Heç kəsə sirr deyil ki, Vətən müharibəsi adlandırdığımız bu savaşda əldə olunan qələbələrdə idmançılarımızın da payı az olmadı. Hər zaman beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran çempionlarımız bu dəfə işğal altında olan əzəli torpağımız Qarabağda bayrağımızın dalğalandırılmasında yaxından iştirak etdilər. Onlar idman arenalarında olduğu kimi, gərgin döyüşlərdə də mərdlik, qorxmazlıq və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməsinə əbədi olaraq yazdılar.
«Olimpiya dünyası» qəzeti budəfəki sayında Vətən müharibəsində iştirak edən və bu döyüşlərdə yaralanan qəhrəman idmançılarımızın bir neçəsi haqqında məlumatları bir araya toplayıb. Elə bu məqsədlə mülki həyatda idmanla məşğul olmuş hərbçilərimizlə əlaqə saxlayaraq, onların döyüş təəssüratlarını oxucularımıza təqdim edirik.
"Yeganə təəssüf hissi keçirdiyim məqam
Şuşaya gedib çata bilməməyim oldu”
- İkinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən döyüşlərdə qəhrəmancasına iştirak edən hərbçilərimizdən biri taekvondo üzrə yığma komandamızın keçmiş üzvü, bir sıra ölkədaxili və beynəlxalq turnirlərin qalibi adını qazanan Elxan İsayevdir. Zədə səbəbindən karyerasını erkən başa vuran qəhrəmanımız öz bacarığını döyüş meydanında nümayiş etdirib. Elxan İsayevin dediklərindən bunu aydın hiss etmək olur:
"1993-cü il iyulun 16-da Bakı şəhərində anadan olmuşam. 2002-ci ildən mərhum mütəxəssis Əvəz Tağıyevin rəhbərliyi altında taekvondo ilə məşğul olmağa başlamışam. İdmanla məşğul olduğum dövrlərdə gənclər arasında respublika çempionatının qalibi və bürünc mükafatçısı, həmçinin böyüklər arasında respublika üçüncüsü olmuşam. Bundan əlavə bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçısıyam. 2014-cü ildə zədəmlə bağlı əməliyyat olundum. Bununla da idmanı erkən tərk etmək məcburiyyəti ilə üz-üzə qaldım. Bir ildən sonra həqiqi müddətli hərbi xidmətə yollandım. 2018-ci ildə ali təhsilli olduğum üçün kurslar keçərək, leytenant hərbi rütbəsini aldım. Həmin ildən xidmətimi leytenant kimi davam etdirirəm. Vətən müharibəsinin başladığı ilk gündən döyüşlərdə iştirak etməyə başladım. Torpaqlarımızın azadlığı uğrunda gedən əks-hücum əməliyyatlarında müxtəlif istiqamətlərdə döyüşərək, düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv etmişik. Əvvəlcə Füzuli, daha sonra isə Cəbrayıl və Hadrut istiqamətlərində gedən döyüşlərdə yaxından iştirak etmişəm. Xocavənd istiqamətində gedən ağır döyüşlərdə isə yaralanmışam. Döyüş zamanı yaxınlığımıza düşən mərminin təsirindən ağır dərəcədə kontuziya aldım. Əvvəl demək olar ki, eşitmə qabiliyyətimi tamamilə itirmişdim. Davam edən müalicə prosedurundan sonra qulağımın birində eşitmə bərpa olunub. Bundan əlavə başımda kəskin ağrıları hələ də hiss edirəm. Amma bütün bunlara baxmayaraq həkimlərimizə inanıram. İnşallah tezliklə öz sağlamlığımı bərpa edib, yenidən Vətənə xidmət etməyə qayıdacağam. Döyüşlərdən danışarkən deyim ki, yeganə təəssüf hissi keçirdiyim məqam, Şuşaya gedib, çata bilməməyim oldu. Çünki Şuşa bizim zəfər döyüşümüz idi. Amma o döyüşdə hərbçilərimizlə birgə iştirak etmək mənə qismət olmadı. Ali Baş Komandanımız Şuşanın azad olunması xəbərini elan edəndə televizorun qarşısında sevincimdən ağladım. Amma bu göz yaşları xəstəxana palatasında deyil, Şuşada olmalı idi. Bu gün Azərbaycan Takevondo Federasiyasının nümayəndələri, xüsusilə də federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev mənimlə daim əlaqə saxlayır, diqqət və qayğısını göstərir. Səhhətimlə maraqlanan hər kəsə buradan təşəkkürümü bildirirəm. Bu tək hərbçilərin deyil, bütövlükdə Azərbaycan xalqının qələbəsidir”.
"Həmin gülləni döyüşlərdən
xatirə olaraq saxlayıram”
Qızğın döyüşlərin getdiyi bir vaxtda müharibəyə könüllü yollanan idmançılar arasında güləşçilər də var idi. Onlardan biri də sərbəst güləş üzrə gənclər arasında Avropa çempionu və hərbçilər arasında dünya çempionu Qalib Əliyevdir. Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanan pəhləvan qazimiz karyerasında danışaraq, döyüş meydanında yaşadıqları anları belə xatırlayır:
"1992-ci il iyulun 17-də Gəncə şəhərində idmançı ailəsində anadan olmuşam. Atam Rəhim Əliyev SSRİ idman ustası, güləş üzrə Vetəranlar arasında dünya çempionudur. İdmana ilk addımlarımı 9 yaşımda "Təhsil” İdman Mərkəzində atamın rəhbərliyi altında atmışam. Sonradan Elçin Zeynalovun rəhbərliyi altında məşqlərimi davam etdirmişəm. İlk böyük qələbəmi isə 2011-ci ildə Arif Abdullayevin rəhbərliyi altında Serbiyada gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanmaqla əldə etmişəm. 2012-ci ildə isə Xorvatiyada gənclər arasında təşkil olunan Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışam. Qeyd edim ki, bu qələbə mənim üçün daha əlamətdar oldu. Belə ki, çempionatın final görüşündə erməni rəqibi üzərində qalib gələrək, ona himnimizi dinləməyi məcbur etdim. 2017-ci ildə Litvada hərbçilər arasında dünya çempionu, 2017-ci ildə isə Türkiyədə Yaşar Doğu ənənəvi beynəlxalq turnirin qalibi olmuşam. Elə həmin ildə Gürcüstanda V.Balavadze Qran-prisinin qalibi, Dağıstanda keçirilən Əli Əliyev beynəlxalq turnirinin bürünc mükafatına yiyələndim. Bundan əlavə, böyüklər arasında Azərbaycan çempionatının 3 dəfə gümüş, 4 dəfə isə bürünc mükafatçısıyam. Sərbəst güləşdən əlavə, 2016-cı ildə Qırğızıstanda keçirilən milli güləş üzrə dünya çempionu titulunun sahibiyəm.
Müharibə başlayanda könüllü olaraq Tərtərə yollanmaq istəsəm də, orada olan dostum mənə Hərbi Komissarlığa müraciət etməyi məsləhət gördü. Elə həmin gün əlaqədar qurumdan mənə zəng gəldi. Sevinərək, birbaşa komisarlığa yollandım və sentyabrın 27-dən hərbi təlimlərdə iştirak etməyə başladım. Təlimlərdən sonra Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərə qoşuldum. Döyüşlər zamanı ilk əməliyyatlarımızdan birində düşmən snayperinin gülləsi ürək nahiyəmdə, bronjiletdə ilişib qalmışdı. Həmin gülləni döyüşlərdən xatirə olaraq saxlayıram. Son döyüşüm isə Xocavənd rayonunun girişində oldu. Açıq döyüşdə düşmən əsgərinin atdığı qumbara zamanı yaralandım. Bədənimi hiss etmirdim. Həmin gün, axşam döyüş ərazisindən təxliyə olundum. Əvvəlcə Füzuliyə, noyabrın 5-də isə Bakıya gətirildim. Gözümün və çənəmin altından qəlpə yarası almışdım. Həkimlər qəlpəni çıxardıqdan sonra onlara yenidən döyüşlərə getmək istədiyimi bildirdim. Baş həkimə bu barədə məlumat verdilər. Bir gün sonra isə qələbə xəbərini eşitdik. Xəstəxanada olduğumuz zaman Cənab Ali Baş Komandan İlham Əliyev və xanımı Birinci vitse-prezident Mehriban Əliyeva bizə baş çəkdi, qələbə münasibətilə bizi təbrik etdi. Həmçinin Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyev hər zaman olduğu kimi, öz dəstəyini əsirgəmədi. Eləcə də Gənclər və İdman
Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, yığma komandanın üzvləri və digər yaxın idmançılar mənə baş çəkməyə gəlmişdilər. Onların hər birinə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. Bir idmançı və Vətən müharibəsinin iştirakçısı kimi, cənab Ali Baş Komandan İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, bütün xalqımızı bu şanlı zəfər münasibətilə təbrik edirəm”.
"Hərbi xidmətimi başa vurduqdan
sonra yenidən idman karyeramı
davam etdirəcəyəm”
Döyüş idman növlərində olduğu kimi, komanda idman növlərinin üzvləri də zəfər döyüşündə hərbçilərimizlə birgə çiyin-çiyinə vuruşaraq, bu tarixi hadisənin bir parçasına çevrildilər. Onlardan biri də həndbol üzrə yığmamızın üzvü Ramazan Muradovdur. 7 yaşından həndbolla məşğul olan idmançımız bu tarixi hadisənin iştirakçılarından olduğu üçün qürur hissi keçirdiyini deyir:
"Həndbol üzrə dəfələrlə Azərbaycan və Bakı çempionatlarının qalibi olmuşam. Bolqarıstanda 23 yaşınadək gənclər arasında dünya çempionatının B kateqoriyasında iştirak etmişik. Həmin çempionatda Ermənistan komandasına qalib gəlmişik. Ötən il iyul ayında isə Gürcüstanda dünya çempionatının iştirakçısı oldum. Həmin yarışda iki dəfə oyunun ən yaxşı oyunçusu seçilmişəm.
Bu ilin iyul ayında hərbi xidmətə yollanmışdım. Müharibə başlayanda ailə üzvlərimə döyüşdə olduğumu deməmişdim. İstəmirdim ki, narahat olsunlar. Əks-hücum əməliyyatlarında Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmişəm.
Sentyabrın 30-dan oktyabrın 1-nə keçən gecə, yəni döyüşlərin dördüncü günündə düşmənin minamiyot atəşi nəticəsində yaralandım. Sağ əlimdən dörd, bel nahiyəmdən isə 12 qəlpə yarası almışam. Yaralanandıqdan sonra həmin ərazidən təxliyə olundum. Artıq səhhətim yaxşılığa doğru gedir. Yəqin ki, tezliklə evə, məzuniyyətə buraxılacağam. Hərbi xidmətimi başa vurduqdan sonra isə yenidən idman karyeramı davam etdirəcəyəm”.
"İstəmirəm ki, ailəm yaralı
olmağımdan xəbər tutub,
narahat olsun”
Vətən müharibəsinin qəhrəman idmançılarından biri olan Vidadi Xaliqov isə Laçın rayonu istiqamətində gedən döyüşlər zamanı yaralanıb. Hazırda ailəsi ilə birgə kirayə mənzildə yaşayan bu igidimiz yaralı olmasını öz ailəsinə bidirməyib. Evin tək oğlu olan qəhrəman müsahibimiz xəstəxana palatasında hər dəfə ailəsi ilə telefonla danışan zaman anasının narahat olmaması üçün yaralı olduğu halda, ağrısına güc gəlib, hər şeyin qaydasında olduğunu deyib:
"2005-ci ildən, yəni 8 yaşımdan karatenin WKF növü ilə məşğul olmağa başlamışam. 2014-cü ildə bu idman növü üzrə yeniyetmələr arasında Dünya kubokunda birinci yeri tutmuşam. Bundan başqa respublika çempionu adına sahib çıxmışam. İki il, 16-17 yaş qrupu üzrə 55 kq çəki dərəcəsində 1 nömrə olmuşam. Lakin 2015-ci ildə dizimdən əməliyyat oldum. Bundan sonra karyeramı davam etdirə bilmədim. Döyüşlərə gəlincə isə canlı tarixin bir parçası olduğum üçün qürur duyuram. Oktyabrın 23-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağrışından sonra təlimlərdə iştirak etdim.
Noyabrın 3-də isə cəbhəyə yollandıq. Laçının Səfiyan kəndi uğrndə gedən döyüşlərdə iştirak etdim. 5 gün orada oldum. Noyabrın 8-də isə yaralandım. Biz orada postu qoruyurduq. Ermənilər minamiyotla atəş açdılar. Bu zaman bud və topuq nahiyəsindən qəlpə yarası aldım. Hazırda Şəmkirdə xəstəxanada müalicə alıram, səhhətim normaldır. Yaralanmağımı ailəmə deməmişəm. İstəmirəm ki, ailəm yaralı olmağımdan xəbər tutub, narahat olsun. Hər dəfə ailəmlə danışanda ağrımağıma baxmayaraq, postda dayandığımı, hər şeyin qaydasında olduğunu deyirəm. İstəyirəm ki, onlar məni bu vəziyyətdə görüb üzülməsinlər. İnşallah tez bir zamanda sağalıb, xəstəxanadan evə buraxılaram və ailəmin qarşısına sağlam şəkildə çıxaram”.
"Yaralanmasına baxmayaraq,
yenidən cəbhəyə qayıdıb, düşmənə
qarşı mübarizə aparmaq üçün tələsirdi”
Cəbhədə yaralanan digər idmançı-hərbçimiz isə Xəyal İmanovdur. O, 6 yaşından Azərbaycanın Əməkdar məşqçisi Renat Əliyevin rəhbərliyi altında idmanın karate (WKF) növü ilə məşğul olub. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edən Xəyal boğazından qəlpə yarası alıb. Fədakar həkimlərimizin köməkliyi sayəsində qəlpə yarası çıxarılıb və o, yenidən hərbi xidmətə yollanıb. İdmançının özü hərbi xidmətdə olduğu üçün onun ilk məşqçisi "Gosoku-Ryu” karate idman klubunun rəhbəri, Milli Karate Federasiyasının Hakimlər Kollegiyasının üzvü, beynəlxalq dərəcəli hakim Renat Əliyevlə əlaqə saxladıq. Təcrübəli mütəxəssis yetirməsi haqqında xoş sözlər dedi:
"Bu döyüşlərdə rəhbərlik etdiyim "Gosoku-Ryu” karate idman klubundan 7 tələbəm iştirak edib. Onlardan ikisi, Xəyal İmanov və Vidadi Xaliqov Vətən müharibəsində gedən döyüşlərdə yaralanıblar. Xəyal İmanov Suqovuşanın azad olunmasında iştirak edib və boğazından qəlpə yarası alıb. Xəyalın böyük qardaşı da bu müharibədə iştirak etmək üçün könüllü olaraq cəbhəyə yollanıb və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Xəyal dəfələrlə respublika çempionatının mükafatçısı olub. Şotokan karate üzrə Avropa çempionatının mükafatçısı və beynəlxalq turnirlərin qalibi adını qazanıb.
Yaralanmasına baxmayaraq, o müalicə dövründə belə yenidən cəbhəyə qayıdıb, hərbçi yoldaşları ilə birgə düşmənə qarşı mübarizə aparmaq üçün tələsirdi. Qeyd edim ki, Xəyal Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, hərbi xidmətini tezliklə başa vuraraq, Qarabağ qazisi və qəhrəman oğul kimi ailəsinin, dostlarının yanına qayıdacaq”.
Azər Əlizadə,
Türkay Niftəliyeva