanla bağlı tövsiyəsi ata-anamın lap ürəyincə oldu.
-Orta məktəbdə necə oxumusan?
- İdmanla bərabər dərslərimi də oxuyurdum. Yorğun olsam da, çalışırdım ki, dərslərimi buraxmayım.
-Necə oldu ki, peşəkar idmanla məşğul olmaq qərarına gəldin?
- 8 yaşım olanda məşqçim Elşən Əliyev mənimlə əlavə məşğul olmağa başladı. 9-cu sinifdə oxuyanda idman gimnastiklası ilə daha peşəkar şəkildə məşğul olmaq üçün Bakıya gəldim. Təhsilimi Respublika Olimpiya İdman Liseyində (ROİL) davam etdirdim. Bakıxanov qəsəbəsində Nizami Abbasovun rəhbərliyi altında məşqlərə başladım.
-Bir müddət cüdo ilə məşğul olmusan?
- Gimnastikada bəxtim gətirmirdi. Yarışlarda mükafalayiq yerlər tuta bilmirdim. Həm də gimnastika deyəndə, qohum-qonşu bu növün ancaq bədii gimnastikadan ibarət olduğunu və qızlar üçün nəzərdə tutulduğunu düşünürdü. Düzü, bu, məni bir az utandırırdı. Atam bir gün dedi ki, gəl, səni kişi idman növünə yazdıraq (gülür). Sonra məni cüdoya yazdırdı. Bir il yarım cüdo ilə məşğul olduqdan sonra gördüm ki, mən yalnız özümü gimnastikada doğrulda bilərəm.
-İkinci dəfə gimnastikaya qayıtmağın necə baş verdi?
- Atam evlərdə santexnika işi görürdü. Mən də ona kömək edirdim. Bir gün təsadüfən əvvəlki məşqçim Elşən Əliyevlə rastlaşdıq. Elşən müəllim məndən yenidən gimnastikaya qayıdıb-qayıtmayacağımı soruşdu. Onun bu sualı ürəyimcə oldu. Atamdan razılıq alıb, yenidən gimnastikada məşqlərə başladım.
2017-cı ilin əvvəllindən idman gimnastikası üzrə 1-ci beynəlxalq kateqoriyalı məşqçi Rza Əliyevin rəhbərliyi altında çalışıram. Rza müəllim həm də yığmanın baş məşqçisidir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasında (ADBTİA) təhsil alıram.
"Sağ olsaydı, çox sevinərdi”
- İlk beynəlxalq yarışın və uğurun?
- İlk dəfə özümü beynəlxalq yarışda 2014-ci ildə Novosibirsk şəhərində keçirilən turnirdə sınamışam. Bu turnir hər il ənənəvi olaraq Olimpiya çempionu Yevgeniy Podqornının şərəfinə təşkil edilir. Həmin yarışda gimnastika atı və paralel qollarda 3-cü yeri tutdum. 2015-ci ildə Rusiyanın Novosibirsk şəhərində təşkil edilən beynəlxalq turnirdə də bürünc medal (dəstəli at, paralel qollar) qazandım. Həmin il həm də Azərbaycan çempionu adına layiq görüldüm.
2015-ci ildə Tbilisidə keçirilən Yeniyetmələrin Olimpiya Festivalında çıxış etdim. Bu yarışda 27-ci yeri tutdum. Amma təcrübəsizliyim mənə mane oldu. Olimpiya Festivalında medal qazana bilərdim.
-Atan sevinə bilmədi bu uğuruna...
- (Kədərlənir) Atam 2014 cü ilin iyunun 20-də dünyasını dəyişib. Valideynlərin bizim üzərimizdə əziyyəti çoxdur. Atam çox istəyirdi ki, tanınmış idmançı olum, medallar qazanım. Beynəlxalq yarışda ilk medalı onun rəhmətə getdiyi il qazandım. Sağ olsaydı, çox sevinərdi. Bilirəm ki, indi ruhu şaddır.
- İdmanda şans nə qədər önəmlidir?
-İdmanda da, həyatda da şans çox önəmlidir. Ola bilər ki, bütün məşqlərdə proqramda bütün hərəkətləri səhvsiz elədiyin halda, yarışda adi bir hərəkətdə səhvə yol verə bilərsən.
2017-ci ildə Dünya kuboku yarışlarında çox tanınmış gimnastlar iştirak edirdilər. Əvvəlcədən idmançıların siyahısına baxanda düzü, əvvəl tərəddüd elədim. Düşündüm ki, bu cür təcrübəli idmançılarla rəqabət aparmaq və nəticə əldə etmək çox çətin olacaq. Amma yarışlara inamla başladım. Təsnifat mərhələsində bütün hərəkətləri səhvsiz yerinə yetirdim. Nəticədə, dünya və Avropa çempionatlarının qalib və mükafatçılarını geridə qoyaraq finala çıxmağı bacardım. İdmançıda özünəinam, əməksevərlik olmasa, nailiyyət əldə etmək mümkün deyil.
"Ailəsini sevməyən insan nə vətənini sevər, nə də millətini”
- İdmançıların bəziləri qələbələrini ailəsinə həsr edirlər. Sən necə?
- Mən yarışa çıxanda heç vaxt özümü düşünməmişəm, gözümün qarşısında ailəm dayanıb. İdmanda, həyatda nə edirimsə, nə qazanırımsa, ailəm üçündür. Çünki ailəsini sevməyən insan nə vətənini sevər, nə də millətini.
- Nə vaxtsa idmandan getmək istəmisən?
- Uşaqlıqda məni idmana zorla aparıblar. Heç getmək istəmirdim. Qar, yağış yağanda, hava soyuq olanda yatmaq istəsəm də, anam məni məşqlərə güclə, sürüyə-sürüyə aparırdı. Təsəvvür edin, o əziyyətlə gəlib görürdüm ki, məndən başqa zalda heç kəs yoxdur. Amma indi həyatımı idmansız təsəvvür etmirəm. Valideynlərimə təşəkkür edirəm ki, məni vaxtında idmana qoyublar. Əgər bunu etməsəydilər, yəqin ki, bəzi uşaqlar kimi küçədə avaralanardım.
İdmanda indiyədək əldə etdiyim nailiyyətlər valideynlərimin uğurlarıdır. Bu gün onların sayəsində idmandayam.
- Yarışdan qabaq həyəcan çox olur?
- Adətən, yarışdan əvvəl psixoloji yorğunluq olur. Bu barədə komandanın psixoloq həkimləri çox köməyimizə gəlirlər.
- Uğur əldə etmək üçün nə lazımdır?
- İlk növbədə çox çalışmaq, məşqçilərin dediklərini yerinə yetirmək, nizam-intizama riayət etmək. Birdən elə olur ki, bu gün yaxşı elədiyin elementi sabah təkrarlaya bilmirsən. Çox çalışmalısan ki, səhvlərə yol verməyəsən.
"İdman həm sağlamlıq, həm gözəllikdir”
- İdman sənin üçün nədir?
- İdman ilk növbədə sağlamlıqdır. Uşaqlıqdan idmanla məşğul olan insanlar yaş ötdükcə başqaları ilə müqayisədə daha fəal, sağlam, dözümlü olurlar. İdman, həm də həvəsdir, maraqdır. Kim idmanla məşğul olursa, yeməyinə, içməyinə fikir verir, sağlam həyat tərzi keçirir, zərəli vərdişlərdən uzaq olur. Bir sözlə, idman həm sağlamlıq, həm gözəllikdir. Biz onun sayəsində gözəl bədən quruluşuna nail ola bilirik.
- Ən böyük arzun nədir?
- İdman gimnastikası üzrə dünya və Avropa çempionatının mükafatçısı olmağı çox arzu edirəm.
- Dostların çoxdur?
- Tanışlarım çoxdur, amma əsl dostlarım azdır. Onlardan Sərvər Əliyev, Cavidan Babayevin adlarını çəkə bilərəm. Hər ikisi gimnastdır. Sərvərlə 12 ildir ki, dostluq edirik. Onu hələ Sumqayıtdan tanıyıram. Cavidanı isə Razində məşq etdiyim vaxtdan tanıyıram. Dostluqda sədaqət, etibar, inam böyük şərtdir. Dost yalnız yaxşı gündə deyil, çətin günündə də sənin yanında durmağı bacarmalıdır
- Boş vaxtlarında nə edirsən?
- Şəhəri gəzməyə üstünlük verirəm, dostlarla bir yerdə oturub söhbət edirik. Məşqlərin gərginliyini, stressini atmaq üçün nə lazımsa edirik (gülür). Filmə baxıram, müsiqi dinləyirəm.
- Hansı filmləri xoşlayırsan?
- İnsanı motivasiya edən, həyati filmlərə baxıram.
- 20 yaşın var, amma yaşından dolğun görünürsən?
- (Fikirləşir) Atamı 15 yaşında erkən itirmişəm. Onun ölümündən sonra bir anda böyüdüm sanki... 4 bacının bir qardaşıyam. Anama, bacılarıma layiqli olmaq, onlara arxa olmaq mənim məsuliyyətimi artırıb. Çiyinlərimdə yük var. Bacım uşaqlarına da baba əvəziyəm. Mən həm oğulam, həm qardaş, həm ata.
- İdmanda olduğun üçün yeməyinə diqqət edirsən?
- Anamın bişirdiyi bütün yeməkləri yeyirəm. Yarışa yaxın dövrdə pəhriz saxlayıram. Ən çox xoşladığım yemək "3 bacı” dolması, plovdur.
- Musiqini sevməyən az insan tapılar. Sən necə?
- Gimnastikadan sonra musiqi kimi məni özünə cəlb edən sahə yoxdur. Dərslərimi hazırlayanda, məşqlərimi musiqinin sədaları altında edirəm. Ritmik mahnılara qulaq asmaqdan zövq alıram. Fərqi yoxdur, milli və ya xarici olsun, melodiya cəlb edirsə, dinləyirəm. Muğamı çox sevirəm. Milli musiqimiz olan muğam insanın ruhunu oxşayır. Qədir Rüstəmovun ifasında "Sona bülbüllər” mahnısını xüsusilə, xoşlayıram.
Səadət Hakıyeva