İslam Həmrəyliyi Oyunlarında

İslam Həmrəyliyi Oyunlarında

Azərbaycan qısa müddət ərzində dünyada idman ölkəsi kimi tanınıb. Bunu ölkəmiz müstəqillik əldə etdikdən sonra idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda əldə etdiyi nəticələr, uğurlar da təsdiq edir. Ölkəmizdə idmanın, Olimpiya Hərəkatının inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərilir. İdmançılarımız mötəbər idman yarışlarında, dünya və qitə çempionatlarında bir-birinin ardınca möhtəşəm qələbələr qazanırlar. Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında müxtəlif növlər üzrə qazanılan uğurlar, əldə edilən medallar müstəqil Azərbaycanın idman salnaməsinə qızıl hərflərlə yazılır.

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan son illərdə yüksək səviyyəli və mötəbər idman tədbirlərinin də mərkəzinə çevrilibdir. Sevindirici haldır ki, ölkəmiz 2015-ci ildə tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanmışdır. Daha sonra təşkili 2016-cı ildə nəzərdə tutulan Ümumdünya Şahmat Olimpiadasının və 20 yaşadək gənclər arasında futbol üzrə Avropa birinciliyinin də Bakıda keçirilməsi nəzərdə tutulur. Maraqlıdır ki, Azərbaycan daha bir möhtəşəm yarışa ev sahibliyi etmək üçün namizədliyini təqdim edib. Bu, 2017-cı ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarıdır. Ölkəmiz dörd ildən bir təşkil edilən İslam Həmrəyliyi Oyunlarına öz namizədliyini 2012-ci il oktyabrın 4-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin 8-ci iclasında irəli sürüb.
Bu iclasda ölkəmizi gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov və MOK-un məsul işçisi, İslam Qadın və İdman Federasiyasının birinci komitəsinin üzvü Könül Nurullayeva yer alıb. Tədbirdə Azərbaycanın 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı rəsmi müraciətdən əlavə, İslam Həmrəyliyi Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı ilkin texniki kitabın təqdimatı da olub. Kitabda tədbirlər planı, görüləcək işlər, mövcud vəziyyət, mədəniyyət, nəqliyyat infrastrukturu, tibb sahəsi, idmanda əldə olunan uğurlar, könüllülərin iş prinsipi, turizmin inkişafı və s. mövzular öz əksini tapıb.

Azərbaycanın idman səlnaməsinin şanlı səhifələrindən biri yazıldı
Hazırda möhtəşəm və yüksək səviyyəli beynəlxalq idman tədbirlərinin mərkəzinə çevrilən ölkəmizdə sayca IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri aparılır. Bunun üçün bir sıra tədbirlər və proqramlar həyata keçirilir, müəyyən təbliğat işləri aparılır. Xatırladaq ki, I İslam Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında təşkil edilib. Bu yarışda böyük heyətlə çıxış edən Azərbaycan idmançıları idman səlnaməsinin daha bir şanlı səhifəsini yazıblar. Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları qısa vaxt ərzində yaransa da, böyük nüfuz və kifayət qədər azarkeş kütləsi qazanıb. 

Bu oyunlar İslam Əməkdaşlığı Təşkilatına (İƏT) daxil olan ölkələri bir araya gətirən idman tədbiridir. İslam ölkələrini birləşdirən beynəlxalq təşkilat kimi İƏT (2011-ci il iyun ayının 28-nə kimi bu təşkilatın adı İslam Konfransı Təşkilatı olub) 1969-cu il sentyabrın 25-də müsəlman ölkələrinin konfransında təsis edilib. Bu təşkilatın yaradılmasında əsas məqsəd islam həmrəyliyinə nail olmaq, eləcə də müsəlman dövlətləri arasında birgə əməkdaşlığı təmin etmək, iqtisadiyyat, siyasət, mədəniyyət və idman sahəsində birgə fəaliyyət göstərmək, iştirakçı ölkələrin sabit inkişafına nail olmaqdır. İslam Əməkdaşlığı Təşkilatının mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir. İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsinə 57 müsəlman ölkəsini özündə birləşdirən İslam Həmrəyliyi Oyunları Federasiyası (İHOF) nəzarət edir. Olimpiya, həm də qeyri-Olimpiya idman növləri üzrə keçirilir. Yarışların proqramına atletika, oxatma, üzgüçülük, basketbol, badminton, futbol, gimnastika, karate do, pençak silat, sepak takrav, idman dırmanması, taekvondo, tennis, ənənəvi avarçəkmə, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma və uşu idman növü daxil edilib. Oyunların proqramına əsasən, futbol və voleyboldan fərqli olaraq, digər idman növlərində kişi və qadın atletlər iştirak edə bilərlər. İslam Həmrəyliyi Oyunları beynəlxalq qaydalar əsasında keçirilir. Maraqlıdır ki, I İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Azərbaycan idmançılarının böyük tərkibdə çıxış etdikləri ən nüfuzlu və böyük idman tədbirlərindən biri kimi tarixə düşüb. Bundan əvvəl isə atletlərimiz XXVIII Yay Olimpiya Oyunları və XII Paralimpiya Oyunlarında qüvvələrini sınamışdılar. Hər iki yarışda ölkə təmsilçilərimiz böyük uğur əldə etmişdilər. Belə ki, Afina-2004-də Azərbaycan milli komandası 12 növ üzrə 38 idmançı ilə təmsil olunmuşdu. Yığmanın İdmançıları "Qədim Ellada”da 1 qızıl, 4 bürünc medal əldə etmişdilər. Olimpiadanın beşiyində keçirilən XII Paralimpiya Oyunlarında isə idmançılarımız 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışdılar. 2005-ci il aprelin 8-dən 20-nə qədər Səudiyyə Ərəbistanında keçirilən I İslam Həmrəyliyi Oyunlarında dünyanın 55 müsəlman ölkəsi iştirak edirdi. Yarışlar Məkkə, Mədinə, Ciddə və Taif şəhərlərində təşkil olunmuşdu. Bu ölkəyə yarışların startından iki gün əvvəl yollanan Azərbaycan yığma komandası I İslam Həmrəyliyi Oyunlarında böyük bir heyətlə təmsil olunurdu. Yığmamızın heyətində 103 atlet 12 idman növü üzrə qüvvəsini sınayırdı. Onlar I İslam Həmrəyliyi Oyunlarında basketbol, voleybol, həndbol, su polosu, atletika, tennis, qılıncoynatma, stolüstü tennis, ağırlıqqaldırma, taekvondo, üzgüçülük və karate növlərində mübarizə aparırdılar. Yarışı 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) başa vuran yığmamız medal qazanan ölkələr siyahısında 8-ci yerdə qərar tutmuşdu.



Məkkə, Mədinə, Taif və Ciddə müsəlman idmançıları bir yerə topladı

Azərbaycanın yığma komandası Afina-2004 Yay Olimpiya Oyunlarından sonra - 2005-ci il aprelin 8-də növbəti dəfə ciddi sınaqla qarşılaşdı. İdmançılarımız ilk dəfə Səudiyyə Ərəbistanında idmanın 12 növü üzrə təşkil olunan I İslam Həmrəyliyi Oyunlarında (8-20 aprel) iştirak etdilər. Yığmamız Məkkə, Mədinə və Ciddə şəhərlərində komanda idman növlərindən 4-də mübarizə apardı. 2005-ci il aprelin 5-də Milli Olimpiya Komitəsinin inzibati binasında I İslam Həmrəyliyi Oyunlarına yola salınan Azərbaycan yığma komandasının üzvləri ilə görüş keçirilidi.

Görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər, idman və turizm nazirinin müavini Asif Əsgərov və Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əli Həsən Cəfər iştirak edirdilər. Aprelin 6-da Heydər Əliyev adına Bakı Hava Limanında idmançı və mütəxəssislərdən ibarət 150 nəfərlik nümayəndə heyətinin yolasalınma mərasimi oldu. Beynəlxalq aləmdə böyük əhəmiyyət kəsb edən bu oyunlar idmançılarımızın öz qüvvələrini üzə çıxarması, eləcə də iştirakçı dövlətlər arasında layiqli yer tutması üçün əsl sınaq meydanı idi. İslam Konfransı Təşkilatı (İKT) və Səudiyyə Ərəbistanın iştirakı ilə yarışların yüksək səviyyədə təşkili üçün hərtərəfli hazırlıq işləri görülmüşdü. Ev sahibi qonaqların qarşılanması, onların yerləşdirilməsi, qida təminatı və nəqliyyat vasitələri ilə vaxtlı-vaxtında lazımi obyektlərə çatdırılmasını yüksək səviyyədə həll etmişdi.


Həndbol, taekvondo, atletika idman növləri üzrə yarışlar Məkkədə, basketbol, ağır atletika, karate Mədinədə, su polosu, üzgüçülük və voleybol Ciddədə, tennis, stolüstü tennis və qılıncoynatma yarışları isə Taif şəhərində keçirilirdi. I İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi aprelin 8-də Məkkədə keçirildi. Məkkə şəhərinin 3 kilometrliyində yerləşən, 80 min tamaşaçı tutan kral Əbdül-Əziz stadionunda keçirilən mərasimdə 53 ölkədən 5 minə yaxın idmançı iştirak edirdi. Tədbir Azərbaycan idmançıları və nümayəndələrinin stadiona daxil olması ilə başlandı. Ölkəmizin üçrəngli bayrağını taekvondo üzrə gənclər arasında Avropa çempionu İlkin Şahbazov aparırdı. Təntənəli tədbirdə bir çox ölkələrin idman nazirləri, milli Olimpiya komitələrinin rəhbərləri, o cümlədən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər, idman və turizm nazirinin müavini Asif Əsgərov da iştirak edirdilər. Azərbaycan yığması aprelin 8-də, yəni yarışların ilk günündə 5 medal (1 qızıl, 2 gümüş və 2 bürünc) qazanmışdı. Yarışların üçüncü günündə artıq bir neçə növdə qaliblər müəyyənləşmişdi. Belə ki, 12 müsəlman ölkəsi - Əlcəzair, Misir, İran, Qazaxıstan, Qırğızıstan, Səudiyyə Ərəbistanı, Mərakeş, Malayziya, Suriya, Tunis, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan idmançıları islamiada qalibləri sırasında yer almışdılar.
Qazanılan medallar karate, taekvondo, ağırlıqqaldırma, qılıncoynatma və basketbolun payına düşdü İslamiadada 103 idmançı ilə iştirak edən Azərbaycan yığması yarışları uğurla başa vurdu. İdmançılarımız karate, taekvondo, ağır atletika, qılıncoynatma və basketbol idman növlərində mükafatlara layiq görüldülər.


Ağırlıqqaldırma

Azərbaycan idmançılarının Səudiyyə Ərəbistanında qazandığı medalların əsas hissəsi ağırlıqqaldıranlarımızın payına düşür. Atletlərimiz I İslam Həmrəyliyi Oyunlarında onlara bəslənilən ümidləri doğrultdular. Bu yarışlarda ağırlıqqaldırma üzrə ölkəmizin idman şərəfini 6 idmançı - Aqşin Mirzəyev, Asif Məlikov, Natiq Həsənov, Anar Nəzərov, Əlibəy Səmədov və Nizami Paşayev qoruyurdu. İslamiadada yığmamıza hazırda gənclər və idman nazirinin müavini vəzifəsində çalışan İsmayıl İsmayılov baş məşqçilik edirdi. Yığmamızın ən titullu idmançısı Nizami Paşayev Səudiyyə Ərəbistanında 105-kq-da debüt etmişdi və bu, uğurlu alınmışdı. Atletlərimiz İran, Qətər, Türkiyə, Qazaxıstan, Özbəkistan idmançıları ilə rəqabət aparmışdılar. 85 kq-da yarışan Natiq Həsənov təkanla qaldırmada, birdənqaldırma və iki hərəkətin cəmində bir dəst medal əldə etmişdi (müvafiq olaraq, qızıl, gümüş və bürünc). İdmançımız birdənqaldırmada qırğız və suriyalı rəqiblərini geridə qoyaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Beynəlxalq arenalarda böyük uğuru olmayan təmsilçimiz iki hərəkətin cəmində yenidən gümüş medal qazanmışdı. Bu mərhələdə birinci yeri qırğız Ulanbek Moldodosov, üçüncü yeri isə suriyalı İbrahim İskandrani tutmuşdu. 94 kq-da çıxış edən digər ağırlıqqaldıranımız Əlibəy Səmədov isə təkanla qaldırma və iki hərəkətin cəmində bürünc medala sahib çıxmışdı. Səudiyyə Ərəbistanında ən ağır çəkidə (-105 kq) çıxış edən atletimiz Nizami Paşayev Afina Olimpiadasındakı uğursuzluğu bir qədər unutdurmağa nail olmuşdu. Belə ki, təkanla qızıl, birdənqaldırma və iki hərəkətin cəmində isə bürünc medalları yığmamızın aktivinə məhz Nizami Paşayev yazdırmışdı. Ağırlıqqaldıranlarımız komandamızın aktivinə 8 medal əlavə etmişdilər. Bu nəticələrdən sonra Azərbaycan yığması bəzi rəqiblərini geridə qoyaraq, 14 medalla 8-ci yerin sahibi olmuşdu.


Basketbol

Mədinənin Kral Məhəmməd Əbdül-Əziz adına idman sarayında çıxış edən basketbolçularımız I İslam Həmrəyliyi Oyunlarında inamlı mübarizə nümayiş etdirdilər. Qrup mərhələsində Somali, Yəmən və Küveyt yığmalarını məğlub edən Rimas Kurtinaytisin yetirmələri növbəti sınaqdan da uğurla çıxdılar. Millimiz növbəti mərhələdə əlcəzairlilərə 4 top fərqi ilə məğlub olsa da, mərakeşliləri 70:55 hesabı ilə mübarizədən kənarlaşdırmağı bacardı. İdmançılarımız suriyalılarla həlledici - sonuncu qarşılaşmada da meydanı qalib kimi tərk etdilər. Onlar rəqiblərinin 72 xalına 88 dəqiq atışla cavab verdilər. Yarımfinala vəsiqə alan Kurtinaytisin komandasının növbəti rəqibi İran yığması oldu. 

Yarımfinal qarşılaşması da basketbolçularımızın xeyrinə başa çatdı - 86:85. Finalda Əlcəzair millisi ilə qarşı-qarşıya gələn basketbol yığmamız bu görüşdən də alnıaçıq çıxdı. Əlcəzairliləri 82:69 hesabı ilə məğlub edən millimiz İslamiadanançempionu adına layiq görüldü. Ölkəmizin basketbolçulardan ibarət milli komandasının I İslam Həmrəyliyi Oyunlarının çempionu tituluna yiyələnməsi Azərbaycan yığmasının yarışlardakı ən böyük uğuru idi. Çünki
atletlərimiz ölkəmizin üçrəngli bayrağını fərdi idman növlərində dəfələrlə yüksəklərə qaldırsalar da, bu vaxta kimi beynəlxalq arenalarda komanda növləri üzrə yüksək nəticə əldə etməmişdilər.


Qılıncoynatma

Qılıncoynadanların mübarizəsinin son günündə təmsilçilərimiz uğurlu çıxışları ilə yadda qaldılar. Yaşar Məmmədovun rəhbərlik etdiyi komandamız öz adını medalçılar sırasına yazdırmağı bacardı. Komandamız islamiadanın bürünc medallarını əldə etdi. Komanda yarışı (sablya)

1. Misir - qızıl
2. İran - gümüş
3. Səudiyyə Ərəbistanı - bürünc
4. Azərbaycan - bürünc


Karate

Baş məşqçi Hidayət Şabanovun rəhbərlik etdiyi karate üzrə yığma komandamız 4 medal qazandı. 75 kq çəki dərəcəsində döyüşən Ceyhun Ağasıyev İslamiadanın qızıl medalına layiq görüldü. 60 kq-da Yusif Cəfərov və 70 kq-da Rəşad Hüseynov gümüş, 65 kq-da Rəfael Ağayev bürünc medal qazandılar.







Taekvondo

Bu idman növü də idmançılarımız üçün uğurlu oldu. Belə ki, 63 kq çəki dərəcəsində çıxış edən Babək İsgəndərov bürünc medal qazandı. İdman tarixində ilk dəfə keçirilən müsəlman ölkələrinin I İslam Həmrəyliyi Oyunları aprelin 20-də yekunlaşdı. Məkkə, Mədinə, Ciddə və Taif şəhərlərində 14 idman növü üzrə təşkil edilən yarışlarda 13 günlük mübarizə başa çatdı. 12 idman növündə 103 idmançı ilə İslamiadada iştirak edən yığmamız 15 (4 qızıl, 4 gümüş və 7 bürünc) medal qazanaraq ölkəmizin idman tarixinin daha bir qızıl səhifəsini yazdılar.
Statistik rəqəmlərə əsasən, I İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan 55 müsəlman ölkəsindən 32-si medalçılar siyahısında yer alıb. Bunlardan 20-si Asiya, 12-si Afrika qitəsi təmsilçilərinin payına düşüb. 23 müsəlman ölkəsi isə yarışları mükafatsız tərk edib. Gözlənildiyi kimi, ən çox medalı Səudiyyə Ərəbistanı idmançıları qazanıblar. Meydan sahibləri İslamiadada əldə edilən 349 medalın 60-na sahib çıxıblar. Onlar 24 qızıl, 17 gümüş və 19 bürünc medal qazanaraq sözün əsl mənasında ev sahibi olduqlarını rəqiblərinə sübut ediblər. Səudiyyə Ərəbistanı idmançıları atletika, ağırlıqqaldırma və karate idman növlərində rəqiblərini qabaqlayıblar. Cədvəlin ikinci pilləsində Misir milli komandası yer alıb. "Ehramlar ölkəsi”nin atletləri 42 medala (14 qızıl, 15 gümüş, 13 bürünc) layiq görülüblər. "Fironlar” stolüstü tennis, üzgüçülük və qılıncoynatma yarışlarında böyük nailiyyətlərə imza atıblar. Medalların növünə görə, üçüncü pillənin sahibi Qazaxıstan komandası olub. Orta asiyalılar 13 qızıl, 8 gümüş, 6 bürünc medalla (cəmi 27 medal) vətənə qayıdıblar. Yarışların favoritlərindən biri sayılan İran yığma komandası 10 qızıl, 9 gümüş və 11 bürünc medalla (cəmi 30 medal) dördüncü olub.


Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlıqlar gedir

İslam Həmrəyliyi Oyunlarından artıq 8 il keçir. Səudiyyə Ərəbistanından sonra növbəti İslamiadanın bu ilin sentyabr-oktyabr aylarında İndoneziyada təşkil olunması planlaşdırılır. Bu mötəbər yarışın 2017-ci ildə ölkəmizdə keçirilməsi üçün Azərbaycan öz namizədliyini irəli sürüb. Bu işlərlə bağlı son qərar iyulun 21-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçi riləcək İslam Həmrəyliyi Federasiyasının Baş Assambleyasında qəbul olunacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyun larının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. İslam Həmrəyliyi Oyunları kompleks idman yarışları hesab olunur. Yəni bu yarışda bir idman növü deyil, bir sıra idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur. Bakıda keçiriləcək İslam Oyunlarının çərçivəsində islam ölkələrinin film festivalı və mətbəxt festivalının da təşkil edilməsi nəzərdə tutulur. Belə ki, bu yarış təkcə idmana aid tədbir olmayacaq. Burada islam ölkələrinin mədəniyyətlərinin və insanlarının birliyi mühüm rol oynayacaq. İslam Həmrəylik oyunlarına gələn idmançılar və qonaqlar hotellərdə və universitetlərin şəhərciklərində məskunlaşacaqlar. Bunun üçün zəruri tədbirlər görülür. Azərbaycanda olan idman qurğuları isə ölkəmizin bir çox nüfuzlu yarışlara ev sahibliyi etməsi üçün əlavə imkan yaradacaq. Hesab olunur ki, İslam oyunları ilə bağlı yeni qurğuların inşa edilməsinə ehtiyac olmayacaq.


İslam Həmrəyliyi İdman Federasiyasının Dəyərləndirmə Komissiyası ölkəmizə səfər edib. Səfər çərçivəsində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsinin İşçi Qrupunun hazırladığı namizədlik kitabının geniş təqdimatı keçirilib.

Namizədlik kitabı Bakı şəhərinin oyunların keçirilməsində əsas məqsəd və vəzifələri, Azərbaycan Respublikasının siyasi və iqtisadi mühiti, oyunların keçirilməsi üçün hüquqi aspektlər, immiqrasiya və gömrük məsələləri, namizəd şəhərin ətraf mühit göstəriciləri, maliyyə, marketinq və kommunikasiya, yaşayış yerləri, nəqliyyat, şəhərin təhlükəsizliyinin qorunması, namizəd şəhərdə tibb müəssisələrinin vəziyyəti və anti-dopinq adlı hissələrdən ibarətdir. Eyni zamanda, kitabda bir sıra dövlət və özəl strukturlar, o cümlədən Azərbaycanın müxtəlif idman federasiyaları tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı zəmanət məktubları da öz əksini tapıb. Artıq Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının əsas şüarı da seçilib: "Həmrəylik bizim gücümüzdür” Azərbaycanın milli ornamentləri və rəng çalarlarını özündə ehtiva edən ilkin loqotip də hazırlanıb. İnanırıq ki, qısa zaman kəsiyində dünyada idman ölkəsi kimi tanınan Azərbaycan bir sıra möhtəşəm idman tədbirləri kimi, islam dünyasında böyük nüfuza malik və möhtəşəmliyi ilə seçilən İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək.




Səadət Hakıyeva
Anar Əhmədov