Bakı ilk Avropa Oyunlarının vətəni olacaq

Bakı ilk Avropa Oyunlarının vətəni olacaq


Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasında özünəməxsus rola və yerə malikdir. Ölkəmizdə hər bir sahədə, o cümlədən idmanda böyük tərəqqi və inkişaf hökm sürür. Azərbaycan müstəqillik əldə etdikdən sonra atletlərimizin ölkə hüdudlarından kənarda üçrəngli bayrağımızı yüksəklərə qaldırmaları, dövlət himnimizin səsləndirilməsi Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin bir təzahürüdür.
Qazanılan uğurlar və nailiyyətlər bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra qısa zaman kəsiyində bütün sahələrdə olduğu kimi, idmanda da böyük inkişaf və irəliləyişə nail olması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilən uzaqgörən, ardıcıl və ağıllı siyasətin nəticəsində mümkün olmuşdur. Sevindirici haldır ki, ölkəmizdə idmanın, Olimpiya Hərəkatının inkişafı və tərəqqisi, güclü idman potensialının və maddi-texniki bazanın yaradılması, təmsilçilərimizin dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında misilsiz qələbələri Azərbaycanı, paytaxt Bakını mötəbər idman yarışlarının
mərkəzinə çevirmişdir. Şübhəsiz ki, illər ərzində yüksək səviyyəli beynəlxalq idman tədbirlərinin təşkili və keçirilməsi üçün güclü infrastruktura, əlverişli şərait, yaxşı təşkilatçılıq tələb olunur. Azərbaycan digər tədbirlər kimi, nüfuzlu idman tədbirlərinə, dünya və qitə miqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Bunu ölkəmizdə qonaq olan mötəbər təşkilatların, beynəlxalq federasiyların rəsmiləri də təsdiq edir. Azərbaycanda, paytaxt Bakıda təşkil edilməsi nəzərdə tutulan möhtəşəm idman tədbirlərindən biri də tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarıdır. Avropa Olimpiya Komitəsi (AOK) Baş Assambleyasının Romada təşkil edilən iclasında Avropa Oyunlarına ev sahibliyi etmək hüququ ölkəmizə verilib. Bununla bağlı Azərbaycanda bir sıra mühüm tədbirlər və hazırlıq işləri görülür. Hazırda Avropa Olimpiya Komitəsinin təşəbbüsü və dəstəyi ilə müxtəlif səviyyəli qitə oyunları keçirilir. Avropanın "cırtdan” dövlətlərinin oyunları 1984-cü ildən təşkil edilir və bu yarışlarda Avropanın 8 kiçik dövləti (San Marino, Monako, Kipr, Andorra, Malta, Lüksemburq, İslandiya, Lixtenşteyn) iştirak edir.
Bu oyunlar beynəlxalq idman federasiyalarının və Olimpiya Xartiyasının normaları və qaydaları əsasında iki ildən bir keçirilir. Qitə oyunlarından danışarkən Panamerika, Panafrika və Asiya Oyunlarının adını çəkməmək mümkün deyil. Bu oyunlar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) dəstəyi ilə keçirilir və miqyasına, əhatə dairəsinə görə bütün dünyada məşhurdur. Panafrika Oyunları ilk dəfə 1965-ci ildə Konqonun paytaxtı Brazvildə təşkil edilib. I Panafrika Oyunlarında dünyanın 30 ölkəsindən 2500 idmançı qüvvəsini sınayıb. Qeyd edək ki, dörd ildən bir keçirilən Panafrika Oyunlarında idmançılar yay Olimpiya oyunlarının proqramına daxil olan idman növləri üzrə qüvvələrini sınayırlar. Axırıncı oyunlar 2011-ci ildə Mozambik Respublikasının Maputu şəhərində təşkil edilib. Panamerika Oyunları isə 1951-ci ildən etibarən Olimpiya dövrünə uyğun olaraq dörd ildən bir keçirilir. Yarışlar Olimpiya proqramına müvafiq aparılır və burada Amerika qitəsinin 42 dövləti iştirak edir. Maraqlıdır ki, I və XI Panamerika Oyunlarından başqa, qalan oyunlarda ABŞ yığması həmişə qaliblər siyahısına liderlik edib. Axırıncı oyunlar 2011-ci ildə Meksikanın Qvadalaxara şəhərində təşkil edilib. Növbəti Panamerika Oyunlarının 2015-ci ildə Kanadanın Toronto şəhərində keçirilməsi planlaşdırılır. Panasiya Oyunları da BOK-un nəzarəti altında 1951-ci ildən keçirilir. İndiyə qədər 16 Panasiya Oyunları təşkil edilib. Çinin Quançjou şəhərində təşkil edilən oyunlarda Asiya qitəsinin 45 dövləti iştirak edib. Panasiya Oyunlarında Olimpiya idman növlərindən başqa, uşu, boulinq, karate, bilyard, skvoş, softbol və digər idman növləri də nümayiş etdirilib. Birinçi Avropa Oyunları 2015-ci ildə Bakıda keçiriləcək. Tarixdə ilk dəfə təşkil ediləcək və Avropa qitəsinin idmançılarını bir araya toplayacaq idman tədbirinə 2 il vaxt qalır. Bunun üçün ölkəmizdə ciddi və hərtərəfli hazırlıq işləri görülür. Yarışların keçirilməsi üçün müvafiq tədbirlər və proqramlar həyata keçirilir. Ölkəmiz indiyədək bir sıra mühüm idman tədbirlərinə ev sahibliyi etsə də, qitə Oyunlarının təşkili və keçirilməsi ilk dəfə olduğundan Avropa Olimpiya Komitəsinin (AOK) təşkilatçılığı və dəstəyi altında keçirilən idman tədbirləri, digər qitə oyunları, yarışların keçirilmə proqramı, açılış və bağlanış mərasimləri və bu oyunlarla bağlı maraqlı məqamlarla oxucularımızı tanış edirik.



QİTƏ OYUNLARI

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi və Avropa Olimpiya Komitəsinin (AOK) təşkilatçılığı ilə Olimpiya oyunları arasındakı dövr ərzində keçirilən Yeniyetmələrin Olimpiya Festivallarından başqa, digər tədbirlər də keçirilir. Qitə oyunları məhz belə idman tədbirlərindən biridir. Avropada qitə oyunlarının keçirilməsi ideyası ilk dəfə 1981-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Baden-Badendə təşkil edilən konqresində irəli sürülüb. Həmin konqresdən cəmi üç il sonra, 1985-ci ildə Avropanın cırtdan ölkələrinin ilk Oyunları həyata vəsiqə alıb. Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə təşkil edilən ilk oyunlarda yalnız San-Marino və Lüksemburq ölkələri iştirak edib. Avropanın cırtdan ölkələrinin Oyunları beynəlxalq idman federasiyalarının (BİF) və Olimpiya Xartiyasının norma və qaydalarına əsasən aparılır və yarışların aparılmasına Avropa Olimpiya Komitəsi (AOK) nəzarət edir. Hazırda bu oyunlarda Avropanın səkkiz cırtdan dövləti iştirak edir (San-Marino, Lüksemburq, Monako, Kipr, Andorra, Malta, İslandiya, Lixtenşteyn). Avropanın cırtdan dövlətlərinin Oyunları iki ildən bir keçirilir (1985 -San-Marino; 1987 - Monako; 1989 - Kipr; 1991 - Andorra; 1993 -Malta; 1995 -Lüksemburq; 1997 - İslandiya; 1999 -Lixtenşteyn, 2001 -San-Marino, 2003 - Malta, 2005 - Andorra, 2007- Monako, 2009 - Kipr, 2011 -Lixtenşteyn). 2009-cu il iyunun 1-dən etibarən bu qrupa Çernoqoriya da daxil edilib. Farer adaları isə BOK tərəfindən tanındıqdan sonra Avropanın cırtdan ölkələrinin Oyunlarında iştirak etmək hüququ qazanacaq. Yarışların proqramında 6 fərdi - atletika, üzgüçülük, atıcılıq, cüdo, böyük tennis, stolüstü tennis və 2 komanda - voleybol və basketbol idman növləri nümayiş etdirilir. 

2011-ci ildə təşkil edilən Oyunların proqramına komanda idman növlərindən olan skvoş da daxil ediliib. Lixtenşteyndə təşkil edilən Avropanın cırtdan dövlətlərinin XIV Oyunlarında 10 idman növü - velosiped, voleybol, cüdo, yüngül atletika, stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu, skvoş, atıcılıq və tennis üzrə 110 dəst medal oynanılıb. Avropa Olimpiya Komitəsi bu sahədə öz fəaliyyətini yalnız Avropa qitəsi ilə məhdudlaşdırmır. AOK-un 1994-cü ildə Ərəb İdman Konfederasiyası ilə bağladığı müqaviləyə əsasən 20 ərəb ölkəsinin milli Olimpiya komitələri və 34 Ərəb İdman Federasiyaları da bu layihədə iştirak edir. Müqavilənin şərtlərinə görə tərəflər bir-biri ilə Olimpiya Hərəkatı, gənclər və idman, idman və tibb, texniki sahələrlə əməkdaşlıq, təcrübə mübadiləsi aparırlar. Proqram bu gün də uğurla həyata keçirilir. Azərbaycanda idmanın və Olimpiya Hərəkatının geniş vüsət alması, ölkəmizin güclü idman potensialına və maddi-texniki bazaya u1084 malik olması, istedadlı və bacarıqlı idman mütəxəssislərinin yetişməsi, idmanın və Olimpiya Hərəkatının kütləviləşməsi Azərbaycanın güclü idman dövləti olmasından xəbəb verir. Təsadüfi deyildir ki, idman və Olimpiya Hərəkatı üçün ölkəmizdə möhkəm təməl və bazanın yaradılması 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası və 20 yaşınadək futbolçular arasında Avropa birinciliyi kimi mötəbər yarışların Azərbaycanda təşkilinə əsas verir. Bundan başqa, ölkəmiz 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına, 2019-cu ildə təşkil ediləcək universiada yarışlarına da ev sahibliyi etmək üçün öz namizədliyini verib. Möhtəşəm və yüksək səviyyəli beynəlxalq idman tədbirlərinin mərkəzinə çevrilən ölkəmiz hazırda Olimpiya tarixində ilk dəfə keçiriləcək Avropa Oyunları kimi mötəbər yarışa ev sahibliyi etməyə hazırlaşır. Qitə idmançılarını 2015-ci ildə bir araya toplayacaq möhtəşəm idman tədbirinə- I Avropa Oyunlarına isə cəmi 2 il qalıb. Bunun üçün ölkəmizdə hərtərəfli hazırlıq işləri aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclasında Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Birinci Avropa Oyunlarına hazırlıqla bağlı ölkəmizdə səfərdə olan Avropa Oyunları Koordinasiya Komitəsinin üzvlərini qəbul edən Prezident İlham Əliyev çıxışında deyib: "Bu, Koordniasiya Komitəsinin ilk görüşüdür. Sözsüz ki, siz artıq başlanılmış hazırlıq işlərinin şahidi olacaqsınız. Bu, böyük nailiyyətdir. Çünki bu, birinci Avropa Oyunlarıdır, bu, böyük sınaqdır. Ümidvaram ki, birgə səylər nəticəsində Olimpiya Hərəkatı tarixində ən yaxşı oyunlardan birini təşkil etmək hədəfinə nail ola biləcəyik. Bu, bizim məqsədimizdir. Biz indi çox fəal şəkildə çalışırıq, sözsüz ki, bu gün və sabah təqdimatlar keçiriləcəkdir. Əlbəttə ki, sizin tövsiyələriniz yüksək qiymətləndiriləcəkdir. Çünki bildiyiniz kimi, Olimpiya oyunları kimi böyük tədbirin təşkilində bizim təcrübəmiz yoxdur. Baxmayaraq ki, keçmişdə biz dünya və Avropa çempionatlarına ev sahibliyi etmişik, Avropa Oyunları fərqli səviyyəli və sözsüz ki, xüsusi diqqət tələb edən oyunlardır”. Avropa Oyunları ilə bağlı ölkəmizdə ciddi və hərtərəfli hazırlıq işləri davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hazırlıq işlərinin gedişinə birbaşa nəzarət edir. Birinçi Avropa Oyunlarına ev sahibliyi etdiyimiz üçün digər qitələrdə keçirilən yüksək səviyyəli oyunlar çərçivəsində Panamerika Oyunları, Afrika Oyunları və Asiya Oyunları haqqında məlumatlar da maraqlıdır.



PANAMERİKA OYUNLARI


Panamerika Oyunlarının keçirilməsi ideyası Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Anri de Baye-Latura məxsusdur. 1926-cı ildə təşkil edilən Mərkəzi Amerika Oyunlarının uğurlu nəticəsi BOK prezidentini yeni oyunlar
təşkil etməyə ruhlandırıb. Anri de Baye-Laturun bu ideyası qitənin idman rəhbərləri tərəfindən yalnız 10 ildən sonra - Berlin-1936 Olmipiya Oyunlarında bəyənilib. 1940-cı ildə Argentina MOK-nun təşəbbüsü ilə Buanes-Ayresdə 16 dövlətin iştirakı ilə Qərb yarımkürəsi dövlətlərinin konqresi çağrılıb. Konqresdə Panamerika İttifaqı və Panamerika İdman Komitəsi u1081 yaradılıb. İkinci dünya müharibəsi ilə əlaqədar olaraq ilk Panamerika Oyunlarının təşkil edilməsi 1948-ci ilə təsadüf edib. Həmin oyunlarda 20 ölkədən 2000 idmançı iştirak edib.


Panamerika Oyunları 1951-ci ildən etibarən mütamadi olaraq dörd ildən bir keçirilir. Müqayisə üçün qeyd edək ki, əgər I Panamerika Oyunlarında 21 ölkədən 2513 idmançıı proqramda nümayiş etdirilən 18 idman növü üzrə yarışırdısa, 2011-ci ildə keçirilən XVI Panamerika Oyunlarında 42 ölkədən 6000-dən çox idmançı öz qüvvəsini sınayıb. Son illər Panamerika Oyunları geniş şöhrət qazanıb. Yarışların proqramı genişlənib, iştirakçı ölkələrin və idmançıların sayı kifayət qədər artıb. Maraqlı faktdır ki, Panamerika Oyunlarının proqramında əsasən, Olimpiya idman növləri nümayiş etdirilir: güləş, boks, gimnastika, velosiped idmanı, avarçəkmə, cüdo, atçılıq idmanı, atletika, suya tullanma, beysbol, müasir beşnövçülük, yüngül və ağır atletika, tennis, atıcılıq (stend, güllə və ox atıcılığı), qılıncoynatma, ot üstündə hokkey və komanda idman növləri olan voleybol, vaterpol, badminton, həndbol, futbol və basketbol. Bundan başqa proqrama reqbi, skvoş, boulinq, karate və s. də daxildir. ABŞ yığması I və XI Oyunlar istisna olmaqla, indiyə qədər təşkil edilən Panamerika Oyunlarında qazanılan medalların sayına görə liderliyi qoruyub saxlayır. I Oyunlarda liderlər siyahısına Argentina, XI Oyunlarda isə Kuba yığması başçılıq edib. Panamerika Oyunları çərçivəsində yay oyunları ilə yanaşı, qış oyunları da keçirilir. İlk Panamerika Qış Oyunları 1989-cu ildə Las-Lenasda (Argentina) keçirilib. Qış oyunlarının proqramına dağ xizəyi idmanı, xizək yarışları, fristayl və biatlon yarışları nümayiş etdirilib.






AFRİKA OYUNLARI


Afrika Oyunlarının keçirilməsi ideyası hələ 1912-ci ildə müasir Olimpiya Hərəkatının banisi Pyer de Kuberten tərəfindən irəli sürülüb. Afrika qitəsi oyunlarının həyata vəsiqə alması yalnız 60-ci illərin ortalarında reallaşıb.
Qeyd etmək lazımdır ki, Afrika qitəsində kompleks idman yarışları (Dostluq oyunları) ilk dəfə 1959-cu ildə Banqidə (red. indiki Mərkəzi Afrika Respublikası) təşkil edilib. 1960-cı illin əvvəllərində üç belə idman festivalı (1960-cı ildə Madaqasqarda, 1961-ci ildə Fil Dişi Sahillərində və 1963-cü ildə Seneqalda) keçirilib.


Lakin bu festivallar müvəqqəti xarakter daşıyıb və davamlı olmayıb. 1962-ci ildə Paris şəhərində Afrika qitəsini təmsil edən ölkələrin idman nümayəndələri Afrika Oyunlarının təşkil edilməsini təklif ediblər. Nəhayət, 1964-cü ildə dünyanın 32 ölkəsinin iştirak etdiyi konfransda I Afrika Oyunlarının 1965-cı ildə Brazzavil şəhərində (Konqo) keçirilməsi planlaşdırılıb. Oyunların təşkili və keçirilməsinə rəhbərlik 1966-cı ildə təsis edilən Afrika İdmanı Ali Şurasına (VSSA) həvalə edilib. Qeyd edək ki, Ali Şura qitə idman təşkilatı qismində idman nazirlikləri, federasiyaları və nümayəndəliklərini öz tərkibində birləşdirir. Afrika Oyunları yarandığı ilk illərdə bəzi maliyyə və təşkilati problemlərlə üzləşdiyi üçün yarışların təşkilində dövrilik prinsipinə əməl edilməyib. Məsələn, IV Genuya Oyunları 1982-ci ilə planlaşdırıldığı halda, 5 il sonra, yəni 1987-ci ildə keçirilib. 1965-cı ildə təşkil edilən I Afrika Oyunlarında 30 ölkədən 300 idmançı iştirak edib. IV Nayrobi Oyunlarında isə (1987) 38 ölkədən 3000 idmançı qüvvəsini sınayıb.




ASİYA OYUNLARI

Asiya Oyunları qitə idmançılarının dörd ildən bir təşkil edilən yarışlarıdır. Bu oyunlar BOK-un nəzarəti altında keçirilir. Yarışlarda ancaq BOK tərəfindən tanınan ölkələr iştirak edirlər. İkinci Dünya müharibəsindən sonra Asiya
qitəsinin bir neçə ölkəsi müstəqillik əldə etdilər. London-1948 Olimpiya Oyunlarının gedişində Hindistan Olimpiya Komitəsi Asiya qitəsinin idman komandalarının rəhbərlərinə qitə oyunlarının təşkil edilməsi ilə bağlı müraciət etdi. Onlar Asiya Atletika Federasiyasını yaratdılar. İlk Asiya Oyunlarının Hindistanın Nyu-Dehli şəhərində təşkil edilməsi planlaşdırıldı.




Asiya Oyunlarında yarışların təşkili və keçirilməsi üçün 1986-cı ildə yaradılan Asiya Olimpiya Şurası (OSA) məsuliyyət daşıyır. I Asiya Oyunları 1951-ci ildə keçirilib. II Asiya oyunları isə 1954-cü ildə Manilada (Filippin) təşkil edilib. Axırıncı oyunlar isə 2010-cu ildə Çinin Quançjou şəhərində keçirilib. XVI Asiya Oyunlarında qitənin 45 ölkəsinin idmançısı öz qüvvəsini sınayıb. Müqayisə üçün bildirək ki, I Asiya Oyunlarında cəmi 11 ölkə təmsil olunub. Əvvəllər Oyunların proqramında 10 idman növü nümayiş etdirilib. Asiya Oyunlarının miqyası artdıqca yarışların proqramı da genişlənib. 1994-cü ildə keçirilən XII Asiya Oyunlarında idmançılar Olimpiya oyunlarının proqramında nümayiş etdirilən əsas idman növləri ilə yanaşı, qolf, karate və uşuda mübarizə aparıblar. 2010-cu ildə yarışların proqramına kriket idman növü də daxil edilib.Qeyd edək ki, keçmiş SSRİ-nin tərkibində olan Kazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan Asiya Oyunlarında 1994-cü ildən etibarən iştirak edirlər.



REGİONAL OYUNLAR

Regional oyunlar çərçivəsində Millətlər Birliyinin oyunları, Mərkəzi Amerika və Karib dənizi ölkələrinin oyunları keçirilir.



MİLLƏTLƏR BİRLİYİNİN OYUNLARI

Millətlər Birliyinin Oyunları keçmiş kolonial sistemin oyunlarıdır. 1930-ci ildən 1950-ci ilə kimi yarışlar Britaniya imperiyasının oyunları adı altında təşkil edilib. Koloniya sistemi dağıldıqdan sonra yarışlar Millətlər Birliyinin oyunları kimi böyük şöhrət qazanıb. 1999-cu ildə Oklanda (Yeni Zelandiya) təşkil edilən XIV Yay Oyunlarında 50 ölkədən 3500 idmançı qüvvəsini sınayıb. Proqramda idmanın 10 növü - yüngül atletika, üzgüçülük, badminton, boks, velosiped idmanı, atıcılıq, cüdo, ağır atletika, boulinq və gimnastika üzrə yarışlar keçirilir. Oyunlarda İngiltərə, İrlandiya, Şotlandiya, Uels kimi iri komandalarla yanaşı, İngiltərənin kiçik adaları - Men, Cersi, Qernsi də iştirak edirlər. Aralıq dənizi ölkə lə rinin ilk oyunları 1951-ci ildə Aleksandiriya (Misir) şəhərində təşkil olunub. Oyunlar hər dörd ildən bir keçirilir. Oyunların proqramına 12 idman növü daxildir.



MƏRKƏZİ AMERİKA VƏ KARİB DƏNİZİ ÖLKƏLƏRİNİN OYUNLARI

Mərkəzi Amerika və Karib dənizi ölkələrinin oyunları regional yarışlar çərçivəsində təşkil edilir. İlk oyunlar Meksika, Qvatemala və Kuba komandalarının iştirakı ilə 1926-ci ildə keçirilib. Oyunların qədim ənənələrindən biri də Meksikadakı Las-Estrelyas təpəliyindəki məbəddə günəş şüaları ilə yandırılan məşəl ritualıdır. Oyunların proqramına idmanın 12 növü: beysbol, güləş, boks, velosiped idmanı, voleybol, vaterpol, gimnastika, həndbol, cüdo, atletika, müasir beşnövçülük, tennis daxildir. Yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq olar ki, bütün bu oyunlar yalnız Olimpiya idmanının inkişafı, istedadlı idmançıların aşkar edilməsi və onların Olimpiya oyunlarına hazırlıq işini təmin etmir, həm də beynəlxalq əməkdaşlığa, dövlətlərarası ziddiyyətlərin aradan qaldırılmasına, qarşılıqlı anlaşma və dostluq əlaqələrinin inkişafına, insanların bədən tərbiyəsi və idmana kütləvi cəlb edilməsinə xidmət edir. Elə onu demək kifayətdir ki, Panamerika və Asiya Oyunları bu gün öz miqyası və təşkilinə görə yalnız Olimpiya oyunlarına güzəştə gedir. Bu cəhətdən Birinçi Avropa Oyunlarının Azərbaycanda təşki li və keçirilməsi idmanın və Olimpiya Hərəkatının inkişafına, olimpizmin təbliğinə və ölkələr arasındakı münasibətləri daha da möhkəmləndirilməsinə xidmət edəcək.