Olimpiya çempionları və mükafatçıları yetişdirən idman cəmiyyəti uğurları ilə seçilir

Olimpiya çempionları və mükafatçıları yetişdirən idman cəmiyyəti uğurları ilə seçilir





"Dinamo” cəmiyyəti, həqiqətən, qədim tarixə malik olan və 
Azərbaycanda idmanın, bədən tərbiyəsinin 
on illərlə böyük xidmət göstərən bir cəmiyyətdir.

Heydər Əliyev

Fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançının şərəfinə dövlət bayrağı qaldırılır və dünyanın bütün musiqi əsərlərindən əzəmətli təsir bağışlayan dövlət himni səsləndirilir. Bu ritual idmançının təmsil etdiyi ölkənin siyasət baxımından hər hansı beynəlxalq əhəmiyyətli iclasda, assambleyada uğuruna bərabər hesab edilir. Namiq Abdullayev, Zemfira Meftaxetdinova, Fərid Mansurov kimi Olimpiya çempionlarının nailiyyəti elə müstəqil Azərbaycan dövlətinin nailiyyətidir. İdmançılarımızın saysız-hesabçız beynəlxalq yarışlarda, qitə birinciliklərində əldə etdiyi qələbələr vətənimizin dünya ölkələri arasında daha yaxşı tanınmasında əhəmiyyətli rol oynayır.
Orta məktəblərin ibtidai siniflərindən başlamış hərbi xidmətə, idarə və müəssisələrə qədər idman hamının gündəlik həyat normasına çevrildiyi zamanın şahidləriyik. O vaxtlardan başlayaraq dünyada analoqu olmayan uşaq-gənclər idman məktəblərinin geniş şəbəkəsi yaradıldı, çoxmilyonluq idman cəmiyyətləri fəaliyyət göstərməyə başladı.



Ölkəmizdə səmərəli və məhsuldar fəaliyyəti ilə seçilən "Dinamo” Bədən Tərbiyəsi və İdman cəmiyyəti (BTİC) də məhz həmin vaxtlarda yaradıldı. Azərbaycan Fövqaladə Komissiyasının 9 mart 1926-cı il tarixli 28 saylı əmri ilə Bakı şəhərində fəaliyyətə başlayan cəmiyyətin, elə həmin ildə Naxçıvan MR-də, 1927-ci ildə Lənkəran və Cəbrayılda, 1929-cu ildə Gəncə və Göytəpədə, 1931-ci ildə Zaqatalada və sonrakı illərdə Sumqayıt, Mingəçevir və digər bölgələrdə filialları təsis edildi.

DİN İdman Cəmiyyəti qədim və zəngin
ənənələrə malikdir

Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev "Dinamo” İdman Cəmiyyətinin fəaliyyəti ilə bağlı çıxışlarının birində demişdir: "Bizim çoxumuz, o cümlədən, mən də uzun illər "Dinamo” Cəmiyyətinin üzvü olmuşuq. Mən bundan həmişə xeyir görmüşəm. "Dinamo” Cəmiyyəti bu gün də öz fəaliyyəti ilə Azərbaycanda idmanına, bədən tərbiyəsinin inkişafına xidmət edir”.

Azərbaycan idmanına Zemfira Meftaxetdinova, Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, İradə Aşumova, Fuad Aslanov, Mövlud Mirəliyev kimi istedadlı atletlər bəxş edən DİN İdman Cəmiyyəti qədim və zəngin ənənələrə malikdir. "Dinamo” İdman Cəmiyyətinin zəngin tarixi, fəaliyyəti, uğur və nailiyyətləri barədə ətraflı məlumat almaq üçün cəmiyyətin sədri, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Zemfira xanım Meftaxetdinova ilə görüşdük. Mövzudan kənar olsa da, qeyd etməliyəm ki, nədənsə son zamanlar səmimi insanların sayı azalıb və bəlkə də, barmaqla sayılacaq qədər azdır. Mən deyərdim ki, Zemfira xanımda əsl insana məxsus keyfiyyətlər cəmləşib. Olimpiya çempionumuz səmimi olduğu qədər də, təvazökar və ünsiyyətcil insandır.

- Zemfira xanım, söhbətimizə rəhbərlik etdiyiniz cəmiyyətin yenidən yaradılması, ümumiyyətlə, tarixindən başlayaq.

- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyəti respublikanın daxili işlər orqanlarında və daxili qoşunlarda çalışan əməkdaşların, hərbi qulluqçuların fiziki hazırlığının yüksəldilməsinə və idmanın kütləviliyinin artırılmasına xidmət edir. DİN İdman Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 30.06.2001-ci il tarixli Fərmanı əsasında Daxili İşlər Nazirliyinin "Dinamo” BTİC-nin əsasında yenidən yaradıldı. 2002-ci ildən etibarən "Dinamo” BTİC ləğv edildi və onun mülkiyyətində olan bütün bina, qurğu, avadanlıq, inventar, kadr heyəti DİN İC-nin sərəncamına verildi. 2009-cu ildə Xətai rayonunda, hazırda oturduğumuz binada cəmiyyətin yeni inzibati binası istifadəyə verildi.

Cəmiyyətimizin əsas fəaliyyət sahəsi iki istiqamətdən ibarətdir. Əsas istiqamət, daxili işlər orqanlarında, hissələrdə əməkdaşların fiziki hazırlığının təkmilləşdirilməsi, idmanın kütləviliyinin artırılması və xidməti idman növlərinin inkişafını təmin etməkdir. Fiziki hazırlıq dərslərinin, tədbirlərin, idman yarışlarının təşkili, DİN-in orqanlarında və hissələrində fiziki hazırlıq üzrə təlimatçıların hazırlanması, xidməti idman növləri üzrə birincilik və çempionatların həyata keçirilməsi, yığma komandanın heyətinin müəyyən edilməsi, eləcə də komandanın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi bizim əsas fəaliyyət sahəmizdir.

Cəmiyyətimizin fəaliyyətində ikinci əsas istiqamət əhali arasında bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsi, yeniyetmə və gənclər arasında hüquq pozuntularının, cinayətkarlığın qarşısının alınması, sağlam həyat tərzinin təbliği məqsədilə onların idmana cəlb olunması, perspektivli idmançıların aşkar edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsidir.



- DİN İdman Cəmiyyətində idmançılar üçün hansı şərait yaradılıb?

- Müasir tələblərə cavab verən idman zalları idmançıların ixiyarına verilib. Burada onların təlim-məşqlərini yüksək səviyyədə keçirmələri üçün hər cür şərait yaradılıb. DİN İC-nin inzibati binasında güləş, cüdo, əlbəyaxa döyüş, boks, taekvondo, kikboksinq, ciu-citsu idman növləri ilə məşğul olmaq üçün 7 idman zalı fəaliyyət göstərir. İdman oyunları üçün isə 1 qapalı idman meydançamız vardır. Hazırda DİN İC-in Bakı, Gəncə, Sumqayıt və Şirvan şəhərləri üzrə filiallarında 15 idman növündə məşğələ keçirilir. Bunlardan 10-u Olimpiya (sərbəst və yunan-Roma güləşi, cüdo, atçılıq, boks, taekvondo, bədii gimnastika, güllə və stend atıcılığı), qalanları isə qeyri-Olimpiya (karate, kikboksinq, ciu-citsu, sambo, kunq-fu, aykido, uşu-sanda, badminton, atçılıq) idman növləridir. Həm Olimpiya, həm qeyri-Olimpiya idman növlərində aparılan məşqlərdə məqsəd daxili işlər orqanlarının əməkdaşlarının fiziki hazırlığını möhkəmləndirmək, eləcə də yüksək dərəcəli idmançıların hazırlanmasını təmin etməkdir.

- Dinamoçuların arasında vaxtilə məşhur bəstəkarlar, alimlər də az olmayıb...

"Dinamo” yarandığı gündən etibarən öndə getməyi bacarıb. Cəmiyyətin yetirmələri uzun illər ərzində əzmkarlığı, yüksək uğurları və nailiyyətləri ilə başqalarından seçiliblər. Dinamoçuların həyat devizi belə idi: "Sən çempion olmaya bilərsən, amma ölkənin layiqli vətəndaşı olmağa borclusan!”. Sonradan onlardan bir qismi tanınmış idmançı olmasalar da, ictimai həyatın müxtəlif sahələrində görkəmli şəxsiyyət kimi sevilirdilər.

Maestro Niyazi bu cəmiyyətin yetirməsidir

Azərbaycanın idman həyatında 90 ildən artıq dövr ərzində şərəflə xidmət edən DİN-in İdman Cəmiyyətinin üzvlərindən 2 nəfər Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına, 7 nəfəri "Şöhrət” ordeni və 10 nəfəri isə "Tərəqqi " medalına layiq görülüb. Bundan başqa, cəmiyyətin yetirmələrindən beş nəfəri Sovet İttifaqı Qəhrəmanı, ikisi Sosialist Əməyi Qəhrəmanı, biri SSRİ-nin təyyarəçi-kosmonavtı, biri SSRİ xalq artisti, üç nəfəri isə SSRİ Yazıçılar birliyinin üzvü olub. Dinamoçular arasında Azərbaycanın Elmlər Akademiyasının müxbir üzvü, professor, elmlər doktoru, elmlər namizədi, Əməkdar idman xadimi (11 nəfər), fəxri bədən tərbiyəsi və idman işçisi (21), habelə Əməkdar idman ustası (20), beynəlxalq dərəcəli idman ustası (33), əməkdar məşqçi (45) və yüzlərlə tanınmış ziyalı vardır. Görkəmli bəstəkarımız və dirijor Niyazi "Dinamo”nun üzvü kimi dəfələrlə ağır atletika üzrə Azərbaycan çempionu adını alıb.

- Necə düşünürsünüz, torpaqlarımızın işğal altında olduğu bir vaxtda cəmiyyətin üzvlərindən daha çox sayıqlıq tələb olunur?

- DİN İC-nin üzvləri idmanla yanaşı, ölkənin həyatında baş verən ictimai, siyasi proseslərdə də yaxından iştirak edirlər. Dinamoçular Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edərək həm Böyük Vətən Müharibəsi illərində, həm də dövlətimizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda gedən mübarizədə əsl qəhrəmanlıq nümayiş etdiriblər. Onlar bu gündə vətənə sədaqətlə xidmət və qulluq edirlər. Azərbaycanın Milli Qəhrəmanları Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş polis baş leytenantı mərhum İlqar İsmayılov və hazırda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində xidmət edən general Mədət Quliyev DİN İdman Cəmiyyətinin yetirmələridir.




- Bu idman cəmiyyəti çoxları üçün "çempionlar məktəbi” kimi tanınıb...

- İbrahimpaşa və Muxtar Dadaşov qardaşları (sərbəst güləş), Azərbaycan boksunun atası Abbas Ağalarov, Sabir Hüseynov (pəhləvan) məhz dinamoçu olublar. Xandadaş Mədətov, Yuri Konovalov, Əhməd Məmmədoğlu, Aydın İbrahimov, Rauf Cabbarov, Ziba Ələsgərova kimi idmançılar respublikamızın bayrağını yalnız ittifaq turnirlərində deyil, Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında uca tutublar. Adıçəkilən idmançıların hazırlanmasında öz işinin bilicisi olan, təcrübəli məşqçi Əfqan Səfərovun böyük əməyi olub. Əfqan Səfərovun yetirmələri 5 dəfə dünya, 7 dəfə Avropa, 120 dəfə SSRİ rekordu müəyyən ediblər. Onu da qeyd edim ki, dünya və Avropa çempionları Xəzər İsayev , Tərlan Poladov, Zülfiyyə Hüseynova məhz bizim cəmiyyətin yetirmələridir. Bakı-2015 Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı, taekvondoçu Fəridə Əzizova, dünya və Avropa çempionu, I Avropa Oyunlarının gümüş mükafatçısı Rafiq Hüseynov buranın üzvüdürlər. Polis idmançılarımızdan Fərid Mayılov (kunq-fu-sanda), Ağamahmud Siracov (kikboksinq) və başqaları uğurları ilə fərqlənirlər.

"Biz hamımız bu vətənə xidmət edirik”

- Zemfira xanım, Olimpiya Oyunlarının qalib və mükafatçıları arasında da cəmiyyətin yetirmələri kifayət qədərdir. Elə biri siz özünüz...

- DİN İdman Cəmiyyəti Nazim Hüseynov, Namiq Abdullayev, Elnur Məmmədli, İradə Aşumova, Fuad Aslanov, Mövlud Mirəliyev kimi Olimpiya çempionları və mükafatçıları ilə fəxr edir. Hazırda cəmiyyətin sıralarında xidmət edən Olimpiya çempionlarından DİN-in Daxili Qoşunların Baş İdarəsi (DQBİ) idman komandasının rəisi, polis polkovniki Namiq Abdullayevin, Olimpiya Oyunlarının mükafatçılarından Şəmkir RPŞ-nin əməkdaşı, polis mayoru Mövlud Mirəliyevin, Nərimanov RPİ-nin əməkdaşı, polis polkovnik-leytenantı, idmanın sambo növü üzrə yeddiqat dünya çempionu Ceyhun Məmmədovun, DİN-in İdman Cəmiyyətinin Gəncə şəhər regional qurumunun əməkdaşı, polis kapitanı, dördqat dünya çempionu Hakim Nəzərəliyevin zəngin və şərəfli həyat yolu gənc idmançılarımız üçün nümunədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev DİN İdman Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Azərbaycanda idmanın geniş vüsət olması çox mühüm bir hadisədir. Gənc nəslin yetişdirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ümumiyyətlə, ölkənin idman şöhrətinin yüksəklərə qaldırılması üçün Azərbaycan dövləti hər şeyi edir və mən çox şadam ki, bizim tanınmış görkəmli idmançılar - Olimpiya çempionları, dünya, Avropa çempionları Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində öz fəaliyyətlərini davam etdirirlər”. Ölkə rəhbərinin bu sözləri idmançıları, federasiyaları, idman cəmiyyətləri və klublarının daha da əzmlə çalışmağa sövq edir. Biz hamımız bu vətənə- Azərbaycana xidmət edirik.




Uşaq və gənclərin zərərli vərdişlərdən uzaq olması üçün tədbirlər görülür

- Uşaq və gənclərin idmana cəlb olunması, idmanının kütləviliyi istiqamətində hansı işlər görülür?

- DİN İdman Cəmiyətinin 50 minə yaxın üzvü vardır. İdman bölmələrinə gələn və fiziki sağlamlıqlarını möhkəmləndirmək istəyənlərin sayı günü-gündən artır. Dövlətimizin gənclər siyasətinin əsasında genofondun qorunması prinsipi əsas götürülür. Burada gənc nəslin sağlamlığı, onların geniş təfəkkürə, dünyagörüşə malik, vətənpərvər insan kimi yetişmələri əsas məqsəd kimi qarşıya qoyulur. Rəhbərlik etdiyim idman cəmiyyətində uşaq və gənclərin zərərli vərdişlərdən, hər hansı cinayət hallarından uzaq olması üçün lazım olan bütün mühüm tədbirlər görülür. Şübhəsiz ki, idman bölməsinə gələn uşaq və yeniyetmələrin hamısı peşəkar idmançı olmur. Əsas məsələ sağlamlıqdır. İdman güclüləri, cəsurları və iradəli insanları sevir. Sona qədər dözüb qalanlar tanınmış idmançı olmaqla bərabər, ölkəmizin şan-şöhrətini yüksəklərə qaldırır, beynəlxalq arenada tanıtdırırlar.

Bu günün uşaq və yeniyetmələri sabahın əsgərləridirlər. İdmanla məşğul olmaq həm də kişilik, mərdlik məktəbinə gedən yolda köməkdir. Bu baxımdan xüsusilə, əlbəyaxa döyüş növlərinə olan həvəs gəncləri mənən güclü edir, fiziki cəhətdən möhkəmləndirir. Belə gənclərimiz orduya hazır gedir.




- Ötən il cəmiyyətiniz üçün hansı hadisələrlə yadda qalıb?

- 2017-ci ildə həm ölkəmiz, həm də bizim cəmiyyətimiz üçün IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi əlamətdar hadisələrdən biri oldu. Ölkəmizin ev sahibliyi etdiyi yarışlarda DİN İC-nin 17 idmançısı 10 idman növündə (stend və güllə atıcılığı, boks, cüdo, yunan-Roma güləşi, taekvondo, karate, atletika, su polosu, zorxana) təmsil olundu. Təmsilçilərimiz böyük əzmkarlıqla mübarizə apararaq Azərbaycan yığma komandasının hesabına 13 (9 qızıl, 3 gümüş və 1 bürünc) medal yazdırmağı bacardılar. Ruslan Lunyov güllə atıcılığı üzrə 5 qızıl, stend atıcıları Əli Hüseynli və Aydan Camalova isə komanda yarışında 1 qızıl medala sahib oldular. Bundan başqa, Kamran Məmmədov (yunan-Roma), Teymur Məmmədov (boks), Ayxan Mamayev (taekvondo) IV İslam Həmrəyliyi Oyunlarını çempion kimi başa vurdular. Gümüş medalları komandamıza Fəridə Əzizova (taekvondo) və Kənan Abdulxanlı (cüdo) qazandırdılar. Tural Əliyev (zorxana) və Nigar Nəsirova isə bürünc medala layiq görüldülər. Nigar Nəsirovanın hesabında Ruslan Lunyovla birgə komanda yarışında 1 qızıl medal da var idi.



Bundan başqa, cəmiyyətimizin dörd əməkdaşı İslamiadada hakim qismində iştirak edib. Polis polkovnik-leytenantları Hicran Şərifov yunan-Roma güləşi, Fariz Yusifov futbol, polis serjantı Telman Salayev və gizir Könül Sultanova voleybol üzrə yarışlarda ədaləti təmsil ediblər.
Ötən il cəmiyyətimizin təmsilçiləri ölkə və beynəlxalq miqyaslı yarışlarda 231 medal əldə ediblər ki, onun 73-ü qızıl, 65-i gümüş və 93-ü bürüncdür. Həmin medallardan 120-i böyüklərin, 47-i gənclərin, 64-ü isə yeniyetmə idmançıların payına düşür. Təmsilçilərimiz beynəlxalq yarışlarda təkcə ötən il 96 medala sahib olublar. Uğurlarımız davam edir. İnanıram ki, bu il əldə olunacaq qələbələrin sayı daha çox olacaq.

- Cəmiyyətin beynəlxalq əlaqələri barədə nə deyə bilərsiniz?

- İdman cəmiyyəti beynəlxalq əlaqələr çərçivəsində 2008-ci ildən MDB, Baltikyanı, habelə İtaliya, Bolqarıstan, Rumuniya, Anqola və s. ölkələrlə sıx əməkdaşlıq edir. DİN İC 2013-cü ildən beynəlxalq ölkələrin "Dinamo” təşkilatlarının Beynəlxalq Koordinasiya Şurasının üzvüdür.
Azərbaycan idmanının şanlı ənənələrini yaşadan və daim öz töfhələrini verən DİN-in İdman Cəmiyyətinin yetirmələri bundan sonra da ölkə idmanının şöhrətini uca tutacaq və yeni-yeni qələbələri ilə xalqımızı sevindirəcəkdir.

- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinə rəhbərlik edirsiniz. İdmançı kimi rəhbər vəzifədə çalışmaq çətin deyil?

- Düzünü desəm, həm çətin, həm də şərəfli peşədir. Həmişə, hər yerdə çalışmışam ki, mənə həvalə olunan işin öhdəsindən ləyaqətlə gəlim, dövlətimizin, nazirliyimizin mənə göstərdiyi yüksək eitmadı doğruldum.
Sidney-2000 Olimpiadasının çempionu, Afina-2004 Olimpiadasının bürünc mükafatçısıyam. Dəfələrlə dünya və Avropa çempionu tituluna layiq görülmüşəm. Dediyim odur ki, yarışlarda iştirak etmək və medal qazanmaq mənim üçün asan idi, nəinki rəhbər vəzifədə çalışmaq. Nə gizlədim, əvvəllər müəyyən çətinliklər var idi. Amma tədricən hər şey qaydasına düşdü.

- Bir qadın, ana kimi sizin də vəzifələriniz var. Çatdıra bilirsinizmi?

- Əlbəttə, çətindir. Həm rəhbər vəzifədə çalışmaq, həm ev, ailə qayğıları ilə yüklənmək asan deyil. Əsas odur ki, həm işini, həm də ailəni sevəsən.




Səadət Hakıyeva