Olimpiya çempionluğu idmançının karyerasında qazandığı ən yüksək zirvədir. Əlbəttə ki, Olimpiya çempionu titulunu qazanmaq hər bir idmançıya nə sib olmur. Uzun illər çəkilən əziyyət sayəsində əldə edilən Olimpiya medalı isə insan üçün ömürlük qiymətli hədiyyəyə çevrilir. «Olimpə doğru» jurnalının «Mənim medal kolleksiyam» rubrikasının qonağı Olimpiya çempionu, ikiqat dünya çempionu Fərid Mansurovdur. Onun medal kolleksiyasını müxtəlif yarışların biri-birindən fərqli medalları bəzəyir. Olimpiya çempionumuz hesab edir ki, o vaxtlar müxtəlif yarışlarda əldə etdiyi diplomların əvəzinə medal verilsə idi, indi onun daha çox medalı olardı. O, idmanda qazandığı ilk uğuru belə xatırlayır: «Çıxış etdiyim ilk yarış «Neftçi» İdman Sağlamlıq Mərkəzinin birinciliyi idi. Həmin yarışda qalib gəlmişdim. O vaxtlar yarışlarda medal verilmirdi. Hətta respublika çempionatnın qaliblərinə belə fəxri diplomlar verilirdi. Heç onda dünya çempionatı, Olimpiya oyunlarının nə olduğunu bilmirdim». Yarışlarda qazanılan və medal adlandırılan kiçik dəmir parçaları Fərid Mansurovun ömrümün ən əziz anlarını təcəssüm etdirir. Bu mükafatlar uğrunda o, həyatının ən gözəl illərini, gəncliyini sərf edib. Amma əməyi hədər getməyib. Qazandığı mükafatlar Fəridin arzusunda olduğu çempionluq xəyallarını gerçəkləşdirib: «Yaşanan həyat əbədi deyil. Sevinirəm ki, qazandığım uğurlarla adımı tarixə yazdıra bilmişəm. Bu mükafatlara nəzər saldıqda, ilk növbədə çəkdiyim əzab-əziyyətlər yadıma düşür. Bəzi anları xatırlamaq ürəyimi ağrıdır. Yarışlara hazırlaşdığım vaxtlar çox zaman məşqlərdə olur, dostlarımdan, ailəmdən kənarda qalırdım. Amma qələbə anları yadıma düşəndə həmin kədərli hisslərim sevinclə əvəz olunur, bütün çətinlikləri, əzab-əziyyətləri unuduram. İndi həmin illər xatirələrimdə yaşayır.
Qazandığım medallar idmana həsr etdiyim ömrümün ən əziz xatirələridir. Bu gün medallarıma baxanda nostalji hisslər məni bürüyür. Əlbəttə ki, bu nailiyyətlərin qazanılmasında bir çox insanların, atamın, qardaşımın, şəxsi məşqçim Əliqulu Həsənoğlunun, yığmanın məşqçisi Elçin Cəfərovun böyük rolu olub. Uğurlarımda əməyi olan hər kəsə borcluyam». Olimpiya çempionunu bu gün təəssüfləndirən məqam Avropa çempionatının medalını qazana bilməməsidir. Onun medal kolleksiyasında yalnız qitə çempionatının medalı yoxdur: «Karyeram ərzində Avropa çempionu tituluna yiyələnməyə çox çalışdım. Çox istərdim ki, medallarımın sırasında qitə çempionatının mükafatı da olsun. Amma buna nail ola bilmədim. Görünür, qismət belə imiş».
Fərid
Mansurov 1982-ci
il mayın 10-da Gürcüstanda
anadan olub. Yunan-Roma güləşi
üzrə 66 kq çəki dərəcəsində çıxış edən
idmançı 2001-ci ildə Özbəkistanda gənclər
arasında dünya çempionu olub. 2002-ci
ildə Rusiyada böyüklər arasında keçirilən
dünya çempionatının gümüş mükafatçısıdır.
2003-cü ildə təşkil edilən beynəlxalq Qran-pri
turnirlərinin qalibidir. 2004-cü ildə Afinada
keçirilən XXVIII Yay Olimpiya Oyunlarının
qızıl medalını qazanıb. O, 2007-ci ildə Bakıda,
2009-cu ildə Danimarkada keçirilən
dünya çempionatlarında da birinçi
olub. O, Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
«Şöhrət» ordeni ilə təltif edilib.