İslam Həmrəyliyi Oyunlarında

İslam Həmrəyliyi Oyunlarında

İslam Həmrəyliyi Oyunları qısa vaxt ərzində yaransa da, böyük nüfuz və kifayət qədər azarkeş kütləsi qazanıb. Bu oyunlar İslam Əməkdaşlığı Təşkilatına (İƏT) daxil olan ölkələri bir araya gətirən idman tədbiridir. Qeyd edək ki, İslam Əməkdaşlığı Təşkilatı (2011-ci il iyun ayının 28-nə kimi bu təşkilatın adı İslam Konfransı Təşkilatı olub) islam ölkələrini birləşdirən beynəlxalq təşkilatdır. Bu təşkilat 1969-cu il sentyabrın 25-də müsəlman ölkələrinin konfransında təsis edilib. Təşkilatın yaradılmasında əsas məqsəd islam həmrəyliyinə nail olmaq, eləcə də müsəlman dövlətləri arasında birgə əməkdaşlığı təmin etmək, iqtisadiyyat, siyasət, mədəniyyət və idman sahəsində birgə fəaliyyət göstərmək, iştirakçı ölkələrin sabit inkişafına nail olmaqdır. İslam Əməkdaşlığı Təşkilatının mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir. İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsinə 57 müsəlman ölkəsini özündə birləşdirən İslam Həmrəyliyi Oyunları Federasiyası (İHOF) nəzarət edir.
Xatırladaq ki, İslam Həmrəyliyi Oyunları həm Olimpiya, həm də qeyri-Olimpiya idman növləri üzrə keçirilir. Yarışların proqramına atletika, oxatma, üzgüçülük, basketbol, badminton, futbol, gimnastika, karate do, pencak silat, sepak takrav, idman dırmanması, taekvondo, tennis, ənənəvi avarçəkmə, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma və uşu idman növü daxil edilib. Oyunların proqramına əsasən, futbol və voleyboldan fərqli olaraq, digər idman növlərində kişi və qadın atletlər iştirak edə bilərlər. İslam Həmrəyliyi Oyunları beynəlxalq qaydalar əsasında təşkil edilir.


Xatırladaq ki, Birinci İslam Oyunları Səudiyyə Ərəbistanı Krallığında keçirilib. Azərbaycan yığması 2005-ci il aprelin 8-20 təşkil edilən ilk İslam Həmrəyliyi Oyunlarında 12 idman növü üzrə 103 idmançı ilə təmsil olunub. Yarışı 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) başa vuran yığmamız medal qazanan ölkələr siyahısında 8-ci olub.
Son illərdə yüksək səviyyəli və mötəbər idman tədbirlərinin mərkəzinə çevrilən ölkəmiz 2017-cı ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün öz namizədliyini verib. Azərbaycan namizədliyini 2012-ci il oktyabrın 4-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin 8-ci iclasında irəli sürüb. Bu iclasda ölkəmizi gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Nümayəndə heyətinin tərkibində Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov və MOK-un məsul işçisi, İslam Qadın və İdman Federasiyasının birinci komitəsinin üzvü Könül Nurullayeva yer alıb. Tədbirdə Azərbaycanın 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı rəsmi müraciətdən əlavə, İslam Həmrəyliyi Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı ilkin texniki kitabın təqdimatı da olub. Kitabda tədbirlər planı, görüləcək işlər, mövcud vəziyyət, mədəniyyət, nəqliyyat infrastrukturu, tibb sahəsi, idmanda əldə olunan uğurlar, könüllülərin iş prinsipi, turizmin inkişafı və s. mövzular öz əksini tapıb.

Məkkə, Mədinə və Ciddə
müsəlman idmançıları
bir yerə topladı
Azərbaycanın yığma komandası Afina-2004 Yay Olimpiya Oyunlarından sonra - 2005-ci il aprelin 8-də növbəti dəfə ciddi sınaqla qarşılaşdı. İdmançılarımız ilk dəfə Səudiyyə Ərəbistanında idmanın 14 növü üzrə təşkil olunan I İslam Həmrəyliyi Oyunlarında (8-20 aprel) iştirak etdilər. Olimpiya oyunlarını xatırladan yarışlarda ölkəmizin idmançıları basketbol, həndbol, voleybol, su polosu, qılıncoynatma, tennis, karate, stolüstü tennis, ağır atletika, atletika, taekvondo və üzgüçülük növlərində qüvvələrini sınadılar. Yığmamız Məkkə, Mədinə və Ciddə şəhərlərində komanda idman növlərindən 4-də mübarizə apardı. Xatırladaq ki, Azərbaycan I İslam Həmrəyliyi Oyunlarında 150 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunurdu.
2005-ci il aprelin 5-də Milli Olimpiya Komitəsinin inzibati binasında I İslam Həmrəyliyi Oyunlarına yola salınan Azərbaycan yığma komandasının üzvləri ilə görüş keçirilidi. Görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər, idman və turizm nazirinin müavini Asif Əsgərov və Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əli Həsən Cəfər iştirak edirdilər. Aprelin 6-da Heydər Əliyev adına Bakı Hava Limanında idmançı və mütəxəssislərdən ibarət 150 nəfərlik nümayəndə heyətinin yolasalınma mərasimi oldu. Beynəlxalq aləmdə böyük əhəmiyyət kəsb edən bu oyunlar idmançılarımızın öz qüvvələrini üzə çıxarması, eləcə də iştirakçı dövlətlər arasında layiqli yer tutması üçün əsl sınaq meydanı idi.
İslam Konfransı Təşkilatı (İKT) və Səudiyyə Ərəbistanı Krallığı yarışların yüksək səviyyədə təşkili üçün hərtərəfli hazırlıq işləri görmüşdülər. Ev sahibi idmançıların qarşılanması, onların "Olimpiya kəndi”ndə yerləşdirilməsi, qida təminatı və nəqliyyat vasitələri ilə vaxtlı-vaxtında lazımi obyektlərə çatdırılmasını yüksək səviyyədə həll etmişdi. 2005-ci il martın 30-da Ciddədə şahzadə Fəhd bin Əbdül-Əzizin iştirakı ilə oyunlara həsr olunmuş təntənəli andiçmə mərasimi keçirildi. Mərasimdə Səudiyyə Ərəbistanının idman rəhbərləri və digər ölkələrin milli Olimpiya komitələrinin üzvləri də iştirak edirdilər. Yekdil rəyə əsasən, həndbol, taekvondo, atletika idman növlərinin Məkkədə, basketbol, ağır atletika, karatenin Mədinə şəhərində, su polosu, üzgüçülük və voleybolun Ciddədə, tennis, stolüstü tennis və qılıncoynatma yarışlarının isə Taif şəhərində keçirilməsi qərara alındı.
I İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi aprelin 8-də Məkkədə keçirildi. Məkkə şəhərinin 3 kilometrliyində yerləşən, 80 min tamaşaçı tutan kral Əbdül-Əziz stadionunda keçirilən mərasimdə 53 ölkədən 5 minə yaxın idmançı iştirak edirdi. Tədbir Azərbaycan idmançıları və nümayəndələrinin stadiona daxil olması ilə başlandı. Ölkəmizin üçrəngli bayrağını taekvondo üzrə gənclər arasında Avropa çempionu İlkin Şahbazov aparırdı. Təntənəli tədbirdə bir çox ölkələrin idman nazirləri, milli Olimpiya komitələrinin rəhbərləri, o cümlədən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər, idman və turizm nazirinin müavini Asif Əsgərov da iştirak edirdilər.
Azərbaycan yığması aprelin 8-də, yəni yarışların ilk günündə 5 medal qazanmışdı. Millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə etmişdi. Yarışların üçüncü günündə artıq bir neçə növdə qaliblər müəyyənləşmişdi. Belə ki, 12 müsəlman ölkəsi - Əlcəzair, Misir, İran, Qazaxıstan, Qırğızıstan, Səudiyyə Ərəbistanı, Mərakeş, Malayziya, Suriya, Tunis, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan idmançıları islamiada qalibləri sırasında yer almışdılar. Ölkəmizin atletləri bəzi növlər üzrə yarışlarda uğurla çıxış etdilər.
Qazanılan medallar karate, taekvondo, ağırlıqqaldırma, qılıncoynatma və basketbolun payına düşdü
İslamiadaya 12 idman növündə - basketbol, voleybol, həndbol, su polosu, tennis, atletika, qılıncoynatma, stolüstü tennis, taekvondo, ağır atletika, üzgüçülük və karatedə 103 idmançı ilə qatılan yığmamız yarışları uğurla başa vurdu. Azərbaycan yığması karate, taekvondo, ağır atletika, qılıncoynatma və basketbol idman növlərində mükafatlara layiq görüldü. Nəticədə komandamız medal qazanan ölkələrin siyahısında 8-ci yeri tutdu.

Basketbol
Mədinənin Kral Məhəmməd Əbdül-Əziz adına idman sarayında çıxış edən basketbolçularımız I İslam Həmrəyliyi Oyunlarında inamlı mübarizə nümayiş etdirdilər. Qrup mərhələsində Somali, Yəmən və Küveyt yığmalarını məğlub edən Rimas Kurtinaytisin yetirmələri növbəti sınaqdan da uğurla çıxdılar. Millimiz növbəti mərhələdə əlcəzairlilərə 4 top fərqi ilə məğlub olsa da, mərakeşliləri 70:55 hesabı ilə mübarizədən kənarlaşdırmağı bacardı. İdmançılarımız suriyalılarla həlledici - sonuncu qarşılaşmada da meydanı qalib kimi tərk etdilər. Onlar rəqiblərinin 72 xalına 88 dəqiq atışla cavab verdilər. Yarımfinala vəsiqə alan Kurtinaytisin komandasının növbəti rəqibi İran yığması oldu. Yarımfinal qarşılaşması da basketbolçularımızın xeyrinə başa çatdı - 86:85. Finalda Əlcəzair millisi ilə qarşı-qarşıya gələn basketbol yığmamız bu görüşdən də alnıaçıq çıxdı. Əlcəzairliləri 82:69 hesabı ilə məğlub edən millimiz İslamiadanan çempionu adına layiq görüldü.
Ölkəmizin basketbolçulardan ibarət milli komandasının I İslam Həmrəyliyi Oyunlarının çempionu tituluna yiyələnməsini Azərbaycan yığmasının yarışlardakı ən böyük uğuru idi. Çünki atletlərimiz ölkəmizin üçrəngli bayrağını fərdi idman növlərində dəfələrlə yüksəklərə qaldırsalar da, bu vaxta kimi beynəlxalq arenalarda komanda növləri üzrə yüksək nəticə əldə etməmişdilər.

Ağırlıqqaldırma
Birinci İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma üzrə ölkəmizin idman şərəfini 6 idmançı - Aqşin Mirzəyev, Asif Məlikov, Natiq Həsənov, Anar Nəzərov, Əlibəy Səmədov və Nizami Paşayev qoruyurdular. Nizami Paşayev Ərəbistanda ilk dəfə olaraq 105-kq-da öz qüvvəsini sınayırdı. Ağırlıqqaldıranların mübarizəsində Azərbaycan atletləri böyük uğurlar qazandılar. Onlar komandanın aktivinə 8 medal əlavə etdilər.
Məkkə tatamisinə -105 kq-da çıxan dünya çempionu Nizami Paşayev birdənqaldırmada islamiadanın qızıl medalına yiyələndi.
85 kq çəki dərəcəsində yarışan Natiq Həsənov birdənqaldırmada qırğız və suriyalı rəqiblərini geridə qoyaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Natiq təkanla qaldırmada bu yeri qırğız həmkarına güzəştə gedərək gümüş medalla kifayətləndi. Beynəlxalq arenalarda böyük uğuru olmayan təmsilçimiz iki hərəkətin cəmində yenidən gümüş medal qazandı. 94 kq-da çıxış edən Əlibəy Səmədov birdənqaldırmada bürünc medala sahib çıxdı. Afina Olimpiadasının iştirakçısı Əlibəyin təkanla qaldırmadakı nəticəsi mükafata layiq görülməsə də, o, iki hərəkətin cəmində üçüncü pilləni özünə təmin etdi.


Qılıncoynatma
Qılıncoynadanların mübarizəsinin son günündə təmsilçilərimiz uğurlu çıxışları ilə yadda qaldılar. Yaşar Məmmədovun rəhbərlik etdiyi komandamız öz adını medalçılar sırasına yazdırmağı bacardı. Komandamız islamiadanın bürünc medallarını əldə etdi.
Komanda yarışı (sablya)
1. Misir - qızıl
2. İran - gümüş
3. Səudiyyə Ərəbistanı - bürünc
4. Azərbaycan - bürünc

Karate
Baş məşqçi Hidayət Şabanovun rəhbərlik etdiyi karate üzrə yığma komandamız 4 medal qazandı. 75 kq çəki dərəcəsində döyüşən Ceyhun Ağasıyev islamiadanın qızıl medalına layiq görüldü. 60 kq-da Yusif Cəfərov və 70 kq-da Rəşad Hüseynov gümüş, 65 kq-da Rəfael Ağayev bürünc medal qazandılar.

Taekvondo
Bu növ də idmançılarımız üçün uğurlu oldu. Belə ki, 63 kq çəki dərəcəsində çıxış edən Babək İsgəndərov bürünc medal qazandı.
Səudiyyə Ərəbistanı Krallığında idman tarixində ilk dəfə keçirilən müsəlman ölkələrinin I İslam Həmrəyliyi Oyunları aprelin 20-də yekunlaşdı. Məkkə, Mədinə, Ciddə və Taif şəhərlərində 14 idman növü üzrə təşkil edilən yarışlarda 13 günlük mübarizə başa çatdı. 12 idman növündə 103 idmançı ilə islamiadada iştirak edən yığmamız aktivinə 15 - 4 qızıl, 4 gümüş və 7 bürünc medal yazdıraraq medalların növünə görə mükafatçılar siyahısında 8-ci pillədə qərarlaşdı.
Ev sahibi I İslam Həmrəyliyi Oyunlarını qalib kimi başa vurdu. Səudiyyə Ərəbistanı medal qazanan ölkələrin siyahısında ilk pillədə yer aldı. Aktivlərində 56 medal olan meydan sahibləri 23 qızıl, 16 gümüş və 17 bürünc medalla ilk pillədə qərarlaşdılar. Medalların növünə görə Misir yığması ikinci yeri tutdu. Onların hesabında 39 medal (13 qızıl, 14 gümüş, 12 bürünc) var idi. Üçüncü pillənin sahibi isə Qazaxıstan yığması oldu. Orta asiyalılar 13 qızıl, 7 gümüş, 6 bürünc medalla (cəmi 26 medal) digər rəqiblərini arxada qoydular.
Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Bu gün respublikamızda idmana, Olimpiya Hərəkatına göstərilən dövlət qayğısı ən yüksək səviyyədədir. Paytaxtda, eləcə də bölgələrdə inşa edilən müasir idman qurğuları, Olimpiya idman kompleksləri müxtəlif səviyyəli beynəlxalq yarışların keçirilməsinə imkan verir. Ölkəmiz artıq neçə illərdir ki, Avropa və dünya çempionatlarının ev sahibi kimi çıxış edir. 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi hüququnun ölkəmizə verilməsi beynəlxalq idman qurumlarının Azərbaycana göstərdiyi etimaddan irəli gəlir. İdmanın kütləvi hal aldığı respublikamız hələ bundan sonra da ən möhtəşəm idman yarışlarının təşkilatçısı olacaq. İnanırıq ki, qısa zaman kəsiyində dünyada idman ölkəsi kimi tanınan Azərbaycan bir sıra möhtəşəm idman tədbirləri kimi, islam dünyasında böyük nüfuza malik və möhtəşəmliyi ilə seçilən İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi etmək hüququ qazanacaq.

Səadət Hakıyeva
İslam Həmrəyliyi Oyunlarında İslam Həmrəyliyi Oyunlarında İslam Həmrəyliyi Oyunlarında İslam Həmrəyliyi Oyunlarında